Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "The
Business Year" nəşrinə müsahibə verib.
Həmin müsahibəni təqdim edirik.
- Zati-aliləri, Siz ötən ilin oktyabr ayında keçirilmiş
prezident seçkilərində inamlı qələbə qazandınız. Qələbənizi
şərtləndirən başlıca amillər barədə nə deyə bilərsiniz və növbəti
prezidentlik dövrünün prioritetləri nədən ibarət
olacaq?
- 2013-cü il prezident seçkiləri Azərbaycanın ictimai-siyasi
həyatında mühüm hadisə olmuş və son 10 ildə həyata keçirilən siyasi
kursa cəmiyyətimizin münasibətini nümayiş etdirmişdir. Keçən illər
ərzində biz ümummilli lider Heydər Əliyevin siyasətini davam
etdirməklə dövlətimizin və cəmiyyətimizin qarşısında duran mühüm
məsələlərin həllinə nail olduq. Azərbaycan iqtisadi inkişaf
göstəricilərinə görə dünyanın lider ölkələrindən birinə çevrildi və
daha da gücləndi. Düşünülmüş proqramlar əsasında həyata keçirilən
məqsədyönlü tədbirlər nəticəsində ümumi daxili məhsul 3,4 dəfə,
iqtisadiyyatın qeyri-neft sektoru 2,6 dəfə, büdcə gəlirləri 16 dəfə
artdı, strateji valyuta ehtiyatlarının həcmi isə 50 milyard dolları
keçdi. Ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi isə 170
milyard dolları ötmüşdür.
Sürətli inkişaf həm də vətəndaşların sosial rifahının
yüksəlməsinə səbəb olmuşdur. Son 10 ildə əhalinin gəlirləri 6,5
dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artmışdır. Hesab edirəm ki,
yoxsulluğun səviyyəsinin 49 faizdən 5,3 faizə düşməsi, habelə
işsizliyin iki dəfə azalaraq cəmi 5 faiz təşkil etməsi bizim
ölkənin mühüm uğuru hesab oluna bilər. 10 ildə respublikada
genişmiqyaslı quruculuq işləri həyata keçirilmiş, şəhər, qəsəbə və
kəndlərimiz müasirləşmiş, bütün sahələrdə ən müasir standartlar və
qabaqcıl texnologiyalar tətbiq olunmuşdur.
Azərbaycanın uğurları aparıcı beynəlxalq təşkilatlar, nüfuzlu
reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir. Dünya
İqtisadi Forumunun "Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2013-2014"
hesabatına əsasən, dünya ölkələrinin rəqabət qabiliyyətliliyi
reytinqində Azərbaycan 39-cu yeri tutmuşdur.
Bu illər ərzində dünyada mövqelərimiz möhkəmlənmiş, Azərbaycan
beynəlxalq münasibətlər sistemində öz layiqli yeri olan, rəyinə
hörmətlə yanaşılan ölkə kimi böyük nüfuz qazanmışdır. Bizdə
keçirilən çoxsaylı beynəlxalq tədbirlər əyani şəkildə təsdiq edir
ki, ölkəmiz artıq regionun siyasi, iqtisadi və mədəni mərkəzi kimi
qəbul edilir.
Hazırda dünyada sosial gərginliyin, işsizliyin və yoxsulluğun
artması fonunda Azərbaycanda tam əks proseslərin müşahidə olunması
- sürətli inkişaf, tərəqqi, əhalinin rifahının yüksəlməsi,
ictimai-siyasi sabitlik, milli həmrəyliyin möhkəmlənməsi və s.
düşünürəm ki, 2013-cü il prezident seçkilərinin taleyini həll edən
başlıca amillər olmuşdur. Seçkiləri müşahidə edən AŞPA, Avropa
Parlamenti, ATƏT PA, İslam Əməkdaşlıq Təşkilatı, MDB və digər
mötəbər təşkilatlar seçki prosesini birmənalı olaraq yüksək
qiymətləndirmiş, onun azad, ədalətli və şəffaf keçdiyini bəyan
etmişlər. Bu da onu göstərir ki, seçki və onun nəticəsi ilə bağlı
Azərbaycan xalqının və beynəlxalq birliyin rəyləri üst-üstə
düşmüşdür. Azərbaycan xalqı öz seçimi ilə həm bu günədək həyata
keçirilən siyasətə, həm də gələcək fəaliyyətimizə öz dəstəyini
ifadə etmişdir.
