Yuxarı

İnsanın yaratdığı üçüncü dünya...

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az tənqidçi İradə Musayevanın Vahid Qazinin "Çöl Qala" povesti haqqında yazdığı "İnsan ruhunun yaratdığı üçüncü dünya..." adlı yazısını təqdim edir.

Vahid Qazi "Çöl Qala" (İlk dəfə "Azərbaycan" jurnalında "CHOLQALA 1992" adı ilə nəşr olunub - 2014, N8) povestində yeni bir sevgi çeşidindən bəhs edir. Bizə çox köhnədən, Füzulinin "Leyli və Məcnun"undan tanış olan qədimdən qədim və müasir zamanımızda qəflətən başımızın üstünü alan "onlayn", "virtual" ünsiyyət formatındakı tanışlıqlarda zühur edən sevginin yeni şəklindən...

Proloqda müəllif öz qərarsızlığının məzmununu açıqlayır. Evli bir kişi ilə dul qadının gizli məktublaşmasını (bu adi bir yazışma deyildi, əlbəttə...) çap etdirib-etdirməmək tərəddüdünün əsas səbəbi isə o idi ki, bunun icazəsini almaq üçün kimsə yox idi... Qəhrəmanlar ölmüşdü... Bu iki insanın koda qoyulmuş dünyasına daxil ola bilən müəllif isə günahkar, çaşqın, təbəddülatlı və rəncideyi-haldır... Üstəlik özü də həmin qadına vurulub... Rəssamın sevdiyi qadına... Bəlkə də qadına yox, bu sevgiyə vurulub... Virtual, qeyri-verbal ünsiyyətdən doğan, amma ölməzlik həddinə qalxan sevgiyə...

Əsərin süjetini 5-6 cümləyə yerləşdirmək olar. Amma məğzini danışmaq, məzmununu ifadə etmək çətindir. Çünki məğz məktubların məzmunundadır, məktublar isə həmişə fraqmentallıq, epizodluluq yaradır əsərlərdə.

Həmin tərəddüdlü yazar bir gün "Üns" teatrında tanış bir qadınla rastlaşır. Tələbəlik illərindən tanıdığı bu qadın vaxtilə gözəlliyi ilə ad qazanmışdı. Əlçatmaz qadın məşhur bir rəssamın xanımıdır indi, daha doğrusu xanımı olub. İndi o rəssam, eləcə də onun gizli yazışdığı və ilahi bir eşqlə sevdiyi qadın isə artıq yoxdurlar... Rəssamın xanımı bu köhnə tanışının araşdırıcı olduğunu biləndə ona rəssamın arxivini etibar edir, sərgisinin açılışı üçün köməyə ehtiyacı olduğunu bildirir və danışıqları baş tutur. Xanımın maddi dəstəyi ilə o rəssam haqqında məqalələr, kitab yazacaqdı. Araşdırıcı müəllif arxivə, əslində, rəssamın dünyasına daxil olur... "Çöl qala 1992" (CHOLQALA1992") kodunun sirrini açır. Çöl qala Şuşada bir məhəllənin adıdır, 1992 isə Şuşanın işğal ili... Rəssam Şuşalıdır, Mir Mövsüm Nəvvabın nəslindəndir. Sonralar araşdırmaçı-yazar onun iç dünyasının açarını əldə edəndən, ruhuna bələd olandan sonra deyəcəkdi: "... rəsmi tədbirlərdə çıxışlarından onu quru, boz adam təsəvvür edirdim. Yaradıcı şəxsdən daha çox keçmiş dönəmlərin bürokrat partiya xadimi təsiri bağışlayırdı".

Araşdırıcı kodun sirrini açan kimi onu xanıma vermək istəyir, amma məlum olur ki, bu mümkün olmayacaq və işin içərisinə irəlilədikcə həm də çox şeyin mümkün olmayacağı aydınlaşır: "O, uzun müddət bir qadınla məktublaşırmış. Ağlıma "Başqasının məktubunu oxumaq ayıbdır!", "Kodu arvadına verimmi?" sayaq cürbəcür fikirlər, suallar gəlirdi. Ancaq dəli bir maraq bütün hissləri üstələdi! Yazışmaları birnəfəsə oxudum. Neçə gün özümə yer tapmadım. Oxuduqlarımı Xanıma danışmaq, sirri açmaq günah olardı! Amma bədii əsəri xatırladan bu yazışmaları dərc eləməməyin özü də bir başqa günah idi. Çıxılmaza düşmüşdüm. İndi nə edəcəyimi bilmirdim. Qalırdı son suala cavab tapmağım: Nə edim?"

