Tanınmış iş adamı, əməkdar hüquqşünas, hüquq elmləri doktoru,
professor İlham Rəhimov "Teleqraf.com"a geniş müsahibə verib.
Dağlıq Qarabağ münaqişəsinin həlli yolları barədə mövqeyindən,
Ukraynada baş verən proseslərdən geniş şərh verən professor
İ.Rəhimov, həmçinin şəxsi həyatından, sevdiyi musiqilər, oxuduğu
kitablar və tarixi şəxsiyyətlər haqqında danışıb.
- Məşhur adamların həyat tərzi, gündəlik məişəti
insanların diqqətini cəlb edir. İş adamı kimi yəqin daim kostyumda
olursunuz. Hazırda taxdığınız qalstuk, geyindiyiniz kostyum hansı
brenddəndir?
- Məni tanıyan, tez-tez görən insanlar bilir ki, nadir hallarda
kostyum geyinirəm. Toyda, hansısa ictimai tədbirdə olanda qalstuk
taxıram. Ümumiyyətlə, mənim geyim formam cinsdir, yüngül geyimlərə
üstünlük verirəm. Bu cür geyimdə özümü daha azad və rahat hiss
eləyirəm.
- Hansı markalara üstünlük verirsiniz?
- Kostyumların hamısını tikdirirəm.
- Xüsusi dərziniz var?
- İtalyan firması var, onlar mənim ölçülərimi bilirlər.
Parçalarını özüm seçirəm, onlar da tikib göndərirlər. Mütəmadi
olaraq kostyumlarımı hazırlayırlar. İldə bir dəfə ölçümü
götürürlər. Yəni, heç bir mağazadan kostyum, köynək almıram.
- Adətən, Sizin adınızı V.Putinlə bir çəkir və təqdim
edirlər. Siz bu barədə dəfələrlə suallara cavab vermisiniz.
Azərbaycan mediasında gündəmə çox gəlməsə də, dünyanın işgüzar
dərgiləri hər zaman "məşhur üçlük" deyə Vladimir Putin, İlham
Rəhimov və Viktor Xmarinin dostluğundan yazırlar. Bu üçlük necə
formalaşdı?
- Bu suala çox cavab vermişəm, bu mövzuya bir daha qayıtmaq
istəmirdim, qısaca deyirəm: 1970-ci ildə heç kim bir-birini
tanımırdı. Universitetə qəbul imtahanı verilən dövrdə artıq tanış
olduq. 70-ci illərdə formalaşan münasibət bu günə kimi də
qalır.
- Sizin üçün tutduqları postdan, maddi durum və
statuslarından asılı olmayaraq Vladimir Putin və Viktor Xmarin
kimdir?
- Onların ikisi də mənim dostumdur. Tələbəlik dövründən bu günə
kimi olan dostlarımdır.
- Bu məşhur adamlardan söz düşmüşkən, Xmarin Putinin
qohumunu sevib və evlənib zamanında, bu sevgi hekayəsini Siz hansı
ölçüdə bilirsiniz?
- Hərdən bəzi mətbuat orqanları bunu səhv salırlar. Xmarin
sərbəst adamdır, dövlət işində işləmir, doğrudan da, onun həyat
yoldaşının Putinlə qohumluğu var, düzü budur.
- Leonid Mixayloviç Poloxovu xatırlamamış olmazsınız,
Sizinlə eyni fakültədə və kursda oxuyub. O, yazır ki, İlham
Rəhimova atası bir mənzil almışdı, Azərbaycandan yaxşı konyaklar
barat edilirdi, biz də hərdən ora "yığışırdıq"... Dəbdəbəli
banketlər o tələbə yığıncaqlarından daha zövqlüdür, yoxsa
əksinə?
- Doğrusu, onun bu fikrini oxumamışam. 1970-ci illərdə nəinki
Leninqrad şəhərində, heç Bakıda da heç kim ev ala bilməzdi.
Mənzillər müəyyən olunmuş qaydalarla insanlara dövlət tərəfindən
verilirdi. O ki qaldı konyak və digər məsələlərə, ərz eləyim ki,
biz o vaxt şərqşünaslıq fakültəsində oxuyan rəhmətlik qardaşımla
birlikdə kirayədə qalırdıq. İçkilərdən çox vaxt pivəyə üstünlük
verirdik, konyak və digər spirtli içkilərə aludə deyildik.