Gələcək planlarımız böyükdür, qarşıda həlli vacib olan mühüm
məsələlər vardır. Azərbaycanın mövcud potensialının daha da
gücləndirilməsi, rəqabətədavamlı iqtisadiyyatın formalaşdırılması,
müasir cəmiyyət quruculuğu, əhalinin sosial rifahının
yüksəldilməsi, xarici siyasət prioritetlərinə uyğun olaraq
beynəlxalq aləmdə mövqelərimizin möhkəmlənməsi, ölkə daxilində
korrupsiyaya, rüşvətxorluğa və digər mənfi hallara qarşı sistemli
mübarizənin gücləndirilməsi, vətəndaş cəmiyyətinin inkişafı və
digər sahələr üzrə tədbirlər bundan sonra da ardıcıl şəkildə davam
etdiriləcəkdir.
- 2013-cü il Azərbaycanda "informasiya-kommunikasiya
texnologiyaları ili" elan edilmiş və ölkəniz İKT sektorunun
inkişafında böyük nailiyyətlərə imza atmışdır. İrəliyə baxarkən,
Azərbaycanın inkişafında müasir texnologiyalar hansı rol
oynayacaq?
- Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin üstün cəhəti
ondan ibarətdir ki, bütün tədbirlər ölkənin real potensialı, dünya
iqtisadiyyatının inkişaf meylləri nəzərə alınmaqla və konkret
proqramlar əsasında reallaşdırılır. Təcrübə göstərir ki,
rəqabətədavamlı iqtisadiyyatın formalaşdırılması üçün müasir
texnologiyaların tətbiqi başlıca şərtlərdən biridir. Buna görə də
ölkəmizdə təkcə iqtisadi deyil, bütün digər sahələrdə də
innovasiyalardan geniş istifadə olunur.
İnformasiya-kommunikasiya texnologiyaları sürətlə inkişaf edən
və böyük perspektivi olan sahədir. 2003-cü ildə İKT üzrə Milli
Strategiyanın, sonrakı illərdə isə "Elektron Azərbaycan Dövlət
Proqramı"nın qəbul edilməsi və icrası bu sahənin inkişafına güclü
təkan vermişdir. Müstəqillik illərində Azərbaycanda İKT-nin
inkişafına bütövlükdə 3 milyard dollardan artıq sərmayə
yatırılmışdır. Bunun nəticəsidir ki, son 10 ildə informasiya və
rabitə sahəsinin inkişafı 8,2 dəfə artmışdır. 2013-cü ildə
Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması,
kosmik sənayenin əsasının qoyulması ölkəmiz üçün tarixi əhəmiyyət
kəsb edən hadisə olmuşdur. Növbəti illərdə daha iki peykin orbitə
çıxarılması üçün müvafiq tədbirlər görülür.
Bununla yanaşı, Azərbaycanda son illərdə internet sürətlə
inkişaf edir. Ümumdünya Telekommunikasiya Təşkilatının hesabatına
əsasən, bu gün ölkə əhalisinin 70 faizi internet istifadəçisidir.
Artıq respublikanın hər bir şəhərinə genişzolaqlı internetin
çəkilişi başlanmışdır.
Bir faktı da qeyd etməliyəm ki, biz təkcə dünyadakı mövcud
innovasiyaları tətbiq etməklə kifayətlənmirik, həm də bir sıra
yeniliklərin təşəbbüskarı kimi çıxış edirik. Bu mənada Azərbaycanın
"brendi" hesab oluna biləcək Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyini və onun tabeliyində yaradılan
"ASAN xidmət" mərkəzlərini xüsusi qeyd etmək istəyirəm. "ASAN
xidmət"in fəaliyyət sferasına dövlət orqanları əməkdaşlarının
fəaliyyətinin əlaqələndirilməsi, nəzarət və qiymətləndirmənin
aparılması, dövlət qurumlarının informasiya bazalarının qarşılıqlı
inteqrasiyası, elektron xidmətlərin təşkili prosesinin
sürətləndirilməsi və bu sahədə idarəetmə sisteminin
təkmilləşdirilməsi daxildir. Bu xidmət dövlət-vətəndaş
münasibətlərinə yeni yanaşmanın mütərəqqi modelidir və hazırda 25
növ hüquqi xidmət həyata keçirir. Təsadüfi deyil ki, cəmi bir il
ərzində xidmətə bir milyondan çox müraciət olmuşdur. Ona görə də
biz qarşıdakı dövrdə "ASAN xidmət"in funksiyalarını daha da
genişləndirməyi nəzərdə tuturuq.
