"Bu günlərdə İranın Azərbaycandakı fövqəladə və
səlahiyyətli səfiri ağayi Möhsün Pakayin Təbrizdə jurnalistlərə
açıqlama verərkən müstəqil Azərbaycan Respublikasının ünvanına bir
sıra ittihamlar səsləndirmiş, ölkənin daxili işlərinə müdaxilə
hesab oluna biləcək fikir və mülahizələrə yer
vermişdir".
Bu sözlər Dünya Azərbaycanlıları Konqresinin yaydığı bəyanatda
əksini tapıb. Axar.az-a daxil olan bəyanatda bildirilir ki, səfir
ölkədəki ictimai-siyasi duruma, sosial-iqtisadi məsələlərə toxunub,
səhiyyə, təhsil, hüquq və digər sahələrdə görülən işlərə münasibət
bildirməyə çalışıb:
"O, həmçinin Azərbaycanda nəşr olunan dərsliklərdə tarixi
təhriflərə yol verildiyini bildirib, onların aradan qaldırılması
üçün Azərbaycanla İranın xüsusi komitə formalaşdırdığını qeyd edib.
Səfir öz açıqlamasında beynəlxalq hüquq normalarından kənara
çıxmaqla bir neçə dəfə Azərbaycan dövlətinin daxili işlərinə
qarışıb. Biz DAK olaraq bildiririk ki, Azərbaycan müstəqil və
suveren dövlətdir və o, daxili və xarici siyasət kursunu özü
müəyyənləşdirir: onun daxili işlərinə qarışmaq, ölkədə gedən
ictimai-siyasi proseslərə kənardan müdaxilə etmək yolverilməzdir.
Azərbaycan dövlətinin özü beynəlxalq hüquq prinsiplərinə əməl
etməklə bərabər, həm də özünə qarşı münasibətdə digər dövlətlərdən
də bunu tələb etmək haqqı var.
Səfir daha sonra Quzey və Güney Azərbaycanda milli birlik
istəyinin də guya müəyyən radikal qüvvələr tərəfindən ortaya
gətirildiyini, hadisələrin hər iki tərəfdə bilərəkdən
qızışdırıldığını və bunun xarici təşkilatlatların marağına xidmət
etdiyini vurğulayıb. O, bir xalqın birləşmək arzusunu və bu yolda
aparılan mübarizəni təhrikçi qüvvələrin fəaliyyətinin nəticəsi kimi
qələmə verib. Halbuki, cənab səfir özü də yaxşı bilir ki, millətin
birləşmək, qovuşmaq arzusu onun öz içindən gəlir, burada hansısa
siyasi ambisiya və təhrikçilikdən söhbət gedə bilməz. Bu, tarixi
ədalətsizliyə, bir xalqın imperiyalar əli ilə parçalanmasına qarşı
millətin içində zaman-zaman gəzdirdiyi etiraz hissinin
reallaşmasıdır. Təkcə XX yüzillikdə Güneydə bu xalq bir neçə dəfə
ayağa qalxaraq öz azadlıq və istiqlalı uğrunda səngərlərə atılıb,
şah orduları ilə ölüm-dirim mübarizəsinə girişib. Səttar xan
hərəkatı, Şeyx Məhəmməd Xiyabanı inqilabı, Seyid Cəfər Pişəvərinin
rəhbərliyi altında gerçəkləşən "21 azər nehzəti" buna parlaq misal
ola bilər. Təkcə sonuncu milli hərəkatı boğmaq üçün İranın şah
rejimi 30 min azərbaycanlını edam edib. Lakin bütün bunlara
baxmayaraq, Azərbaycan xalqının iradəsini qırmaq mümkün olmayıb,
millət öz haqqı uğrunda bu gün də meydanlara atılmağa hazırdır.
2008-ci ildə Azərbaycan xalqının bütün İranı bürüyən etirazı da
məhz əvvəlki böyük mübarizələrin davamı sayıla bilər.
Təəssüf ki, İran İslam Respublikasının Azərbaycandakı fövqəladə
və səlahiyyətli səfiri cənab Möhsün Pakayin millətin müstəqillik
arzusunu və idealını hansısa naməlum qüvvələrlə bağlamaqla onu
kiçiltməyə, dəyərsizləşdirməyə çalışıb. Bir daha təkrar edirik ki,
bu, həm də tarixi qonşuluq baxımından düzgün deyil, iki dövlət və
bu dövlətlərin xalqları arasında qarışılıqlı inam və etimada kölgə
salmaqdır.
DAK olaraq tələb edirik ki, İran İslam Respublikasının
Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri öz açıqlamalarında
yol verdiyi siyasi xətalara aydınlıq gətirsin və Azərbaycan
xalqından üzr istəsin".