- İndi nəyə üstünlük verirsiniz?
- İndi içki ilə nə dostluq edirəm, nə də düşmənimdir.
-
İçki kolleksiyasına marağınız var?
- Var. Konyak
kolleksiyası yığıram. Məndə konyak kolleksiyası çox güclüdür,
həvəsim var. İçkilərin içində ən xoşuma gələn konyakdır.
"Hər
hansı bir dövlətin Azərbaycanda əsgərinin olmasının
əleyhinəyəm"
-
Kolleksiyanız Rusiyadadır, yoxsa Bakıda?
-
Bakıdadır.
-
Azərbaycanda da biznesinizin olduğu məlumdur. Amma nədən "bu
məhsulu İlham Rəhimovun şirkəti istehsal edir" deyə biləcəyimiz bir
brend yoxdur?
- Haradan
müəyyən etdiniz ki, mənim Azərbaycanda biznesim var?
-
Mətbuatda belə iddialar səslənir...
- Mənim
Azərbaycanda heç bir biznesim yoxdur. Mən dövlət məmuru deyiləm ki,
onu gizlədəm.
- Bəs
istərdinizmi biznesinizi Azərbaycana da gətirəsiniz? 2014-cü ili
cənab Prezident "Sənaye ili" elan edib, bununla bağlı ölkəmizə
sərmayə qoya bilərsiniz?
- Bizim əsas
biznes fəaliyyətimiz mülkiyyətlə əlaqədardır: ticarət mərkəzləri,
otellər və s. Moskva şəhəri ilə bağlıdır. Amma Azərbaycanda xoşuma
gələn, mənə sərf edən otel və ya ticarət mərkəzi olsa, onu almağa
həvəsim ola bilər.
"Dağlıq Qarabağ mübahisə
mövzusu deyil"
-
İlham müəllim, Siz keçmiş SSRİ məkanında cinayət hüququ üzrə ən
gənc elmlər doktoru olmusunuz, bioqrafiyanıza baxanda açıq görünür
ki, alim kimliyiniz iş adamlığınızdan daha zəngindir. Hətta
müsahibələrinizin birində "mən özümü həmişə elm adamı kimi hiss
etmişəm və elmi nailiyyətlərimdən daha çox ləzzət alıram, nəinki
biznesdəki uğurlarımdan..." demisiniz. Zira, elm bir qədər
zahidlik, biznes isə kommunikativlik tələb edir. Bu ziddiyyəti necə
çözürsünüz?
- Bir dəfə bu sözü dedim,
hansısa jurnalist irad tutdu. Dedim ki, bu saat elmlə məşğul olmaq
mənim üçün hobbi kimi bir şeydir. Qarşımda hansısa niyyət və ya
məqsəd qoymuram ki, elmlə məşğul olub hüquq elmləri doktoru,
professor olum. Bunların hamısı artıq məndə var. Tələbəlik
vaxtından elmə güclü həvəsim olub, praktik işlə məşğul olanda
elmlər namizədi idim, Ədliyyə Nazirliyində çalışa-çalışa hüquq
elmləri doktoru oldum. Elm mənim üçün hobbidir. Bunu özümə
istirahət kimi qəbul edirəm. Biznesin ən çətin dövrü onu yaratmaq
və relsə qoymaqdır. 14 il bundan qabaq biznesi Quba yəhudiləri ilə
birgə yaratdıq. Yaradanda müəyyən çətinliklər, problem vardı.
Tədricən bunlar da həll olundu. İndi problemlər olanda artıq mən
yox, mənim şəriklərim məşğul olur. Onlar etibarlı adamlardır,
sadəcə olaraq ağsaqqallıq edirəm, müəyyən çətin problemlər
yarananda yardımçı oluram.
"Heç
vaxt Azərbaycan vətəndaşlığından imtina
etmərəm"
- Bu
yaxınlarda Sizin Bakı Dövlət Universitetində kitabınızın təqdimat
mərasimi keçirildi. Hazırda kitab yazırsınız? Kitablarınızı hansısa
dilə tərcümə etmək fikrindəsinizmi?
- Mayın
axırında, ya da iyunun əvvəllərində "Cinayətkarlıq və cəza" adlı
kitabımın türk dilində təqdimatı olacaq. Eyni zamanda bu ay
"Filosofiya prestupleniya i nakazaniya" adlı kitabım Azərbaycanda
öz dilimizdə çapa verilir, gələn ay isə Londonda ingilis dilində
çap olunacaq. Hazırda çoxdan material topladığım yeni kitab
üzərində işləyirəm.
