Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) "Reket
jurnalistika"ya qarşı mübarizə komissiyasının iclası
keçirilib.
Komissiyanın sədri, "İki sahil" qəzetinin baş redaktoru Vüqar
Rəhimzadə iclasın gündəliyi barədə məlumat verib. O bildirib ki,
gündəliyə ümumilikdə 15 məsələnin müzakirəsi daxil edilib. Onlardan
biri şikayətlər üzrə komissiyanın təqdimatına əsaslanıb.
Müzakirələrdən sonra "Kölgəli iqtisadiyyat və korrupsiya",
"İqtisadiyyat və kölgə" qəzetlərinin MŞ-nin "qara siyahı"sına
salınmasına dair rəy çıxarılıb.
Bununla bağlı Şuranın İdarə Heyətinə müvafiq təqdimat verilməsi
razılaşdırılıb. Məsələ ətrafındakı diskussiyalarda hər iki nəşrin
eyni adama - Səfərov Həsən Səfər oğluna məxsus olduğu, kütləvi
informasiya vasitələrində peşə davranışı qaydalarına tam etinasız
yanaşıldığı vurğulanıb. Bildirilib ki, qəzetlərin yarıtmaz
fəaliyyəti ilə əlaqədar Azərbaycan Baş Prokurorluğunun Korrupsiyaya
qarşı mübarizə İdarəsindən də müvafiq təqdimat daxil olub.
Eyni zamanda, MŞ-nin Şikayətlər üzrə komissiyasının sonuncu
iclasında "İqtisadiyyat və kölgə" qəzetindən şikayətlərin nəzərdən
keçirildiyi, mövcud xüsusda rəyin də çıxarıldığı diqqətə
çatdırılıb.
İclasda, həmçinin MŞ-nin "qara siyahı"sında yer almış bəzi
KİV-lərin siyahıdan çıxarılması ilə bağlı müzakirələr də aparılıb.
Bununla əlaqədar 20-dən artıq müraciətə baxılıb, MŞ-nin müvafiq
təlimatına əsaslanılaraq prosedur fəaliyyət həyata keçirilib,
müraciət müəllifləri dinlənilib. (ANS)