Uçmağın ətri
(hekayə)
Hər şeyin öz qoxusu var. İnsanların, torpağın, havanın, suyun,
rənglərin, hərflərin, yağışın, istinin, mövcud olan və ya olmayan
hər şeyin…
Anamın on beş yaşı olanda onu zorlayıblar. Bu zorlanma
hamiləliyə, hamiləliksə mənim doğulmağıma səbəb olub. Dünyaya
gələndən iki il sonra gecə dayanmadan ağladığımçün əsəblərini
cilovlaya bilməyən anam məni yatağımdaca boğub, öldürüb. Sən demə,
üç gün ölü halda ruhi sarsıntı keçirən anamla birlikdə, eyni otaqda
qalmışam. Sonra mən dirildim…
Pəncərələrin də öz qoxusu var. Hətta pəncərələrdən asılmış
qırmızı pərdələrin də. Dünyada baş verənlərdən xəbərdar olmaq
üçün açıq saxladığım otağımın qapısının da, öz qoxusu var.
İki yaşım var idi öləndə. Bu hadisədən üç il sonra məni
yetimxanada müayinə edən həkimin dediklərinin qoxusundan hər şey
aydın oldu: üç günlük ölüm görmə, eşitmə, danışma qabiliyyətimi
əbədi olaraq məhv edib. Əvəzində qoxular vasitəsilə hər şeyi görə,
eşidə, hiss edə bilirəm. Məsələn, mən, danışan adamın nə dediyini
dodaqlarının arasından sıyrılıb çıxan hər biri spesifik qoxuya
sahib səslərin ətrindən başa düşürəm. Özüm üçün aydınlaşdıra
bilmədiyim bu inanılmaz istedadım, avtomatik olaraq hər şeyin
qoxusunu ayırd edə bilir.
Mən yetimxananın on yeddi yaşlı müəmmalı sakiniyəm. Görmə,
eşitmə, danışma qabiliyyəti olmayan, fəqət, on bir yaşında kimsəsiz
uşaqlar evinin kitabxanasında Jül Vernin "Kapitan Qrantın
uşaqları" romanını burnuna tutub qoxulayaraq oxuyan, müəmmalı
sakini. Bəziləri gülürdü. Bəziləri isə dəli olduğumu düşünürdü, bir
nəfərdən başqa - məni həvəslə geyindirən, yuyunduran, yedirdən
tərbiyəçi xanımdan başqa. Əsəbiləşirdim, qışqırmaq istəyirdim:
– Axı, hərflərin də qoxusu var! Xısın-xısın gülüşlərinizin də,
dəli olduğumu düşünməyinizin də qoxusu var!
Bacarmırdım... Səsim çatılan qaşlarımda, qıcanan dişlərimdə,
düyünlənən yumruqlarımda, ilişib qalırdı... Sağ olsunlar!.. Sağ
olsunlar ki, halımdan nə demək istədiyimi anlayıb, məni rahat
buraxırdılar. Bir müddət sonra hamı üçün adiləşdi kitabları
qoxulamağım. Qurşandım kitablara. Qoxuladım, oxudum...
Anam özünü asıb intihar edəndən iyirmi dəqiqə sonra mən
dirildim. Səkkiz gün nə anamın ölüsündən, nə də məndən xəbər tutan
oldu. Saçları dağınıq, üzü şiş, bədəni kömür kimi qara idi. İçində
iflas edən orqanların kəskin iyindən görürdüm baş verənləri.
İntihar etməmişdən qabaq döşlərini, məni boğub susdurmağa çalışan
əllərini kəsib doğramışdı. Baş verən hadisələrin qoxusu vardı
burnumda. Özüm üçün hələ də aydınlaşdıra bilmədiyim bir qoxu var –
ölüm... Bu nəsə qəribə qoxu olmalıdır, mən belə düşünürəm. Anamın
cəsədini qoxulamışdım, amma, amma bu, ölümün qoxusu deyildi. Ondan
qorxunun, ümidsizliyin, peşmançılığın qoxusu gəlirdi. Bir də, onun
dərisindən burun pərəklərimi göynədən kəskin süd qoxusu hiss
etmişdim. Bəlkə acdığıma görə hiss edirdim bu qoxunu? Bilmirəm...
