Yuxarı

“Qarabağı Amerika və İngiltərə işğal edib”

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yazıçı Əlabbas daha çox roman və hekayə janrında yazdığı nəsr əsərlərilə tanınır. Onun "Qiyamçı" romanı, "Mərəndə ölüsü", "Şəhər", "Gecəyarı hadisə" kimi hekayələri maraqla qarşılanıb.

Axar.az yazıçı Əlabbasın "Zoğ" xatirələrini təqdim edir.

- İşə gedirəm. Topuqdan yuxarı qar yağıb, - bunu mənə mətbuatla sıx əməkdaşlıq elədiyim, 90-cı illərin əvvəlində o vaxtlar "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru olan Sabir Əhmədov yolboyu söhbət əsnasında danışıb, - nəşriyyata çatmağa az qalanda birdən ayağım nəyəsə ilişdi, üzüqoylu gəldim, nə gəldim. Dedim, nə olur-olsun, gərək çıxaram bu zəhrimarı, sabah bir də yıxmasın məni. Ərinmədim, əlimdəkiləri qarın üstə qoyub, yapışdım bundan, dart ki dartasan. Baxdım ki, qarış uzunluğunda, əyiş-üyüş, qalın məftil parçasıdır, dartdıqca yalan olmasın, üç-dörd metr o tərəfdə yer yırğalanır.

Hiss elədiyim qədər o illər Qarabağ hadisələri Sabir müəllimi hər bir vətən övladından daha çox dəli-divanə eləmişdi. Səbəblər çoxdan çox idi... Onda da:

- Sözümü ona gətirirəm ki, - deyib yola qoyduğu nərdivanı nəşriyyata çataçatda yığışdırdı, - elə bilirsən, Qarabağı erməni tutub? Yoox, o məftil kimi bunun da bir zoğu gedib Rusiyaya, bir zoğu Fransaya, İngiltərəyə, o biri də düz Amerikaya çıxır.

Balalar necədir?

- Ədaləti tapınca mənimki mənə dəyirdi, - rəhmətlik Cabir müəllim (Novruz) "Ulduz"da işlədiyi illəri xatırlayıb, gülə-gülə danışırdı, - özümə söz verirdim ki, bəsdir daha, onu tapan kimi işdən azad eləyəcəm.

Bütün ədəbiyyat adamlarının dostu, rəssam Ədalət (Mehdiyev) səhv eləmirəmsə, 67-dən üzübəri adıçəkilən jurnalın dəyişməyən yeganə bədii redaktorudur. Yaxşı, xeyirxah, gülərüz də kişidir. Cabir müəllimi də hər dəfə elə o gülər üzü çaşdırırmış:

- Zəif damarımı tapmışdı. Görüşən kimi ilk sözü o olurdu ki, balalar necədir, Müşfiq neyniyir, sən allah, mənim ağzımca üzündən öp onun, - uğunub gedirdi Cabir müəllim, - Müşfiqin adını eşidən kimi hirsim soyuyurdu. O vaxt balaca uşağıydı Müşfiq, özü də necə? İnsafın olsun, deyirdim, Ədalət, Allaha bax, Tanrıya bax, işə vaxtında gəl-get!

Şukşin kimdi, ə?

Gündəlik mütaliəsi ilə öyünən və bunu ziyalılığın birinci əlaməti sayan bir tanışım günün birində qarşımı kəsdi:

- Adam deməyə də utanır, bu gün bizdə qəzetçilik "nol" səviyyədədir. Denən, niyə? İş başında savadsızları oturdublar, Qlavlit yox, hərə birinin qohumu, kim nə istəyir, eləyir. Bilirsiniz də, mən bu sahədə bəlkə də, rekord qırmış adamam. Mütaliədə bir adam mənə çatammaz.

Bugünkü mətbuatın bəzən oxunmadan çapa getdiyindən gileylənən "mahir oxucu" konkret misala keçdi və dərdini danışmaqda məqsədinin olduğunu da gizlətmədi:

- Az-çox onlara sən yaxınsan, barı, sən başa sal bu bisavadları, ayıbdır. Belə redaktorun başına daş, - deyib, əlindəki qəzeti az qaldı gözümə dürtə, - Puşkinin yerinə Şukşin gedib. Şukşin kimdi, ə?... Hara baxır görən bu? Dünyada Puşkini tanımayan var, bədbəxt, sənə nə olub? Bilmirsən, birindən soruş, nə vaxtdan ayıbdır bilməmək? Bayaq dediyim məsələdir, Qlavlit!...

Xarici segah

Xalq artisti Qəndab Quliyeva şirin avazla oxuyur:

Gər Nizamini xəta isə həlak etdirmək,

Aşiqəm, yar məni öldürsə, səvab etmədədir.

