Yuxarı

Cənnət-cəhənnəm nağıllarına inanmıram – Rüstəm Behrudi

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ulduz” jurnalı ilə Axar.az saytının birgə layihəsi - “Yazı masası”

“Rüstəm Behrudi” deyəndə hər şeydən əvvəl türk mifologiyası yada düşür: onun misralarından başını qaldırıb ulayan Boz qurd, durğu işarələrinin yerində qavalını döyəcləyən şaman, min ildi yol gələn atlar görünür. Bizi türk kökümüzə, soyumuza, hər iki mənada kəndimizə qaytaran şair... Bu qədim yolla bizi keçmişə qaytarmaq, görünür, Rüstəm Behrudinin şair missiyasıdır və özü bu yolun şamanıdır.

Hər gecə, hər gecə yuxularımda
Bu yurdla yanaşı, bu yurd boyunca
Ulaya-ulaya dolaşıb gəzən,
Obu, Yeniseyi, İtili keçib
Altaytək, Ağrıtək dağ aşıb gəzən
Üzü mavi,
Gözü göydən daha mavi,
Ağzı atəş kimi bir qurd...

Rüstəm Behrudinin şeirlərinin çoğrafiyası çox genişdir. Bu şeirlərdə bütün Türk dünyasını başdan-ayağa gəzmək olar. Hər şeir, hər misra bir şaman duasıyla səni müxtəlif zamanlara səyahətə aparır. Gəzdikcə türkün əzəmətinə heyran olursan.

Mənə üz tut – yurda ocaq qurana,
“Turan” – deyib Boz qurd kimi durana,
Sonun yoxdu, çevrilməsən Turana – Vətən!

Oxuduqca hardan qopub hara gəldiyini, kim olduğunu anlayırsan və səni sənə aparan yolu göstərən şamanı sevirsən. Biz də sevgimizə sadiq qalıb Rüstəm Behrudinin ocağına getdik. Qapıdan içəri girəndə Rüstəm Behrudinin hədiyyələriylə sinəsini bəzəmiş divarlar üzümüzə gülümsədi. Şair bizə çay gətirtmək üçün gedəndə fürsətdən istifadə edib hər şeyə maraqla baxdıq. Sonra çay dolu fincanlar bizi masanın başına yığdı, söhbət qızışdı. Ənənəmizə sadiq qalaraq, söhbəti yazı masasından saldıq.

- Uzun illərdi ki, ədəbiyyatla – yaradıcılıqla məşğulam, əgər buna yaradıcılıq demək olarsa. Hələ indiyə kimi kimsə mənim yazdığımı görməyib, heç həyat yoldaşım da. Əgər heç kim görməyibsə, deməli, mənim yazı masam da yoxdur. Həqiqətən də yoxdur. Düzü, arada istəmişəm, belə bir masam olsun. Yazmaq istəyəndə öz küncümə çəkilim, masamda oturum yazım. Amma müxtəlif səbəblərdən alınmayıb.

- Necə olur ki, yazmaq istəyirsiniz?

- Bilirsiniz, mən balıq tutmağı da çox sevirəm. Tez-tez balıq tutmağa gedirəm. Bax o vaxt daha çox düşünürəm, sakitlikdə. Bir də daha çox yol gedəndə düşünürəm. Uzun-uzadı düşünürəm, fikirlərimi beynimdə yerbəyer edirəm.

Atam ədəbiyyat müəllimiydi, bir dəfə üzü kitab rəfinə tərəf oturub nərd oynayırdı. Mən də o vaxtlar hələ həvəsliydim. Rəfdə yazdığım bütün kitabları, mükafatları düzmüşdüm. Atam bir xeyli onlara göz gəzdirəndən sonra mənə belə bir sual verdi: “Sən bütün ömrünü yeyib-içməkdə keçirirsən, bəs bu boyda kitabı nə vaxt, necə yazmısan?”

- Rüstəm Behrudi nə istəyir?

- Nəsə istəmək canatmadır, bu da şeytan istəyidir. Bilirsiniz, nə düşünürəm? Oxumadan bilən, qulaq asmadan eşidən, axtarmadan tapan adamları sevirəm. Niyə?! Ona görə ki, onlarda şeytani istək yoxdur. Tanrıdan nə gəlirsə, onu qəbul edirlər, onunla razılaşırlar.

- 60 yaşınız var. Bəs əslində neçə altmış il keçməlidir ki, sizin altmış yaşınız olsun?

- Mən yaşımı 43 yaşımda saxlamışam. 43 yaşımda həyatımda təlatümlü hadisələr baş verib. Uşaqlıqdan saat bağlayıram qoluma. Amma indiyə kimi bircə dəfə də olsun qolumdakı saata baxmamışam. Qəribədir, bağlamayanda da rahat olmuram. Heç vaxt ayın neçəsi olduğunu bilmərəm. Düzü, çox vaxt ayların özünü belə səhv salıram. Əslində, mənim üçün maraqlı deyil hansı ayın neçənci günüdür. Həyat belə davam edir, özüm hiss etmişəm ki, mənə zaman ölçüləri lazım deyil.

Zaman ölçüsü Tanrıya məxsusdur. Hərdən düşünürüəm ki, bəlkə biz əvvəldən axıra yox, axırdan əvvələ gəlirik. Birdən deyirlər ki, zaman axıb getdi. Zaman axıb getmir. Zaman bir yerdə durub. Biz o zamanın içindən keçib gedirik.

- Sizin şeirlərinizdən tez-tez xatırladığım bir bənd var:

Mən qərib, didərgin kimsəsiz ruham,

Göylərdə bilinməz qəbrim var mənim.

