Sabah Milli Mətbuatın
yaranması günüdür.
AzNews.az peşə bayramı ərəfəsində redaktorların ölkə KİV-lərinin
son bir ili ilə bağlı fikirlərini öyrənib...
"Problemlər təkcə media ilə bağlı deyil"
"Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli hesab
edir ki, bu sahədə kifayət qədər problemlər var və onların həlli
təkcə media ilə bağlı deyil:
"Şübhəsiz ki, inkişaf-xüsusən də internet-medianın inkişafı
istiqamətində-olub. Çoxsaylı yeni internet-media resursları
yaradılıb. Onların arasında uğurluları da var, uğursuzları da. Amma
nəticə etibarilə 2014-cü ili media əhəmiyyətli bir zaman kəsiyi
kimi qiymətləndirmək olar. Problemlər isə təkcə media ilə bağlı
olmadığından onların aradan qaldırılması üçün kompleks tədbirlərin
həyata keçirilməsinə ehtiyac var. Məsələn, media orqanları arasında
rəqabəti stimullaşdıra biləcək əsas amil reklam bazarının
liberallaşdırılmasıdı. Amma bu problemin aradan qaldırılması
mediadan demək olar ki, asılı deyil. Bu baxımdan, düşünürəm ki,
ölkədə iqtisadi, siyasi, hüquqi və digər islahatların həyata
keçirilməsi nəticəsində bu problemlər də aradan qalxacaq".
"Jurnalist peşəkarlığı aşağı düşür"
Modern.az saytının baş redaktoru Elşad Eyvazlının qənaətinə
görə, son bir ildə elektron media aparıcı qüvvəyə çevrilib:
"Qəzetlərimiz, hətta telekanallarımız internet mediasının
arxasınca sürünürlər"-deyən baş redaktor əlavə edib ki, istəsək də,
istəməsək də, qəbul etsək də, etməsək də bu, belədir:
"İndiki oxucu məlumatları anındaca almaq istəyir. Bu imkan isə
ancaq internet mediada var. Məsələ burasındadır ki, internet
mediası inkişaf etdikcə jurnalist peşəkarlığı aşağı düşür. Hesab
edirəm ki, adamın ölüm xəbərini verən, 1 saatdan sonra bunu təkzib
edən medianın özü ölüb. Eyni zamanda internet mediasında yazı
oğurluğu qaşısıalınmaz müstəviyə gəlib. Ən dəhşətlisi isə odur ki,
ölkənin aparıcı telekanalları da, xəbər agentlikləri də bu yolu
tutublar. Ona görə də jurnalist fəaliyyətindən həzz almaq kimi
hisslər itir. Çünki sənin yazdığın xəbər 1 dəqiqə sonra başqa
saytda, telekanalda istinad edilmədən insanlara çatdırılanda, demək
sənin əziyyətin heç olur. Bunun qarşısını almaq məsələsi isə
deyəsən, ya kimlərəsə sərf eləmir, ya da kimlərəsə lazım deyil.
Nəticədə isə jurnalistika bərbad hala düşür".
E.Eyvazlı deyir ki, bu gün əksər saytlar telekanallarla birgə
yalnız insanların intim həyatına maraq göstərirlər. Onun sözlərinə
görə, Türkiyə və Azərbaycandan başqa dünyanın heç bir ölkəsində bu
şəkildə biabırçılıq yoxdur:
"Özü də bu kimi hallar jurnalistlərin sosial vəziyyətinin
yaxşılaşdığı zaman baş verir. İllər öncə jurnalistlərin sosial
vəziyyəti aşağı idi, amma peşəkarlıqlarını qoruyurdular. İndi isə
tam əksinədir. Hər halda bu bayram ərəfəsi Azərbaycan
jurnalistlərini təbrik edirəm. Ola bilər ki, dediklərimlə
razılaşmayan olsun. Mənim istəyim jurnalistiklamızın bütöv, sağlam,
möhkəm, hörmətli, güclü olmasıdır".