V.Qazinin kitabı çıxmazdan öncə oxumaq üçün mənə də göndərmişdi və əsərlə bağlı uzun-uzadı söhbətin bir məqamındakı fikirləri yadıma salıram indi. Mən irad kimi yazmışdım ki, "Bu sanki böyük, təlatümlü bir dünyanın sadəcə bir sevgi fraqmentidir. Talelərdir, sevgi, sədaqət, intellektual, ruhi yaxınlıq və s. Amma bizim o təlatümlü, əbədi, bəşəri həqiqətlərlə idarə olunan dünyadan xəbərimiz olmur bu əsərdə". Vahid Qazi isə cavabında: "Bəlkə məqsəd heç də o təlatümlü dünyadan xəbər vermək deyil burda" - yazmışdı. Yaxşı cavabdır, amma tam qəbul edə bilmirəm...

Əsərdə hər şey – bütün problematik yanaşmalardan tutmuş estetik zövq və həzzə qədər – bütün ideyalar obrazların içindən keçir və ikisinin arasında "razılaşdırılır". Dünyaya, həyata, insanlara, hadisələrə, ədəbi-mədəni, fəlsəfi yaradıcılıq nümunələrinə baxış bucağında birləşən "virtual cütlük" artıq iki bədəndə bir ruhun daşıyıcısına çevrilib. Bəlkə əsil sevgi də budur? Eyniyyət, səmavi eşq həddində ilahiləşmək, ucalmaq... Virtuallıq, uzaqdan-uzağa, səs və sözlərlə, hərflərlə, işarələrlə bir-birini anlamaq, anlatmaq, dəyərləndirmək, sevmək klassik anlamdakı ilahi eşq mənasına bərabərdir, məncə... Bu müəllifin üslubu da ola bilər – iki insanlıq bir dünya yaratmaq və dünyanın, ölkənin bir çox məsələlərini və həmin insanların subyektiv, intim yaşantılarını bu iki adamlıq dünyanın fövqəlinsan duyğuları fonunda çözmək, analiz etmək...

Lakin bu cütlüyün zamanı, cəmiyyəti, əhatəsi, başqalarının onlara baxış meyarı və s. bu kimi prinsiplərin də bədii həlli zəruri hesab edilir. Bu isə əsərdə nəzərdə tutulmayıb.

Müşahidəmə görə, V.Qazinin üslubunda bir fraqmentallığa meyil var. Və bu fraqmental düşüncə vərdişi onun fərqli yaradıcılıq üslubunun genişlənib, daha böyük ideya, epik genişlik meydanına çıxmasına mane olur. Əsərdən oxucunun zövq almaması mümkünsüzdür. Oxucu oxuyacaq və mütləq o mətndəki həyatı içindən keçirəcək, yaşayacaq, təsirlənəcək. Çünki estetik təsirlilik və lirik-psixoloji ifadə mükəmməlliyi var əsərdə. Amma mən, məsələn, bu mətnin özünü daha böyük bir mətnin - roman problematikalı bir mətnin içərisindəki süjetlərdən biri kimi görürəm. Bu povestin mətni elə bir süjetdir ki, o əlavə süjetlərdən "kömək istəyir". Tam və böyük bir həyatın parçası olduğunu sübut etmək üçün...

Fəqət, bu iraddan keçirəm və əsəri olduğu kimi qəbul edərək düşüncələrimi bölürəm...