Ölsəm, tabutumu mələklər tutar,

Yasımı allahlar saxlayar mənim.

Bu şeiri nə vaxt yazmısınız?

– Bibim ədəbiyyat müəllimi olduğundan o şeiri ona oxudum. Babam da kəndin mollasıydı, o da yanında durub qulaq asırdı. Dedi ki, bu nədi “allahlar” yazmısan? Allah birdir!

1984-cü ildə “Boz qurd” şeirinə görə məni çox tənqid etdilər. Heç o vaxt çoxu bilmirdi ki, Boz qurd nədir. Hələ biri dedi ki, gözəl şeirdir, amma adam da heyvana şeir yazar?! 20-30 il keçdi, hamı Boz qurddan şeir yazdı.

Sən göydən gəlmisən, göy adamısan,
Tanrının işindən bir xəbər denən.
Nə qalır sonuncu Tanrı dərsinə,
Qiyamət gününə nə qalır, de nə?

Mən özüm kəşf elədim ki, insan yer üzünə göydən gəlib. Keçən il Nobel almış danimarkalı alim yazmışdı ki, yerdə insanın yaranması üçün heç bir şərait yoxdur. İnsan yer üzünə göydən gəlib. Bax ədəbiyyatın, şeirin böyüklüyü bundadır. Yəni o qeybdən xəbər verir. Mən həmişə bu fikirdə olmuşam ki, insan yerə göydən gəlib. İnsan dünyanın kiçik modelidir. Vaxtsa insanın öz içindədir.

– 25 il əvvəl sizə “Ulduz” jurnalında sizə sual verilmişdi ki, yanınızda bütün sevdikləriniz olsa, onlardan hansının canına and içə bilərsiniz?

– Çox çətin sualdır. Mənə elə gəlir ki, 25 il də gərək keçə... Bilirsiniz, mən and içməyi Tanrıya qiyam kimi qəbul edirəm. Qəbul etmirəm and içməyi. Mən Tanrıdan qopub gəlmişəm, mən tövbə adamı deyiləm axı.

Ümumiyyətlə, andı qəbul etmirəm. Əslində, qəlbinlə təsdiqlədiyini andla inadırmaq lazım deyil. Ərəblər buna iman gətirmək deyirlər. Mənim leksikonumda and və tövbə sözü yoxdur. Tövbə insanın yeni günaha açdığı qapıdır. And da böyük yalandır.

– Şeir hissin qışqırığıdır. Nəsr isə vaxt, səbir tələb edir. Səbirli adamsınız?

– Mən böyük yazını da içimdə tam hazır edəndən sonra gecə vaxtı 15 dəqiqəyə yazıram. Məndə elə səbir yoxdur ki, oturub yazıram. Səbirsiz adamam. Bir saat bir yerdə otura bilmərəm. Mən yazanda yox, yazıb bitirəndən sonra əziyyət çəkirəm. Şeir sözləri sevə-sevə dara çəkməkdir. Şeir odur. Nəsr isə tam başqadır. Mən yazdığım heç bir yazının üstündə işləmirəm, dəyişmirəm. Necə yazmışamsa, o cür də qalır.

– Mən dəli, havalar dəli... Payız sizə niyə bu qədər təsir edir?

– Qədim türk mifologiyasında ağac, payız xüsusi məna kəsb edir. Payızda hər şey özünə qayıdır. Məsələn, ağac payızda balaca bir meyvənin tumuna sığışır, ona çevrilir. Hətta o boyda çinar ağacı öz toxumundan böyük deyil. Əslində, payız hər şeyin sonu və hər şeyin əvvəlidir. Mən də adətən payızda yazıram.

– Yaxşı şairlə yaxşı aşpazın fərqi nədir?

– Şeir Füzulidə duadır, Nəsimidə üsyandır, Caviddə düşüncə tərzidir, fəlsəfədir. Öz şeirlərimi oxuyanda gördüm ki, bu təriflər mənim şeirimə uyğun deyil. Bunların hamısı məndə var. Deməli, mənim şeirə verdiyim qiymət, əslində... o şeirin qiyməti deyil. Şeir insanın Allah, ölüm, əbədiyyət qarşısındakı heyrətidir. Şeir heyrətdən doğan bir şeydir.

Məncə aşpaz bişirdiyi plova, düyüyə baxıb heyrətlənə bilməz! Şairlər seçilmişlərdir. Allah şairi yaradıbsa, demək, bu haqqı ona verib...

– Allaha, o biri dünyaya inanırsınız?

– Mən cənnət və cəhənnəm nağıllarına inanmıram. Şeirlərimdə Allah sözünə rast gəlməzsən. Əsasən Tanrı ifadəsindən istifadə edirəm. Amma ruhi aləmə inanıram. Bu, qədim türk mifologiyasında da var. Hələ o vaxtlar mənim şeirlərim Türkiyədə çap olunanda türklər şamanları tanıdılar. O vaxt kitablarımı çap edib qutularda yayırdılar... Şamanlar peyğəmbər deyil, Tanrını köməyə çağırmır, özündən əvvəlki babalarının ruhunu çağırırdılar. İnsanın ən böyük istəyi əbədiləşməkdir...

...Söhbətimiz uzun çəksə də, yazımıza bu yerdə nöqtə qoyduq. Axı milyon illərdir ki, adamlar ədəbədiləşməyin yolunu axtarır. Bir şairin bir misrada əbədiləşməsi kimi... biz də görüşümüzü şəkillərlə əbədiləşdirdik.

Tarix
2018.01.27 / 08:15
Müəllif
Xanım Aydın, Vüsal Nuru
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla