Axar.az Milli Məclisinin deputatı, Bütöv Azərbaycan Xalq Cəbhəsi
Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin Publika.az-a müsahibəsini
təqdim edir:
– Prezident İlham Əliyevin Türkiyəyə səfərini, bu səfər
çərçivəsində Rusiya və Türkiyə dövlət başçıları ilə görüşünü,
həmçinin İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresində
iştirakının əhəmiyyətini necə qiymətləndirirsiz?
– Bu səfəri çox yüksək qiymətləndirirəm. Əgər xatırlayırsınızsa,
Azərbaycanda azsaylı siyasətçilərdən biri idim ki, vaxtilə
Türkiyə-Rusiya münasibətləri pozulan zaman bundan böyük təəssüf
hissi keçirdiyimi bildirmişdim. Rusiya təyyarəsinin vurulmasının
yanlış addım olduğunu da söyləmişdim. O zaman özlərini
türkiyəpərəst kimi göstərən insanlar mənə qarşı hücumlar edirdilər.
Yəqin ki, siz də bunun mətbuatdan şahidisiz. O zaman mən
söyləyirdim ki, Türkiyənin dövlət maraqları da tələb edir ki, bu
ölkə digər türkdilli dövlətlərlə yaxın olsun. Digər türkdilli
dövlətlərin bir hissəsi muxtariyyət kimi Rusiyanın tərkibində,
digərləri isə Rusiya ilə ciddi inteqrasiya edən keçmiş SSRİ
ölkələrdir. Bu dövlətlər Rusiyaya bağlı ölkələrdir. İstər Orta
Asiya türk respublikaları, istərsə də Azərbaycan Rusiya ilə tarixi
bağlılığa malikdir. Bundan başqa, Azərbaycanın Dağlıq Qarabağ kimi
ciddi problemi var. Bu problemin də həlli Rusiyadan asılıdır. Ona
görə də biz Türkiyə-Rusiya münasibətlərinin yüksək səviyyədə
olmasında çox maraqlıyıq. Bununla həm də Türkiyənin Rusiyaya təsir
imkanları yaranır ki, bu da Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin
sülh yolu ilə həllinə nail olması üçün lazımdır.
Digər tərəfdən, bütün dünya yaxşı bilir ki, Azərbaycan və
Türkiyə bir-biri ilə təbii və səmimi müttəfiq dövlətlərdir, qardaş
xalqlardır. Bu baxımdan da Türkiyə-Rusiya münasibətlərinin gərgin
olması Azərbaycan-Rusiya münasibətlərinə də təsir edir. Ancaq bu
gün Türkiyə ilə Rusiyanın yaxınlaşması Azərbaycanın maraqlarına tam
cavab verir, bölgədə sülhə və təhlükəsizliyə xidmət edir.
Azərbaycan Prezidentinin də Türkiyəyə səfəri zamanı Prezident
Rəcəb Tayyib Ərdoğanla çox isti və səmimi görüşü, hər iki liderin
xalqlarımızın dost və qardaş olduqlarını bir daha bəyan etməsi
münasibətlərin inkişafını daha da sürətləndirən bəyanatlardır.
Bilirsiz ki, bu səfər zamanı Prezident İlham Əliyev bir sıra
ikitərəfli görüşlər də keçirib.
Dünya Enerji Konqresi çərçivəsində Rusiya ilə Türkiyə arasında
qaz kəmərinin çəkilməsi ilə əlaqədar sənədin imzalanması da artıq
böyük uğurdur. Bu layihə həmin dövlətləri və xalqları da bir-birinə
bağlayır. Düşünürəm ki, bundan sonra bu ölkələrin iqtisadi
əlaqələri nə qədər geniş olacaqsa, bu dövlətlər bir-biri ilə bütün
sahələrdə daha sıx əməkdaşlıq edəcəklər. Buna görə də mən Prezident
İlham Əliyevin Türkiyəyə səfərini, həmin ərəfədə Azərbaycan,
Türkiyə və Rusiya prezidentlərinin keçirdiyi görüşləri çox uğurlu
və səmərəli hesab edirəm.
– Sabiq prezident Ayaz Mütəllibov öz müsahibəsində
Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlüyünün heç də zərərli
olmadığını, əksinə bunun ölkəmizə faydalar verəcəyini bəyan edib.
Sizin buna münasibətiniz necədir?
– Düşünürəm ki, bizim işğalçı Ermənistanla eyni iqtisadi blokda
olmağımız indiki şəraitdə qeyri-mümkündür. Ancaq mən hələ bir neçə
il öncə söyləmişəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli
Ermənistandan deyil, Rusiyadan asılı olan məsələdir. Ona görə də
əgər Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə əhəmiyyətli
töhfələr verərsə, o zaman Azərbaycan nəinki Avrasiya İttifaqının,
hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü
ola bilər. Həmçinin, Azərbaycan öz enerji siyasətini Rusiya ilə
razılaşdıra bilər. Hətta Moskva istərsə, biz Qəbələdə Rusiyanın
hərbi bazasını da yarada bilərik. Təki, Rusiya Dağlıq Qarabağ
münaqişəsinin həllinə ciddi töhfələr versin. Amma şəxsən mən Dağlıq
Qarabağ probleminin həlli ilə bağlı konkret addım atılmadan
Azərbaycanın Avrasiya İttifaqına daxil olmasını məqbul saymıram.
