Bu gün görkəmli Azərbaycan
şairi Əhməd Cavadın doğum günüdür.
Axar.az xatırladır ki, Əhməd Cavad 1892-ci il mayın 5-də Gəncə
qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində anadan olub. O, Gəncə
ruhani seminariyasında, daha sonra isə Azərbaycan Ali Pedaqoji
İnstitutunun tarix və filologiya fakültəsində təhsil alıb.
Əhməd Cavad Quba Xalq Maarif şöbəsinin müdiri, Gəncədə
Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Azərbaycan və rus dilləri
kafedrasında müəllim, dosent, kafedra müdiri, Azərbaycan Dövlət
Nəşriyyatının tərcümə şöbəsində redaktor, "Azərbaycanfilm"
studiyasında sənədli filmlər şöbəsinin müdiri vəzifələrində
çalışıb.
Şeirləri 1913-cü ildən çap edilən şair yaradıcılığa lirika ilə
başlayıb. Şairin 1916-cı ildə "Qoşma" adlı ilk kitabı çapdan çıxıb.
1919-cu ildə isə "Dalğa" adlı kitabı nəşr olunub. Onun məşhur
"İstiqlal uğrunda şeirlər" kitabı isə 1928-ci ildə İstanbulda
buraxılıb.
Yaddaqalan şeirlər müəllifi olan Əhməd Cavad həmçinin himnimizin
sözlərinin müəllifidir.
Əhməd Cavad həyatı boyu sovet hökumətinin şər və böhtanları ilə
qarşı-qarşıya qalıb. Onun həbs edilməsindən sonra mətbuatda onun
əleyhinə verilmiş yazıların mahiyyətini başa düşmək üçün
materialların yalnız sərlövhələrini xatırlamaq kifayətdir: "Sonadək
ifşa etməli" (Abdulla Faruq), "Sıralarımızda düşmənlərə yer yoxdur"
(Ağahüseyn Rəsulzadə), "Sıralarımızı təmizləyəlim!" (Cəfər Xəndan),
"Təmizliyə başlanmalıdır!" (Məmməd Səid Ordubadi), "Səhvlərimiz
haqqında" (Səməd Vurğun), "Sayıqlığın kütləşdiyi yerdə" (Seyfulla
Şamilov) və i.a.
Əhməd Cavad insan kimi də böyük ürək sahibi olub. Təkcə Şükriyyə
xanımın xatirələrindən bunu görmək olur:
"Novruz bayramına az qalırdı, səhər-səhər suya getmişdim. Elə
təzəcə bulağa çatmışdım ki, haradansa o, yanımda peyda oldu. "Səni
aparsam, mənimlə gedərsənmi?" Diksindim, sonra anladım ki, başqa
yol yoxdur. Dedim, bir azdan atam yığıncaqda iştirak etmək üçün
evdən çıxacaq, gələrəm, gedərik. Günortaya yaxın gəldim. Cavad neçə
saatdır durduğu yerdə bitib qalmışdı. Çox həyəcanlı görünürdü...
Piyada yolla, ayrı-ayrılıqda gedib şəhərin kənarına çıxdıq, faytona
mindik. Onunla ilk dəfə yan-yana oturduq. Birdən məni dəli bir
ağlamaq tutdu. Mənə elə gəldi, doğma şəhərimi bir də ömrüm boyu
görməyəcəm. Mənim ağlamağım onu da ağlatdı. Gəncədə toyumuz oldu.
Biz Cavadın ata yurduna – Seyfəli kəndinin Mehirli tirəsinə
gəlmişdik. Burda Cavadın beş hektardan artıq ata torpağı vardı. Biz
sonralar bu torpağı əkib-becərənlərin verdiyi pulla dolanırdıq.
Cavadın ata mülkünə qədəm basdığım birinci günü, ara sakitləşəndə,
qohumlar, dostlar çəkilib gedəndən sonra o mənə dedi ki, Şükrü, bu
gördüyün adamlar mənim ən yaxın qohum-əqrəbamdır. Səndən xahiş
edirəm, mənə etdiyin qədər onlara hörmətlə, nəzakətlə yanaş. Lap
ayaqqabıları palçıqlı-palçıqlı evin yuxarı başına keçsələr də,
birinin də xətrinə dəymə. Onların ürəyi gül kimidir. Qoy bizim evin
qapıları həmişə onların üzünə açıq olsun, öz evləri kimi
gəlib-getsinlər. Onların uşaqlarını oxudaq, məktəbə, universitetə
düzəldək. Onların çarıqları, qaloşları, batavaları səni
ürkütməsin... Mən Cavadın sözlərini qulaqlarımdan sırğa edib asdım.
Cavad və mən həbs olunandan sonra həmin adamlar onlarca uşaq evinə
gedib bizim uşaqları axtarıb tapdılar, onları ölüb-itməyə
qoymadılar. Yaxşılıq yerdə qalmaz. Körpə Yılmaza ata-ana
oldular".
Qeyd edək ki, Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək
istəyən Əhməd Cavad haqsız olaraq həbs edilib, dəhşətli işgəncələrə
məruz qalıb və 1937-ci ildə öldürülüb.