Noyabrın 22-də Parisdəki Mədəniyyət mərkəzində Heydər
Əliyev Fondunun təşəbbüsü və Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin təşkilatçılığı ilə dünya şöhrətli fotoqraf Reza
Deqatinin ölkəmizdə dini tolerantlığı əks etdirənsi
açılıb.
"Axar.az" AzərTAC-a istinadən xəbər verir ki, sərgidə
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti,
UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva da
iştirak edib.
Sərgini açan Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı,
vitse-prezident Leyla Əliyevanı və qonaqları salamlayıb,
"Azərbaycan tolerantlıq məkanı" adlı sərgidə nümayiş etdirilən
fotoların müəllifi Reza Deqatinin Azərbaycanın, həmçinin Fransanın
böyük dostu olduğunu bildirib.
Səfir sərgidəki fotoların dünyanın bir çox ölkələrində
tolerantlığın mövcud olduğunu bildirərək sərginin bir qədər əvvəl
UNESCO-da nümayiş etdirildiyini xatırladıb.
Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva
çıxış edərək bildirib ki, müxtəlif dini və etnik mənsubiyyətə malik
insanların Azərbaycanda əsrlər boyu dinc yanaşı yaşaması ölkəmizdə
möhkəm və sağlam təməllər üzərində qurulmuş və qarşılıqlı hörmətə
əsaslanan tolerant cəmiyyət modelinin özünəməxsus və unikal
formasının yaranmasına səbəb olub.
Leyla Əliyeva qeyd etib ki, multikulturalizm və milli-dini
azlıqlara hörmət Azərbaycan xalqının milli xüsusiyyətidir və bu gün
ölkəmizdə mədəniyyətlərarası və dini tolerantlığı tərənnüm edən
fotosərginin nümayişi məhz Azərbaycan dövlətinin bu milli
xüsusiyyətin qoruyub saxlanması, daha da inkişaf etdirilməsi və
dünyada təbliği istiqamətindəki ardıcıl və davamlı siyasətinin
bariz nümunəsidir.
Fransa Senatının Qafqaz-Azərbaycan dostluq qrupunun üzvü
Jan-Mari Bokel sərgidə nümayiş etdirilən fotolardan mütəəssir
olduğunu bildirərək qeyd edib ki, bu gün multikulturalizmi siyasi
dövriyyədən çıxarmağa çalışan bir sıra Avropa dövlətlərindən fərqli
olaraq dini və mədəni tolerantlığı dövlət siyasətinin mühüm
elementinə çevirə bilən Azərbaycanı bu nailiyyətlərinə görə yalnız
alqışlamaq olar.
Senator bu yaxınlarda Azərbaycana səfər etdiyini, Gəncədə
olduğunu xatırladaraq ölkəmizdə müxtəlif millətlərin
nümayəndələrinin dostluq və mehriban şəraitdə yaşadığını,
Azərbaycandakı tolerantlığın digər ölkələrə nümunə olduğunu,
həmkarlarının Azərbaycanın dostu olduğunu, tolerantlığın insanlar
arasında ünsiyyət yaratması istiqamətində əhəmiyyətini vurğulayıb,
bütün dünyada qorxu hökm sürdüyü bir vaxtda tolerantlığın
vacibliyini diqqətə çəkib.
İSESKO-nun baş direktoru Dr. Əbduləziz Osman Əl-Tüveycri
bildirib ki, müstəqillik qazandıqdan sonra Azərbaycan yüksək
sürətlə inkişaf etməklə yanaşı, tarix boyu bu ölkədə formalaşan
mədəni və dini müxtəlifliyin unikal harmoniyasının yaranmasına nail
olub. Məhz bu cəhətdən Azərbaycan dünyanın bir çox ölkələrinə,
xüsusilə də İslam coğrafiyasının dövlətlərinə nümunə ola bilər.
Baş direktor Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə
toxunaraq ölkəmizin ərazilərinin işğal edilməsini müasir sivil
dünya üçün dözülməz fakt olduğunu bildirib və torpaqlarımızın
tezliklə azad olmasına çağırıb.
Sərgidə nümayiş etdirilən fotoların müəllifi, Parisdə yaşayan
dünyanın tanınmış fotoqraflarından biri, əslən azərbaycanlı olan
Reza Deqati sərgi iştirakçılarına Azərbaycanda rastlaşdığı
dözümlülük mühitinin dünyada unikal modellərdən biri olduğunu
vurğulayaraq Heydər Əliyev Fonduna bu nəcib təşəbbüsə göstərdiyi
dəstəyə görə təşəkkürünü bildirib.
Sərgidə Fransanın dövlət və hökumət rəsmləri, UNESCO-nun baş
direktoru, Parisin VII rayonunun meri, senatorlar, deputatlar,
tanınmış incəsənət ustaları, fransız ictimaiyyətinin nümayəndələri,
bu ölkədə akkreditə olunan diplomatik korpusun əməkdaşlarından
ibarət 500 qonaq iştirak edib.