Bu gün Güneyli-Quzeyli bütöv
Azərbaycan ədəbiyyatına çox ağır bir itki üz verib. Söhrab Tahir
həm nasir, həm də şair kimi bütöv Azərbaycanın min ildə yetirdiyi
ən nadir qələm sahiblərindən biri idi. Söhrab Tahir 1945-1946-cı
ildə Azərbaycan milli hökumətinin Bakıya göndərdiyi və hərbçi kimi
yetişməsini arzuladığı gənc olmuşdu. Amma tale, zaman dəyişdi, o
milli hökumət yıxıldı. Bundan sonra da Söhrab Tahir ölkəsinə qayıda
bilmədi, Azərbaycanda qalıb, bütün taleyini Bakıya
bağladı.
Axar.az Aznyus.az-a istinadən xəbər verir ki, bunu Xalq şairi
Sabir Rüstəmxanlı bu gün vəfat edən şair Söhrab Tahirin vəfatı ilə
bağlı fikirlərini bölüşərkən deyib:
Söhrab Tahir burada Güney-Quzey Azərbaycan şairlərinin,
yazıçılarının yaxın silahdaşlarından birinə çevrildi. Bizim nəslin
nümayəndələri "Əmi" deyirdi. Hətta Məmməd Araz da ona "Əmi"
deyirdi. Ona öz yaşıdları da hörmət əlaməti olaraq elə müraciət
edirdilər. Söhrab Tahir gecə-gündüz, nəfəs dərmədən işləyən bir
qələm əhli idi. 19 roman yazıb, 50-dən artıq poema, 100-lərlə
şeirin müəllifidir. Bundan əlavə 70 min misradan ibarət olan
monumental "Ata" poemasının müəllifidir. Mən son görüşümüzdə ona
dedim ki, "Ata" "Şahnamə"dən də böyükdür.
Söhrab Tahirin həm də Cənubi Azərbaycan ədəbiyyatının, daha
doğrusu, Cənubi Azərbaycan mövzusunun Azərbaycanda geniş
yayılmasında, milli faciəmizin gənclər arasında təbliğində,
tantımında, dərkində misilsiz xidməti var. Vaxtıykən mən ona və
Balaş Azəroğluna həsr olunmuş bir poema yazmışdım. Orada qeyd
etmişdim:
Maşında ağ saç gördüm,
Amandır, Söhrab əmi,
Belə vaxtsiz tələsmə saçları ağartmağa,
Ömürdən möhlət gərək,
Arzulara çatmağa...
Pasportun rəngi ayrı,
Qəlbimizin qanı bir!
Qanı, ruhu, tarixi,
Kağız ayıran deyil,
Saziş ayıran deyil!
Söhrab Tahir əslində, mənim gözümdə dünyada azadlıq və öz
millətinin istiqlalı uğrunda mübarizə aparan ən nəhəng
ədəbiyyatçıları sırasındadır. O, mənim yaxın dostum idi. Bütöv
Azərbaycanı iki-üç adamla dəfələrlə dolaşmışıq. Onların biri Söhrab
Tahir idi. Bu dərdləri dəfələrlə ikilikdə müzakirə etmişik. Sonuncu
dəfə Yazıçılar Birliyində 90 yaşını qeyd elədi. Onunla görüşdüm,
dedim ki: "Əmi, ürəyindən nə keçir? Dedi, səni görmək istəyirdim,
sən də gəldin. İstəyirəm ki, mənim yubiley tədbirimi də sən özün
aparasan".
Sağ olsun, Anar müəllim də iştirak elədi. Biz Söhrab Tahir
sevgimizi, onun ədəbiyyatdakı zəhmətini dilə gətirdik. O, uzun və
şərəfli bir ömür yaşadı. Həyat müvəqqəti, ölüm haqdır. Hər kəs
gedəcək. Amma Söhrab Tahir kimi yaşayıb, onun kimi yazıb-yaradıb
sonra ölmək bu hər kəsə nəsib olan deyil. Onun həm ruhunda, həm də
ölümündə bir qəhrəmanlıq dastanı var. Onun adı həmişə Azərbaycan
ədəbiyyatının görkəmli simaları ilə bir yerdə yaşayacaq".