-
İlham bəy, Rusiya-Ukrayna münasibətlərinin hazırkı qanlı
vəziyyətini necə qiymətləndirirsiniz?
- Hesab
edirəm ki, Rusiya Ukraynada hadisələrin belə inkişaf etməsini
gözləmirdi. Qərblə Rusiya arasında mübarizə Yanukoviçə görə idi və
Moskva bilirdi ki, Yanukoviçi itirməklə o, Ukraynanı itirəcək. Bu
isə öz növbəsində MDB-nin dağılmasına gətirəcək, nəticədə NATO
qüvvələri bu ərazilərdə bərqərar olacaq. Qərbin və ABŞ-ın məqsədi
Rusiyanı hissələrə parçalamaqdır. İlk növbədə, Qərbə Ukraynanı
MDB-dən qopartmaq lazımdır, ona görə ki, məhz Ukrayna MDB-nın
ikinci güclü dövlətidir. Aydındır ki, baş verəcək prosesləri
qabaqcadan proqnozlaşdıra bilən və kifayət qədər praqmatik siyasəti
olan V.Putin bu nəticələri, daha doğrusu, hələ ki davam edən və
müşahidə etdiyimiz hadisələri bilirdi. Artıq Qərb və ABŞ ilə Rusiya
arasında başlayan soyuq müharibə öz mənfi iqtisadi təsirini hamıya
göstərməkdədir. Ruslar soyuğa və aclığa dözə bilərlər, amma Qərb
əhalisi qətiyyən hazır olmadıqları bu kimi narahatlığın öhdəsindən
qələ biləcəklərmi? Buna görə də, həyəcan və ruslarla soyuq
müharibəyə son qoymaq tələbləri mütləq olacaq. Ukraynanın
gələcəyinin necə olacağına gəlincə, hesab edirəm ki, Kiyev
regionlarla dialoqa gedib məsələni həll edə bilər. Rusiya da bunu
istəyir. Ukraynanın şərqində çoxlu ruslar yaşayır. Rusiya dövləti
də onlara heç bir vaxt biganə ola bilməz. Prinsip etibarilə Ukrayna
Qərb və ABŞ-a hərbi bazalarının oraya yerləşdirilməsi üçün lazım
idi. Bütün dava onun üstündə gedir. Belə kataklizmlər tarixən
mövcud olub, adətən imperiyalar çökəndə onun parçaları altında
vaxtilə bir dövlətdə birləşdirilmiş xalqlar qalıb. Torpaq davası
baş verib, bu həmişə belə olub. Zira, imperiya yarananda da,
çökəndə də eyni proses gedib, güc prosesi. Bu problemlər həmişə
mövcud olub, təkcə Ukraynada yox ki. Nəhəng imperiyaların yaranma,
çökmə taleyi oxşardır. Misal kimi qədim Roma, Osmanlı, Rus,
Avstriya-Macarıstan, İran, Ərəb xilafəti və SSRİ kimi imperiyaları
göstərmək olar.
"Minsk Qrupundan tamamilə
imtina etmək lazımdır"
-
Krımla Qarabağ münaqişəsi arasında oxşar və fərqli cəhətləri necə
şərh edərdiniz?
-
Jurnalistlər də, politoloqlar da hesab edirlər ki, bunlar eyni
məsələlərdir. Ancaq çox fərqli məsələlərdir. Bu haqda mətbuatda
artıq çıxış etmişəm və bir daha təkrar etmək istəyirəm ki, bu
məsələlərə çox diqqət yetirməyə dəyməz, axı biz bununla bir çox
söz-söhbətlərə və mübahisələrə rəvac vermiş oluruq. Mübahisə o vaxt
lazım olur ki, haqqı və həqiqəti müəyyən etsin. Qarabağ isə
mübahisə mövzusu olmamalıdır. Həqiqət ondan ibarətdir ki, bu
torpağın məhz bizim olduğu hamı tərəfindən etiraf edilir. Müzakirə
yalnız torpaqların düşməndən azad olunması haqda ola
bilər.
-
Tarixən Azərbaycan Krım türkləri ilə münasibətdə olub. Rusiya
tərkibində Krım tatarlarının taleyini necə təsəvvür etmək olar.
