Aprelin 1-də Daxili İşlər Nazirliyində (DİN) şəhər,
rayon polis orqanlarının polis sahə rəislərinin və sahə
inspektorlarının cinayətkarlıqla mübarizədə, ictimai qaydanın
qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində
fəaliyyətinin təkmilləşməsinə və görülmüş işlərin müzakirəsinə həsr
olunmuş ümumrespublika toplantısı keçirilib.
DİN-in mətbuat xidmətindən "Axar.az"a verilən
məlumata görə, tədbiri giriş sözü ilə açan Azərbaycanın daxili
işlər naziri, general-polkovnik Ramil Usubov toplantının məqsədi və
gündəliyi barədə məlumat verib, son on ildə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında
ölkədə həyata keçirirlən islahatlar çərçivəsində Daxili İşlər
Nazirliyi sistemində də köklü islahatların aparıldığını, xidməti
fəaliyyətin beynəlxalq norma və standartlara uyğun qurulması, şəxsi
heyətin sosial müdafiəsinin gücləndirilməsi, sosial funksiyaların
genişlənməsi, əhalinin bütün qrup və təbəqələri ilə əlaqələrin
möhkəmlənməsi, eyni zamanda, cinayətlərin profilaktikası, açılması
və istintaqı, bütövlükdə ictimai asayişin təmin edilməsi sahəsində
önəmli addımların atıldığını vurğulayıb.
Naxçıvan MR DİN-in İctimai Təhlükəsizlik İdarəsinin rəisi
vəzifəsini müvəqqəti icra edən polis polkovnik-leytenantı Əliəşrəf
İbrahimov, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin polis sahə inspektoru,
polis leytenantı Səbuhi Əmiraslanov, Nizami RPİ-nin İctimai Şura
üzvü Zümrüd Səmədova, Qazax RPŞ-nin İctimai Şura üzvü Şahismayıl
Məmmədov və başqaları çıxış edərək görülən işlərdən danışmış,
müzakirə olunan məsələ ilə bağlı təkliflər səsləndiriblər.
Nazir hazırlanan cinayətlərin qarşısının vaxtında alınması üşün
polis əməkdaşlarının, o cümlədən, sahə rəislərinin və
inspektorlarının zəruri hüquqi biliklərə, geniş dünyagörüşə, yeni
texnologiyalarla iş bacarığına, bütövlükdə yüksək professionallığa
malik olmalarının vacibliyini xüsusi vurğulamış və bu məsələyə hər
bir ərazi polis orqanında xüsusi diqqət yetirilməsini tələb
edib.
Eyni zamanda onu da diqqətə çatdırıb ki, profilaktik fəaliyyətdə
böyük əhəmiyyət kəsb edən maarifləndirmə işi İctimai şuraların
üzvləri, vətəndaş cəmiyyəti və kütləvi informasiya vasitələrinin
nümayəndələri, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin,
təhsil və səhiyyə müəssisələrinin işçiləri, din xadimləri ilə
birgə, onların qüvvəsindən, imkanlarından geniş istifadə edilməklə
həyata keçirilməlidir.
Xidməti fəaliyyətin təşkilində və nəticələrinin
qiymətləndirilməsində ən mühüm vasitələrdən birinin vətəndaşların
qəbulunun, ərizə və şikayətlərinə operativ baxılmasının olduğunu
qeyd edən nazir bu xüsusda ulu öndər Heydər Əliyevin "Gərək elə
işləyəsiniz, özünüzü elə göstərəsiniz, vətəndaşlarla o qədər
mülayim, amma cinayətkarlara qarşı o qədər barışmaz olasınız ki,
insanlar sizi dövlətin bir nümayəndəsi kimi sevsinlər" tövsiyəsini
də xatırladaraq əhalinin inamını, etibarını daim qorumağın möhtərəm
Prezidentimizin xalqın xidmətçisi olmaq tələbinin, dövlətin və
vətəndaşların qanuni mənafeyinin, şərəfli polis adının daim üstün
tutulmasının, qanunçuluğa riayət edilməsində hər bir əməkdaşın
vətəndaşlara nümunə olmasının, etik davranış qaydalarına ciddi
riayət edilməsinin vacibliyini vurğulayıb.
Nazir əmin olduğunu bildirib ki, ümumrespublika toplantısı
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən
etdiyi hədəflərə çatmaq yolunda növbəti addım olacaq. Sonra
cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması, bütövlükdə
xidməti vəzifələrin icrasında fərqlənən bir qrup əməkdaşın, habelə,
əhali arasında hüquqi maarifləndirmə və təbliğat işinin
aparılmasında fəal iştirak edən ictimai şura üzvlərinin
mükafatlandırılması barədə daxili işlər nazirinin əmri elan edilib
və R.Usubov tərəfindən mükafatlar sahiblərinə təqdim olunub.
İki gün davam edəcək toplantıda iştirakçılar müxtəlif mövzularda
çıxışları dinləyəcək, qabaqcıl təcrübə və iş metodları ilə yaxından
tanış olacaqlar.