Rəsul Quliyevin Açıq Cəmiyyət Partiyasının (ACP)
liderliyindən istefa səbəbi məlum oldu. ACP-dən istefa vermiş
keçmiş funksionerlərindən biri "Publika.az"a bununla bağlı ilginc
məlumat verib. Mənbə bildirib ki, Milli Şurada ciddi narazılığa
səbəb olan Rəsul Quliyevlə ACP sədri Sülhəddin Əkbərin qalmaqallı
telefon danışığını S.Əkbər yayıb.
"Onun stenoqramda Rəsul Quliyevin bütün suallarına, sözlərinə
"hə, hmm" kimi cavablar verməsi də bununla bağlı olub. Əvvəlcədən
telefonun diktofonunu qoşaraq danışığı yayıb. Sonra həmin danışığı
rusiyalı naməlum şəxsin ad altında mətbuata ötürüb. Bununla da
şübhələri özündən yayındırıb. Məqsəd də R.Quliyevi Milli Şuranın,
ümumiyyətlə, demokratik düşərgənin qarşısında pis duruma salmaq,
beləliklə də onu uzaqlaşdırmaq idi. Həm də ACP-də yaranmış son
məsələlərlə bağlı qisas alırdı", - deyə mənbə qeyd edib. Bildirib
ki, S.Əkbər bununla da ACP-də öz liderliyini təmin etmək
istəyirdi.
Qeyd edək ki, bu ilin sentyabrın 24-də Azərbaycanda yüzlərlə
jurnalistə internet üzərindən eks-spiker Rəsul Quliyevlə Sülhəddin
Əkbərin telefon danışığının audioyazısı "Aleksandr İvanov"a məxsus
"feysbuk", "gmail.com", "yahoo.com", "mail.ru" ünvanlarından
göndərilib. Lakin maraqlıdır ki, məlumatı göndərən ünvanlara
yazılan məktublar dərhal geri qayıdır.
2 dəqiqə 6 saniyəlik audioyazıda Milli Şuranın 22 sentyabr
mitinqini canlı izləyən Rəsul Quliyev ABŞ-dan partiyasının sədri
Sülhəddin Əkbərə zəng vuraraq, təəssüratlarını bölüşür.
Audioyazının stenoqramında danışıq belədir:
- Salam, Sülhəddin.
- Salam, salam. Necəsiz?
-Yaxşıyam, sağ ol. Siz orda ə, nə multfilm düzəltmisiniz ə,
ayıb-ayıb? Sən öl, kefsiz e. Ə, multfilmdi e o, "nastoyaşşi".
Sülhəddin, sən çox düzgün hərəkət eləmisən, gedib çıxmamısan o
tribunaya.
- Hə.
- Sənin bu addımın alqışlanır.
- Hə.
- Mirmahmud da yoxdur, deyəsən?
- Yox, görmürəm. Mən arxada durmuşam. Amma görəmmirəm. Bəlkə
oralarda ola bilər, ancaq görünmür, hər halda.
- Yox e, Mirmahmud yəni ortalıqda yoxdur e, deyirəm.
- Görmürəm. Görməmişəm. Açığı soruşmadım. Amma görməmişəm.
- Eldar gedib orda (qeyri-etik ifadə)... durub orda.
- Hə? Hə.
- Bunlar nətəhər ... (təhqir) insanlardır. Bu İsgəndər
Həmidovu.. nətəhər adamlardır ə - bu Əliynən İsanı mən başa düşə
bilmirəm. Elə o Cəmil müəllim özü. Bədbəxt prezident olub. Deməli,
bu İsgəndər Həmidovun çıxışı ilə prezident olmaq istəyirlər?
- Hə.
- Ə, o balaca stadionun 50 faizini doldura bilməmisiniz...
- Hə.
- Nə isə. Hökumət biabır eləyəcək.
- Hə.
- "Po krayney mere" sən özüvü qırağa çəkə bilmisən.
- Hə... Yaxşı.
- Yaxşı. Oldu, sağ ol.
- Sağ olun.
Lavrova məktubu da Sülhəddin Əkbər yayıb
Digər maraqlı məqamsa R.Quliyevin Rusiyanın Xarici İşlər naziri
Sergey Lavrova yazdığı məktubu da Sülhəddin Əkbərin ortaya
çıxarmasıdır. Mənbə bildirir ki, R.Quliyev həmin məktubun surətini
S.Əkbərin elektron poçtuna göndərib. ACP sədri isə sənədi mətbuata
ötürüb. Məktubun mətbuata ötürülməsinə münasibət bildirən partiya
sədri məktubu bilərəkdən yaymadığını və elektron poçtunun şifrəsi
sındırılmaqla oradan götürüldüyünü deyib. ACP lideri isə Rusiya XİN
başçısına belə məktub yazmasını inkar edib.
Yaranmış narazılıqdan sonra sabiq spiker S.Əkbərə bağışladığı
"Hummer" markalı avtomobili geri alıb. Daha sonra ACP-yə ayırdığı
maliyyəni də dayandırıb.