Bizim Ermənistanla eyni iqtisadi blokda olmağımız o halda olar ki,
Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində ciddi
addımlar atılsın və sülh sazişi imzalansın. Bundan sonra bütün
kommunikasiya və nəqliyyat xətləri açılacaq, Ermənistan da regional
layihələrə qoşulacaq və erməni xalqı bundan faydalanacaq. Dediyim
kimi, bütün bunlar yalnız Böyük Sülh Sazişi imzalanandan sonra
mümkün ola bilər.
– Prezident İlham Əliyev Nazirlər Kabinetinin ötən həftə
keçirilən toplantısında çıxışı zamanı açıq şəkildə bildirib ki,
bağlı qapılar arxasında keçirilən görüşlərdə Azərbaycanı Qarabağı
tanımağa məcbur etmək istəyirlər...
– Əslində, Prezident İlham Əliyev hesab edib ki, Dağlıq
Qarabağla bağlı qapalı qapılar arxasında müzakirə olunan məsələləri
xalqa açıq demək lazımdır. Bizim də partiya olaraq zaman-zaman
hökumətə müraciətimiz olub ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı
gedən proseslər barədə xalqa reallığı açıq demək lazımdır.
İndiyədək biz "sızan" məlumatlardan bildirdik ki, Azərbaycana qarşı
böyük təzyiqlər var. Hətta onu da bilirdik ki, bir sıra dövlətlər
Azərbaycana təhdid edərək, Dağlıq Qarabağ üzərində öz suveren
hüquqlarını bərpa edəcəyi təqdirdə Dağlıq Qarabağın müstəqilliyini
tanıyacaqlarını bildiriblər. Bu istiqamətdə də Azərbaycana qarşı
təhdidlər olub. Amma Prezident İlham Əliyev ilk dəfə açıq şəkildə
söylədi ki, Azərbaycana münasibətdə çox ədalətsiz davranış nümayiş
etdirilir. Ona görə də münaqişənin sülh yolu ilə həllinə nail olmaq
mümkün deyil.
Bəzən dünyadakı mövcud siyasi reallıqları nəzərə almadan Dağlıq
Qarabağla bağlı populist çıxışlar olunur. Deyirlər ki, gərək aprel
döyüşləri zamanı Xankəndini də tutaydıq, digər yerləri də azad
edəydik və sairə. Bununla da onlar xalqın hisslərinə və
emosiyalarına təsir edirlər. Bu adamlar nə qədər qeyri-səmimi
olsalar da, hər halda ağılları ona çatır və çox yaxşı bilirlər ki,
Azərbaycan tərəfinin aprel döyüşləri zamanı atəşkəsi dayandırmaması
hansı nəticələrə gətirib çıxara bilərdi. Yaxud da ordumuzun gedib
Xankəndini azad etməsi Azərbaycan üçün ağır nəticələrə gətirib
çıxarardı. Bilirsiniz, regionda marağı olan böyük dövlətlərin
razılığı olmadan Azərbaycanın böyük hərbi əməliyyatlara başlaması
çox ciddi riskdir. Bəlkə də hər hansı dəlisov bir prezident
nəticələri hesablamadan, düşünmədən riskli addım atır və
gözlənilmədən nəticəsi də olur. Ancaq ağıllı dövlət başçıları
xalqla, dövlətlə riskə getməzlər. Ona görə də Azərbaycan Prezidenti
açıq mesaj verdi ki, həmin populist bəyanatlar verən şəxslər
reallığı başa düşsünlər. Bəlkə də bu cür populist bəyanatları verən
qüvvələr əslində Azərbaycan hökumətini riskli addımlar atmağa
təhrik edirlər ki, bunun da sonunda nələrin baş verəcəyini yalnız
Allah bilir. Həmin qüvvələr isə riskli addımların nəticəsində
yarana biləcək qarşıdurma və çətin vəziyyətdən sui-istifadə edib,
öz siyasi ambisiyalarını və məqsədlərini reallaşdıra bilər. Yəni,
bu cür populist bəyanatları verən şəxslər xalqın taleyi ilə bağlı
zərrə qədər düşünmürlər. Düşünürəm ki, Prezident İlham Əliyev də
çox ağıllı addım ataraq, reallıqlarla bağlı xalqa məlumat vermək
barədə qərar qəbul edib. Bu cür təzyiqlərə davam gətirmək üçün
Azərbaycan öz ordusunu daha da gücləndirməlidir. Təbii ki, dövlət
nə indi, nə də gələcəkdə Dağlıq Qarabağın Azərbaycandan
qoparılmasına imkan verəcək; bununla bağlı hər hansı sənədə imza
atmayacaq.
Eyni zamanda Azərbaycan dövləti diplomatik fəaliyyətini daha da
gücləndirməlidir. Türkiyə ilə hərbi sahədə əməkdaşlıq daha da
genişləndirilməlidir. Çalışmalıyıq ki, Türkiyə ilə qarşılıqlı hərbi
yardım haqqında müvafiq saziş imzalansın.
Yəni bu məsələ ilə bağlı indiki mərhələdə Azərbaycanın atacağı
addım məhz bunlardır. Hesab edirəm ki, bütün bunlar ən düzgün
addımlardır.
– Azərbaycanla Türkiyə arasında qarşılıqlı hərbi yardım
haqqında sazişin imzalanmasına nə mane olur?