Heyran-heyran başımı bulayıb, Qəndabın "Xaric segah"ın ən yaxşı ifaçılarından olduğunu aşıq sənətinin vurğunu olan yazıçı dostuma pıçıldayıb, aydınlıq yaransın deyə, "O olmasın, bu olsun" filmindən qulluqçu Sənəmin pilləkəndə oturub bu muğam üstə zümzümə elədiyini də xatırladıram. O, bundan elə gözlədiyim nəticəni də çıxarır:

- Sənə bir şey deyim, sırğa elə as qulağına. Mən deyiləm, sənsən, "Segah"ın da xaricisi, daxilisi olar? Demişəm də, evimizi ermənilər yox, yıxsa-yıxsa bu xaricilər yıxacaqlar. Biz nə qanırdıq burun kəsdirmək nədir, piy çıxarmaq nə cür olur, dodağı nə təhər iriləşdirirlər? Tifağı dağılsın bunların... Öz gəlməkləri bəs deyil, adət-ənənə də gətiriblər düdəmələr.

Tarixdə qalmaq

Cavanlığında şair olan, sonralar özünü nəsrdə və ədəbi tənqiddə də sınayan dostum haqqın yolunu axır ki, əlli yaşda tapdı: hazırda toylarda tamadalıq eləyir və deyir, dünyada ondan mərifətli iş yoxdur. Hörməti hörmət, izzəti izzət, hamı yolunu saxlayır, dəvəti dəvət dalınca alırsan. Amma nə qədər tərifləsə də, yazı-pozu ilə məşğul olduğu illərin xiffətini çəkdiyi də açıqca hiss olunur.

- Bir bədii povest yazdım, ağzımda sənə povest deyirəm e, - o, respublikaca məşhur bir ismin adını çəkir, - oxuyub, dedi, hayıf, bir az yubanmısan, Çingiz Aytmatov bu məsələni "Alabaş"da səndən qabaq qaldırıb. Yoxsa bu tip əsərlə dünya ədəbiyyatı tarixinə düşərdin, - o, adıyla bərabər soyadını da xüsusi ehtiramla çəkdiyi tənqidçinin sitatına xitam verib, başını bulaya-bulaya öz fikrinə qayıdır, - bilirsən də, Çingiz cavanlıqda malabaxan olub axı, nədən yazıb, atdan, itdən, dəvədən, hamısın alındırıb... "Alabaş"da da lap fontan eləyib. İtin o cür vəsfi? Dəhşətdir, ə kişi...

- Ağıllı ol, ə, fontanı o yox, sən eləmisən, o cür yazıçıdan səni kimi tamada yaxşıdır. "Alabaş" adda əsər olar? Bəs bədiyyat? Özün də bayaqdan bədii əsərdən danışırsan, - üstüörtülü dediklərimdən nə duz daddısa, arsız adam təəssüfünü gizlətmədi:

- Baxma, tarixdə qalmaq da bir işdir. Nahaq başını buraxdım prozanın.

Buxaqda, xalda nə var?

Səməndərin (Faxralı) üzünü görməsən, səsindən elə bilərsən, danışan Zəlimxan Yaqubdur. Eynən ondakı kimi birnəfəsə deyilən sinonimlər silsiləsi, şirin avaz, aydın təhkiyə... Məni də ona görə çox istəmir ki, tələbə yoldaşı olmuşuq, ağır dostluq yolu keçmişik, ona görə istəyir ki, elə o vaxt da, indi də ürəyindən xəbər vermişəm. Nə deyirəm, canına yağ kimi yayılır, and içir ki, bu saat mənə zəng eləmək istəyirmiş, onu qabaqlamışam. Hər dəfə də səsinə xüsusi ahəng verib, qırx iki il əvvəl, cavanlığımızın lap o dəli-dolu dəmlərində məndən eşitdiyi bayatını telefonun o başında bir çağırır ki, gəl görəsən:

Əzizim Xaldana var,

Min atın Xaldana var,

Yeməli dil-dodaqdır,

Buxaqda, xalda nə var?

Vaqifdən üç söz

Hələ tələbə ikən Vaqifdən (Əjdəroğlu) çox şey öyrəndiyimin fərqində idim. Sonralar bunu yazdım da. İndi o illərin dostlarından ən çox onunla görüşürük. Heç elə olmur, siz tərəfdə filan şeyə nə deyirlər, sualı söhbət əsnasında bir neçə dəfə səslənməsin. Bu yolla ondan əxz elədiyim üç sözdən üçünün də (dəsbəyaxa, əlfəcin, təqqülbab) ərəb-fars mənşəli olduğunu, son vaxtlar bəs qədər türkizmin və beynəlxalq sözün dilimizə axın şəklində gəldiyini bildiyim halda, fikrim onlara təzə nəfəs vermək olmasa da, yazılarımda işlətməkdən ehtiyat eləmədim. Aydınlıq üçün deyim ki, təqqülbab - qapı toxmağı, dəsbəyaxa - dərhal, əlfəcin isə səhifəarası ip deməkdir.

Nə var, nə yox?