Putin demişdi ki, onların geriyə dönüş layihəsi olacaq. Bu layihə
necə həyata keçirilə bilər?
- Krım
tatarları deyirlər, əslinə qalsa, onlar qədim türklərdir. O ki,
qaldı V.Putinin deyiminə, o nə deyibsə, elə də olacaq, xaraktercə
çox dəqiq və bütöv adamdır, sözünü yerinə yetirəcək. Mən Krımı çox
yaxşı tanıyıram. Vaxtilə Yaltada bir proyektimiz vardı. Ukrayna
kanallarından biri, bizdə də bir sayt Putinlə əlaqədar kompramat
materiallar verirdi, orada məni də göstərdilər. Guya mən Yaltada
böyük iqamətgah, bağ tikmişəm, Putinə hədiyyə vermişəm. Təbii ki,
bu həqiqətə uyğun deyildi. İndiyənə kimi Putinlə bir-birimizə
qalstukdan, kitabdan başqa hədiyyə verməmişik. Krım çox gözəl
yerdir. Dünyanın ən gözəl yerlərindən biridir, sadəcə olaraq ora
bizim dilimizdə desək, "əl gəzdirmək" lazımdır. Monakodan,
Monte-Karlodan da gözəldir. Əhalinin təxminən 60 faizi ruslardır.
Ruslardan sonra orada ən çox yaşayanlar tatarlar və
ukraynalılardır. Tatarlar 300 minə yaxındırlar. Maydandakılar
fikirləşməli idilər ki, əhalinin həddən artıq çoxunu ruslar təşkil
edir. Bu baxımdan rus dilini qadağan etmək düzgün deyildi.
Səbəblərdən biri də bu oldu. - NATO qoşunlarının Ukraynaya
yerləşdirilməsini dediniz... Ukraynada baş verənlər Qara Dəniz
uğrunda savaş sayıla bilərmi?
- Mən bu suallara artıq cavab verdim.
- Qərb Gürcüstanda öz adamını hakimiyyətə gətirdi, bu,
Gürcüstanın ərazi bütövlüyünü itirməsi ilə nəticələndi. Eyni proses
Ukraynada da özünü göstərir...
- Gürcüstanın getməsi ilə hələ heç nə həll olunmur. Amma
Ukraynanın getməsi MDB üçün çox böyük zərbədir. Faktiki olaraq,
Ukraynanın MDB-dən getməsi ilə o struktur dağılır.
- Bunu Qərbin MDB məkanında uduzması kimi
qiymətləndirmək olarmı?
- Hələ bu soyuq müharibə çox davam edəcək.
"Sultan Süleymanın vəsiyyətnaməsi yerinə
yetirilməyib"
- Azərbaycanda bu fikir hakimdir ki, biz Qarabağ məsələsini
Ermənistanla deyil, Rusiya ilə həll etməliyik. Sizcə, BAXCP sədri
Qüdrət Həsənquliyevin dediyi kimi, Qarabağın əvəzində Azərbaycana
rus hərbi bazası yerləşdirilməlidirmi? Necə düşünürsünüz,
Azərbaycan Qarabağ naminə Avrointeqrasiya prosesinə ara verib
Gömrük İttifaqına, ardınca Avrasiya Birliyinə daxil olmalıdırmı?
Qarabağın müqabilində Azərbaycan üzünü Qərbdən Rusiyaya çevirə
bilərmi?
- Prinsipcə, mən Azərbaycan ərazisində təkcə Rusiya bazalarının
yox, bütövlükdə Türkiyə və NATO-nun da bir əsgərinin olmasının
əleyhinəyəm. Biz ərazimizi yad əsgərlərdən ona görə təmizləməmişik
ki, başqa yad əsgərin tapdağı olsun. Bizim özümüzün əsgərlərimiz
kifayət qədərdi. Bundan başqa, deputat Qüdrət Həsənquliyevin
mövqeyindən belə çıxır ki, özümüz torpaqlarımızı düşməndən azad
etmək iqtidarında deyilik. Belə fikirlər zərərlidir, ordunun və
xalqın mübarizə ruhunun zəifləməsinə, sınmasına xidmət edir.