Ölümün qoxusu yanından keçən cisimləri ac-gözlüklə qamarlayıb udan
qara dəliklər kimi məni özünə çəkir, mən bunu hiss edirəm. Axı
nədir ölüm? Nəyə bənzəyir? Bəlkə bu sevimli tərbiyəçimin öz ərini
sevməsinə bənzəyir? Səhərlər hər dəfə rastıma çıxanda dərisindən
hiss elədiyim, gecələr əri ilə dəli kimi sevişməyin qoxusuna
bənzəyir? Bəlkə bu qoxu payızda tökülən yarpaqların qoxusuna
bənzəyir? Əminəm ki, ölümün qoxusu hər dəfə əzib məhv elədiyim,
öldürdüyüm qarışqaların, böcəklərin qoxusundan tamam fərqlidir.
Hətta bu qoxu, illərdir yediklərimdən yeyən, addımbaşı mənə
yaltaqlanan, gecənin səssizliyində boğub öldürdüyüm sevimli
pişiyimin cəsədindən gələn qoxuya da bənzəmir. Bəlkə mən kimisə
öldürüm?
Məni bu düşüncələrdən bir dəqiqə sonra siqnal verəcək olan
avtomobilin qoxusu ayırırdı. Qırx doqquz saniyə sonra məni on beş
il – iki yaşımdan özünə əziz bilən qırx yaşlı tərbiyəçim həyat
yoldaşı ilə öz evinə yollanacaq.
Gecə yenə ildırımlar kükrəyəcək... Havadan yağış qoxusu gəlir...
Belə də oldu: gecədən coşan ildırımların qoxusu gələndə yatağımdan
qalxıb, pəncərədən boylandım, göydə tüğyan edən elektrik şokunun
ətrini içimə çəkdim. Bu şok, sanki ölmüş təbiəti ayıldır. Burnuma
hardansa təbiətə can verən bu şokun təsirindən, bəlkə də yüz
illiklər sonra yaranacaq olan, hələ mövcud olmayan bir bitkinin
ətri gəlirdi...
Otağımın pəncərələri yetimxanadan çox-çox uzaqda olan, yamacları
yaşıl dağlara baxırdı. Yenə dayanmışdım pəncərənin önündə dağların,
o əsrarəngiz təbiətin qoxusunu sinəmə çəkmək üçün, o gözəlliyi
görmək üçün.
– Hara baxırsan? – bu sözlərin ətrinin sahibəsi gözəl tərbiyəçim
idi.
Əlimi dağlara tərəf uzatdım.
– Dağlara baxırsan?
Başımı tərpətməklə, dağlara baxdığımı bildirdim.
– Sən o dağları görürsən?
Burnumu dağlara tərəf uzadıb dərindən nəfəs aldım.
- Dağların, yaşıl yamacların ətrini hiss edirsən? Orda olmaq
istəyərdin?
Yenə başımı tərpədərək orda olmaq istədiyimə işarə elədim.
– Əgər belədirsə, sabah ərimin avtomobilini götürüb səninlə
ikimiz oraları gəzməyə gedərik. Razısan?
Dodağımdakı təbəssüm razı olduğumu bildirdi.
– Deməli belə, sabah səhər doqquzda yola düşürük. Mən, elə
indicə müdirədən ikimiz üçün də icazə alım. Sənsə hazırlaş.
