Ermənistan rəhbərliyi çətin vəziyyətə düşüb. Ölkə
daxilində sosial-siyasi durum getdikcə daha da ağırlaşır. Cənubi
Qafqaza yaxın regionlarda cərəyan edən geosiyasi proseslərin
yaratdığı gərginlik erməni siyasətçilərinə əlavə narahatlıq
gətirir. Bunlara Azərbaycan Ordusunun apreldə Dağlıq Qarabağda
erməni mövqelərinə endirdiyi ağır zərbələr də əlavə olunub. Bu
hadisədən sonra İrəvan necə hərəkət etməyi, demək olar ki,
müəyyənləşdirə bilmir. O, əsas olaraq xaricdə havadarlıq edən
dairələrə şikayətlənir, onlardan kömək umur. Prezidentlərin
Sankt-Peterburq görüşü də göstərdi ki, Azərbaycan tutduğu mövqedən
çəkilməyəcək. Ermənistan işğal etdiyi ərazilərdən silahlı
qüvvələrini çəkməlidir. Bunların fonunda Serj Sərkisyan "Röyters"
agentliyinə müsahibə verərək, özünü xilas etmək üçün yeni yalanlar
uydurub. Onun dedikləri nə qədər aciz duruma düşdüyünü
göstərir.
Zərbədən sonra: siyasi çaşqınlıq əlamətləri
Məlum aprel döyüşlərindən sonra aydın oldu ki, Serj Sərkisyan
siyasi karyerasının ən böhranlı anlarını yaşayır. Müxalifət onun
hakimiyyətdən getməsi üçün əlindən gələni edir. Dağlıq Qarabağ
məsələsində Azərbaycanın əldə etdiyi uğurların təsiri altında
S.Sərkisyanın nüfuzunu itirməsi açıq görünür. Buna görədir ki, son
aylar hakim Respublika Partiyası fəaliyyətini daha da
genişləndirərək iqtidarda qalmaq üçün müxtəlif addımlar atır.
Ermənistan cəmiyyəti bunun fərqindədir. S.Sərkisyanın özü də
gizlətmir ki, 2017-ci il parlament seçkisində siyasi taleyi həll
olunur. O, "Röyters" informasiya agentliyinə verdiyi müsahibədə
deyib ki, "parlament seçkisində Ermənistan Respublika Partiyası
uduzsa, mənim siyasətdə heç bir işim yoxdur" (bax: Серж Саргсян: "В
случае поражения РПА на выборах мне нечего будет делать в политике"
– Reuters / "Аравот", 28 iyun 2016).
Ermənistan dövlət başçısının hakimiyyətdə qalmaq məsələsinə
toxunması təsadüfi görünmür. Bu, onun siyasi reytinqinin aşağı
düşməsi ilə əlaqəlidir. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda rəsmi
İrəvanın mövqeyinin xeyli zəifləməsi erməni cəmiyyətində prezidentə
olan inamı heçə endirib. S.Sərkisyan da adəti üzrə bu prosesə
siyasi riyakarlığı ilə reaksiya verməkdədir.
Bu məsələ yalnız nəyin bahasına olur-olsun hakimiyyəti saxlamaq
cəhdləri ilə məhdudlaşmır. Ermənistan rəhbəri qonşu dövlətlərə, ilk
növbədə Azərbaycan və Türkiyəyə qarşı qərəzli fikirlər söyləyir.
"Röyters"ə müsahibəsində bununla bağlı bir neçə böhtan xarakterli
cümlələr işlədib. S.Sərkisyan yenə də Azərbaycanı ittiham etməyə
çalışıb. O, "öz beynəlxalq öhdəliklərini yerinə yetirməyən bir ölkə
ilə kompromisə necə getməyin mümkün olduğunu insanlar başa düşmür",
– deyə böyük bir yalan ifadə edib (bax: Саргсян: Люди не понимают,
как идти на компромисс со страной, не выполняющей свои
обязательства / "Panarmenian.net", 25 iyun 2016).