Napoleon deyirdi: "Qılınc və ruh vuruşur, mübarizə aparır. Qılınc
sınsa belə ruh sınmır". Bu baxımdan ordunun maddi texniki bazasını
möhkəmləndirməklə yanaşı, paralel olaraq orduda və xalqda
mübarizlik ruhunu qaldırmaq vacibdir. Artıq hər şey göz
qabağındadır. Nə Rusiyaya, nə Qərbə, nə də digər beynəlxalq
təşkilatlara ümid etməyə dəyməz. Onların mövqeyi bəllidir: siz öz
aranızda razılaşın, biz qarant olasıyıq. Bu baxımdan Rusiya ilə
"alver" etmək (deputatın dediyi kimi) təkcə mənasız deyil, həm də
bizim şərəf və ləyaqətimizi alçaldır. Bunların indiyədək prinsipi
belədir, hesab edirəm ki, axıra kimi də bu prinsiplə gedəcəklər.
Kim ki deyir, Rusiya Ermənistanın, yaxud Azərbaycanın tərəfindədir,
bu fikirlərin heç biri düzgün deyil. Deyirəm, onların siyasəti
bundan ibarətdir ki, biz sizin məsələnizə təkcə qarant ola bilərik,
heç birinizin, tərəfinizdə dayanan deyilik. Rusiyanın Qərblə,
Amerika ilə soyuq müharibəsi başladı, Qarabağ problemi daha da
çətinləşir. 20 ildir ATƏT-in Minsk Qrupu işləyir. Fikir verin, bu
qrupda üç ölkədən Fransa ilə ABŞ bir tərəfdə, Rusiya digər
tərəfdədir. Bir-birinə zidd mövqedə olan, soyuq müharibə aparan
ölkələr bizim problemimizi necə həll edəcək? Bu, mümkün olan şey
deyil. Məntiq ondan ibarətdir ki, prinsip etibarilə Minsk Qrupundan
tamamilə imtina etmək lazımdır. Onun indiyə kimi bir fəaliyyəti
olmayıb. Bundan sonra da onların hansısa fəaliyyət göstərəcəyinə
şübhəm var. Bu baxımdan, Rusiya bir fikir deyəndə, Fransa ilə ABŞ
ayrı fikir söyləyəcək. Onlar bir fikir deyəndə, Rusiya ayrı söz
deyəcək. Ortada da biz qalırıq. Deməli, öz problemimizi özümüz həll
etməliyik. Bunun ayrı yolu yoxdur.
"Daş yuxular" yersiz əsər idi"
- Yəni, Azərbaycan münaqişəni təkbaşına həll etməlidir?
- Bəli, Azərbaycan öz siyasəti ilə Ermənistanla birlikdə həll
etməlidir. - Necə? Hansı model təklif edirsiniz?
- Bilirsiniz,
kiminsə zorla Qarabağı bizə alıb verəcəyini gözləmək lazım deyil.
Bunu nə Qərb, nə də Rusiya edəsidir. Bunu özümüz etməliyik. Onun da
yolu nədir? II Yekaterina deyirdi ki, sülhün ən qısa yolu
müharibədir.
"Kitabımda ölüm cəzasının tərəfdarı olduğumu
deməmişəm"
- Atəşkəs sazişinin müddəti bitir. Siz müharibənin
tərəfdarısınız?
- Mən müharibənin tərəfdarı deyiləm. İndiyə qədər dünyada nə
qədər münaqişələr olubsa, axırda ya sülhlə, ya da müharibə ilə
qurtarır. Bunun ikisindən biri olacaq. Şəxsi qənaətimcə,
münaqişənin sülh yolu ilə həll olunması mümkün deyil. Rusiyanın o
mövqeyi ilə də razı deyiləm ki, siz özünüz məsələni həll edin, mən
də sizə qarant durum. Niyə razı deyiləm? Bu, belə bir təsəvvür
yaradır ki, Qarabağ torpağı hansısa yiyəsiz torpaqdır. Yəni, nə o
tərəfindir, nə də bu tərəfin. Bizim eradan qabaq türklərin hunlar
tayfası vardı, o tayfanın Mode adlı lideri vardı. Böyük tayfa idi,
amma hələ dövlət deyildi. Ordu və xalq ikisi eyni şey idi.
Qonşuluqda da monqol tayfaları vardı. Dunhular çoxdan dövlət
yaratmışdılar və güclü idilər. Mode hakimiyyətə gələndə qarşısında
bir məqsəd qoydu: tayfalıqdan çıxıb dövlət yaratmaq lazımdır. Qoşun
silahlanırdı, ordu yaradırdı. Ordu xalqın arasından çıxmalı idi.