Bir virtual qadın var ki, bütün kişi xisləti və ruhu onu arzular, bir virtual kişi obrazı var ki, bütün qadın ruhu və düşüncəsi onunla daima ünsiyyətdə olmaq istər... Onun cisminə yox, ruhuna, ağlına, düşüncəsinə və bütün bunları əks etdirən gözlərinə baxan kişi obrazı arzular qadınlar, ağıllı və dürüst, özünəinamlı qadınlar... Oxu zamanı virtual səmadan, qeybdən göndərilmiş bir eşqin içərisinə düşürük biz də... Platonik bir məhəbbətdə yaşantılarımızın tanış cizgilərini, məqamlarını tutmağa, xatırlamağa çalışırıq. Biz də onların yanındayıq, biz də kodu sındırıb başlamışıq məktubları oxumağa, rəssamlardan danışırlar, rənglərdən, rəsm əsərlərindən, filmlərdən, şairlərdən, arada siyasətə də baş vururlar, ailələrindən az-az hallarda söz salarlar. Hamısını eşidirik. Rəssamın xaricə çoxlu səfərləri olur, oradakı şəhərlərdən, muzeylərdən, insanlardan danışır. Maraqla qulaq asırıq. Biz də onunla təyyarədə idik həmin gün. Təyyarə qəzaya uğrayan gün. Gözümüzün qabağında okeanın üstündə qəzaya uğradı... Onda qadını fikirləşirdik, ikinci dəfə hər şeyini itirən zavallı aşiq qadını... Qadın yenə yazışmasına davam edirdi, o hələ virtual səmada sevgilisini dəfn etməmişdi, elə əvvəlki qaydada yazırdı – hər şeydən, özündən, xatirələrindən... Platonik sevgilər ölmür axı... Onlar bir-birinə söz vermişdi. Bütün suallara birlikdə cavab axtaracaqlar... Rəssam real görüş istəyərdi, "Yüz il oldu, virtual tanışlığımız", qadın: "tanışlığımız virtual olsa da, realda doğmalaşmışıq axı, deyəsən" - deyərdi...

Vahid Qazinin aşiq qəhrəmanları zaman, mühit, cəmiyyət çevrəsindən çıxıb, onlar hər şeyi öz gizli, sirli, "koda qoyulmuş" iç dünyalarının qanunları ilə mühakimə edir. Onların öz daxili zamanları var, iki adamlıq cəmiyyəti və mühiti var. Onlar üçün real məkan isə sosial şəbəkədir. Sosial şəbəkədə sirli, gizli bir guşədə öz dünyalarını yaradıblar, heç kimin qarışmayacağı dünyalarını... Və burada xoşbəxtdirlər.

Yazarın mövzuya yanaşması prinsipinə hörmətlə yanaşsam da, bir oxucu kimi həmin qəhrəmanlara müxtəlif bucaqlardan baxış ştrixlərinin olmasını da arzulardım bu məqamlarda, amma yoxdur, nəzərdə tutulmayıb...

Onlayn sevgi, onlayn ünsiyyətin qeyri-verballığındakı qeyri-ciddiliklərin sayı-hesabı yoxdur. "İnternet tanışlığı" ifadəsindəki bayağı münasibət assosasiyası da bunu sübut edir. Hətta əsəri oxumağa başlayanda Salam Qədirzadənin "46 bənövşə"sinin yeni, modern variantınımı yaratmaq istəyib müəllif? - sualı yarandı düşüncəmdə. Amma əsər səhifələndikcə öz sözünü dedi...

Vahid Qazi sosial şəbəkədə mənə "mən yazıçı deyiləm, dərinliklərə varmaq xüsusi istedad, qabiliyyət istəyir" - deyə yazmışdı. Mən, əlbəttə, belə düşünmürəm. Vahid Qazinin qələmi və ruhu, ədəbiyyat, sənət hissiyyatı, eləcə də bu qavramları bədii dillə ifadə üslubu çox yaxşıdır. Daxilə enmə və obrazların psixoloji yaşantılarını real, həqiqi, spesifik cizgiləri ilə əks etdirmə qabiliyyəti danılmazdır. Məsələn, əsərdəki qadının nəinki söhbətləri, hətta düşüncələri, fikrindən keçənlər, hisslərini ifadə tərzi belə o qədər canlı və təbiidir ki, elə bilirik ki, bu qadının müəllifi yoxdur, eləcə özü ilə qəflətən real bir məkanda tanış olmuşuq. Rəssamın da həmçinin... Müəllifin dünyanı və insanları anlamaq, qavramaq, ifadə və izah etmək istedadında yazıçılıqdan əlavə bir rəssam, bəstəkar duyumunun da olduğunu anladıq. Mətnin bütün cümlələrində rəng və səs-musiqi var. Bu əsərdə hisslər söz, musiqi və rənglərin dili ilə izah olunur. Elə bu estetik qavram detalları (söz, musiqi və rənglər) ilə də iki insan - ətrafın hay-harayından, çal-çağırından, toplum qaragüruhundan, hər məsələyə kütlə qınağı, psixologiyası ampluasından baxan, onu həmin baxış müstəvisində mühakimə edən insanlardan kənar durmağa çalışan iki insan - kişi və qadın öz təmiz, ruhlarının görüş yeri hesab etdikləri dünyalarını yaradırlar.