– Təbii ki, Azərbaycan tərəfi bu sənədi imzalamağa hazırdır.
Ancaq görünür ki, NATO-ya üzv olması Türkiyəni bu sənədi
imzalamaqdan bir qədər çəkindirir. Türkiyə tərəfi ona görə çəkinir
ki, Azərbaycanla qarşılıqlı hərbi yardım haqqında saziş gələcəkdə
Türkiyənin Rusiya ilə hərbi toqquşmasına gətirib çıxara bilər.
Çünki Ermənistanın hərbi-siyasi müttəfiqi məhz Rusiyadır. Məncə, bu
sənədin imzalanması bizdən çox, Türkiyədən asılı olan
məsələdir.
– Azərbaycan Rusiya ilə Qərbin maraqlarının toqquşduğu
regionda yerləşir. Bəlkə də bu səbəbdəndir ki, həm Rusiya, həm də
Qərb Azərbaycana təzyiq etmək lazım gələndə ilk olaraq işğalçı
Ermənistana hər hansı dəstək verməklə bunu nümayiş etdirir. Belə
çətin proseslərin fonunda Azərbaycan öz xarici siyasətini necə
qurmalıdır ki, həm Qərb, həm də Rusiya bundan narazı
qalmasın?
– Düşünürəm ki, Azərbaycan ilk növbədə Rusiya ilə münasibətləri
yüksək səviyyədə saxlamalıdır. Yəni, Azərbaycan rəhbərliyi təkcə
Prezident Vladimir Putinlə deyil, eyni zamanda Rusiyanın dövlət
siyasətinə təsir edən bütün adamlarla, o cümlədən hərbi-sənaye
sahəsində çalışan rəhbər şəxslərlə ciddi əlaqələr qurmalı və
əməkdaşlıq etməlidir.
Bundan əlavə, Azərbaycan Türkiyə ilə münasibətləri indikindən də
yüksək səviyyəyə çatdırmalıdır. Bu istiqamətdə də çox ciddi
addımlar atmalıdır.
Azərbaycan Rusiyanın tərkibində olan Şimali Qafqaz və digər
muxtariyyətlərlə, o cümlədən Dağıstan, Çeçenistan, Tatarıstan,
İnquşetiya, Başqırdıstan ilə də ciddi əlaqələr qurmalıdır. Çünki
onların əksəriyyəti türkdilli, müsəlman muxtar dövlətlərdir.
Azərbaycanın bu respublikalarla yaxşı əlaqələr qurması bizim Rusiya
ilə münasibətlərimizin normal olmasını şərtləndirir. Biz elə
etməliyik ki, sözügedən federasiya subyektləri də Rusiya
rəhbərliyinin siyasətinə təsir edə bilsin. Hətta təklif edirəm ki,
Azərbaycanda Rusiya üzrə ayrıca nazirlik yaradılsın. Bunun adını ya
Rusiya üzrə, ya da MDB üzrə nazirlik qoymaq olar. Yəni Rusiya ilə
əməkdaşlığın həyata keçirilməsi işi təkcə Xarici İşlər Nazirliyi
səviyyəsində aparılmamalıdır. Bunun üçün yeni nazirliyin
yaradılmasına ehtiyac var. Vaxtilə qonşu Türkiyə və Gürcüstanda da
Avropa Birliyi ilə əməkdaşlıq üzrə nazirlik yaradılıb. Bu cür
qurumlar bir çox ölkələrdə mövcuddur. Düşünürəm ki, Rusiyanın
əhəmiyyətini və orada yaşayan 2 milyondan çox soydaşımızı nəzərə
olaraq bu dövlətlə əməkdaşlıq üzrə ayrıca nazirlik yaradıla bilər.
Paralel olaraq biz Türkiyə ilə də çox sıx şəkildə əməkdaşlıq
etməliyik.
– Rusiya bir tərəfdən Ermənistana "İsgəndər" raketləri
göndərir, digər tərəfdən isə Qarabağ münaqişəsinin sülh yolu ilə
həlli prosesində yaxından iştirak etdiyini bəyan edir. Sizcə,
Rusiya Azərbaycana qarşı nə dərəcədə səmimi mövqedə
dayanıb?