Çünki ordusuz dövlət heç bir yerdə mümkün deyil. Monqollar da
həmişə öz gücündən sui-istifadə edib onlara təzyiq göstərirdilər.
Monqolların başçısı bilirdi ki, Modenin gözəl atı var, bu at hər
yerdə məşhurlaşmışdı, söz göndərir ki, ona deyin atı mənə
bağışlasın. Mode öz adamlarını yığıb məsləhətləşirdi, deyirdi ki,
belə təklif gəlib, qonşudur, nə edək? Onun ətrafındakılar cavab
verirdi ki, bu nə deməkdir ən gözəl atdır, nəyə görə verməlisiniz
ki? Onun cavabı belə olub: qonşudur, qonşuya hörmətlə yanaşmaq
lazımdır, istəyir, nə olar atdır da, yaxşı qonşuya vermək olar, atı
göndərir. Bir müddətdən sonra monqollar görür ki, nə istəyirlər
verir, zəifdir. Amma getdikcə, Mode dövləti yaradırdı, qoşunu, hər
şeyi hazır idi. Növbəti dəfə söz göndərirlər ki, eşitmişəm ki,
gözəl xalatı və papağı var, göndərsin bizə. O dövrdə qədim türklər
elə geyimi sevirdi. Mode yenə adamlarını yığdı, dedilər ki, olmaz
axı, sizə çox yaraşır, qonaqları bu geyimlə qəbul edirsiniz. Mode
deyir ki, eybi yox qonşudur, istəyir verirəm. Xalatı da göndərir.
Bunların arasında boş torpaq sahəsi olur. Nə o tərəfin, nə bu
tərəfin olur. Yiyəsiz torpaq barədə də əvvəlcədən belə razılaşıblar
ki, boş torpaqdır arada qalıb, heç kim istifadə etmir, qoy elə də
qalsın. Bir müddətdən sonra monqollar söz göndərirlər ki, indidən
sonra o torpağa sizin ayağınız dəyməsin. Mode də dövlət yaratmaq
istəyir, gözü də o torpaqda qalıb, yiyəsiz torpaqdır, dövləti də
yaratmaq üçün torpaq lazımdır. Yenə hamını yığır, deyir ki,
məsləhətiniz nədir? Əsas məsləhətçiləri qayıdır ki, bəs Mode boş
torpaqdır. Heç kimə lazım deyil, heç bizə də lazım deyil. İstəyir
verin də. Soruşur ki, hamı elə fikirləşir? Əksəriyyət "hə" deyir.
Deyir, bilirsiniz nə var, torpaq dövlətin əsasıdır, mən də dövlət
qurmaq istəyirəm. Dövləti torpaqsız qura bilmərəm.
Məsləhət verənlərin hamısının
başını kəsdirir, deyir mən belə adamlarla dövlət qura bilmərəm.
Müharibəyə hazır olduğu üçün hücum edir, monqolları bütövlükdə
qırır. Mən nəyi demək istəyirəm, heç vaxt elə mövqe göstərmək lazım
deyil ki, Dağlıq Qarabağ yiyəsiz torpaqdır. İkincisi, həmişə
müharibəyə hazır olmaq lazımdır.
- Bir müddət öncə Moskvada
"Milyarderlər İttifaqı" yaranmışdı, indi elə bir fəaliyyətləri
yoxdur. O zaman demişdiniz ki, Rüstəm İbrahimbəyovdan başqa oradakı
insanların hər biri ilə tanışam. Maraqlıdır, Rüstəm İbrahimbəyovla
niyə tanış deyilsiniz?
- Rüstəm İbrahimbəyovu hər bir
azərbaycanlı kimi mən də məşhur kinorejissor olaraq tanıyıram.
Ancaq tanış deyiləm. Söyün Sadıqovla da şəxsi tanışlığım
yoxdur.
- ADP sədri Sərdar Cəlaloğlu
deyir ki, Azərbaycanda "5-ci kolon" var, Rusiya səfirliyində
toplantı keçirirlər, Azərbaycanın Rusiyaya birləşməsinə çalışırlar,
ölkədə agentura şəbəkəsi qururlar. Politoloq Vəfa Quluzadənin də
oxşar fikirləri var. Bu iddialara münasibətiniz
necədir?
Davamı olacaq...
Davamı olacaq... /"Gündəlik Teleqraf"/