Obrazlardan biri deyir: "Biz özgənin yaratdığı dünyada yaşayırıq... öz dünyasını yarada bilən insanlığın sirrini açmış kimidir". Povestin qəhrəmanları - rəssam kişi və ixtisasca rejissor olub, amma başqa sahədə çalışan qadın virtual məkanda özləri də hiss etmədən üçüncü bir dünyanı ruhi-mənəvi, intellektual oxşarlıqlarının istəyi hesabına yaradırlar. Bu üçüncü dünya bir-birini görməyən, fiziki olaraq heç vaxt təmasda olmayan kişi və qadının ruhi qovuşma məkanına çevrilir. Bu məkanda isə hər şey təmiz, müqəddəs və qudsaldır, estetikdir, nəciblik və intellektuallıq var bu sevgi aləmində. Bu kişi və qadın bir-biri üçün çox darıxır, bir-biri ilə onlayn da olsa söhbət etmək, müxtəlif ictimai-siyasi, ədəbi-estetik məsələlərə münasibət bildirmək, fikir bölüşmək istəyir. "Səni sevirəm" kimi ibtidai münasibət formasından imtina var bu məhəbbətdə. Burda darıxma var, ünsiyyət aclığı var... Cismani, fiziki yox, ruhi-psixoloji olaraq darıxma və istək var... Ortaq anlaşma, ortaq yanaşma, ortaq darıxma və cəmiyyətin qaragüruhundan, kortəbii, kor-koranə, instinktiv yaşamından ortaq imtina jestləri var. Rəssam hətta dünyanın o başında olsa da növbə gözləyib 5 dəqiqəlik internet limiti əldə edəndə ən doğma adamlarını deyil, məhz bu qadını arzulayır. Onunla ünsiyyətə can atır və ona "mesaj"lar yazır. Onların söhbətlərinin məzmunu isə şəxsi, subyektiv xırdalığından çox uzaqdır. Onlar rəsm əsərlərinin, filmlərin, həyata baxış fəlsəfəsinin və uşaqlıq xatirələrinin cazibəsi dairəsində söhbət edirlər. Onlar Mikelancelodan, Klad Monedən, Van Qoqdan, Salvador Dalidən, Səttar Bəhlulzadədən, Corc Orueldən, Motsartdan, Paulo Koelyodan, "Dorian Qreyin portreti"ndən, Oskar Uaylddan, Nazim Hikmətdən, R.Rövşənin şeirlərindən, Ədalətin saz havalarından, Üm-Əl Banindən, Marina Svetayevadan, Maykl Ceksondan, Alla Puqaçovadan, Sezen Aksudan, Flora Kərimovadan, Adil Mirseyiddən, Rüstəm İbrahimbəyovun, Əlfi Qasımovun əsərindən danışırlar, dünyanın məşhur muzeyləri haqqında fikir mübadiləsi edirlər. Şəxsi işlərindən, yaradıcılıq planlarından söhbət açanda da mədəni-etik normaları və lirik-poetik ovqatı pozmurlar. Hər şey real və qeyri-real absurdluqda cərəyan edir. Əsərin dili və məzmunu ifadə üslubu elə axıcı və ahənglidir ki, sanki bütün hadisələr bir musiqi, (özü də bəşəri bir musiqi) məsələn, Şopenin "Yağış valsı" ya da Motsartın "Göz yaşının melodiyası"nın sədası altında yazılıb. Məsələn, mənim oxu prosesimdə həmin musiqilərin səsi eşidilirdi mətndən... Bəlkə ona görə ki, Rilke demiş: "Tənhalıq yağışla doludur"...

Vahid Qazinin "Ruhlar şəhəri" əsərində də belə idi – dilin və bədii ruhun, ovqatın musiqisi əsərin məzmununu, məğzini anlamağa kömək edir...

Rəssam Qadına: "Mən səni söz-söz, cümlə-cümlə tanıyacam" - deyir. Qadınsa: "Səni mənim üçün başqalarından fərqləndirən məşhur rəssam olmağın deyil, məhz səni öyrənmək, duymaq istəyimdir. Bəzən qədim bir qaladan tapılan mücrüyə bənzədirəm səni. Qapağını qaldırmağa ürək eləmədiyim mücrüyə. İçində zinət də ola bilər, çürümüş yarpaqlar da"... Daha ənənəvi məhəbbət mətnlərimizdəki kimi "onun iri qara gözləri"ni, "ahu baxışları", əndamı-filan təsvir edilmir. Çünki bu cismin deyil, ruhun sevgisidir, üçüncü bir aləmdə qərarlaşan qohum ruhların... Amma maraqlısı odur ki, bu kişi və qadın sevgisində həm də Vətən var. Rəssamın ürəyində işğal olunmuş Şuşanın "Çöl Qala" nisgili var. Həm yurdun, həm də ailədən kənarda, "çöl"də olan (əslində isə için, ürəyin, qəlbin və ruhun) sevgisi üçün parol olan "Çöl Qala" sirliliyi var... Əsərin kişi qəhrəmanı artıq ölkənin tanınmış rəssamlarındandır. Bu romantik sevgililər həyatın fəal, işgüzar, real qəhrəmanlarıdır həm də.

