Piramidanın rejissoru və daha bir nəfər həbsdə, istintaq
davam gedir.
Gənc Tamaşaçılar Teatrının rejissoru, Əməkdar incəsənəət xadimi
Ağalar İdrisoğlu Bakı Şəhər Baş Polis İdarəsində Cinayət
Məcəlləsinin 178.3.1-ci maddəsi ilə başlanmış cinayət işi
çərçivəsində həbs edilib. Onun barəsində Xətai Məhkəməsində hakim
Bəxtiyar Əliyevin sədrliyi ilə keçirilən iclasda 2 ay müddətinə
həbs-qətimkan tədbiri seçilib.
Bir müddət əvvəl DİN-in yaydığı rəsmi məlumatda Ağalar İdrisoğlu
ilə yanaşı Hüseyn Nuriyev, Nəsir Hüseynov, Əhliman Camalov, Asim,
Qalib, Elşən və s. şəxslərin barəsində də istintaq aparıldığı
bildirilirdi.
Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində
aparılan istintaqın gedişində Nəsir Hüseynov da həbs olunub. Mayın
16-da Xətai Məhkəməsinin qərarı ilə Nəsir Hüseynov barəsində də 2
aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, 1950-ci il təvəllüdlü Mehdiyev Ağalar İdris
oğlunun maliyyə piramidası sxemi ilə fəaliyyət göstərən LNS MMC-yə
rəhbərlik etməsi haqqında bir müddət əvvəl KİV-də məlumatlar
yayılmışdı. Daha sonra Bakı Şəhər Baş Polis İdarəsində
A.İdrisoğlunun da daxil olduğu mütəşəkkil dəstə barəsində Cinayət
Məcəlləsinin 178.3.1-ci maddəsi ilə (mütəşəkkil dəstə tərəfindən
dələduzluq) cinayət işinin açılmasına dair Daxili İşlər Nazirliyi
məlumat yaydı. Rəsmi məlumatda göstərilir ki, Nəsir Hüseynov,
Əhliman Camalov, Hüseyn Nuruyev, Ağalar Mehdiyev və s. şəxslər
dələduzluq yolu ilə Bakı şəhər sakinləri Nəsib Qəhrəmanovadan 1850
manat, Qılman Nəsibovdan 1331 manat, İbrahim Məmmədovdan 2300
dollar, Rasim Qəhrəmanovdan 1500 manat, Fərhad Abdulovdan 1500
manat, İdris Şahbazovdan 1150 manat, Şamil Seyidzadədən 1650 manat,
Pəhləvan Xudiyevdən 1220 manat, Rahim Cəfərovdan 1500 manat, Şəms
Cabbarovadan 1455 manat, Ramilə Cəfərovadan 1425 manat, Sumqayıt
şəhər sakini Hüriyyə Məmmədəliyevdən 3950 manat, Göyçay rayon
sakinləri Samir İsrafilovdan 1175 manat, Elşən Əliyevdən 1500
manat, Füzuli rayon sakini Afət Alıyevdən 1650 manat və Beyləqan
rayon sakini Müşfiq Şixəliyevdən 1850 manat almaları barədə Nizami
Rayon Polis İdarəsinə aprelin 22-də ərizə ilə müraciət olub.
Bu şəxslər şəbəkə marketinqi vasitəsilə vətəndaşları aldatmaqda,
onları işə düzəltmək və gəlir əldə etmək vədi ilə müxtəlif
məbləğlərdə pul almaqda ittiham olunurlar.