Səhərə qədər yatmadım: güzgünün önündə dayanıb öz əksimin ətrini
çəkdim burnuma, özümü qoxuladım, sağ əlimlə sığal çəkdim qəhvəyi
saçlarıma... Yatmadım, rəqs elədim, Tanrı kimi rəqs elədim…
Rəqs edə-edə düşünürdüm: məncə, zamanda seyr yox, zamanda rəqs
edən, "mən"ini unudan elə Tanrının özü olan sirr sahibi olmaq
lazımdır. Ümumiyyətlə, varlığın əsasında duran hərəkət məfhumu elə
anlayışdır ki, var olmaq yalnız onunla mümkündür və Tanrı deyilən
ideya da, varlığın özünü təşkil edən, daimi hərəkətdə olan, rəqs
edən enerji bütünüdür. Rəqs zehni dayandırıb ruhu dövrəyə qoşur və
insan bu zaman əslinə - Tanrılığına, Özünə qayıdır. Bununla da
gerçək halına qayıdan insanlar yaşadıqları cəmiyyətin qanunlarına
tərs düşən atmosferdə yaşayır və cəmiyyət üçün qəribə, hətta dəli
kimi görünürlər. Mən rəqs edirəm, dəli kimi rəqs edirəm və bu rəqs
dalğalanaraq görüntülər ortaya çıxarır. Mən rəqs etdikcə,
tərbiyəçim, dağlar, çaylar, meşələr, hər şey mövcudat aləmində
görünən olur. Bəli, ruhum rəqs edir, öz əslimə qovuşuram. Hazırkı
təkliyim mən rəqs etdikcə ətraf-aləmlə, görüntü halına çevrilən hər
şeylə vahid – vücud olur. Var olan hər şey ruhi rəqsin
təcəllisidir, vahid olanın müxtəliflikdə zühur etməsidir həm
də.
***
Biz yol gedirdik... O danışırdı: dartılan dodaqlarının
ətrindən duyurdum onun sevincini, gözəl dişləri var idi.
Dodaqlarına çəkdiyi boyanın ətri isə hərdən məni öz aləmimdən
ayırırdı. Mən öz aləmimdə hələ də, güzgünün qarşısında idim…
Görüntüləri olan və ya olmayan rəqsin ən böyük sirri odur ki, onun
musiqisi qeyri-müəyyən qanunlara, qeyri-müəyyən not sisteminə
malikdir. Varlığın hər atomu, elementar zərrəciyi və antimaddəsi
belə bu tanrısal ruhun qeyri-müəyyən rəqsinin müəyyən kimi görünən
təcəllisidir. Əbəs yerə Kvant fizikasının ən mühüm qanunlarında
biri "Qeyri-müəyyənlik prinsipi" adlanmır. Yəni artıq "zərrə külün
aynasıdır" ideyası mistikadan elmə gəlir. Böyük sufi Əbdülkərim
Cilli bu barədə "Tanrı aləmin zərrələrində açığa çıxmışdır, buna
görə haqqın açığa çıxdığı hər varlığa tapınmaq gərəkdir" kimi
deyimi bizə qədim sivilizasiyaların tanrını hər cür formada -
heyvan, daş, su, ağac kimi təsvir etmələrinin açarını verir.
Varlıqda bu açığaçıxmanın, bu ruhi rəqsin insanda özünü göstərməsi
bütün zamanlarda gizli saxlanılmışdır. Buna görə də gizli
öyrətilərdə Tanrı hər zaman dişi qadın kimi təsvir və təfsir
edilib. Qadınlar Tanrının ən müdhiş və kefli şəkildə rəqs etdiyi
ruhi sahə olmalıdır zənnimcə. Ahh! Mənim sevimli tərbiyəçim…
O danışırdı:
– Yemək üçün hər şey götürmüşəm; axşamdan hazırladığım soyutma
toyuq, meyvə, tərəvəz, hər şey. Səni yaxşıca yedirəcəm.
O, avtomobili çox gözəl idarə edirdi. Yeri gəlmişkən,
avtomobildən onun ərinin qoxusu gəlirdi.
O isə danışırdı:
– Buranın füsunkar təbiəti var: meşələri giləmeyvə ağacları ilə
doludur. Darıxma az qalıb, bir az sonra gözəl bir məkana
yetişəcəyik, oranı çox sevəcəksən bilirəm.
Mən xoşbəxt idim. Üzümdən təbəssüm əksik olmurdu. Nəhayət ki,
gəlib çatdıq. Bura əsl cənnətməkandır: iki dağın arasından axıb
gedən bulağın ətri ruhumu oxşayırdı. O, avtomobildən azuqəni, lazım
olan hər şeyi götürdü. Yaşıl otların üstünə, gözəl bir xalı saldı,
xalının üstünə ağ örpək. İkimiz də xalının üstündə əyləşdik.