– BMT və digər beynəlxalq təşkilatların son açıqlamalarına görə,
müstəqilik əldə edəndən sonra Ermənistan əhalisinin 29 faizi ölkəni
tərk edib. Bunun səbəbi heç də Ermənistanda iqtisadi vəziyyətin
ağırlığı ilə bağlı deyil. Bu, Qarabağda yeni müharibə təhlükəsinin
olması ilə izah olunur. Ermənistanda xüsusilə də gənclər ölkəni
tərk edir, nəticədə isə əhali yaşlaşır. Bilirsiniz ki, bu ilin
aprel ayında Moskvada Azərbaycan və Ermənistan arasında yeni
atəşkəs sazişi imzalanıb. Amma bu saziş ona görə imzalanıb ki,
münaqişənin sülh yolu illə həlli istiqamətində ciddi addımlar
atılsın. Əgər bu addımlar atılmırsa, atəşkəs sazişinə Ermənistan
tərəfi tam əməl etmirsə, Azərbaycan artıq cavab zərbələri endirmək
barədə düşünməlidir. Cəbhədə irimiqyaslı hərbi əməliyyatlar olmasa
belə, işğalçı erməni hərbiçilərinin məhv edilməsi prosesi davam
etməlidir. Bütün bunlar Ermənistanda mövcud olan gərginliyi daha da
artıracaq. Ermənistan tərəfi hər gün atəşkəsi dəfələrlə pozur. Bu
baxımdan da aprel əməliyyatları miqyasında olmasa belə,
Ermənistanın hər açdığı atəşinə Azərbaycan ordusunun ciddi cavab
zərbələri olmalıdır. Bunun nəticəsində isə Ermənistan tərəfi ciddi
itkilər verməlidir. Biz elə vəziyyət yaratmalıyıq ki, işğalçı
Ermənistan özü havadarı olan Rusiyadan bu probleminin tezliklə
həllini tələb etsin. Yəni, münaqişənin həllini təkcə biz Rusiyadan
tələb etməyək, eyni zamanda işğalçı Ermənistan da tələb etsin. Bu
baxımdan da düşünürəm ki, yaxın zamanlarda prezidentlərin görüşü
baş tutmayacaqsa və Ermənistan sülh sazişinin tələblərinə əməl
etməyəcəksə, bu istiqamətdə növbəti addım atılmalıdır.
Rusiyanın Ermənistana "İsgəndər" raketlərini verməsi isə
Azərbaycanın irimiqyaslı hərbi əməliyyatlardan çəkindirmək məqsədi
daşıyır. Amma düşünürəm ki, Azərbaycan tərəfi bütün bunlara görə
təmkinsiz davranıb Rusiya ilə münasibətləri korlamalı deyil.
Əslində, bu faktın özü Azərbaycanı Rusiya ilə daha sıx işləməyə
sövq etməlidir. Çünki biz bununla Rusiyanın Dağlıq Qarabağ
münaqişəsinin həllində müsbət addım atmasına nail ola bilərik.
Söylədiyim kimi, bunun üçün də Azərbaycan Rusiya ilə sıx işləməli
və eyni zamanda cəbhədə gərginliyi artırmalıdır.
– Rusiya İsgəndər-M raketlərini Azərbaycana da sata
bilərmi?
– Doğrusu, Rusiyanın bu silahı Azərbaycana satması az inandırıcı
görünür. Bu cür silahların qiyməti həddindən çox bahadır. Eyni
zamanda inanmıram ki, Ermənistan o silahdan istifadə edə bilsin.
Çünki bu silah böyük ərazilərə malik dövlətlər üçün nəzərdə
tutulur. Ancaq Azərbaycan və Ermənistanın əraziləri coğrafi
baxımdan kiçikdir. İsgəndər-M silahından istifadə olunduğu təqdirdə
bütün region ölkələri dağıla bilər. Bu baxımdan da inanmıram ki,
Rusiya Ermənistana bu silahdan istifadə etməyə icazə versin.
Digər tərəfdən isə 500 kilometrlik məsafəni vuran silahlara
Azərbaycanın ehtiyacı yoxdur. Naxçıvandan İrəvana olan məsafə 70-80
kilometrdir. Azərbaycan istəsə, İrəvanı Naxçıvandan çox asanlıqla
vura bilər. Bizim paytaxt İrəvanı yer üzündən silmək üçün kifayət
qədər güclü və müasir silahlarımız var. Ona görə Azərbaycanın
İsgəndər-M kimi uzaq mənzilli və bahalı silahların alınmasına
ehtiyacı yoxdur. Bizə sadəcə güclü raketdən müdafiə sistemləri
lazımdır. Bildiyimə görə, artıq Azərbaycanda müasir raketdən
müdafiə sistemləri var. Bu sistemlər daha da yenilənməlidir. Yəni,
Azərbaycan daha etibarlı müasir raketdən müdafiə sistemləri almağa
çalışmalıdır. Bilirsiz ki, Azərbaycan ilə İsrail arasında
silah-sursat alınması ilə bağlı hərbi əməkdaşlıq mövcuddur.
Azərbaycan çalışmalıdır ki, İsraildən daha müasir raketdən müdafiə
sistemləri alsın.
– ABŞ-ın dövlət katibi Con Kerri Dağlıq Qarabağ
münaqişəsinin həlli ilə bağlı danışarkən, bildirib ki, Azərbaycan
və Ermənistan rəhbərləri sülhə hazır deyillər. Sizcə, Con Kerrinin
bu açıqlaması gələn ay ABŞ-da keçiriləcək seçkilərə hesablanıb,
yoxsa ermənipərəstlikdən irəli gəlir?
– Əvvəllər də söyləmişəm və Azərbaycanda da hamı yaxşı bilir ki,
Con Kerri ermənipərəst mövqeyi ilə seçilən konqresmen olub. Yəni
Con Kerri erməni lobbisinin nəzarətində olan siyasətçidir.
Azərbaycan ilə Ermənistan arasında münaqişə başlayandan bəri Con
Kerri ermənilərin tərəfində olub. Onun Qarabağla bağlı son
açıqlaması da ermənipərəst bəyanatdır. O, bu bəyanatı ilə birbaşa
və açıq şəkildə işğalçı Ermənistanı dəstəkləyib. Mən bir neçə dəfə
bunu bildirmişəm ki, adam gərək son dərəcə beynəlxalq hüquqa bu
qədər sayğısız münasibət sərgiləməli, özünə hörmət qoymamalıdır ki,
o, münaqişənin həllinin tərəflərdən asılılığını desin. Azərbaycanı
işğalçı Ermənistanla bərabərləşdirmək heç bir əxlaqa və mənəviyyata
sığmır. Mənəviyyatlı və əxlaqlı siyasətçi özünə sığışdırıb heç
zaman bu cür fikirlər səsləndirməz. Çox təəssüf ki, Con Kerri və
digər bu kimi şəxslər erməni lobbisinin maliyyələşdirdiyivə himayə
etdiyi siyasətçilərdir. Bu cür siyasətçilər erməni lobbisindən
aldıqlarının qarşılığında işğalçı Ermənistana xidmət
göstərməlidirlər və göstərirlər.
Digər tərəfdən, ABŞ bir müddət öncə Rusiyanın Qarabağ
münaqişəsinin həlli ilə bağlı fəallığını müşahidə edirdi. Çünki bir
müddət Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində fəallaşmışdı.
İndi ABŞ Con Kerrinin bu cür bəyanatları ilə Rusiyanın Ermənistanı
tam qane etməyən təşəbbüslərini gözdən salmağa, buna mane olmağa
çalışır. ABŞ yaxşı bilir ki, Qarabağ münaqişəsinin ədalətli həlli
Rusiyanın regionda nüfuzunu qaldıra bilər. ABŞ Rusiyanın
vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həll
olunmasını istəmir. Çünki Ukrayna və Suriya problemlərinə görə ABŞ
və Rusiya arasında "soyuq müharibə" yenidən başlayıb. Bu baxımdan
da Con Kerrinin məlum bəyanatı həm də buna hesablanıb. ABŞ hər
zaman çalışıb ki, Rusiyanın əli ilə Qarabağı alıb ermənilərə versin
və bununla da bizi Rusiya ilə əbədi düşmən etsin.
Digər səbəb isə ABŞ-da erməni lobbisinin çox güclü olmasıdır.
Yəni Con Kerrinin sözügedən bəyanatının ABŞ-da prezident seçkiləri
ilə bağlı başladılan seçki kampaniyasına da təsiri var. Bu da əsas
səbəblərdən biridir.
Bütövlükdə, burada səbəblər toplusu odur ki, Rusiyanın Qarabağ
münaqişəsinin həlli ilə bağlı vasitəçiliyinə mane olmaq,
ermənipərəst mövqe tutmaq və erməni lobbisinin səsini qazanmaqdır.
Şübhəsiz ki, xristian həmrəyliyi də ədalətin pozulmasında əsas
səbəblərdən biridir. Ermənistan xristian ölkəsi olduğu üçün bu
həmrəylik hər zaman özünü göstərib.
– Milli Məclisin son plenar iclasında "Avropa Parlamenti
ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əməkdaşlıq
məsələləri haqqında" qərar layihəsi müzakirəyə çıxarılaraq, qəbul
olunub. Bundan sonra Azərbaycanın Avronest Parlament
Assambleyasında fəaliyyəti necə olacaq?
– Azərbaycan Avronest Parlament Assambleyasında fəaliyyətini
dayandırmışdı. Avronest Parlament Assambleyası keçmiş 6 SSRİ ölkəsi
ilə Avropa Parlamentinin birgə layihəsi idi. Yəni Azərbaycan da
daxil olmaqla 6 ölkə Avropa Parlamenti ilə bir yerdə Parlament
Assambleyası formalaşdırmışdı. Düşünürəm ki, Azərbaycan Avronest
Parlament Assambleyasından bundan sonrakı fəaliyyətini bərpa
edəcək. Çünki Avropa Parlamentinin Azərbaycana göndərdiyi nümayəndə
heyəti ilə bununla bağlı birgə bəyanat imzalanıb. Onlar da öz
üzərlərinə müəyyən öhdəliklər götürüblər ki, Azərbaycanla bağlı
olan məsələlər əvvəlcə Avronestdə müzakirə olunmalıdır, daha sonra
Avropa Parlamentinin müzakirə çıxarılmalıdır. Amma çox təəssüf ki,
onlar Avronestdə müzakirə olunmadan Azərbaycanla bağlı qərarlar
qəbul ediblər. Yəni Avropa Parlamenti Azərbaycan tərəfi ilə
müzakirə etmədən hər hansı məsələni təcili olaraq plenar iclasın
müzakirəsinə çıxarıb. Bu isə Azərbaycan tərəfini hər zaman narazı
salıb. Düşünürəm ki, bundan sonra Avropa Parlamenti Azərbaycanla
münasibətdə daha təmkinli davranacaq. Onlar da maraqlıdır ki,
Azərbaycanla əməkdaşlıq davam etsin.
Ötən ay Avropa Parlamentinin bir qrup üzvü Bakıya səfər edən
zaman Prezident İlham Əliyevlə görüşüb danışıqlar aparmışdı. Həmin
görüşdən sonra da razılıq əldə olunub. Daha sonra əməkdaşlıq
haqqında birgə bəyanat imzalanıb. Onlar Azərbaycana qarşı səhv
addımlar atıldığını etiraf edərək, öz üzərilərinə müəyyən
öhdəliklər götürüblər. Öhdəlik o oldu ki, bundan sonra Azərbaycana
qarşı daha ədalətli və dürüst münasibət göstəriləcək. Bütün
normalara da əməl olunacaq. Azərbaycan yalnız bundan sonra
əməkdaşlığın davam etdirilməsinə razılıq verib.
Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə
heyətinin tərkibinin dəyişdirilməsi ilə bağlı da hər hansı qərar
qəbul olunmayıb. Deyəsən oktyabrın 26-da da Azərbaycan nümayəndə
heyəti səfər edəcək, orada danışıqlar aparılacaq və bundan sonra
əməkdaşlığın konkret nə vaxtdan başlanılması müəyyən olunacaq.
Bütün bunlara görə hesab edirəm ki, Azərbaycan Avropa və Qərb
institutları ilə də əməkdaşlığı genişləndirməlidir. Amma biz bir
faktı yaddan çıxartmamalıyıq ki, Azərbaycanın dağlıq Qarabağ
problemi mövcuddur. Ona görə də biz Rusiya ilə daha sıx əməkdaşlıq
etməliyik. Bu isə o demək deyil ki, Azərbaycan Qərblə əməkdaşlığını
məhdudlaşdırmalıdır.
Bilirsiz, dünyada siyasi və iqtisadi baxımdan çox güclü erməni
lobbisi mövcuddur. Həmin erməni lobbisi Qərb dövlətlərində,
Fransada, ABŞ-da və digər ölkələrin ictimai-siyasi proseslərində,
mədəni həyatında çox yaxından iştirak edirlər. Bizim bəzi ucuz
divident qazanmaq istəyən populist çıxışlar edən siyasətçilərimiz
var ki, onlar Azərbaycanın Qərbə inteqrasiya etməsini, daha çox
əməkdaşlıq etməsini tələb edirlər. Mən onlara hər zaman deyirəm ki,
siz ABŞ, Fransa və digər dövlətlərdəki erməni lobbisindən ağıllı
deyilsiz. Onlara sual verirəm ki, Fransa və ABŞ-dakı erməni
lobbisinin Ermənistan hakimiyyətinə oxşar çağırışlarını
görmüsünüzmü? Axı ABŞ və Fransada yaşayan erməni istəməlidir ki,
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının,
Avrasiya İttifaqının üzvü olmasın, Rusiya ilə əməkdaşlıq etməsin.
Niyə bu cür çağırışlar Ermənistanda edilmir? Çünki həmin erməni
lobbisi Fransada, ABŞ-da və digər ölkələrdə ola-ola başa düşür ki,
əgər Ermənistan Dağlıq Qarabağı Azərbaycandan qoparmaq istəyirsə,
bunu Rusiyanın əli ilə edə bilər. Ona görə də ermənilər heç zaman
belə çağırışlar etmirlər. Əksinə, tövsiyə edirlər ki, Rusiya ilə
daha yaxın olun. İndi mən özümüzün "ağıllı siyasətçilərimizə" üzümü
tutub yenə deyirəm ki, siz Azərbaycan tamamilə Qərbə inteqrasiya
yolunu tutsun, Rusiyadan imtina etsin söyləyəndə Azərbaycan dövləti
və xalqı haqqında heç düşünmürsüz? Yoxsa, yalnız özünüz barədə
düşünürsüz? Ona görə də Prezident İlham Əliyev söylədi ki, indiki
siyasətin alternativi ölkəni xaosa, qanlı hadisələrə söykəmək demək
olar. Buna görə də hesab edirəm ki, əgər biz Dağlıq Qarabağ
münaqişəsini həll etmək istəyiriksə, o zaman Rusiya ilə daha da
yaxın olmağa məhkumuq. Həm də onu nəzərə almalıyıq ki, Rusiya
Azərbaycan üçün böyük bazardır. Bu gün Azərbaycan məhsullarının
Avropa bazarlarına girməsi çox çətindir. Bu baxımdan da Rusiya
Azərbaycana iqtisadi baxımdan da lazımdır. Onu da nəzərə alaq ki,
bu gün Rusiyada 2 milyondan çox azərbaycanlı yaşayır. Buna görə də
biz Rusiya ilə yaxın qonşuluq siyasəti həyata keçirməliyik. Amma
çalışmalıyıq ki, Rusiyanı inandıra bilək və əvəzində isə Kreml
Qarabağ münaqişəsinin həllinə töhfə versin.
– Azərbaycanda Gülən şəbəkəsi nə qədər təhlükəli hesab
olunur? Yeri gəlmişkən, ötən həftə Türkiyənin "Sabah" qəzeti
Fətullahçı Terror Təşkilatı təşkilatının üzvləri ilə bağlı
Ankaradan Azərbaycanın Baş prokuroru Zakir Qaralova müraciət
edilməsi ilə bağlı məlumat yayıb...
– Bilirsiz ki, gülənçilərlə əməkdaşlıq etmək başqa məsələdir.
Ancaq bu şəbəkənin üzvü olmaq, xidmət göstərmək, onları
maliyyələşdirmək, gizli planlarda yer almaq və sairə kimi məsələyə
yanaşma tamam fərqli olmalıdır. Türkiyədə bu şəbəkə ilə
münasibətlər 2013-cü ildən gərginləşməyə başladı. Ancaq bu vaxta
qədər isə Fətullah Gülən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın,
hakim Ədalət və İnkişaf Partiyasının (AKP) müttəfiqi sayılırdı.
Bunlar həm də siyasi ortaq idilər. Həmin vaxta qədər Azərbaycanda
gülənçilərlə əməkdaşlıq etmiş çoxlu sayda siyasətçilər,
jurnalistlər, elm xadimləri də buna Türkiyə dövləti ilə əməkdaşlıq
kimi baxırdılar və qəbul edirdilər. Ona görə də bu məsələləri
mütləq fərqləndirmək lazımdır. Kimsə zamanında Fətullah Gülən
haqqında xoş sözlər deyibsə, onların tədbirlərində iştirak edibsə,
həmin şəxsləri bu gün terror təşkilatının üzvü və dəstəkçisi kimi
təqdim etmək, onlara qarşı qarayaxma kampaniyası aparmaq
yolverilməzdir. Mən bunu qətiyyətlə pisləyirəm. Amma mən zamanında
görürdüm ki, Fətullah Gülən təşkilatının siyasi iddiaları var. Özü
də bunlar dini siyasətlə birləşdirirdilər. Mən də bütün bunları
görürdüm və bundan narahat olduğumu bölüşürdüm. Ona görə də mən
zamanında Gülən şəbəkəsinin əleyhinə çıxışlar etmişəm. Azərbaycanlı
uşaqların Gülən məktəblərində oxudulmasının əleyhinə olmuşam.
Bununla bağlı xeyli çıxışlarım olub ki, Gülən məktəbləri
Azərbaycanın ən istedadlı uşaqlarını seçib götürür. Onların
məktəblərində təhsil haqqı yüksək olduğu üçün burada daha çox orta
təbəqənin uşaqları təhsil ala bilirdi. Bunun nəticəsində isə
Azərbaycanda orta təbəqə öz uşaqlarına görə Gülən şəbəkəsinə
bağlanırdı. Bütün bunlar isə Azərbaycan dövlətçiliyi və dünyəvi
dövlət modeli üçün təhlükə idi. Yenə də deyirəm, mən bütün bunları
vaxtında görürdüm və narazılığımı çatdırırdım. İndin də hesab
edirəm ki, əgər Azərbaycanda kimlərsə Fətullah Gülənin gizli
planlarında və işlərində yer alıblarsa, qanunları pozublarsa
,əlbəttə ki, o şəxslərə qarşı cinayət işi açılmalıdır. Yox kimlərsə
sadəcə əməkdaşlıq ediblərsə, həmin insanların təqib olunması
yolverilməzdir.
– Gələn həftə Azərbaycanın dövlət müstəqilliyinin 25 ili
tamam olur. Azərbaycanda xalq hərəkatı başlayan zaman siz də
müstəqilliyimizin əldə olunması uğrunda gedən proseslərdə yaxından
iştirak etmişiniz. Bu illər ərzində Azərbaycanın keçdiyi yol barədə
nə deyə bilərsiz?
– Həmin vaxtı mən tələbə və tələbə hərəkatının önündə gedən
şəxslərdən biri idim. O vaxtı biz Bakının bütün ali məktəblərini
birləşdirən Şimali Azərbaycan Azad Tələbə İttifaqı yaratmışdıq.
Onun sədri isə mən idim. Həmin dövrdə tələbə hərəkatı çox güclü
idi. Bundan başqa, biz Bakı Dövlət Universitetində (BDU) Azərbaycan
Xalq Cəbhəsinin təşkilatını yaratmışdıq. Bu təşkilatın təşəbbüs
qrupunun və İdarə Heyəti üzvlərindən biri olmuşam. Ona görə də
düşünürəm ki, 18 oktyabr günü ilə bağlı Azərbaycanın
müstəqilliyinin 25 illiyi dövlət tərəfindən yüksək səviyyədə qeyd
olunmalıdır. Bilirsiz ki, 1991-ci martın 17-də SSRİ-nin
saxlanılması üçün Azərbaycanda referendumun keçirilməsi ilə bağlı
Ali Sovetdə müzakirələr zamanı 43 nəfər bunun əleyhinə səs verib.
İndiyədək mən ən azı 2 dəfə Milli Məclisdə məsələ qaldırmışam ki,
həmin 43 nəfərə "İstiqlal" ordeni verilsin. Yəni, 18 oktyabrda səs
verən 260 nəfərin hamısına yox, 17 martda referendumun keçirilməsi
əleyhinə səs verən 43 nəfərə "İstiqlal" ordeni verilməlidir. Həmin
43 nəfərin içərisində Azərbaycanın mərhum prezidenti Heydər Əliyev
də var.Heydər Əliyev yalnız Sovet İmperiyası dövründə 2 dəfə
Sosialist Əməyi Qəhrəmanı adını alıb. O, müstəqil Azərbaycanın heç
bir ordeni ilə təltif olunmayıb. Mən düşünürəm ki, Heydər Əliyevə
"İstiqlal" ordeni verilməlidir. Çünki Heydər Əliyev Azərbaycanda
Milli Azadlıq Hərəkatına çox ciddi dəstək verib, SSRİ-nin
saxlanılması əleyhinə səs verən 43 nəfərdən biri olub, Naxçıvan
Muxtar Respublikasında SSRİ-nin saxlanılması ilə bağlı referendumun
keçirilməsinə ümumiyyətlə imkan verməyib. Bütün bu xidmətlərinə
görə Heydər Əliyevin "İstiqlal" ordeni almağa haqqı var. həmçinin
Azərbaycan Xalq Hərəkatının lideri Əbülfəz Elçibəyə də "İstiqlal"
ordeni verilməlidir. Bu iqtidara baş ucalığı gətirər, milli birliyə
xidmət edər, Azərbaycan xalqı tərəfindən də yüksək qiymətləndirilər
və Prezident İlham Əliyevin də nüfuzuna əlavə nüfuz gətirər.
– Azərbaycanda müxalifətin vəziyyətini necə
qiymətləndirirsiz?
– Azərbaycanda müxalifət çox təəssüf ki, iki yerə bölünür. Yəni
hakimiyyətlə əməkdaşlıqda maraqlı olan konstruktiv müxalifət və
nəyin bahasına olursa-olsun hakimiyyətə gəlməyə çalışan, bunun üçün
şeytanla da əməkdaşlığa hazır olan qüvvələr mövcuddur. Qeyri-
konstruktiv müxalifət üçün dəstəyin Ermənistan, Rusiya, İran və ya
Qərbdən gəlməsinin fərqi yoxdur. Onlar həmin dövlətlərlə istənilən
məsələdə əməkdaşlıq etməyə hazırdırlar. Biz bunu 2013-cü ilin
prezident seçkilərin ərəfəsində Milli Şura yaradılan zaman gördük.
Həmin vaxtı bu prosesə həm islamçılar, həm də Rusiyadakı bəzi
insanlar qoşulmuşdu. Bunlar da çox böyük həvəslə həmin şəxsləri öz
aralarına aldılar. Hətta, qərar qəbul etdilər ki, Azərbaycanın
xarici siyasət kursu referenduma müəyyənləşəcək. Halbuki, indi
özləri hakimiyyəti ittiham edirlər ki. Azərbaycan nə üçün qərbə
inteqrasiya etmir və sairə. Bu adamlar heç zaman bu suala cavab
vermir ki, axı niyə Milli Şuranın təsis bəyannaməsində Azərbaycanın
xarici siyasətinin referendumla müəyyən olunacağı yazılıb. Nə üçün
indi də çağırış edirsiz ki, Qərbyönümlü siyasət aparılsın. Bəlkə
elə xalq referendumda deyəcəkdi ki, Qərbyönümlü siyasət
aparılmasın. Bu adamlar zaman-zaman özlərini ifşa ediblər.
Bu gün Milli Şuranın başında dayanan adamlar zamanında
hakimiyyəti tərif edən çıxışlar edib, qalın-qalın kitablar yazıb.
Bundan əlavə, Milli Şuranın sədri Cəmil Həsənli hər il Fəxri
Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib, onun məzarı önündə
baş əyib. Bütün bunların arxiv kadrları indi qalır.
Həmin kitabları tərcümə etdirib, dünyanın bir çox yerinə
göndərib. Həmin kitablarda açıq şəkildə yazır ki, Prezident İlham
Əliyev Azərbaycanı dünyanın nüfuzlu ölkəsinə və regionun lider
dövlətinə çevirib. Bu şəxs deputat seçilmədiyi üçün qəfil mövqeyini
dəyişirsə, indi onu kim ciddi qəbul edə bilər? Təbii ki, heç kəs
ciddi qəbul etməz. Yəni, Azərbaycanda belə müxalifət də mövcuddur.
İndi onlar tək müxalifət olduqlarını iddia edirsə, eybi yox,
etsinlər. Azərbaycan demokratik ölkədir. Buna heç kəs mane olmur.
Ancaq bizim öz mövqeyimiz və yolumuz var.
– Milli Şuranın təşkil etdiyi son mitinqlərlə bağlı nə
deyə bilərsiz?
– Bu mitinqlərə gələnlərin əksəriyyəti dindarlar idilər.
Mitinqdə çıxış edən Kərimlinin "hakimiyyət hicabı qadağan edib, biz
gəlib onu azad edəcəyik" söyləməsi də bir daha sübut edir ki, o da
mitinqə gələnlərin böyük əksəriyyətinin dindarlar olmasının
fərqində idi. Bunun da əsas səbəbi Nardaran hadisələri ilə bağlı
idi. Nardaranda bəzi insanlar uzun müddətdən bəri Azərbaycan
qanunlarına hörmət etmirdi, qanunun tələblərini kobud şəkildə
pozurdular. Nardaran İranın bir qəsəbəsinə oxşamaqla Azərbaycan
dövləti üçün hər an partlaya biləcək minaya çevrilmişdi. Hökumət də
bu təhlükəni aradan qaldırmaq üçün lazımı addımlar atdı. Bununla
bağlı polis Nardaranda əməliyyat keçirdi və həbs olunanlar oldu.
Milli Şuranın son aksiyalarına gələnlərin də böyük əksəriyyəti
Nardaranda həbs olunan şəxslərin yaxınları və qohumları idi.
Bundan əlavə, xaricə getmək üçün yollar axtaran adamlar var idi
ki, onlar da Milli Şuranın mitinqinə qatılıb şəkil çəkdirərək,
aradan çıxıblar. Həmin şəxslər bu fotoları təqdim etməklə, xaricdə
sığınacaq almaq istəyirlər. Sosial şəbəkədə də məlumatlar yayılırdı
ki, həmin aksiyalarda iştirak edən şəxslərə xarıcdə sığınacaq almaq
üçün arayışlar verilir. Milli Şurada bunun da bazarı açılıbmış.