Rəssam bütün dünyanı dolaşır və hər yerdə azərbaycanlılığını saxlayır, vətən, yurd, millət üçün nəsə fikirləşir. Bütün düşüncələri və işləri barədə sevdiyi qadına mütəmadi yazmağı da unutmur: "...Bu gün ciddi bir görüşdəydim. İstəyirik islam ölkələri rəssamlarının beynəlxalq sərgisini keçirək. Neft Şirkətiylə sponsorluq məsələsini müzakirə edirdik. Deyəsən, onları o qədər də maraqlandıra bilmədim. Sərginin tək müsəlman ölkələriylə məhdudlaşmasını istəmirlər. Mən isə hesab edirəm ki, Bakını islam dünyasının mədəniyyət mərkəzinə çevirə bilərik".

"Meksikadayam. Paytaxtı çox gəzə bilmədim. Çapultəpək deyilən məşhur muzeyə də gedə bilmədim. Amma bir də gələcəm, mütləq türk izinə burada da düşəcəm. Deyirlər, orada qədim türklərin çox nişanələri var. Elə adındakı "təpək" sözü yerli dildə "təpə" anlamını verir. Nə isə, hər yerdə türk nişanələri axtarmağım çoxdankı vərdişimdi..."

Əsərdə virtuallığın realizminə, realistləşməsinə elə öyrəşirik ki, hətta rəssam qadına "Mən o səhnəni, Sənin sevginin şəklini çəkəcəm, mütləq çəkəcəm" –deyəndə "sevginin şəkli necə ola bilər? - sualını vermirik. Rəssamın və qadının özünün yox, hətta xəyallarının, həyəcanının, sevgi və faciəsinin obrazını, portretini yarada bilirik təxəyyülümüzdə. Bu ədəbi qabiliyyəti və təxəyyül intuisiyasını, əlbəttə, bizdə müəllif yaradır,...

Doğrudan da "Sevgi bütün mövcud olanları təzələyə bilən enerjidir, onun reinkarnasiya qabiliyyəti var. Sevgi ağ varaqdı, təzə sətirdi, doğuluşdu" - fikrinə biz də şərik çıxırıq və düşünürük: bir-birini görməyən insanların ruhu nə qədər güclü ola bilər ki, belə böyük bir sevgiyə imza ata bilsin, barmağını belə toxundurmadığı qadına "Başımı dizlərinə qoyacaq qədər doğmasan" - etirafında bulunsun....

Bu məqamlarda bir səksəkəmiz də var. Rəssamın zavallı qadını - həyat yoldaşı. Onun da özünəməxsus, alicənab və nəcib xüsusiyyətləri var. Və bu qadın obrazı da əsərin ümumi ahəngini tamamlayır sanki. Ərinin çəkdiyi göz rəsminin onun olmadığını bilə-bilə sərgidə salonun baş tərəfindən asır və öz portretini sərgidən çıxardır. Bu xanım hətta ərinin sevdiyi qadınla üz-üzə, göz-gözə gəlir sərgi salonunda, əri öləndən sonra... Rəssamın sevgilisi isə ölmüş rəssamın ünvanına mesajlar yazır və həmin səhnəni olduğu kimi təsvir edir.

Müəlliflə onun qəhrəmanları arasında qəribə bir münasibət müşahidə olunur. Hadisə və təsvirlərin müəyyən, hissi-emosional, kuliminativ məqamlarında sanki müəllif də onların yanında, hətta bir-birini sevən insanların arasında, ortasındadır. Bunu yazıçı əsərində özü də vurğulayır. "Növbəti gün ilk dəfə aralarında intim söhbət oldu. Söhbətin axarı məni də özüylə apardı. Başqalarının intim yazışmasını oxumaq elə onların sevişmə səhnəsinə baxmaq kimi bir şeydir. Qadının fotolardan süzülən təbəssümü, məlahəti məni də tilsimləmişdi. Rəssamın Qadına bağlanma səbəbini ilk kəs anladım. Ondakı adamı maqnit tək özünə çəkib sehrləmək gücünü bütün qəlbimlə duydum... Qadın həqiqətən də gözəldir. Fotoları belə adamı sehrləyir. Onun əsirinə çevrilməmək hər kişinin işi deyil. Rəssamın hövsələsinə məəttəl qalmışam. Görüşü bu qədər uzatmalarını anlaya bilmirəm. Oxuduqca bəzən onun yerinə özüm səhnəyə atılıb nələrsə eləmək istəyirəm".