Mən düşünürdüm - Ruhi rəqsin ən coşqun anı ehtiras və ölüm
anıdır. Seks və ölüm tanrısallıqla rəqsdir. Ehtirasın ən yüksək
anında insan şüuru dayanır və yalnız təmiz ruhi bir hal içində,
şüursuzca ruhun qeyri-müəyyən rəqsi başlayır və bu rəqs vasitəsi
ilə hər an özünün dərkedilməz varlığını nümayiş etdirir. Bəlkə belə
deyil? Görəsən, insan öləndə, müqəddəs orqazm zamanı ehtirasın ən
yüksək anından həzz aldığı kimi həzz ala bilirmi? Mən bu iki sehrli
ətri mütləq içimə çəkməliyəm. Axı, necə?
Özü dediyi kimi, məni yaxşıca yedirtdi. Yüksəkliyin qoxusu məni
məst edirdi. Əlimi önə uzadıb, qarşıdakı təpəni göstərdim ona.
– Ora qalxmaq istəyirsən?
Başımı tərpədib, istədiyimə işarə etdim.
– Əlbəttə, yediklərimizi yaxşıca həzm etmək üçün bu gözəl
vasitədir.
O, əlimi tutub məni özü ilə yüksəkliyə qaldırırdı.
– Hə, çatdıq. Yamanca yorulduq, gəl burda oturub istirahət edək.
Sonra aşağı enərik.
Xəfif külək burnumu sığallayırdı. Yavaşca yerə uzanıb başımı
onun dizlərinin üstünə qoydum. Qəfildən titrətmə tutdu məni.
– Üşüyürsən?
O, başımı qollarının arasına alıb, sinəsinə sıxdı, qucaqladı,
döşlərinin ətrini hiss elədim. Bütün gücümü toplayıb, sağ əlimlə
onun boğazından tutdum. Saçlarını sol əlimə doladım. Onun
xırıltılı nəfəsinin, yalvarışlarının, göz yaşlarının qoxusu məni
maraqlandırmırdı. Məni maraqlandıran, vücudumu parçalayan
ehtirasımın qoxusu, ölümün qoxusu, onun müdhiş bir şəkildə rəqs
etməsini istəməyim idi. Şüurumun altındakı dəlilik bədənimə hakim
kəsilmişdi. Mən o anda... O, müqavimət göstərmədi və öldü. Düşündüm
ki, yəqin o da mənim kimi ölüb, yəqin üç gün sonra diriləcək...
Sol əlimdə bir əlçim tük vardı. Onun saçlarının ətri, məni hələ
on dörd yaşım olanda dəli eləmişdi. Əlimdəki bir əlçim tükü burnuma
sıxıb qoxuladım, qoxuladım... Titrəyə-titrəyə ətrini içimə çəkdim.
Sonra guya görürəmmiş kimi, əlimi yuxarı qaldırıb, diqqətlə
baxdım ovcuma. Qəfil külək, əlimdən qopardı ölüm qoxusunu. Sevgimi
əlimdən qapıb qaçan küləyin ardınca dəli kimi qaçmağa başladım.
Mənə elə gəlirdi ki, varlığın sirlərini dərk etməyin arxasınca
qaçıram. Mənə elə gəlirdi ki, bu qaçışdan Tanrının ətri gəlir.
Qaçdım, qaçdım, birdən dayanmalı oldum. İki addımlığında
dayandığım, dərin bir uçurumun qoxusu dəydi burnuma...
Artıq gecədir. Göy üzündə tüğyan edən ildırımların qoxusu içimə
od salır. Bəlkə də yüz illiklər sonra yaranacaq olan bir bitkinin
ətri gəlir burnuma...
Hər şey belə baş verdi. O, üç gün sonra dirilməyəcək… Sıldırım
bir qayanın üstündə dayanıb uçurumu qoxulayıram, uçmaq istəyirəm.
Bu uçuşdan, illərdir özüm üçün aydınlaşdıra bilmədiyim ölümün
qoxusu, uçmağın ətri gəlir. Budur, mən uçuram...