Azərbaycanın gələcək inkişafında yüksək texnologiyaların roluna
gəldikdə, qeyd etmək istərdim ki, hazırda iqtisadiyyatın dinamik
inkişafının təmin edilməsi və rəqabət qabiliyyətinin artırılması
üçün müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan İKT
sahələrinin genişləndirilməsi, tətbiqi elmi tədqiqatların
aparılması, bu sektora yerli və xarici investisiyaların cəlb
edilməsi, müvafiq kadr bazasının yaradılması və digər istiqamətlər
üzrə tədbirlər həyata keçirilir. Qarşıda duran vəzifələri səmərəli
şəkildə həll etmək məqsədi ilə Yüksək Texnologiyalar Parkı və
İnformasiya Texnologiyalarının İnkişafı Fondu təsis edilmişdir.
İnnovasiyalara, yüksək texnologiyalara əsaslanan güclü
iqtisadiyyatın formalaşdırılması bizim əsas hədəflərimizdən biridir
və bu məqsədə doğru ardıcıl şəkildə irəliləyirik.
- 2014-cü il Azərbaycanda "Sənaye ili" elan edilmişdir.
Qarşıdan gələn dövrdə bu istiqamətdə hansı tədbirlərin həyata
keçirilməsi nəzərdə tutulur?
- Əvvəllər əsasən aqrar respublika hesab olunan Azərbaycanda
ötən əsrin 70-80-ci illərində sənayenin inkişaf etdirilməsi məqsədi
ilə mühüm addımlar atılmış, ümumittifaq səviyyəli yüzlərlə yeni
sənaye müəssisəsi işə salınmış və müttəfiq respublikalar üçün
müxtəlif çeşidli məhsullar istehsal edilmişdir. Lakin SSRİ-nin
süqutu ilə keçmiş respublikalar arasındakı iqtisadi əlaqələr
pozulmuş və ümumilikdə planlı iqtisadiyyat tənəzzülə uğramışdır.
Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı təcavüzü, ölkədə hökm
sürən hərc-mərclik şəraiti, mövcud müəssisələrin fiziki və mənəvi
cəhətdən köhnəlməsi və s. nəticəsində iqtisadiyyat getdikcə aşağı
düşmüş, istehsal prosesi pozulmuşdur. Odur ki, yalnız ümummilli
lider Heydər Əliyevin səyləri nəticəsində 2000-ci ilin əvvəllərində
istehsalın həcmini 1990-cı ilin səviyyəsinə çatdırmaq mümkün
olmuşdur.
Son 10 ildə Azərbaycanda neft-qaz istehsalından əldə olunmuş
gəlirlərin bir qismi məqsədyönlü şəkildə və xüsusi proqramlar
çərçivəsində qeyri-neft sektorunun inkişafına, yüksək texnologiyalı
yerli sənaye müəssisələrinin yaradılmasına və milli iqtisadiyyatın
şaxələndirilməsinə yönəldilmişdir. Məhz bunun nəticəsidir ki, bəhs
etdiyimiz dövrdə qeyri-neft sektorunda orta hesabla 10 faiz illik
artım müşahidə olunmuşdur. Bundan başqa, milli sahibkarlığın
hərtərəfli dəstəklənməsi, nəhəng investisiya proqramlarının icrası,
sosial-iqtisadi infrastrukturların bərpası və yenidən qurulması,
qabaqcıl texnologiyalara əsaslanan, rəqabət qabiliyyətli yeni
istehsal müəssisələrinin tikintisi Azərbaycanda sənaye istehsalının
həcmini 2,7 dəfə artırmışdır.
