Axar.az gənc yazar Çinarə Ömrayın hekayələrini təqdim
edir:
Axşam hücuma keçirik
Qonşu arvadları nənəmin beynini doldurmuşdu ki, yaxınlıqda
yerləşən fabrikin boş otaqlarından birinə köçün, qaçqınsınız, sizə
heç kim heç nə deməz.
Onda bibimin birotaqlı bağ evində qalırdıq. Nənəm otağı pərdə
ilə bölmüşdü. Beləcə, nənəm evə gələn kimi "evrika" havasıyla
gəlinləri məsələdən halı elədi:
- Hazırlaşın, axşam hücuma keçirik!..
Babam əvvəl-əvvəl razı olmadı: "Bir az səbr elə, arvad, - dedi,
- onsuz da bir-iki aya qayıdırıq". Nənəm: "Evi yeməyəcəyik ha,
qayıdanda qoyub gedəcəyik də", - deyib, babamı yola gətirdi.
O gün elə gecəynən köçümüzü çatıb, həmin fabrikdə lövbər saldıq.
Üç otaq idi. Döşəməsi, tavanı, pəncərəsi yoxdu. Quruca divar...
Bizim də hərənin bir çanta pal-paltarı, yorğan-döşəyi, üç dəmir
çarpayımız, hərənin də bir boşqabı vardı, vəssalam.
Hə… bir də humanitar yardımlar: beş paket quru lobya, bir də
yardım adyalları. Nənəm adyalları pəncərəyə tutdu. Gecəni qaldıq.
Bibim elə həvəslə sil-süpür eləyirdi ki!.. Yer torpaq olduğundan
sulayıb süpürürdü. Nənəm quru divara xalça asdı, üstünə Mirsədi
ağanın şəklini asıb dedi ki, bu şəkil burdadırsa, bizi bu evdən heç
kim çıxarda bilməz!
Sabahı fabrikin yiyəsi gəldi, bir az söz-söhbət oldu. Babam çox
utanırdı. Ora icazəsiz yığışmağımız arına gəlirdi. Amma nənəm
əlində süpürgə evə elə yiyələnmişdi ki, day hara çıxırdı!
O ev bizim üçün hər şey idi: arxa, dayaq, ümid, pənah yuvası...
Nənəm deyirdi, başımızın üstündə qaraltı oldusa, bəsimizdi, onsuz
da qayıdacağıq.
Az keçməmiş babam pəncərələrdəki adyalları söküb, müşəmbə vurdu,
yerə linoleum saldıq, divarları suvadıq.
Əmim müharibədə idi. QRAD qurğusu daşıyan maşın sürürdü. Bir gün
balası evə qayıdanda nənəm çox sevinmişdi. Həmişə döyüşdə itirdiyi
dostlarından danışardı əmim. Bir dəfə də kiməsə danışırdı ki, bəs
filankəsi gözümün qabağında vurdular, yazıq elə yerindəcə keçindi,
başqa bir yoldaşımız məcbur olub onun ayaqqabısını çıxarıb, geyindi
yalın ayağına. Bu əhvalat məni xeyli fikrə saldı. Uşaq idim.
Deyirdim, görən, ölən əsgər rəhmətə ayaqyalın necə gedəcək? Rəhmət
haradı ki? Birdən ora gedəndə ayağına şüşə batar, neyləyər? Di gəl
bu haqda heç kimdən heç nə soruşmadım.
Nənəm həmişə məni özüylə çörək almağa aparırdı. O vaxt upuzun,
ilan kimi qıvrılan çörək növbələri olurdu. Yanında uşaq görüb
nənəmi növbəsiz buraxırdılar. Hər dəfə on-on beş çörək alırdıq.
Babam şəhərdə ilk dəfə təqaüdünü alanda bir tay un almışdı, bir
kilo da alma. Kiloya dörd sarı alma girmişdi. Dedi, İran almasıdı.
Birini nənəmə verdi: "Sən bunu Çinarla böl, ye". Qalan üç almanı də
gəlinlərə verdi ki, uşaqlarla bölsünlər. Sonra keçib həyətdə
oturdu. Dalınca çıxdım, gözünü dəsmalla sildiyini sezdim. Məni
görüb gülümsədi. "Nolub, baba, sənə alma çatmadı, ona görə
ağlıyırsan?". Uğunub getdi: "Yox, qızım, gözümə nəsə düşüb, onu
çıxarırdım", - dedi.
Almaları yeyəndən sonra nənəm gəlinlərə dedi ki, durum, yuxa
bişirək, alınma çörəklə çatdırmaq olmur. Həyətdə sac qurub yuxa
saldılar. Ocağın qoxusu hər yana yayılmışdı. Pendirimiz olmazdı,
nənəm də deyərdi ki, pendiri neynirsiz, şorla "Sana" yağını
qarışdıranda hamısından urvatlı olur. Yağla qarışdırılmış şor
bankasını da, termosu da sacın yanına qoyardı. Ocağın qoxusuna
qonşu uşaqlar toplaşardı. Nənəm yuxaya oxşayan əllərilə hərəsinə
bir dürmək düzəldərdi. Lap Cırtdanın nağılındakı kimi... Dürmək
yeyən uşaqlardan kim topunu mənə oynamağa verməzdisə, deyərdim, tez
elə, nənəmin dürməyini qaytar.
Dəmir çarpayıların setkası boşalmışdı deyə, babam altına iri
taxtalar qoymuşdu. Bizim ailəmiz - ata-anam, qardaş-bcılarım hamısı
Rusiyada idi. Mən nənəmgildə qalırdım. Buna görə əmimin
uşaqlarından çox mənim qayğıma qalırdılar. Dəmir çarpayının birində
mən yatırdım. Çox xoşbəxt idim.
Bir gün bəla gəldi; hamıya nəsə qaşınma xəstəliyi düşdü. Nə bəla
idisə, bütün şəhər tutmuşdu... Ya da bütün qaçqınlar... Bizə
ağ-uzun qablarda süd rəngli qatı məhlul payladılar. O vaxt ikinci
sinifdə oxuyurdum. Öz dərmanımı dəmir çarpayının altında
gizlədirdim. Ağ, uzun qab idi. Üstünə "Əl vuranın əli qurusun"
yazmışdım. Əmim oxuyub xeyli gülmüşdü.
Bir gün də məktəbdən gur, uzun saçımda evimizə bit gətirmişdim.
Nənəm başımı dizinin üstünə qoyub bitimi təmizləyirdi. Sonra
dedilər ki, neftlə yusan, keçər.
Həmin ərəfədə sinfimizdə neft erası başladı; otaqları nöyüt iyi
bürüdü...
Fabrikə təzə köçdüyümüz vaxtlardı. Nahara oturmuşduq. Birdən
həyətə tanımadığımız adamlar girdi. Oğlanlardan birinin çiynində
qara-iri nəsə vardı, qız isə əlində balaca qara toppuz tutmuşdu. O
toppuz da şnurla oğlanın çiynindəkinə bağlıydı. Handan-hana anladım
ki, bu, mikrofonla kameradır. Nənəmi, babamı danışdırdılar. Necə
yaşayırsız, necə dolanırsız? Tez nənəmin yanından qaçıb çarpayının
yanında, qara suvaqlı divardakı mismardan səliqə ilə asılmış təzə
məktəb yubkamı geyinib gəldim; kameraya qəşəng düşməliydim.
Xaricdəki həmyaşıdlarıma göstərəcəkdilər axı. İlk dəfə işıqdan onda
qamaşmışdı gözlərim.
6 yaşımdan qaçqınlıq həyatı, onun qayğıları, çatışmazlıqları,
məhrumiyyətləri içində böyüdüm. Amma bir dəfə də olsun özümü
bitmiş, tükənmiş hiss eləmədim. Əksinə, tükənmədən xoşbəxt
idim.
Nənəm gəlinlərə deyirdi ki, itirə-itirə gəlmişik: evimizi,
kəndimizi, qohumlarımızı, heyvanlarımızı... Gəlin, üzümüzdəki
təbəssümümüzü itirməyək barı...
Tale cehizi
Sizə bir hekayə danışmaq, daha doğurusu, yazmaq istəyirəm.
Esnadın hekayəsini. Balaca Esnadla Dilarənin.
Dilarə 5-ci sinifdə oxuyur. Müəlliminin dililə desək, sinfin göz
bəbəyidir. Çox savadlı, dilli-dilavər qızdı. Sinfə yoxlama gəlsə,
bütün gözlər, ümidlər ona dikilər.
Bunu yaddaşınızın bir küncündə saxlayın, sizə Esnaddan danışım.
Allah haqqı, bəlkə gülməkdən öləcəksiz. Esnad bacısı Əsmərlə ekzdi.
Dilarəylə də bir sinifdə oxuyurlar. Hələ birinci sinifdəykən
müəllimə bunları bir qız-bir oğlan oturdurmuş, Dilarəyə də Esnad
düşüb. O vaxt Esnadın qabaq dişləri yoxmuş, mırıqmış. Dilarə də
oturub zır-zır ağlayıb.
Müəllimə:
- Dilarə, qızım, niyə ağlayırsan?
- Müəllimə mən bunu istəmirəm. Dişləri yoxdu.
- Ay qız, elə iç vurdun, elə bil, səni ona ərə veririk. Yoxdu,
yoxdu da (müəllimə sözü bir az kobud dediyinin fərqinə varıb, sonra
Dilarənin könlünü almışdı)…
Elə o gündən parta yoldaşı olmuşdular. Sinif–sinif böyüdükcə,
Esnadın dişləri də çxmışdı, özü də sinfin yaraşıqlı oğlanlarından
biri olmuşdu. Hətta deyəsən Dilarəyə aşiq də olmuşdu. Bəli,
uşaqlıq...
Əsmərlə Dilarə ən yaxı rəfiqə idilər. Bir gün uşaqlardan kimsə
Esnaddan Dilarəyə namə gətirmişdi. Namədə əyri, səliqəsiz xətlə
belə yazılmışdı:
"Dilarə, bilirəm, məndən xoşun gəlmir. Hələ biz balaca olanda
dişlərimə görə ağlamışdın. Mənimlə oturmaq istəməmişdin. Amma mənim
elə o vaxtdan səndən xoşum gəlir. Anamgil də səni çox istəyirlər.
Allah haqqı, düz deyirəm. İnanmırsan, Əsmərdən soruş. Heç kimə
demə, amma mən səni sevirəm. Əsmərə də demə, qurban olum. İmza:
Esnad".
Dilarə oxuyub qızarmışdı. Elə pərt olmuşdu ki! Ona elə gəlirdi,
məktəbin ən tərbiyəsiz qızı odur, ya da hamı bilir bu əhvalatı, bu
gündən sonra hamı ona pis baxacaq. Bu an bütün içi ilə Esnaddan
zəhləsi gedirdi. Məktubu cırdı, sonra heç kim oxumasın deyə, kağız
parçalarını cibinə qoyub həyətlərindəki zibil yeşiyinə atdı.
İki parta yoldaşı artıq bir-biri ilə düşmən olmuşdu. Dilarə onu
danışdırmırdı, hətta bir müddət Əsmərlə də arası avazımışdı.
***
- Ömray bacı, bir dəqiqə dayan. Burda səhf dedin. Mən Əsmərlə
ona görə soyuqlaşmamışdım. Əsmər bilə-bilə qardaşına məktub
yazmaqda kömək etmişdi. O mənim rəfiqəm idi. Bunu etməməliydi axı.
Həm də Əsmər bu söhbəti Günelə də danışmışdı. Ona görə aramız
dəymişdi.
- Ay da-a, indiki uşaqların da belə üzə durmağı olmaya da.
Qızım, sən mənim qəhrəmanımsan. Mən səni yaradıram, Əsmərlə niyə
küsdüyünü məndən yxaşı biləcəksən?
- Ömray bacı, bəs yazıçı həqiqəti deməli deyil? Axı həqiqət mən
deyən kimidi. Elə dedin, guya mən kitab-zad oxumamışam heç.
- Onda mən susum, sən danış. Olar?
- Hə niyə olmur. Mən özümə aid olanları özüm danışım,
qalanlarını da sən yaz.
- Yaxşı, mənə də maraqlıdı. Arada suallar verib müdaxilə edə
bilərəm də, hə?
- Fikrimi yayındırma amma. Bilirsən də, sual verən kimi demək
istədiklərim yadımdan çıxır.
- Yaxşı qızım, yaxşı. (İndi gəl qəşş eləmə…)
- Hə-ə, oxucu, bunu mən yazıram: Dilarə. İndi mən 5-ci sinifdə
yox, 11-də oxuyuram. Ömray bacı sizə mənim 5-ci sinifdəki
əhvalatımı yazır. Mənə görə, hər kəs taleyinə ancaq özü müdaxilə
edə bilər. Ya sakit dayanıb ətrafındakıların, cəmiyyətin səni,
taleyini idarə etməsinə izn verməlisən, ya da öz fikrin olmalıdır.
Öz taleyini özün yazmağı bacarmalısan. Bir sözlə, falçının saədət
vədinə ümid bəsləməməlisən. Çətin də olsa, öz açdığın izlə
addımlamalısan. İndi sizə öz əhvalatımı danışım, yəni bu hekayənin
mənim payıma düşən hissəsini, qalanın müəllif özü danışar.
Ömray bacı düz deyir, Esnad, əslində, bizim sinfin ən
yaraşıqlısıydı, amma məni dərslərdən başqa nəsə düşündürmürdü. Həm
də o yaşım deyildi axı. Anam da, qonşular da kiminsə qızı kimisə
sevəndə onlar haqda elə danışırdı ki, elə bilirdim, kimisə sevmək
tərbiyəsizlikdir. Elə bilirdim, Esnad məni sevdisə, qonşularımızın
dilində artıq mən olacağam bu gündən. Hətta bir anlıq utandığından
anamın həyətə düşə bilməməyini gətirdim gözümün qabağına. Bilirsiz,
bizdə yay gecələrində binamızın arvadları həyətə düşür; o adını da
bilmədiyim, bar verməyən böyük ağacın altında əyləşib gecə
keçənəcən söhbət edirlər. Hərdən düşünürdüm ki, o ağac da bunların
dilinə düşməmək üçün bar vermir. Yoxsa onun da haqqında olmazın
sözlər danışarlar. Anamla mən də bir az dinməz-söyləməz oturub,
çıxırdıq evə. Sonra anam deyirdi ki, Allah düşmənimi də bunların
dilinə salmasın. O xalalar neçə ailəni dağıdıb, neçə qız ərə
vermişdilər, bir bilsəz. Məhləmizin milli məclisi idi o ağacın
altı. İnsanlar haqda bütün qərarlar orda verilirdi, bütün
məlumatlar orda bölüşülürdü.
- Ay Dilarə, hara gedib çıxdın? Axı mən, sadəcə, Esnadla bağlı
bir əhvalatı danışacaqdım, vəssalam. Sənin ürəyin lap doluymuş ki.
Yeri gəlmişkən, o ağacın altı mənə yaman maraqlı gəldi a.
- Ömray bacı, hə, deyəsən, mən də hekayə yazacam. Çünki o qədər
maraqlı hekayətlər var o ağacın altında. Belə "əlini yelləsən,
əllisi" kimi. Hə-ə, davam edim mən.
Əsmərdən də ona görə incimişdim ki, niyə dilini dinc qoymayıb.
Birdən bizim məhləyə çatsa o söz? Bir axşam da məni müzakirəyə
qoysalar? Anamı təsəvvür etdikcə dəli olurdum. Uşaqlıq ağlı.
Esnadla belə davam edirdik. Küsülü.
Bir gün 8 mart idi, biz də Əsmərlə barışmışdıq artıq. Esnad
qızların hamısına kitab hədiyyə almışdı. Hər kəsin partasının
üstünə qoydu hədiyyəsini, birini də mənim. Uşaqları
şübhələndirməmək üçün, həm də hamıya aldığına görə mən də götürəsi
oldum, amma hiss elədim ki, mənim kitabımın içində nəsə var. Heç
kimi duyuq salmadan kitabı içindəkiylə bərabər çantama qoydum. Evə
çatar-çatmaz otağıma girib qapını bağladım, kitabı çıxartdım.
Arasında uzun, balaca qutu vardı. Qutunu açdım, içindən üstü vilyur
parçayla örtülü kiçik torba çıxdı; üstünə də qızılı həriflərlə
"Versace" yazılmışdı. Əlim əsə-əsə torbanı açdım, boya-boy qaşlarla
bəzədilmiş saç aksesuarı çıxdı. Ömrümdə belə şey görməmişdim.
Əlimdə alışıb yanırdı. İşığı söndürsən, otağı işıqlandırardı. İlk
dəfəydi belə bir şey görürdüm. Axı o, bunu necə ala bilər mənə?
Anam bilsə, doğrayacaq məni. Həm də hiss etmişdim ki, nədisə, çox
bahalı şeydi. Tez torbasına atıb, torbanı da qutuya qoyub çantamda
gizlətdim. Qorxumdan əsir, sanki böyük bir cinayət törətmiş
kimiydim. Necə edim? Bunu ona necə qaytarım? Anama deyimmi? Yox,
anam bilsə, ətimi şişə taxar. İnanmırsız? Vallah, billah,
simavallah. Ana mənimdi, bələdəm də. "Uf" belə deməz. Tək yol bunu
ona bir yolla qaytarmaqdı, vəssalam.
Sabahı dərsə də ancaq bu fikirlə getdim. Amma nə Esnad, nə də
Əsmər gəlmişdi dərsə. Bu ağır yükü özümlə evə qaytarası oldum.
Çantam ömründə belə ağır olmamışdı. Sanki bütün məhlənin qadınları
o həmin ağacla birgə çantamda idi. Hətta bəzən səsləri də gəlirdi
qulağıma.
Yenicə evə çatmışdım, paltarımı dəyişirdim ki, qapının zəngi
çalındı. Anam açdı, dəhlizdən gələn səs mənə doğma səs idi. Əsmərin
səsi...
- Salam xala, Dilarə evdədi?
- Hə, qızım, keçin içəri. İndicə gəldi o da, otağındadı.
- Halaldı da, sən də deyirsən, qızım var. – Bu, Əsmərin anasının
səsi idi!
- Nolub, ay Gülər? Bu nəs sözdü? Keç bir içəri.
- Keçmirəm, o qızını çağır bura görüm, qızını!
Otaqdan çıxdım. Əsmərlə anası dəhlizdə dayanmışdı. Gülər xalanı
heç belə görməmişdim. Mənə elə nifrətlə baxırdı ki! Aman Allah,
neynəmişəm axı mən?
Məni görcək lap kükrədi:
- Heç utanmırsan? Ayıb deyil? Qız uşağısan e, sənin gələcəyin nə
olacaq, onu bilmirəm. Ay qız, pis olmuşam sənə? Balam Əsmərdən belə
ayırmamışam.
- Gülər, nolub axı? Bir de, mən də bilim. Neynəyib mənim
qızım?
- Hələ bir heç nə bilmirmiş kimi soruşursan da? Sən onu o qızın
olacaq oğrudan soruş.
- Nə? Oğru? Sən nə danışırsan, Gülər?
- Bilmirsən, hə? Əlbəttə, bilmərsən də. Kim gəlib evdə oğurluq
etdiyini deyər ki? İndi mən danışım, sən bil. Bir neçə gün qabaq
yoldaşım Türkiyədən səfərdən gəldi. Mənə 8 Marta bahalı, həm də çox
bahalı, üstü svarovski daşlarla bəzədilmiş saç sancağı almışdı.
Sabahı sənin bu üzümə mal-mal baxan bu qızın bizə gəldi Əsmərlə.
Dedim, uşaqdılar da, bu da mənim qızım. Axı hardan biləydim ki, bu
tərbiyəsiz heç vaxt mənim qızım ola bilməz?! O gedəndən sonra
sancaq yoxa çıxdı. İndi soruş qızından, desin neynəyib onu?
Çantasın aç, yoxla, nə bilim, otağına-zada bax.
Anam heç nə demədən otağıma keçib çantamı gətirdi, ağzını açıb,
içini tokdü Gülərlə Əsmərin qabağında yerə. Həmin qutu da mal
yiyəsini tanıyan kimi dığırlanıb düz Gülər xalanın ayağının altına
getdi. Gülər xala xəzinə tapmış kimi özünü qutunun üstünə sərdi,
gözləri parıldadı və haqlı olduğunu sübut etmək üçün daha da yüksək
səslə:
- Baaxx, gördün? Sənin bu ibnə qızın oğrudu, oğru. Gördün ki?
Bunun canı bir şey deyil, amma qız uşağıdı, bunun sabahı da var.
İndidən qarşısın al, ay bacı. Yoxsa bu qız sənin başına hələ çox
oyun açacaq…
Anam sol əli ilə sağ əlinin üstünü ovxalaya–ovxalaya:
"İnanmıram. Mənim qızım elə iş tutmaz. Mütləq bu işin içində bir iş
var. Yox ki, yox, mənim qızım heç vaxt elə şey eləməz", - deyirdi,
ancaq özü elə bil çox uzaqlardaydı.
- Necə yəni etməz? Nə abırsızdılar e, ay bacı. Gözüylə görüb,
hələ yenə danır da.
Mən isə ağlaya-ağlaya: "Mən onu oğurlamamışam" deyə bilirdim
ancaq. Anamın rəngi avazımışdı, niyəsə elə hey sağ əlinin üstünü
ovxalıyır, "mənim qızım eləməz. Eləməz mənim qızım. Mütləq bu işin
içində bir iş var", - deyirdi. Gülər xala isə dayanmadan danışır,
getmək bilmir, anamın qızının oğurluğunu boynuna almasını, ya da
məni döyməsini gözləyirdi sanki.
Bu an qapı döyüldü, qapının ağzında dayandığı üçün Gülər xala
açdı qapını, özü də elə fərəhlə açdı ki, qoy gələn kimdisə, o da
görsün, bilsin hadisəni, rüsvay olaq. Ancaq qapıda Esnad göründü.
İlk dəfəydi ki, onu görməyimə bu qədər sevinirdim.
- Nədi? Sən nəyə gəlmisən? Bax sinif yoldaşına. Oğrudu o. Bunu
bizdən oğurlayıb. Gəl gör, tanı onu.
- Ana, o oğru deyil...
- Kəs səsini. Necə yəni deyil? Onun çantasından çıxdı e-e.
- Bəs o heç nə demədi?
- Yox, daha nə deyəcək?
- Ana, oğru o deyil, mənəm. Atam onu sənə verəndə görmüşdüm. Çox
bəyənmişdim. Sonra onu hara qoyduğunu gördüm. Çəkməcəyə qoydun,
bağlayıb, açarı da boş güldanın içinə atdın. Mən 8 Martda qızlara
hədiyyə kitab alanda əlavə pulum da qalmışdı. Siz verdiyiniz məktəb
pullarını xərcləməyib yığmışdım. Düşündüm ki, o sancaq Dilarənin
saçında daha gözəl görsənər. Güldandan açarı götürüb çəkməcəni
açdım, yığdığım pulu ora qoyub qutunu götürdüm, Dilarəyə hədiyyə
verdiyim kitabın içinə qoydum. Bu gün də dərsə getmədim, bilirdim
ki, gətirib qaytaracaq. Bilirdim, bilirdim qaytaracağını.
Gülər xala heç nə demədi, qutunu da götürüb, pəjmürdə halda
qapıdan çıxdı. Anam hələ də sağ əlini ovxalayardı. Onu qucaqladım.
Sonra aralanıb gözünün içinə baxdım, yenə qucaqladım. İkimiz də
ağladıq.
- Dilarə, indi sən dinlə. Ananın niyə elə etdiyini mən
danışım.
- Danış, Ömray bacı.
- İllər öncəydi. Anan da sənin kimi, səndən də balaca, atasız
qız idi. Heç vaxt oyuncağı olmamışdı. Onun üçün oyuncaq ya qazan
qapağı olardı, ya da köhnəlmiş adyalları büküb gəlincik kimi
ayağının üstündə yatızdırmaq. Əsmər kimi onun da bir rəfiqəsi var
idi. Bir gün həmin rəfiqəsigildə onun oyuncaqları ilə oynayırdılar.
Birdən rəfiqəsi:
- Sevil, sən niyə oyuncaqlarını gətirmirsən ki? Həmişə mənim
oyuncaqlarımla oynayırsan, - dedi.
- Mənim oyuncağım yoxdu...
- Bu ayaqqabları görürsən? Gör nə qəşəngdi? Atam alıb mənə, amma
bəyənmirəm. Götür, sənə verirəm. Götür, çəkinmə, onsuz da
geyinməyəcəm.
Sanki dünyanı bağışlamışdılar Sevilə. Uşaq sevinci yerə-göyə
sığmırdı. Onun da təzə nəyisə var idi. Geyinib həyətə düşmüşdü,
ayaqqabısına toz qonmasın deyə, az qala ayağını yerə vurmadan
gəzmiş, sonra da evə çıxıb təmiz ayaqqabını bir də nəm dəsmalla
silib, səliqəylə cütləmişdi. Yenicə işdən dönən anası qızının
üzündəki sevinci, xöşbəxtliyi görüb bütün yorğunluğunu, gündəlik
qayğılarını unutmuşdu. Rahatlanıb yenicə oturmuşdular, qızından bu
sevincin səbəbini soruşmaq istəyirdi ki, qapı döyülmüşdü: gələn
qonşu qızın anasıydı.