Əsərin əvvəlindən özünü laqeyd, etinasız göstərməyə çalışan müəllif hadisələri elə məqama gətirir ki, bunun məqsədli olduğunu sanki oxucu da hiss etmir. Rəssamın həyat yoldaşı ondan xahiş edir ki, ərinin arxivində işləsin. Müəllif arxivdə Rəssamla bağlı ağıla gəlməyəcək yeni bir həyat hekayəsi, yeni süjet, yeni roman mövzusu tapır. Əslində, Rəssamın gizli dünyasının parolunu, kodunu ələ keçirib yeni bir qapıdan, o qapıdan ki, oranın yolu heç kəsə - nə dostlara, nə ailə üzvlərinə məlum deyil - oradan daxil olur onun gizlin həyatına... Burda isə əvvəldə bəhs etdiyim iki bir-birindən uzaq və əslində bir-birinə olduqca doğma insanla tanış edir bizi.

"Çöl Qala" povestinin hər iki qəhrəmanı - kişi də, qadın da çağdaş cəmiyyətimizin "onlayn sevgi oyunları" iştirakçılarına parodiya kimi verilmir, əksinə, yazar "onlayn" - qeyri-reallığından, "mifikliyindən" ideyasını reallaşdırmaq üçün məqsədəuyğun bir vasitə kimi istifadə edir.

Əsərin bütün ideyası bu sevgi süjetinə köklənib. Müəllifin estetik baxışları, siyasi-ictimai görüşləri bu sevginin mahiyyətinə yerləşdirilib. "...İki gündür Havanaya gəlmişəm. Qaldığım hotel 1959-cu ilədək "Hilton" adlanıb. İnqilabdan sonra adını "Habava Libre" qoyublar, yəni "Azad Havana". Amma azadlıqdan əsər-əlamət də yoxdu bu ölkədə. Burdan şəhər ovuc içi kimi görünür. Okeanın "üst"ü səmanın "dib"iylə qucaqlaşıb. İşə bax, bu "qucaqlaşmaya" üfüq deyirlər... Kuba qapalı ölkədi. Keçmiş SSRİ kimi. Siz xatırlamazsınız o dövrləri. Kommunistlər hələ də vəd etdikləri kommunizmi qura bilməyiblər burda. Deyəsən, indi heç özləri də buna inanmırlar". Bu məktublarda, mesajlarda yaşayan sevginin əhvalat və xatirələrlə dolu süjetində ardıcıllıq, davamlılıq var. Onlar bir-birlərinə hər şeydən danışırlar, hər duyğu və zövq anlarının sanki şəklini çəkib göndərirlər...

"...Harda qalmışdım dünən? Hə... maşınlarda. Amma məni maşınlar yox, rəsmlər maraqlandırır. Axır ki, əsl mən deyən əsərləri tapdım. Məni dar, üfunət qoxuyan küçələrlə apardı velotaksi sürücüsü. Arıq, dərisi gündən əriyib qaralmış, üzünü qırxmağa sanki heyi qalmayan bir rəssamın evinə gün əyiləndə girdik. Yarıqaranlıq zirzəmi... İlahı, burada insan yaşayar!? Siz bunun əsərlərinə baxın... Bazara çıxardığını ayrı yığıb. Bunun "sandıq rəsmləri" əsl sənət əsərləridir. Mən onların Xorxe Kamaço, Vifredo Lam kimi məşhur sürrealist rəssamları haqda oxumuşdum, rəsmlərini görmüşdüm. Bu, onlardan heç də geri qalmır. Mütləq bu bədbəxt rəssamın da əsərlərinin baha qiymətə satılan, dəyərləndirilən zamanı çatacaq. Amma çətin o bunu görə. Somerset Moemin "Ay və qəpik" əsərini oxumusuz? Tapıb oxuyun. Rəssam bədbəxtliyi (həm də xoşbəxtliyi) haqqında ən kədərli əsərlərdən biridir. Nə isə... Cəmi iyirmi dollara çox gözəl rəsm aldım... Görüm buranın rəsmi orqanlardan icazə ala bilsəm, bu rəssamın YUNESKO xəttiylə keçirəcəyimiz böyük bir sərgiyə dəvət olunmasına çalışacam. O dahidir, heç kimin tanımadığı dahi... Yenə çıxmalıyam. Sabah başqa şəhərlərə gedəcəyik, maşın kirayələmişik. Bu ölkəni qarış-qarış gəzəcəm. İnternet olmayacaq. Sonra yazaram. Hələlik".

