Görkəmli Azərbaycan şairi
Söhrab Tahir, özünün də dediyi kimi, təkcə ədəbiyyat adamı deyildi.
O, həm də Sovet dövründə partiya işçisi kimi istər o tayda, istərsə
də bu tayda inqilabi fəaliyyətini davam etdirirdi.
Bu, müəyyən mənada onun yaradıcılığına da təsir göstərmişdi.
Müsahibələrinin birində bu barədə danışan Söhrab Tahir yarımleqal
fəaliyyət göstərən şöbələrindən də söz açır:
"Romanlarımı özüm gözdən yayındırırdım. Bunun bəzi səbəbləri
vardı. Mən Azərbaycanda təkcə yazıçı, şair deyildim, həm də partiya
işçisi idim. Mənə tapşırıq verirdilər, partiyanın gizli işləri ilə
məşğul olurdum. Aylarla Bakıda olmurdum, Moskvaya, Dəməşqə,
Frankfurta, Tehrana gedirdim. Buna görə də çap elədiyim əsərləri
təbliğ etməyə imkanım olmurdu. Bizim partiyanın böyük bir şöbəsi
Bakıda yerləşirdi. Yarımleqal fəaliyyət göstərirdik.
Xəlil Rza ilə ailə dostu idik. Mən aylarla yox olub, yenidən
gələndən sonra deyirdi ki, ay Söhrab, iki aydır haradasan, səni
tapa bilmirik, evinizə zəng edirik, cavab verən yoxdur, Firəngizlə
sizə gəlirik, qapınızı açan yoxdur. Xəlil Rza bilmirdi ki, mən
təkcə şair, nasir deyiləm, həm də partiya fəalıyam, partiyanın
gizli tapşırıqları ilə məşğulam. Xəlil deyirdi ki, gedəndə məni də
özünlə apar. Cabir Novruz da, Nəriman Həsənzadə də mənim tez-tez
yox olmağıma görə şikayətlənirdi. Amma heç kəs yox olmağımın
səbəbini bilmirdi. Çünki deyə bilmirdim, olmazdı".
1945-ci ildə şah rejiminə qarşı vuruşaraq, Seyid Cəfər Pişəvəri
hökumətinin qurulmasında yaxından iştirak edən Söhrab Tahir o dönəm
inqilabi, ədəbi-ictimai fəaliyyətinə görə Təbrizdə "21 Azər" medalı
ilə təltif olunmuşdu. 1946-cı ildə məhz Seyid Cəfər Pişəvəri onu
çağırıb "Səni göndəririk Qızıl Bakıya, get oxu, başını qızıl elə,
qayıt gəl, qızılbaş orduya xidmət göstər", - deyir, beləcə, Söhrab
Tahir bir doğma yurdundan başqa birinə yola düşür... və bir müddət
sonra xəbər gəlir ki, Pişəvərinin qurduğu hökumət devrilib. Bundan
sonra Təbrizə qayıtmaq istəyən Söhrab Tahir yaxınlarının təkidi ilə
bu fikrindən daşınır.
Söhrab Tahir ədəbi, ictimai fəaliyyəti ilə həqiqətən də xalqın
şairi idi. O, xalq şairi adına layiq görülməsi ilə bağlı maraqlı
tarixçəni danışarkən bunları demişdi:
"Anar müəllim 96-cı ildə 6 nəfərlik siyahı ilə rəhmətlik Heydər
Əliyevin yanına gedibmiş. Heydər Əliyev siyahıya baxıb və Anara
deyib ki, Yazıçılar Birliyinin bir nömrəli vəsiqəsini mənə təqdim
edəndə dediniz ki, bir yazıçı kimi istənilən vaxt öz təklifimi verə
bilərəm. Qoy öz təklifimi irəli sürüm. Xahiş edirəm, o siyahıya
Söhrab Tahirin də adını əlavə edəsiniz. Anar deyir, ayaqlarım yerə
yapışdı. Fikirləşdim ki, Heydər Əliyev görəsən Söhrab Tahiri
haradan tanıyır? Bilirsiniz Heydər Əliyev məni haradan tanıyırdı?
Şüvəlanda Yazıçıların Yaradıcılıq Evində çıxışım zamanı demişdim
ki, mən qəribəm. Heydər Əliyev də onda çıxışımı saxladıb demişdi:
"Şair, dayan, niyə özünə qərib deyirsən? Bizim sənə nəinki qərib,
heç qardaş deməyə də ixtiyarımız yoxdur. Biz özbəyə, rusa, gürcüyə
qardaş deyirik. Sən bizim süfrəmizin bir üzvüsən, anamızın bir
balasısan. Xahiş edirəm, bundan sonra özünə qərib deməyəsən". Yəni
Heydər Əliyev məni ordan tanıyırdı. Beləcə, mənə xalq şairi adı
verildi".
"Vətənlə sevgi arasında", "Qonşu qızın məktubları", "Əmanət",
"Sevgi əfsanəsi" kimi kitabların müəllifi olan Söhrab Tahir
"Azərbaycan" qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə
müdir, "Səhər" ədəbi-tarixi jurnalında baş redaktor müavini,
1984-cü ildən isə "Azərbaycan" jurnalında redaktor vəzifəsində
çalışıb. O, 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin
sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülüb.
Xatırladaq ki, xalq şairi Söhrab Tahir uzun sürən şəkər
xəstəliyindən sonra bu gün vəfat edib.