Adı qulağına dəymiş bir yazıçımızın mənə sayğısının qədərini nədən bilməsəm də, ağızucu danışmasından lap dəqiq bilirəm. Adi vaxtlarda, siqaretini tez-tez tüstülədib bircə dəfə "necəsən?" deməklə kifayətlənər, hətta adamı ələ salmağından da qalmaz, guya, söhbətimizə bir şirinlik qatmaq məqsədilə onu da soruşar ki, özüm yatıb-dura bilirəmmi?

İşi düşəndə isə bambaşqa aləm olur. Tək qoluma yox, həm də dondan-dona girir. Düz gözümün içinə baxıb:

- Nə var, nə yox, Dadaş? - soruşur, dalınca da sicilləmə bir dastan, - can-baş? Uşaqlar necədir? Nəvələr neyniyir? Evdə-eşikdə salamatçılıqdır? Elə ha deyirəm, bir uşaqları da götürüm gəlim siz tərəfə, vaxt olmur ki, olmur. Xaraba qalsın bu şəhəri, adamı yar-yoldaşdan, dost-tanışdan da eləyib.

Bu söhbətdən sonra dərd açmağa nə var ki? Elə o da belə eləyir:

- Eşit, gör nə deyirəm...

O danışır, sakitcə dinləyir və düşünürəm: o obrazlar ki sənin qələminin məhsuludur, bu xasiyyətlə, bu içlə yalnız o cür cərdə-cürdə insan tipləri yaratmaq olar, döşə gəlsin, bələdəm sənə, onsuz da əlindən başqa şey gələn deyil.

Qazanc

Əhməd (Oğuz) tay-tuşlarının çoxundan gec evlənib. Neçə il də övlad həsrəti çəkib. İndi biri oğul, biri qız olmaqla ay parçası kimi iki gözəl balası var. Adları da özlərindən qəşəng: Gültəkin, Eltəkin.

- Sizinki o başdan gətirib, - hər şeyə Allahın qisməti kimi baxan könlütox Əhməd söhbət əsnasında deyir, - mənimki bu başdan.

Bir insan kimi gəlir-çıxarın hamıdan yaxşı bilən Əhməd bu əsəb dünyasında ikisinin yerinə bir əziyyət çəkdiyini, deyəsən, düz eləyib özünə qazanc bilir:

- Ta yaşın elə vaxtıdır, onları oğul-qız yox, nəvə bilirəm özümə.

Baca

- Ustad, bu qələbəni sənə həsr eləyirəm, - deyib Zəka (Vilayətoğlu) mənə nəzər salaraq zərləri atır, Aslan (Quliyev) şeş qoşanı və bayaqdan onunla dübədü vuran həmpiyaləsinin mənə rəğbətini görüb cin atına minir:

- Sizinki bu olsun bax, bir-birin tərifləmək, zər qoşalamaq. Oyun oynamaq lazımdır, oyun.

Belə yerdə bizi bəyənməyən Aslanı sakitləşdirməyin yolunu çoxdan bilirəm:

- Sən çörək tapassan, Zəka, tarixən belə olub: ustadı ki ağır-əziz elədin, Allah ruzini bacadan da olsa, yetirir. İstəyirsən, evə zəng vur, gör mən deyəndir, ya yox?

Odu-budu Zəkanın nömrəsini telefonumun ekranında görən kimi:

- Ustada eşq olsun! - alqışından sonra nə eşidəcəyimi əzbər bilirəm:

- Şükür böyünkü günə, baca qaydasında işləyir...

Səni oxuyan deyiləm

- Ay Mövlud, sən istedadlı oğlansan, hayıf ki, adın ürəyimdən deyil. Bu azmış, hələ təxəllüsünü də Mövlud eləmisən. Gör nə deyirəm, ya sən adını dəyiş, ya mən sənə olan rəğbətimə düzəliş eləyim, yoxsa səni oxuyan deyiləm, özün bil. Mövlud Mövlud arif oğlandır, nəyə işarə vurduğumu başa düşüb gülümsünür.

Söhbət ki bu yerə gəlib, gərək düzünü deyəm: onun əvvəl "525"də, sonra müxtəlif saytlarda, indi isə "Aydın yol"dakı yazılarını mütəmadi izləmişəm. Bir dəfə bir müsahibəmiz də baş tutub.

15.12.1015

Tarix
2015.12.26 / 08:30
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Küveytə yola düşdü

Pezeşkianın Bakı səfəri kimi narahat etdi? - Video

XİN-dən AŞ komissarına cavab: Qətiyyətlə rədd edirik!

Prezident Məhəmməd Yunusu İƏT-in iclasına dəvət etdi

Bu ölkələr “Ay layihəsi”nə qoşuldu: Siyahıda Bakı da var

Pezeşkian Bakıda oxuduğu şeirlə hansı mesajı verdi?

Təxribata cəhd: azərbaycanlılar erməniləri belə susdurdu - Video

Paşinyan AB üçün də ciddi tərəfdaş deyil - Danielyan

Pezeşkianın qızı da Bakıya gəlibmiş - Foto

Nikol Türkiyə və Britaniya kəşfiyyat şefləri ilə gizli görüş keçirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla