İyul ayının 11-də saat
18 radələrində Masallı rayonunun Kubin kəndinin yaxınlığında
yerləşən "Qamo" istirahət mərkəzində 10 yaşlı uşağın necə ölməsini
əks etdirən video oxucularımız tərəfindən Axar.az-a təqdim
edilib.
Video-yazını həmin ərəfədə orda istirahət edən ailələrdən biri
lentə alıb. Videodan görünür ki, o qədər də böyük olmayan hovuzda
istirahət edənlər düz gözlərinin qarşısında baş verən boğulmadan
xəbərsizdirlər. Uşağın nəzarətsiz olması faciə ilə nəticələnib.
Xatırladaq ki, Masallı rayonun Qarğalıq kənd sakini olan 10
yaşlı Novruzov Rauf İlkin oğlunun boğulduğu bilinəndən sonra təcili
yardım maşını ilə onu qonşu Miyankü kəndinə ("Qamo" istirahət
mərkəzindən ora 3 km-dir), Masallı reqional təcili yardım
xəstəxanasının Baş həkimi Firudin Qənbərovun evinə aparıblar. Lakin
uşağın öldüyü və ona heç cür yardım etməyin mümkün olmadığını
biləndən sonra meyit Masallı rayon mərkəzi xəstəxanasının baş
həkimi Cəlil Nəzərovun evinə götürülüb. Cəlil Nəzərovun "Qamo"
istirahət mərkəzinin sahibi olduğu bildirilir.
Qeyd edək ki, "Qamo" istirahət mərkəzinə şərik axtarılması
(satılması) ilə bağlı bir il əvvəl verilən elanda mərkəzin sahibi
kimi Füzuli Nəzərovun adı keçir. Kubin kəndindən olan və kənddə
məscid tikdirən F.Nəzərov Cəlil Nəzərovun dayısı oğludur. Verilən
məlumata görə, C.Nəzərov artıq "Qamo" istirahət mərkəzinə tam
yiyələnib və bunarı oğlunun adına sənədləşdirib.
Qarpızdan zəhərlənmə?
Sakinlərin verdiyi məlumata görə, C.Nəzərov əlaqələrindən və
həkimliyindən istifadə edərək, 10 yaşlı atasız uşağın ölümünü
"Qarpızdan zəhərlənmə" kimi qeydə aldıra bilib. Bunun nəticəsində
isə araşdırmalara fasilə verilib və hazırda "Qamo" istirahət
mərkəzi heç nə olmamış kimi fəaliyyətini davam etdirir. "Qamo"
istirahət mərkəzində çalışan şəxslərdən biri bildirdi ki, C.Nəzərov
azərbaycanlı milyarder, "Palmali" Şirkətlər Qrupunun prezidenti
Mübariz Mənsimovun qohumudur və onun 11 ildir baş həkim kimi
fəaliyyətində, həmçinin "Qamo" istirahət mərkəzini işlədə
bilməsində bu fakt öz sözünü deyir, M.Mənsimov qohumunu daim himayə
edir.
Masallı Rayon Polis Şöbəsindən Axar.az-a bildirdilər ki, hadisə
ilə əlaqədar Boradigah polis bölməsi ilə əlaqə saxlamalıyıq. Ora
ilə əlaqə yaratmaq üçün şöbədən verilən telefon nömrələrinin heç
birinin işləmədiyi məlum oldu.
Cəlil Nəzərov isə dəfələrlə etdiyimiz zənglərə cavab
vermədi.
Mövzunu davam etdirməyə çalışacağıq.