Hazırda qarşımızda duran əsas vəzifələrdən biri mövcud
potensiala əsaslanaraq Azərbaycanı güclü sənaye dövlətinə
çevirməkdir. Artıq sənayenin şaxələndirilməsi və modernləşdirilməsi
istiqamətində müəyyən işlər görülmüşdür. Biz mövcud təbii və
iqtisadi resursları istehsalat dövriyyəsinə cəlb edirik, yeni
istehsal sahələri və sənaye parkları yaradırıq, innovasiyaların
tətbiqini sürətləndiririk. Buna görə də 2014-cü il "Sənaye ili"
elan olunmuş, cari ildə həyata keçiriləcək tədbirlərin ümumi planı
hazırlanmış və təsdiq edilmişdir. Eyni zamanda, "Sənayenin
inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nın
hazırlanması və təsdiq olunması nəzərdə tutulur.
Hesab edirik ki, toplanmış təcrübə və ölkəmizin ümumi iqtisadi
potensialı qarşıda duran vəzifələrin uğurla həll edilməsinə imkan
verəcəkdir.
- Keçən ay regionların 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramı təsdiq
olundu. Əvvəlki iki proqramın icrası nəticəsində nəyə nail
olunmuşdur və üçüncü proqramın icrasından nə
gözlənilir?
- 2004-cü ildə birinci Dövlət Proqramını qəbul edərkən əsas
məqsədimiz regionların hərtərəfli inkişafını təmin etmək,
bölgələrlə paytaxtın inkişaf səviyyəsi arasındakı kəskin fərqi
aradan qaldırmaq olmuşdur. Mən hələ 2003-cü ildə prezident
seçkiləri ərəfəsində bəyan etmişdim ki, əgər etimad göstərilərsə,
ilk növbədə Azərbaycanın regionlarının inkişafı ilə məşğul
olacağam, bu məqsədlə xüsusi proqram qəbul ediləcəkdir. Belə də
oldu. 2003-2008 və 2009-2013-cü illəri əhatə edən iki Dövlət
Proqramının qəbul edilməsi, həmin proqramlara əlavə olaraq 250-yə
yaxın sərəncamın imzalanması və icrası bölgələrdə böyük dönüş
yaratmış, regionların sosial-iqtisadi mənzərəsini tamamilə
dəyişmişdir. Nəticədə bölgələrdə kommunal xidmətlərin və sosial
infrastrukturların keyfiyyəti yüksəlmiş, sahibkarlıq mühiti
yaxşılaşmış, investisiya qoyuluşu artmış, minlərlə yeni müəssisə
fəaliyyətə başlamış, 900 mini daimi olmaqla 1,2 milyondan çox iş
yeri yaradılmışdır. Son 10 il ərzində regionlarda ümumi məhsul
buraxılışı 3,2, sənaye istehsalı 3,1 dəfə artmışdır. Azərbaycanın
bölgələri, bütün yaşayış məntəqələri abadlaşmış və müasirləşmişdir.
Deyə bilərəm ki, regionların inkişafında, ümumiyyətlə, Azərbaycanın
iqtisadi potensialının gücləndirilməsində bu proqramların çox böyük
rolu olmuşdur.
Bizim qarşımızda duran strateji vəzifə Azərbaycanın
müstəqilliyini daha da möhkəmləndirmək və bütün sahələr üzrə onu
dünyanın inkişaf etmiş, rəqabətədavamlı ölkələri sırasına
çıxarmaqdır. Buna görə, müasir dövrün çağırışları da nəzərə
alınmaqla, regionlarımızın dinamik inkişafı istiqamətində həyata
keçirilən tədbirlər davam etdiriləcəkdir. Hesab edirəm ki, yeni
təsdiq olunmuş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci
illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası
qeyri-neft sektorunun davamlı inkişafını, infrastrukturların və
sosial xidmətlərin daha da yaxşılaşmasını, dünyada mövcud olan ən
yüksək standartlar səviyyəsinə çatdırılmasını təmin edəcəkdir.
- Son illər Azərbaycan xarici siyasət sahəsində də mühüm
uğurlar əldə etmişdir. Ölkənizin BMT Təhlükəsizlik Şurasında
fəaliyyəti, xarici siyasətin yeni prioritetlərinin
müəyyənləşdirilməsi və həyata keçirilməsi və s. məsələləri bu
sıraya daxil etmək olar. Qarşıdan gələn dövrdə Azərbaycanın xarici
siyasətinin əsas istiqamətləri hansılar olacaq?
- Azərbaycanın hərtərəfli inkişafı, iqtisadi potensialının
güclənməsi, həyata keçirilən fəal xarici siyasət ölkəmizin
nüfuzunun yüksəlməsini, beynəlxalq aləmə daha sıx inteqrasiyasını,
ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsini təmin etmişdir.
Bu gün Azərbaycan müstəqil siyasət yürüdən, qlobal siyasi
proseslərə və beynəlxalq münasibətlər sisteminə öz baxışı olan,
mövqeyi nəzərə alınan bir dövlət hesab olunur. 2011-ci ildə sərt
rəqabət şəraitində BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv
seçilməyimiz xalqımızın tarixi nailiyyəti, xarici siyasətimizin
böyük uğuru olmaqla yanaşı, həm də ölkəmizin beynəlxalq aləmdə
yüksək nüfuz qazandığını göstərmişdir. Göründüyü kimi, beynəlxalq
aləm dövlətimizin mövqeyini dəstəkləyir, addımlarımızı təqdir edir.
Çünki Azərbaycan bütün beynəlxalq təşkilatlarda özünü ləyaqətlə
aparır, prinsipial mövqeyini və öz milli maraqlarını hər şeydən
üstün tutur. BMT Təhlükəsizlik Şurasında iki illik fəaliyyəti
dövründə, xüsusilə quruma sədrliyi müddətində Azərbaycan qlobal
təhlükəsizliyə, dünyada sülhün bərqərar olmasına, sivilizasiyalar
və mədəniyyətlərarası dialoqun inkişafına öz layiqli töhfəsini
verərək, xüsusi fəallığı ilə seçilmişdir.
Azərbaycan həm də qlobal transmilli və çoxsaylı regional
layihələrin əsas təşəbbüskarı kimi çıxış etmişdir. Ölkəmizin həyata
keçirdiyi enerji siyasəti təkcə bizim üçün deyil, həm də regionumuz
və dünya üçün mühüm əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, 2013-cü
il dekabrın 17-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorundakı
zəngin qaz ehtiyatlarının hasilatı və dünya bazarlarına çıxarılması
üzrə "Şahdəniz-2" beynəlxalq yekun investisiya layihəsi
imzalanmışdır. Hesab edirəm ki, "Şahdəniz-2" dünyanın enerji
xəritəsində yeni vəziyyətin yaranmasına səbəb olacaq və tarixə "XXI
əsrin kontraktı" kimi düşəcəkdir.
Hazırda Azərbaycan Cənubi Qafqaz regionunun siyasi, iqtisadi və
humanitar mərkəzinə çevrilmişdir. Bakı şəhərinin mühüm beynəlxalq
tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halını almışdır. 2013-cü
ildə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Fələstinə yardım
məqsədilə beynəlxalq konfransın, III Beynəlxalq Humanitar Forumun,
İkinci Mədəniyyətlərarası Dialoq Forumunun, Davos Dünya İqtisadi
Forumunun və digər yüksək səviyyəli qlobal tədbirlərin keçirilməsi
buna sübut ola bilər.
Bizim aparıcı beynəlxalq təşkilatlarla və başqa ölkələrlə
çoxtərəfli və ikitərəfli münasibətlərimiz də inkişaf etmişdir.
Azərbaycan ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər
nüfuzlu beynəlxalq qurumların çərçivəsində səmərəli fəaliyyətini
davam etdirmişdir. Keçən il Avropa İttifaqı ilə vizaların
sadələşdirilməsi istiqamətində önəmli saziş imzalanmışdır. Bu,
bizim Avropa İttifaqı ilə olan münasibətlərimizin göstəricisidir.
Əminəm ki, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün Avropa
İttifaqı ilə Azərbaycan arasında qarşılıqlı strateji tərəfdaşlığın
ən səmərəli formatını yaratmağa nail olacağıq.
Biz region ölkələri, dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı
etimada əsaslanan münasibətlərimizi inkişaf etdirməklə yanaşı,
xarici siyasətimizin yeni vektorlarına uyğun olaraq, həm də
qeyri-ənənəvi istiqamətlər üzrə fəal diplomatiya nümayiş etdirdik.