Görəsən, Azərbaycan hansı beynəlxalq öhdəliyə əməl etməyib?
Əgər, S.Sərkisyan aprel döyüşlərini nəzərdə tutursa, təxribat
Ermənistan tərəfdən olub və Azərbaycan yalnız cavab tədbirləri
görüb. Müsahibədə erməni lider məhz aprel savaşında Ordumuzun
uğurunu nəzərdə tutaraq Bakını günahlandırmağa cəhd edib. Bu, onu
göstərir ki, Ermənistan prezidenti üçün heç bir siyasi etiket və
ədalətlilik ölçüsü yoxdur. O, erməni ordusunun aldığı ağır zərbəni
ört-basdır etmək üçün siyasi ibarələrdən və əsassız arqumentlərdən
yararlanmağa çalışır. Bütün dərdi ondan ibarətdir ki, bundan sonra
Azərbaycan Ordusunun hərbi əməliyyatlar keçirməsinə Ermənistana
havadarlıq edən ölkələr icazə verməsin.
Burada başqa səbəb yoxdur. Rəsmi İrəvan yaxşı bilir ki, zəbt
etdiyi Azərbaycan torpaqlarından erməni silahlı qüvvələri gec və ya
tez qovulacaq. Bunun qarşısını yalnız dünyanın böyük dövlətləri ala
bilər. Yeri gəlmişkən, onlar da faktiki olaraq Azərbaycanın ərazi
bütövlüyünün bərpasının tərəfdarıdırlar. Deməli, yeganə əlac
şər-böhtan atıb, Azərbaycanın aqressiv obrazını yaratmaq və
erməniləri "qırılmaqdan" qurtarmaq üçün xristian dünyasına
yalvarmaqdadır. Bunu Roma Papasının İrəvana səfəri zamanı da aydın
gördük.
Seçim məqamı: karyera, yoxsa ədalətli
mövqe?
Belə görünür ki, S.Sərkisyan siyasətdə naşı adam kimi
diplomatiya ilə yalvarmağı qarışıq salıb. O, qəmli duruşu ilə
özünün yazıq obrazını yaradıb, Qərb dövlətlərində özünə himayə
axtarır. Bunda, əslində, İrəvanın havadarları günahkardır. Çünki
onlar indiyədək ermənilərin haqsız mövqeyini gizli və dolayısı ilə
müdafiə edib, onların vəhşiliklərinə və qonşularına olan
iddialarına haqq qazandırıblar.
Məsələn, Vatikan "ilk xristian dövlətinə səyahət" ifadəsini
işlədirsə, faktiki olaraq Azərbaycan torpaqları üzərində süni
yaradılmış Ermənistanın düz yolda olduğunu bəyan edir. Tarixdən
yaxşı məlumdur ki, Roma Papasının "ilk xristian dövləti"
adlandırdığı ərazi başdan-ayağa türk-müsəlman mədəniyyəti ilə
zəngindir. Orada xristianlığa aid real bir mədəni dəlil yox
dərəcəsindədir. Yer adları, mədəniyyət abidələri, dövlətçiliklə
bağlı baş verən hadisələr və digər faktlar indi Ermənistan
adlandırılan yerlərdə Azərbaycan dövlətçilik ruhunun mövcudluğunu
tam sübut edir. Deməli, Roma Papası da tarixi təhrif edir,
işğalçıya haqq qazandırır.
S.Sərkisyan bu kimi hadisələrdən ruhlanaraq "Röyters"
agentliyinə çəkinmədən bildirir ki, uydurma "erməni soyqırımı"nı
bundan sonra daha çox ölkələr tanıyacaq (bax: Позиция Папы Римского
проложит путь для признания Геноцида армян другими нациями – Серж
Саргсян / "Tert.am", 27 iyun 2016). Şübhəsiz ki, bu cür davranışlar
regionda və dünyada sülhün bərqərar olmasına xidmət etmir. Bunu
təcrübə göstərir və Avropa siyasətçi və din xadimlərinin yanlış
yolda olduğunu zaman özü təsdiqləyəcək. Azərbaycan və Türkiyənin
qonşularına qarşı hər hansı utandırıcı hərəkəti olmayıb. Əksinə,
ilk növbədə ermənilər qərəzli, təcavüzkar və işğalçı siyasət
mənbəyi olublar.
Həm də bu səbəbdəndir ki, erməni siyasətçilər başqasını
şərləməyə çalışıblar. S.Sərkisyan da Azərbaycanı atəşkəsi pozmaqda
ittiham etməklə real vəziyyəti gizlədir. Fakt ondan ibarətdir ki,
Ermənistan ordusu Azərbaycan torpaqlarını işğal edib və buradan
çıxmaq istəmir. Vəziyyəti dəyişməz saxlamaqla İrəvan vaxt qazanır,
münaqişəni qeyri-müəyyənliyə doğru sürükləyir.
Azərbaycan isə, təbii ki, bununla razılaşa bilməz. Bakı
torpaqları işğaldan azad etmək üçün BMT Nizamnaməsində nəzərdə
tutulan bütün hüquqi vasitələrdən istifadə edə bilər. Xatırladaq
ki, orada təcavüzkarın hərbi güc vasitəsi ilə yerində oturdulması
ilə bağlı bənd də vardır. Hətta bu işdə beynəlxalq birlik təcavüz
qurbanına yardım da etməlidir.
Bu səbəblərə görə, Azərbaycan Prezidenti İlham Əliyevin öz
Tvitter səhifəsində aprel hadisələrinin Ermənistan və vasitəçilər
üçün siqnal olması barədə yazması çox məntiqlidir. Ermənistan
bilməlidir ki, Azərbaycan rəhbərliyi mövqeyindən dönməyəcək, Ordu
isə istənilən zaman torpaqların azad edilməsinə başlaya bilər.
Azərbaycan Prezidentinin dediyi sözə əməl etdiyini yaxşı bilən
ermənilər bundan təşvişə düşüblər.
Görünür, S.Sərkisyan da narahatlığını gizlədə bilmir. O,
adıçəkilən müsahibədə öz siyasi karyerasını Dağlıq Qarabağ
münaqişəsinin həlli ilə bağlayıb. Erməni lider Devid Kemeronu misal
göstərərək, "gözləyək, hadisələr hansı istiqamətdə inkişaf edəcək",
– deyib (bax:Reuters: Президент Армении увязал свою политическую
карьеру с урегулированием карабахского вопроса / "Panarmenian.net",
28 iyun 2016). Deməli, Ermənistan prezidenti Azərbaycanın öz
torpaqlarını işğaldan azad edəcəyini istisna etmir. Bunun üzərindən
siyasi spekulyasiyalar etməsinin nə fayda verəcəyi məlum deyil.
S.Sərkisyanın yalan danışmaqda və ictimaiyyəti çaşdırmaqda davam
etməsi gözlənilən haldır. Çünki insanın xasiyyəti sürətlə dəyişmir.
Xüsusilə siyasətə yalanla gələn adamların sonradan ədalətli olması
olduqca çətindir. Lakin bütövlükdə erməni xalqını bu adamın məhvə
doğru apardığı şübhə doğurmur. Region üçün də təhlükələr meydana
gəlir. Bunu Cənubi Qafqaz xalqları görürlər. Yaxşı olardı ki,
erməni təcavüzünü görməzdən gələn və rəsmi İrəvana müxtəlif
bəhanələrlə yardım edən havadarlar da, nəhayət, görməyə
başlasınlar, öz vicdanlarının səsinə qulaq assınlar. Axı, Sokrat
Qərb filosofu kimi vicdanın səsini dinləməyi çox vacib
sayırdı?!
Newtimes.az