Bir vaxtlar M.Ə.Sabir adına
şəhər kitabxanasında fəaliyyət göstərən ədəbi birlikdən tanıyıram
Reyhan Kənanı. Şeirlərini utana-utana oxuyurdu. Düşünürdüm ki, onun
bu utancaqlığı bitəndə elə şeirə olan həvəsi də tükənəcək, oturub
evində həyat yoldaşının qulluğunu tutacaq, balalarının dərsi ilə
məşğul olacaq. Yanıldığımı sonralar bildim.
Reyhan şeirdən-şeirə "böyüdü", imzasını tanıtdı, AYB-nin bütün
orqanları onu dərc etdi, ədəbi tənqidimizin əbədi imzaları onun
yaradıcılığından bəhs etdi. Amma sifətindəki həmin məsumluq,
utancaqlıq itmədi, həm də daha çox şeirlərində də boy verdi. Onu
ehtiyac oldu-olmadı müxtəlif ünvanlarda boy göstərən, ədəbi
tədbirlərdə də görmək olmur. Şeirlərini isə mətbuatda oxumaq üçün
çətinlik çəkilmir.
Reyhanla telefon əlaqəsi saxlayıb bir qədər ədəbi söhbət etmək
istədiyimi dedim və razı saldım.
- Reyhan xanımın son ədəbi yaradıcılığı haqda oxucular
hansı məlumatı verərlər?
- Ədəbi yaradıcılıqla müntəzəm olaraq məşğulam. Yəni
yaradıcılıqdan ayrı deyiləm. Hansı mövzu məni cəlb edirsə, onu
şeirə çevirməyə çalışıram. Bir şərtlə ki, o mövzu qəlbimi özünün
əsirinə çevirsin. Həmin şeiri yazıb qurtarana qədər rahatlıq
tapmıram. Şeir ürəyimcə olmayanda isə sadəcə, onu bir tərəfə
atıram. Amma belə bəyənmədiyim şeirləri bir müddət sonra oxuyanda,
görürəm ki, heç də pis deyilmiş. Yəni bəzən şeirlərimə qarşı
haqsızlıq edirəm. Qızım deyir ki, "ana, bir vaxtlar o şeirləri heç
sayıb, bir küncə atdığın üçün indi bəlkə də onlar səndən küsüblər".
Son vaxtlar yazdığım şeirlərdən uğurlu hesab etdiklərim çoxdur.
Ancaq boynuma alım ki, bir az tənbəlləşmişəm. Bu, bəlkə də ruh
düşkünlüyündən irəli gəlir.
Ədəbiyyat olub kolxoz bazarı…
- Reyhan, elə bil, böyük bir binanın qapısı açılıb, şeir
yazan, əli qələm tutan doluşur içəri. Ədəbiyyata gəlmək istəyənlər
sanki bu mənzərəni yaradır, sən necə düşünürsən?
- Elə bil ki yox, elə həqiqətən də bu gün ədəbiyyatda eyni
mənzərədir. Ədəbiyyat olub "Kolxoz bazarı"… Nə gələni bəllidir, nə
gedəni. Düşünürəm ki, ədəbiyyata gəlmək üçün açıq qapıya ehtiyac
yoxdur. Əsl ədəbiyyat aşiqi, əsl istedad öz əsərləri ilə bağlı
qapıları açmalı, yeni bir söz deməli, heç kəsi təkrarlamamalıdır. O
açıq qapıdan içəri doluşanlar, sadəcə, kütlədən başqa bir şey
deyil. Onların yazdıqları da özlərindən başqa heç kimə lazım deyil.
Ədəbiyyatda dayanıb, duruş gətirənlər isə qələmi ilə bağlı qapını
açıb, öz arxasınca da oxucusunu öz dünyasına aparanlar ola bilər.
Əmin olun ki, oxucu hər zaman əsl ədəbiyyata qiymət verməyi
bacarır.
- Hər kəs özünü təsdiq etmiş kimi görüntü yaradır.
Səncə, ədəbiyyatda şoulaşma zaman keçdikcə güclənmir
ki?
- Bu, məni də çox narahat edir. Bu gün ədəbiyyatda hər yerindən
duran mənəm-mənəmlik azarına düçar olub. Baxırsan ki, yazdığı söz
yığını, di gəl ki, iddiası özündən böyük, qınayan olmasa, durub
deyər ki, "Ədəbiyyat məndən başlayır". Ancaq məsələ budur ki,
onlara bu ixtiyarı verən də, bütün günü televiziyalara dəvət edən
də, "sən başdan-ayağa istedadsanmış ki, ay canım" deyən də elə biz
özümüzük. Bu bilirsiniz nəyə bənzəyir? Çin malının üzərinə "Meyd in
Turkey" yazıb, millətə sırımağa… Düşünürəm ki, onların şousu da elə
onların dəbdə olduqları müddəti əhatə edəcək. Yazıçı manıs deyil
ki, hər gün hansısa qalmaqalla gündəmdə qalsın. Yazıçının bütün
şousu da, performansı da onun əsəri olmalıdır.
Sponsorun yoxdursa, vay halına
- 5-10 nəfər yazıçı, özü də kifayət qədər ciddi imza
sahibləri hansısa qrupu, dəstəni təbliğ edir, başqalarını sanki
görmür, bunun yaxşı cəhəti nədir?
- Mənə görə burada heç bir yaxşı cəhət yoxdur. Ədəbiyyatda qrup
deyə bir şey yoxdur, çünki hər zaman istedad qalib gəlir. Ancaq çox
təəssüf ki, bu gün ədəbiyyatımızı 5-10 nəfərlik qruplar zəbt edib.
Təkcə qrup yox, həmçinin bir nəfəri hər vasitə ilə, bütün var
gücünü ortaya qoyaraq irəli çəkən insanlar da var. Şou-biznes kimi
ədəbiyyatda da sponsor məsələsi mövcuddur. Sponsorun oldu vəssalam,
kim tutar səni, yox əgər sponsorun yoxdursa, vay halına, elə
sayacaqsan öz yerində. İndi istedad yox, sponsoru olanlar qabağa
çəkilir. Əminliklə deyə bilərəm ki, neçə-neçə əsərlər, şeirlər,
romanlar qruplaşmanın qurbanı olduğu üçün redaksiyaların küncündə
toz bağlayıb.
- Necə düşünürsən, ədəbiyyatda özünütəsdiq necə
olmalıdır?
- Baxın, dünya ədəbiyyatı tarixində neçə-neçə dahilər var.
V.Hüqo, E.Heminquey, Q.Markes, F.Kafka. Biz onları niyə tanıyırıq?
Niyə hər əsərlərini sevə-sevə, təkrar-təkrar oxuyuruq? Çünki onlar
əsərləri yazarkən düşünməyiblər ki, mən bu əsər sayəsində məşhur
olacağam, çoxlu pullar qazanacağam, dünyanın hər yerində
oxunacağam. Onlar, sadəcə, ürəklərindən gələnləri yazıblar, hətta
mən deyərdim ki, onlar heç bəlkə də bu qədər seviləcəklərini
ağıllarına belə gətirməyiblər. Demək ki, yazıçı məşhur olmağı
qarşısına məqsəd qoymamalıdır, onun bir şüarı olmalıdır - Oxucunun
könlünü necə fəth etməli? Çünki bütün əsərlər oxucular üçün
yazılır. Yazıçının özünü təsdiqi onun oxucusunun onu təsdiq
etməsidir!
AYB-dən gözləntilərim özünü doğrultmadı
- Ümumiyyətlə, kimi oxumaq sənə xoşdur, haqqında xoş söz
deməsini gözlədiyin birisini, yoxsa həqiqi ədəbiyyat
nümunəsini?
- İndi durum deyim ki, haqqımda xoş söz deyəni oxumaram, bax bu,
ağ yalan olar, təbii ki, bütün şairlərə, yazıçılara onun haqqında
deyilən istər tərif, istərsə də tənqid maraqlıdır. Haqqımda xoş söz
deyənin də zövq verən və gözəl əsərləri ola bilər. Yəni bütün
hallarda həqiqi ədəbiyyat nümunəsi daim ilk plandadır. Ümumiyyətlə
elə əsərlər var ki, mənə zövq verir və mən onları təkrar-təkrar
oxusam belə, yorulmuram. Unutmayın ki, bayağı yazılar oxucunu tez
yorur.
- AYB ilə aran necədir?
- Sizə bir şey deyim. Mən AYB-nin üzvlük vəsiqəsini aldığım
zaman ən çox Anarın o vəsiqədə imzası olduğu üçün sevinmişdim.
Çünki Anar hər zaman mənim nəzərimdə böyük yazıçı olub, əsərlərini
sevə-sevə oxumuşam. Ancaq şair olaraq AYB-dən gözləntilərim özünü
doğrultmadı. Yəni bu günə qədər yazıçılara verilən imtiyazlardan
istifadə etməyim üçün mənə heç bir fürsət verilməyib. Ancaq yenə də
bir ədəbi birlik olaraq AYB-ə böyük hörmətim var!
- Ancaq bu? Başqa bir səbəb varmı incik
düşməyinə?
- Dediyim kimi, ancaq bu səbəblərə görə bir az incimişəm.
İstəmərəm ki, şeirlərimin ayağına daş
dəysin
- Reyhan xanım, ənənəvi bir sual da verim: əvvəllər şeir
yazmağa başlayanda, dərc olunanda hansı hissləri
keçirirsən?
- Siz özünüz də şairsiniz, sözsüz ki, mənim hansı hissləri
keçirdiyim sizə də yaxşı tanışdır. Bir də görürsən, nəsə iş
görürəm, yeni bir şeir yaranır, tez işimi yarımçıq qoyub, qaçıram
dəftər-qələm üstünə. Yazıb qurtarandan sonra isə şeiri 2-3 dəfə
oxuyuram, öz-özümə deyirəm ki, yəni bunu mən yazmışam? Yəni
şeirlərimi heç vaxt oturub, düşünüb yazmamışam. Bütün şeirlərim
mənə əzizdir, istəmərəm ki, şeirlərimin ayağına daş dəysin. Təbii
ki, şeirlərim dərc olunanda sevincimin həddi-hüdudu olmur. İnsanda
qəribə hisslər yaranır, elə hisslər ki, çox qarışıqdır, anlatması
belə mümkün deyil, yalnız yaşayanlar bilər.
- Həyat yoldaşından gizlətdiyin şeirlərin
çoxdur?
- Ümumiyyətlə elə bir şeirim yoxdur, o da mənim bir oxucumdur.
Şairin oxucudan şeirlərini gizlətməyə haqqı yoxdur.
- Sən özünü xalq şairi kimi təsəvvür etmisən
heç?
- Mən heç vaxt özümü xalq şairi kimi təsəvvür etməmişəm. Mənə
görə xalq şairi yüksək bir zirvədir. O zirvəni fəth etmək üçün isə,
hələ çox çalışmaq lazımdır. Ancaq düzünü desəm, mən xalq şairi
olmaqdan çox, xalqın şairi olmaq istərdim!
Düzü, bunu gözləmirdim...
- İşdir, sənə xalq şairi adı verilsə, özünü necə hiss
edərsən?
- Onu əvvəlcədən demək mümkün deyil, haçansa bu adı alsam, söz
verirəm, sizinlə öz hisslərimi bölüşəcəyəm.
- Tənqidçilərin səni tərifləməsi çox olub?
- Bir dəfə Yazıçılar Birliyində tənqidçi Vaqif Yusifli ilə
rastlaşdım. Mənə dedi ki, Reyhan, sənin şeirlərin haqqında
yazmışam, oxumusanmı? Düzü, bunu gözləmirdim, hətta düşünürdüm ki,
yəqin şeirlərimi tənqid edib. Ancaq yazını oxuyanda gördüm ki, mən
şeirlərimlə Vaqif Yusiflinin diqqətini cəlb edə bilmişəm. Əlbəttə,
tənqidçi tərəfindən şeirlərinin təriflənməsi hər bir şairi
sevindirir və bu hər kəsə nəsib olmur, amma mən sağlam tənqidin də
tərəfdarıyam. Çünki sağlam tənqid yazıçının, şairin püxtələşməsinə
kömək edir. Tənqidçi və çox hörmət etdiyim Əsəd Cahangir də mənim
şeirlərim haqqında gözəl fikirlər söyləyib. Hər birinə
ayrı-ayrılıqda təşəkkür edirəm!
- Necə düşünürsən, Reyhan Kənan imzası ədəbi palitrada
çoxmu dəyişiklik, fərqlilik etdi?
- Yox, ədəbiyyatda böyük bir çevriliş etməmişəm. Reyhan Kənan öz
yaradıcılığı ilə sözün yaxşı mənasında hər zaman fərqlənməyə
çalışıb, bunu necə bacarır onu bilmirəm, ancaq bildiyim tək şey var
ki, Reyhan Kənanın məqsədi illər sonra Azərbaycan ədəbiyyatında
özünəməxsus bir iz qoymaqdır və həyatı boyunca da məhz buna görə
çalışacaq. Allah hamıya tutduğu mövqedə kömək olsun!