Bu mənada Avropa və Asiya ölkələri ilə ənənəvi tərəfdaşlıq
münasibətlərimizi davam etdirməklə yanaşı, həm də üzv olduğumuz
Qoşulmama Hərəkatı ölkələri, Latın Amerikası və Afrika dövlətləri
ilə siyasi, iqtisadi və humanitar əməkdaşlığın gücləndirilməsini
xarici siyasətimizin prioritetləri sırasına daxil etmişik. Təsadüfi
deyil ki, son dövrlərdə Latın Amerikasının bir sıra ölkələri
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində
Azərbaycanın haqlı mövqeyinə dəstək vermişlər. Artıq dünyanın 10
ölkəsi 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən Xocalıda
törədilmiş qətliamı soyqırımı aktı kimi tanımış, həmin dövlətlərin
parlamentləri müvafiq qərarlar qəbul etmişlər.
Qarşıdan gələn illərdə ölkəmizin siyasi və iqtisadi
potensialının daha da gücləndirilməsi, beynəlxalq nüfuzunun
artırılması, beynəlxalq təşkilatlarla, ayrı-ayrı ölkələrlə
tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində səylər
davam etdiriləcəkdir. Xarici siyasətimizin təməlində Azərbaycanın
milli maraqlarının qorunması dayanır ki, bu istiqamətdə bütün
lazımi addımlar atılacaqdır.
Təəssüflə qeyd etməliyəm ki, xarici siyasətimizin əsas məsələsi
olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli
işində bu günə kimi ciddi bir irəliləyiş olmamışdır. Ermənistan
tərəfi danışıqlar prosesini müxtəlif bəhanələrlə uzatmaqda davam
edir və mövcud status-kvonun saxlanmasına çalışır. Düzdür, ötən
ilin sonunda danışıqlar prosesində nisbi canlanma müşahidə
edilmişdir. Buna görə də, güman etmək olar ki, 2014-cü ildə bu
proses davam etdiriləcəkdir. Ermənistan rəhbərliyi anlamalıdır ki,
Azərbaycan heç vaxt öz tarixi torpağında ikinci erməni dövlətinin
yaradılmasına imkan verməyəcəkdir. Münaqişə Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həll edilməlidir və ediləcəkdir. Münaqişə
davam etdikcə Ermənistan dövləti bölgənin bütün transmilli və
regional inkişaf layihələrindən kənarda qalacaq, erməni xalqının
vəziyyəti pisləşməkdə davam edəcək və ölkənin olub-qalan
sosial-iqtisadi potensialı tükənəcəkdir.
- Səbirsizliklə gözlənilən l Avropa Oyunlarına hazırlıq
işləri necə gedir?
- Bu il l Avropa Oyunlarına hazırlığın həlledici mərhələsinə
qədəm qoyduq. Məlumdur ki, bu səviyyəli tədbirlərə hazırlıq adətən
7-8 il davam edir. Biz isə cəmi iki il yarım ərzində Avropa Yay
Oyunları kimi möhtəşəm tədbir keçirmək niyyətindəyik. Əminəm ki,
qarşıda duran bütün məsələlərin həllinə vaxtında nail olunacaq.
Artıq Təşkilat Komitəsi formalaşmış və olduqca məhsuldar fəaliyyət
göstərir. Tədbirin keçirilməsi nəzərdə tutulan idman obyektlərinin
böyük əksəriyyətinin tikintisi bu il başa çatmalıdır. Olimpiya
stadionunun, su idman sarayının, stend atıcılığı mərkəzinin
tikintisi davam etdirilir. Artıq gimnastika mərkəzi fəaliyyət
göstərir. Heydər Əliyev İdman-Konsert Kompleksi, Bakı İdman Sarayı
əsaslı təmir olunur, digər idman obyektləri yaradılır. Ancaq bu
Oyunlara hazırlıq təkcə müvafiq idman obyektlərinin tikintisi ilə
məhdudlaşmır. Eyni zamanda, təhlükəsizlik, nəqliyyat, Olimpiya
şəhərciyinin yaranması, qonaqların, idmançıların qarşılanması,
yerləşməsi, məşqlərin keçirilməsi və digər məsələlər çox ciddi
diqqət tələb edir. Nəzərə alsaq ki, Azərbaycanın artıq güclü
potensialı, oturuşmuş idman infrastrukturu mövcuddur və bizim böyük
beynəlxalq tədbirləri təşkil etməkdə yaxşı təcrübəmiz vardır,
əminəm ki, bu Oyunları ən yüksək səviyyədə keçirə biləcəyik. Hesab
edirəm ki, Azərbaycanda tətbiq olunan standartlar bundan sonrakı
Avropa Oyunlarının təməl prinsiplərinə çevriləcəkdir. /AzərTac/