Aldadılan şəxslərdən Fərhad Abdulov, Rahim Cəfərov, Əbulfəz
Rzayev və digər şəxslər 2013-cü ildə özünü "Prezidentin vəkili"
kimi təqdim edən tanınmış rejissor Mehdiyev Ağalar İdris oğlunun,
Hüseyn Nuriyevin, Nəsir Hüseynovun, Əhliman Camalovun LNS
şəbəkəsinə cəlb edilmələri adı ilə onlardan külli miqdarda pul
almalarına dair hüquq-mühafizə orqanlarına və mətbuata ərizələr
yazmışdılar. Şikayətçilərin bildirdiyinə görə, Ağalar İdrisoğlunun
rəhbərliyi ilə qurulan LNS MMC maliyyə piramidası sxemi ilə
fəaliyyət göstərirmiş. Hüseyn Nuriyev, Əhliman Camalov, Nəsir
Hüseynov ayrı-ayrı şəxslərə LNS MMC-nin, guya, ölkə prezidentinin
göstərişi ilə yarandığını, "Prezidentin vəkili", Əməkdar incəsənət
xadimi, rejissor Ağalar İdrisoğlunun isə "yuxarıların tövsiyəsi"
ilə bu işə rəhbər kimi təyin olunduğunu söyləməklə minlərlə şəxsin
etimadını qazanıblar. A.İdrisoğlu və H.Nuriyev mətbuata verdikləri
müsahibədə bildiriblər ki, 2008-2011-ci illərdə "Questnet"
şirkətinin distribütorları olublar, 2012-ci ildə LNS MMC-ni
qurublar və bu şirkətə rəhbərlik edirlər. Əhliman Camalov və Nəsir
Hüseynov isə A.İdrisoğlu və Hüseyn Nuriyevin əsas təbliğatçıları
idilər. Guya italyan şirkətinin Azərbaycanda nümayəndəsi olan
"gözəgörünməz" Anar müəllimin vəzifəsi isə işlərə Türkiyədən dəstək
vermək, İtaliya və Türkiyənin məşhur markalarının LNS şəbəkəsi
vasitəsilə satışını təşkil etmək olub. LNS MMC-nin rəsmi təsisçisi
olduğu deyilən Anar adlı şəxs barəsində geniş məlumat verilmir, o,
şirkəti kölgədən idarə edir.
Məlumata görə, A.İdrisoğlu teatr aktyorlarını və mədəniyyət
sahəsində çalışan çoxsaylı insanları qazanc əldə etmək vədi ilə
piramida şəbəkəsinə cəlb edərək, bu ilin əvvəlindən isə Sumqayıt
şəhərində LNS MMC-nin ofisini açaraq şəbəkənin fəaliyyətini şimal
bölgələrinədək yayıbmış.
Bakının Nərimanov rayonunda Heydər Əliyev Mərkəzinin
yaxınlığında böyük ofisləri olan LNS MMC-nin 3 il ərzində 30 mindən
çox insanı maliyyə piramidasına cəlb etdiyi bildirilir. Şəbəkəyə
cəlb olunan hər adamdan azı 125 manatdan başlayaraq 2000 manatadək
pul alınır. Maraqlıdır ki, piramidaya daxil olan şəxslərə
verdikləri pulların müqabilində kassa mədaxil qəbzi, müqavilə və s.
sənədlər təqdim olunur. LNS MMC-nin maliyyə piramidasına
2012-2014-cü illərdə 11 milyon manata yaxın pul yığıldığı deyilir.
Lakin milyonlarla dövriyyəsi olan və üzvlərinə də rəsmi sənədlər
verən LNS MMC-nin vergi hesabatları "0" dərəcə ilə verilirmiş.
2013-cü ildə vergi hesabatlarında MMC-nin heç bir gəliri olmadığı,
2014-cü ilin ilk 3 ayında isə cəmi 3500 manat gəlir əldə etdiyi
göstərilir.
Qeyd edək ki, mətbuatda LNS piramidasının Bakıdakı nurçuların
əsas maliyyə qaynaqlarından biri olmasına dair məlumatlar da
yayılmışdı. Həmin vaxt KİV-də açıqlama yayan H.Nuriyev və
A.İdrisoğlu Axar.az-a bu məlumatları təkzib etmişdilər.