Onların söhbətləri çox maraqlıdır, taleləri isə bizi elə əvvəldən narahat edir. Bu sevginin sonu necə olacaq? Kişi evlidir, qadın ona qədər həyatında baş verənlərdən sarsılıb...

Görüşmək, vüsala yetmək və s. bu kimi real olacaqlar isə oxucunu o qədər də maraqlandırmır. Çünki, biz bu insanların mənən, ruhən artıq çoxdan qovuşmasının şahidi olmuşuq. Cismən isə ayrılırlar. Rəssam təyyarə qəzasında ölür, qadın bir müddət sonra xərçəngdən... Lakin rəssamın ölümündən sonra da qadın ənənəvi olaraq, canlı insanla ünsiyyətdə imiş kimi yazışmanı davam etdirir. Birtərəfli yazışmanı... Onun xəyalında rəssam sağdır və onu eşidir, onun yazdıqlarını oxuyur sanki...

Müəllif isə tale, aqibət yazan deyil, amma o da çox narahatdır və həyəcanı, emosiyası mətnə yansıyıb.

"Məni qəribə bir hiss bürüdü. Elə bil bütün bu olanların baiskarı mən özüməm. Mənim günahım ucbatından təyyarə qəzaya uğrayıb, Qadın xərçəng tapıb. Onu xəstə qoyub getmişəm, guya qalıb sağaldacaqmışam. Axı, mən yazılanları dəyişə bilməzdim! Pozub, yenidən, başqa cür yaza bilməzdim! Onları qovuşdurub, sonu sevinclə bitən bir sevgi dastanı yaza bilməzdim!

Bunu edə bilərdimmi? Yazılanı pozmaq olurmu?

... Gözümün qabağından onların siması çəkilmirdi. Bu vaxt ərzində mənə elə doğmalaşmışdılar ki... Lakin bilmirdim necə doğmadılar! Bəzən atam-anam olurdular, məni dünyaya onlar gətiribmiş. Ata-anasını heç vaxt görməyən yetim uşağıydım sanki. Gah da balam olurdular, bəxtsiz balalarım. Mən də qəlbində bala dağı daşıyan ata.

Birdən də Qadın mələküzlü sevgilimə çevrilirdi, Rəssam da onu əlimdən almaq istəyən qara düşmənə. Qadına vurulub şirin xəyallara getməyim də olurdu, Rəssamı qısqanc duyğularla anmağım da.

Bəzən də taleləri əlimdə olan quşcuğaza dönürdülər – istəsəm açıb buraxaram, istəsəm boğazlarını üzərəm.

Amma daha çox məndən imdad diləyən köməksiz sevgiliyə bənzəyirdilər. Mən də onlara istədikləri hər şeyi verə biləcək, onları xoşbəxt edəcək güc sahibinə!"

Yazıçı əsərin sonunda elə dramatik bir situasiya yaradır ki, özü də oradan çıxa bilmir. "Hər şeyi məhv etmək!" – psixoloji sarsıntısını yaşayır və kafkavari bir addım atır. Hər şeyi sıfırlamaq, yandırmaq, məhv etməklə işi bitirmək... "Evə qalxıb kompüteri açdım. Onların yazışmaları olan faylı "qovluq"dan da, "səbət"dən də sildim. Şəbəkədə Rəssamın səhifəsini bağladım.

Sonra əlyazmaları götürüb həyətə düşdüm. Dalandar Əli kişinin köşkünün yanında ocaq çatıb vərəqləri bir-bir oda atdım.

Kağız odun deyil, yananda çəkdiyi əzabın dözülməzliyindəndir yəqin, qıvrılır, büzüşür. Bəlkə də elə bu ağrıya görədir, tez yanıb qurtarmaq istəyir - öz dünyalarına tez köçmək istəyən adamlar kimi.

Əlyazma yanıb kül oldu. Ocağın qaralan külündə sonuncu közərti qapqara göy üzündə parlayıb itən tənha ulduz kimi söndü.