"Diqqətsizlik – onu dilxor edirdi"
Tanınmış şair Musa Yaqub da şairin vəfatına çox üzüldüyünü
deyib:
"Son vaxtlar ona diqqət bir az azalmışdı. Söhrab biganəlikdən
dilxor olurdu. 90 illik yubileyi oldu, o, da bununla bağlı nəsə
gözləyirdi. Həmin diqqət az oldu. Onunla heç görüşə bilmədim, amma
eşitdim ki, incikdi, gileyləri var. Böyük şairimiz idi. Ona çox
böyük diqqət lazım idi. Lap elə millətin, xalqın, dövlətin özü də
bilsin ki, böyük bir şairini, demokratını, cənublunu, ürəyi
gecə-gündüz vətən üçün yanan bir şairi itirmişik. Söhrabın ölümü
ilə Azərbaycan ədəbiyyatı çox şey itirdi. Bu itki ilk növbədə Cənub
mövzusunu xeyli zəiflədəcək. Cənub mövzusu ilə bağlı yanğını
saxlamaq bizim üçün ağır olacaq. Düzdür, onun yerini dolduran
olacaq, yenə də vətəndən, torpaqdan, Arazdan, birləşmək həsrətindən
kimlərsə yazacaq. Amma Söhrab kimi olmayacaq".
"Onun bütün şeirlərini əzbərdən bilirdim"
Yazıçı Aqil Abbas da şairlə bağlı öz xatirələrini bölüşüb:
"Mən Söhrab Tahirdən kurs işi yazmışdım. Onun bütün şeirlərini
əzbərdən bilirdim. Onda mən Söhrab Tahiri bir şair yox, həm də
inqilabçı kimi təhlil eləmişdim. Özü də pis tənqid eləmişdim. Onun
belə şeirləri var: "Təbrizdə boş qalan qəbrim", "Bəzən bir insanın
ölümü ilə dünya dəyişə bilər"... Mən də yazmışdım sən niyə bura
gəlmisən, elə Təbrizdə qəbrin dolu olsa, bəlkə dünya dəyişər? Belə
bir kurs işi yazmışdım. Sonra onun daha bir şeri var: "Mən bir rus
şairi kimi yaza bilsəydim". Ona biz əmi demişik, Məmməd Arazın ən
yaxın dostu olub. Bir evli kimi olublar. Nisgilli bir ömür yaşadı.
Xəstəydi, vətən həsrəti ilə uzun illər acı çəkdi. Onun anasını uzun
müddət Azərbaycana buraxmadılar. Arazın qırağında durub anasını
qoxusunu alardı. Çox uzun illərdən sonra anasının bura gəlməyinə
icazə verdilər. O, bura gələndə sanki Azərbaycanda bir toy-bayram
oldu. Elə bir yazıçı, şair olmadı ki, ona gözaydınlığı verməsin. O,
Azərbaycana 1945-ci ildə gəlmişdi, özü də zabit idi. Göndərmişdilər
ki, Azərbaycanda oxusun. Sonra da ara qarışdı, Söhrab vətənə qayıda
bilmədi. Söhrab əmi yaxşı insan idi. O, son zamanlar həmin
hadisələrlə bağlı yazmağa başladı. Təbriz və həyatı ilə bağlı roman
yazdı. Onun haqqında çox şey demək olar. Çox təəssüf ki, Azərbaycan
belə bir şairini itirdi".
"Ədəbiyyatımız nəhəngini itirdi..."
Yazıçı Seyran Səxavət Söhrab Tahirin uzun illər böyük
yaradıcılıqla məşğul olduğunu, Azərbaycana böyük bir ədəbiyyat
qoyub getdiyini deyib:
"Onu tanıyan dostları, ailəsi, nəvələri üçün böyük itkidir. Onun
Azərbaycana qoyub getdiyi bədii irs imkan vermir ki, deyək ağır
itkidir, sadəcə onun özünə çox heyf. Biz belə anlarda ancaq
təəssüflənirik. Ölümə isə sorğu-sual yoxdur. Heç kəs ölümü
sorğu-sual edə bilməz. Ölüm hamını sorğu-sual edir. Bizə nə qalır,
ancaq qapqara xəbərdən təəssüflənmək, vəssalam! Allah sənə rəhmə
eləsin, qəbrini nurla doldursun. Mən onun qəbrinin nurla dolu
olmasına inanıram. O, çox nəhəng bir söz adamı idi. Yenə deyirəm,
təəssüf ki, Azərbaycan ədəbiyyatı belə bir nəhəngi itirdi".