İndi sonrakı söhbəti özün ağlına gətir. Esnadın anasının
dediklərini yadına sal.
Ayaqqabları gözü ilə görəndə bütün dünya da, çəkdiyi bütün
əziyyəti də ananın gözündən düşmüşdü. Heç nə deməyib, mətbəxə
keçmişdi, qazın üstündə bıçağı qızdırıb Sevilin sağ əlinə dağ
basmışdı.
Qonşu qadını qızın çığırtı səsi ayıltmışdı sanki. Sevil elə
çığırmışdı ki, onun bu fəryadına dünyanın bütün haqsızlıqları
sığınmışdı. Qonşu qadın peşman olmuşdu:
- Belə edəsən deyə demədim, vallah. Qız uşağıdı. Gələcəyi var
axı...
- Bu ona ömürlük dərs olar. Sən narahat olma.
Qapının böyründəki cütlənmiş ayaqqablar da sanki utandığından
başını aşağı salıb qızarmışdı. Sevilin ürəyi hələ də o ayaqqabının
içində döyünürdü.
Qonşu qadın ayaqqablarını götürüb getdi. O gündən Sevil
oyuncaqlara nifrətlə baxırdı. Heç vaxt təzə nəsə alanda sevinmirdi,
əksinə, əlindəki yarası ağrıyırdı. Bir də kiminləsə dostlaşanda.
Hər dəfə yarasının yaddaşı sancır, "bax, məni yadına sal" demək
istəyirdi.
Bu gün bu hadisə ona həmin günü xatrlatdı. İllər sonra ilk dəfə
sağ əlindəki o dağ belə sancdı. Sancısı ürəyinə vurdu. Amma o,
anasının yanlışını təkrarlamadı. Bircə ağlından zəli kimi yapışıb
qalmış bir cümlə qulaqlarını deşirdi: "Ananın taleyi qızın cehizi
imiş!.."
Xanım, eləməyin
Səhər açılır, günəşin ilıq şüaları pərdədən otaga girməyə
çalışır. O, gözlərini güclə açır. Axşamdan qalan güclü başağrısı
tərpənməyə imkan vermir. Göz qapaqlarını ayırıb otaga göz gəzdirir.
Köynəyi yuyulub ütülənmiş halda stolun başından asılı, şalvarı
təmizlənib, ütüsü adamı kəsir, tumbasının üstündə ağrıkəsici və bir
bardaq su, bir də zərf var.
Yatağdan qalxır, dərmanını içib, zərfi açır:
"Əzizim, səhər yeməyin mətbəxdə hazırdı, mən bazara gedib
gəlirəm. Səni çox sevirəm".
Nə qədər fikirləşir, ancaq axşamı heç çür xatırlaya bilmir.
Çıxıb mətbəxtə getmək istəyəndə dəhlizin dağınıq olduğunu görür.
Qonaq otağına tərəf gedir – ora da tör-töküntüdü, stullar aşıb,
güldan sınıb, döşəmə dağınıq... Nə baş verdiyini anlamır, mətbəxtə
keçir. Oğlu əyləşib nahar eləyir. "Ev niyə it günündədi?
Müharibə-zad olub", - soruşur.
Oğlu:
- Ata, yəni heç nə yadında deyil?
- Yox. Nə olub axı, de görüm.
- Axşam evə gələndə çox içkiliydin. Ana qapını açanda dəhlizdə
yıxıldın. Sonra anam səni sürüyə-sürüyə qonaq otağına gətirdi.
- Sonra?
- Sonra sən hirsləndin, stulları aşırtdın. Sonra qalxmaq
istiyəndə güldanı sındırdın.
- Sonra?
- Sonra qonaq otagında qaytardn, ana təmizlədi. Sonra da səni
yatağına apardıq.
- Anlamıram, bəs bu ütülü koynək, şalvar? Agrikəsici… Su… Ananın
yazdıqları…
- Hə, onu deyirsən? Biz səni otağına apardıq. Ana paltarını
əynindən cıxarmağa çalışırdı, imkan vermirdin. Birdən özünü
dikəldib dedin: "Xanım, eləməyin, mən evliyəm".