Onların ağrısı bitdi. Ağrının, kədərin olmadığı yerə getdilər. Ayrılıqların bitdiyi yerdən başlayan əbədi qovuşuqda gözdən itdilər. Daha heç bir Tanrı övladı bir də Yeliseyin – Çöl Qalanın kodunu aça bilməyəcəkdi!"

Vahid Qazi əsərinin qəhrəmanları haqqında "taleləri əlimdə olan quşcuğaza dönürdülər – istəsəm açıb buraxaram, istəsəm boğazlarını üzərəm" – desə də, artıq sona yaxın hiss olunur ki, müəllif çıxılmaz vəziyyətə düşüb. Qəhrəmanları ilə vidalaşmaq, onların nisgilindən qurtulmaq belə mümkünsüzləşib. O zaman sadə, asan bir üsulla - əlyazmanı oda atmaq, kompüterdəki faylı "qovluq"dan və "səbət"dən silmək - acınacaqlı taleli qəhrəmanlarla vidalaşmaq. Lakin aydındır ki, bu "silmə" üsulu da həmin qəhrəmanların taleyinin bir ştrixinə çevrilir və onların yaddaşda ilişib qalmış hekayələri bitmir...

Məşhur rus-amerikan yazıçısı Vladimir Nabokov deyirdi ki, "yazar özünün yaratdığı şərtilikdən kənarda qalmağı bacarmalıdır. Öz yaradıcılığının yox, ona addımbaşı tələlər quran həyatın çölündə qalmalıdır. ...Bu sayədə mən özümlə yaratdığım surət arasına bəlli bir məsafə qoymağa can atmışam. Çünki mən – yaratdığım personaj deyiləm".

Ümumiyyətlə, yazarların öz "mən"ləri, əslində bədii simaları - obrazları ilə münasibətləri və bununla bağlı açıqlamaları müxtəlif səciyyə daşıyır. Məsələn, İsveç yazarı Tomas Transtromer bu məzmunlu suallardan birinə cavab verərkən deyirdi ki, əvvəl özüm haqqında daha utancaq, ağayana danışırdım. Çox zaman özümü işarə edəndə üçüncü şəxs əvəzliyi işlədirdim - "o" deyirdim. Ancaq deyim ki, indi də özüm haqqında nəyisə təsvir edərkən "o" deməyi sevirəm. Bu hal əvvəllər məndə ambisiya kimi idi, hansısa naməlum səbəbdən görünməz insan olmağı seçmişdim. Sonra düşündüm və qərar verdim ki, özümü göstərmək daha cəsarətli və daha effektivdir. Onda yazdıqlarım daha dürüst görünür. Həm də hamı bilir ki, əksəriyyətimiz öz təcrübələrimizdən və hisslərimizdən yazırıq.

Lakin bu simanı (öz "mən"ini, qəhrəmanınla ruhi-mənəvi qohumluq əlaqələrini) "gizlətmək" o qədər də asan olmur. Onlardan çox uzaq durmaq, onları şəxsi həyatında tanımadığın oxucuya sədaqətlə sübut etmək bir az da aktyorluq tələb edir. Aydındır ki, bədii mətnlərdə hər şey – təsvir də, obrazlar da, hadisələrin həzin və ya coşqun məcrada cərəyan sürəti də – hər şey müəllif xarakter və dünyaduyumu ilə bağlıdır. Amma mütaliə zamanı müəllifi unutmursansa, deməli, o artıq məğlubdur. Özünü oxucusundan və qəhrəmanlarından ağıllı bilən müəllif bunu bir vəchlə sezdirir, fərqi yoxdur, hansısa obrazın monoloqunda, ya səciyyəsində, ya da finalda, epiloq və ya proloqda, ideyanın təbliği üslubunda... X.L.Borxes Dante haqqında deyirdi ki, "İlahi komediya"nın sonunda o ədalət obrazının müəllifi olduğunu oxucusuna hiss etdirməmək üçün "mən"ini "Komediya"dan çıxartdı. Çünki, onun subyektiv münasibəti ilahi hökmə uyğun gəlmirdi...

Vahid Qazi öz obrazını da salıb əsərə, amma biz onu müəllif kimi unutmuşduq oxu prosesində, əsərin qəhrəmanlarından biri kimi yadımızda qalmışdı - qeyri-adi bir sevginin hekayəsini anlada bilmədiyi üçün ona – həmin sevgiyə, ona aid bütün əlyazmalara od vurub yandıran bir qəhrəman kimi...

Tarix
2016.05.05 / 23:03
Müəllif
İradə Musayeva
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla