Dağlıq Qarabağ münaqişəsi regionun inkişafına ən böyük
maneədir.
Axar.az xəbər verir ki, Azərbaycan Prezidenti Administrasiyası
rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz
Məmmədov rəsmi qəzetdə dərc olunan məqaləsində qeyd edib.
N.Məmmədov bildirib ki, bu gün Azərbaycanın qarşısında duran ən
böyük çağırış Dağlıq Qarabağ probleminin həll olunmasıdır:
"Azərbaycanın regional və beynəlxalq səviyyədə fəaliyyətinin
qarşısında dayanan birinci dərəcəli məqsəd öz ərazi bütövlüyünün
bərpasıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi isə
təkcə Azərbaycanın deyil, eləcə də bütün regionun inkişafı
qarşısında duran əsas maneədir. 20 ildən çoxdur ki, Azərbaycanın
ayrılmaz hissəsi olan Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon
Ermənistanın işğalı altındadır. Ermənistanın hərbi təcavüzü və
etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal
edilmiş, ölkədə 1 milyondan çox insan qaçqın və məcburi köçkün
vəziyyətinə düşmüşdür. Azərbaycanın mövqeyi bundan ibarətdir ki,
münaqişə yalnız beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır".
PA rəsmisinin bildirib ki, dünya birliyi və beynəlxalq
təşkilatlar da Azərbaycanın ərazi bütövlüyünü tanıyır və
münaqişənin beynəlxalq hüquq normalarına uyğun, ədalətli həllinin
tərəfdarıdır:
"Münaqişənin həllinin hüquqi əsasları BMT-nin Nizamnaməsi,
Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT
Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi qətnamə, habelə Qoşulmama
Hərəkatı, ATƏT, Avropa Şurası, NATO, Avropa Parlamenti, İslam
Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların qərar və
qətnamələrinə, beynəlxalq hüququn norma və prinsiplərinə söykənir.
Bütün bu sənədlər Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və
beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığını
təsdiqləyir".
N.Məmmədov əlavə edib ki, Azərbaycanın beynəlxalq təşkilatlar
çərçivəsində son illər atdığı addımlar diqqəti çəkir:
"Bu istiqamətdə atılan addımlar göstərir ki, Azərbaycan
diplomatiyasının beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyəti
əsasən Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin suverenliyi, ərazi
bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində
həll edilməsinə yönələn beynəlxalq səylərin gücləndirilməsinə
yönəlib. Bu istiqamətdə son bir il ərzində beynəlxalq səviyyədə
qəbul edilmiş 5 sənəd diqqəti cəlb edir. 2015-ci il mayın 27-28-də
İslam Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının iclasında qəbul
olunmuş "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı
təcavüzü" adlı qətnamə, Avropa İnsan Hüquqları Məhkəməsinin 2015-ci
il 16 iyun tarixli qərarı, 2015-ci il iyulun 5-9-da keçirilmiş
ATƏT-in Parlament Assambleyasının iclasında qəbul edilən "ATƏT
məkanında dövlətlərarası münasibətlərdə Helsinki Prinsiplərinə
sadiqlik haqqında" qətnamə, 2015-ci il noyabrın 4-də isə AŞPA-nın
Siyasi məsələlər və demokratiya komitəsi "Dağlıq Qarabağ və
Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılığın artması"
adlı qətnamə və 2016-cı ildə İslam Əməkdaşlıq Təşkilatının İstanbul
Zirvə görüşündə qəbul olunmuş Yekun Bəyannamə. Bütün bu sənədlərdə
Azərbaycan ərazilərinin işğal olunması faktı təsdiq olunub və
münaqişənin Azərbaycanın dövlət suverenliyi və ərazi bütövlüyünün
təmini prinsipləri əsasında həllinin zəruriliyi də vurğulanıb".
Novruz Məmmədov məqalədə Xocalı soyqırımından da bəhs edib:
"Münaqişədən bəhs edərkən, Xocalı soyqırımını xatırlamamaq
mümkün deyil. Belə ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə
Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ
ərazisindəki erməni silahlı dəstələri və keçmiş SSRİ-nin Xankəndidə
yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının
bilavasitə iştirakı ilə Xocalı şəhərini zəbt edərək soyqırımı
həyata keçirib. Xocalının işğalı zamanı bir gecədə dinc əhalidən
613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi
amansızlıqla, işgəncələrlə öldürülüb, insanların başları kəsilmiş,
gözləri çıxarılıb, hamilə qadınların qarınları süngü ilə
deşik-deşik edilmişdir. Son illər Meksika, Pakistan, Kolumbiya,
Çexiya Respublikası, Bosniya və Herseqovina, Peru, Rumıniya,
Panama, İordaniya, Sudan, Honduras, Qvatemala parlamentləri Xocalı
soyqırımını tanımışlar. ABŞ-ın Vest Virciniya, Kaliforniya,
Massaçusets, Texas, Nyu Cersi, Meyn, Nyu Meksika, Arkanzas,
Corciya, Oklahoma, Tennessi, Pensilvaniya, Konnektikut, Florida,
Missisipi ştatlarının qanunverici orqanlarında da müvafiq
qətnamələr qəbul olunmuş, Xocalıda qırğın törədənlərin məsuliyyətə
cəlb olunması tələb edilib. ABŞ-ın Havay və Montana ştatlarının
qubernatorları da Xocalı faciəsinin tanınması ilə bağlı xüsusi
bəyannamə imzalayıblar. Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyevanın təşəbbüsü əsasında dünyanın 40-dan çox ölkəsində
həyata keçirilən "Xocalıya ədalət!'' kampaniyasının məqsədi də
beynəlxalq ictimaiyyəti bu qanlı hadisə ilə bağlı ətraflı
məlumatlandırmaqdır".
PA rəsmisi qeyd edib ki, 1992-ci ilin mart ayında yaradılan
ATƏT-in Minsk Qrupunun məqsədi Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə vasitəçi
olmaqdır:
"1996-cı ilin dekabrından Minsk qrupuna üç dövlət - Rusiya, ABŞ
və Fransa həmsədrlik edir. Lakin təəssüf ki, münaqişə hələ də həll
olunmamış qalır. Minsk qrupunun vasitəçiliyi ilə aparılan
danışıqlarda bu günə qədər irəliləyiş əldə edilməyib. Ermənistan
münaqişənin həllində maraqlı deyil. "Nə hərb, nə də sülh
vəziyyəti"ni saxlamaq istəyir. Lakin 2016-cı ilin aprel ayının
əvvəllərində Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində
qoşunların təmas xəttində çoxsaylı insan tələfatı ilə müşayiət
olunan gərginlik bir daha göstərdi ki, münaqişənin dondurulmuş
qalması hər an qaynar müharibəyə səbəb ola bilər. Beynəlxalq
vasitəçilər isə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsələr də,
nədənsə bununla bağlı birmənalı mövqe nümayiş etdirmirlər. Biz
ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlərin, eləcə də dünya
ictimaiyyətinin münaqişənin ədalətli həlli üçün konkret addımlar
atmasını gözləyirik. Ədalət prinsipinə əməl edilməməsi nəinki
regionu, bütün dünyanı böhrana sürükləyir".