Böyük Quruluş Partiyasının sədri, deputat Fazil
Mustafanın görkəmli tarixi şəxsiyyət Şah İsmayıl Xətai ilə bağlı
fikirləri sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib.
Zaman-zaman deputatın Xətaiyə yönəli birmənalı qarşılanmayan
fikirləri mətbuat səhifələrində yer alıb.
Bu dəfə də F.Mustafa ciddi tənqid atəşinə tuş gəlib. Hətta iş o
yerə çatıb ki, partiya sədri onu qınayanlara öz Feysbuk səhifəsində
status həsr edərək, onlara sərt şəkildə cavab verib. O bildirib ki,
Feysbukda yaradılan "Şah İsmayıl Səfəvi" adlı səhifədə ona hücum
edilir və ən aşağı formada tənqidlərə məruz qalır. F.Mustafa qeyd
edir ki, şəklini paylaşaraq üzərindən "Babəkin və Şah İsmayılın
düşmənləri silsiləsindən" yazıblar.
F.Mustafa Yeni
Müsavat-a açıqlamasında tarixi şəxsiyyətlərə qarşı münasibətdə
şəxsi düşmənçilik və mənfi ritorikanın olmadığını bildirib:
"Bu tipli şəxslərin qoyub getdikləri dəyərlərə münasibət var.
Azərbaycanda yanlış təfəkkür var ki, guya bu dəyərlər bizə imperiya
yaradıb, böyük dövlət qurub. Bunlar hamısı boş, əsassız
fikirlərdir. Xətainin qoyub getdiyi dəyər, tutduğu ərazilər İranın
işinə yarayan bir bazadır. İnsanlar ola bilsin ki, kimisə çox sevə
bilərlər. Biz istəyirik ki, ölkəmizdə milli dövlət duyğusuna
bağlılıq daha çox olsun. Bu yolla dövlətimizi qoruya bilərik. Bu
dövlət Məhəmməd Əmin Rəsulzadə tərəfindən yaradılıb. Biz tarixin
qaranlığında işıq axtarmaqdansa, mövcud işığımıza daha çox yaxın
olmalıyıq. Səfəvi ideologiyası həm islamın parçalanmasına, həm də
Azərbaycanda irançı düşüncələrin formalaşmasına səbəb olub. Tarixi
şəxsiyyət olaraq, bir şəxsin çoxsaylı qələbələr qazanması faktı çox
ola bilər. Napoleonun addımlarına həsədlə baxırıq. Əslində isə
tarixi şəxsiyyətin qoyub getdiyi dəyərə baxmaq lazımdır. Bu dəyər
işimizə nə qədər yarayır? Bu dəyər hazırkı inkişafımıza nə qədər
fayda verir? Xətainin düşüncəsi ilə hərəkət etsək, Türkiyə başda
olmaqla, çevrəmizdəki türk arealı ilə düşmən olmalıyıq. Bizdə
dövlətçilik duyğuları yüksəkdir. Amma bu duyğular sağlam olmalıdır.
2 milyon kvadrat kilometr ərazinin işğalından danışırıq. Bu gün
Qarabağı azad edə bilmirik. Bu baxımdan, 2 milyon kv.kilometrlik
ərazinin işğalı illüziyası ilə xalqı yazıq günə qoymağın mənası
yoxdur. Cənubi Azərbaycanda olan soydaşlarımızın haqlarını belə
əldə edə bilmirik. İdealları yaşatmaq yaxşı şeydir. Amma buna aludə
olub dövlətimizi də itirə bilərik. Azərbaycanda istinad edəcəyimiz
ən böyük tarixi şəxsiyyət Rəsulzadədir. Onun modern düşüncəsini
Azərbaycan doğru yerinə yetirsə, ölkəmiz qüdrətli bir dövlətə
çevrilər. Daha bir sağlam düşüncəli aydın gələcəyə doğru gedərik.
Fikirlərimizə dözümsüz yanaşanlar var. Səhifələrində şəkillərimizi
düşmən obrazında paylaşırlar. Nadan, cahillər hansı ölkələrdə
olmalarından asılı olmayaraq, maraqlıdır ki, eyni hədəfə gəlirlər.
Biz öz ölkəmizə bağlı insan tipinin üzərində düşünməliyik. Bu
ideologiya gələcəyimizə heç bir perspektiv vəd eləmir. Şah İsmayıl
tarixi bir şəxsiyyətdir. Belə şəxsiyyətlərə hörmətsiz yanaşmaq
olmaz. Tariximizdə kimlər olubsa, dövrlərinin adamları olublar.
Onları söymək, təhqiramiz kimi ifadələr işlətmək halları
yığışdırılmalıdır. Sadəcə onları ideallaşdırmaq olmaz. Bizim
yanaşmamız budur. Qəbul etmək olar, amma bunu bütöv Azərbaycanın
ideyası kimi sırımaq doğru deyil. Əminəm ki, Azərbaycanda sağlam
düşüncəli insanların istinad mənbəyi Rəsulzadədir. Hansısa bir
feodal dövrünün torpaq zəbt etməsi bizim dəyərimiz ola bilməz.
Yaşayan dəyərlərə istinad etmək lazımdır. Napoleonun çoxsaylı
Avropa ölkəsini işğal etməsi yüz minlərlə fransızın məhvinə səbəb
olub. Amma onun qoyduğu Mülki Məcəllə bu gün də yaşayır. Yəni onun
dəyəri bu məcəllədir. Rəsulzadə dəyər qoyub gedib, heç bir torpaq
işğal etməyib. Amma Azərbaycan insanı üçün elə bir dəyər qoyub
gedib ki, min dəfə o ərazilərdən üstündür. Milli dövlət yaratmaq
duyğusunu o, Azərbaycana yaşadıb. Səfəvi milli dövlət deyil. Bu
baxımdan bunu ideallaşdırmağın mənası yoxdur".
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir
Rüstəmxanlı isə hesab edir ki, tarixi şəxsiyyətləri bugünkü
situasiya ilə dəyərləndirmək doğru deyil:
"Babəki, Xətaini və digər belə şəxsləri XXI əsrdə
dəyərləndirəndə son dərəcə ehtiyatlı olmaq lazımdır. Çünki bəzi
ziddiyyətlər meydana çıxa bilər. Belə tarixi şəxslərə o kəslər
düzgün qiymət verə bilərlər ki, həmin dövrün dini, siyasi
proseslərini dərindən bilsinlər. Bunlar olmayanda daim ziddiyyətlər
meydana çıxır. Şah İsmayıla münasibətdə xüsusən ciddi ziddiyyətlər
var. Ona qarşı hücumlar da var. O, şiə dövləti qurub, öz maraqları
olub. Hətta onda qisas almaq hissi də var idi. Müharibə etdiyi
dövlətlərdən, ata-babasını öldürənlərdən qisas almaq istəyirdi.
Amma heç bir halda Səfəviləri tariximizdən silib, onu düşmən elan
etmək doğru deyil. Bütün yanlışlıqlara rəğmən, o, Azərbaycanın bir
parçasıdır. Osmanlını ideallaşdırıb, Səfəviləri aşağılamaq da doğru
deyil. Hər ikisinin ayrı-ayrılıqda, eyni zamanda, birlikdə səhvləri
olub. Amma onları tarixdən silmək cəhdləri hesab edirəm ki,
xalqımızın tarixinə kölgə salmağa, dövlətçilik duyğularını
zəiflətməyə yönəlib. Xətaini türkçülüyə qarşı qoymaq düzgün deyil.
Türk tarixçiləri bu günləri Xətaini İrana bağlamaq istəyirlər, amma
bu doğru ola bilməz. Bu yanlış təfəkkür getdikcə sona çatacaq.
Çünki Xətai ilə bağlı yeni-yeni kitablar yazılır, araşdırmalar
aparılır. Haqq öz yerini tezliklə tapacaq. Osmanlı və Səfəvilərdə
kifayət qədər qardaş qırğınları olub. Ona görə də Xətaini Çaldıran
döyüşünə görə qınayıb, bu tərzdə barəsində mənfi fikirlər
səsləndirmək, formalaşdırmaq düzgün deyil. İndi Türkiyə ilə
münasibətlər yüksək səviyyədədir. Bu baxımdan Xətai ilə bağlı
hazırda səslənən fikirlərin keçmişdə olan məlum düşmənçiliklə heç
bir əlaqəsi yoxdur".