"Xəbər saytlarına da marağı artıb"
Musavat.com saytının baş redaktoru Xalid Kazımlı isə hesab edir
ki, son bir ildə Azərbaycanın çap mətbuatında geriləmələr var. Buna
baxmayaraq, elektron media da xeyli irəliləyişlə yadda qalıb:
"Özünüz də hiss edərsiniz ki, ölkədəki elektron saytlarda xəbər
bolluğu var. Həmçinin ölkədə xeyli sayda internet xəbər saytları
fəaliyyətə başlayıb. Bunun nəticəsində insanlar elektron xəbər
saytlarına da marağı artıb. Bunu irəliləyiş kimi dəyərləndirmək
olar. 22 iyul Milli Mətbuat günümüzlə bağlı bütün həmkarlarımı
təbrik edir və onlara işində uğurlar arzulayıram".
"Optimist proqnoz vermək mümkün deyil"
"Azadlıq" qəzətinin baş redaktorunun birinci müavini Rahim
Hacıyev 22 iyul Milli Mətbuatın yaranmasının 139 illiyi ilə
əlaqədar bayramın keçirilməsinin düzgün olmadığını düşünür: "Fakt
ondan ibarətdir ki, ölkədə çap mətbuatı başda olmaqla digər
KİV-lərin də vəziyyəti acınacaqlı səviyyədədir. Ölkəmizdə mətbuatın
inkişafı üçün heç bir imkan yoxdur. Hazırda Azərbaycanda çap
mətbuatının gələcək fəaliyyəti ilə bağlı optimist proqnoz vermək
mümkün deyil".
"Parlaq imzalar yağlı əppək olub, göyə
çəkilib"
"Gündəlik Teleqraf" qəzetinin redaktoru Qurban Yaquboğlu da çap
mediası ilə bağlı narahatçılığını bildirib: "Son bir ildə məni
narahat eləyən əsas məsələlərdən biri çap mətbuatının fiziki olaraq
sıradan çıxması və ya çıxarılması prosesidir. Bəlkə bu, mühafizəkar
dünyagörüşün narahatlığı kimi görünəcək, amma zənnimcə, "kağız
sözü"nü dəfn eləməyə çalışmaq süni bir cəhddir. İkincisi, parlaq
imzaların və ürəkdən tikan çıxaran publisist yazıların yağlı əppək
olub göyə çəkilməsidir". Redaktor hesab edir ki, uğurlar elektron
KİV-də nəzərə çarpır: "Bu, İP göstəriciləri ilə müəyyənləşir.
Fikrimcə nəticə pis deyil".
"Mövcudluğunu və sifətini qoruyan..."
"Kaspi" qəzetinin baş redaktoru Natiq Məmmədli isə hesab edir
ki, son bir ildə mətbuat öz ritmi ilə mövcudluğunu qoruyub
saxlayıb: "139-cu ildönümündə mövcudluğunu və sifətini qoruyan
bütün mətbuat orqanlarında çalışan həmkarlarımı təbrik edirəm".
"Media şəxsi ambisiyalarının girovuna
çevrilir!"
Azadinform İnformasiya Agentliyinin baş redaktoru Niyaz
Niftiyevin də fikrincə, mətbuat sahəsində xeyli irəliləyişlər var:
"Həqiqətən də son bir ildə ölkə KİV-ləri yalnız ümumi qəbul
edilmiş, hamı tərəfindən bəyənilən informasiya və ya ideyalara
deyil, eyni zamanda, demokratik cəmiyyətin təməl prinsipi sayılan
plüralizm, tolerantlıq və şəffaflığa əsaslanan informasiyalar
istehsal etməkdədir. Eyni zamanda müxtəlif sosial sahələrdə mövcud
problemlərin həllində fəal iştirak etməklə KİV-lər problemlərin
həllinə dəstək olur. Bu sahədə qanunvericilik kifayət qədər
mövcuddur, KİV-in inkişafı ilə bağlı Konsepsiya var, media
işçilərinin problemlərinin həlli istiqamətində müəyyən və deyərdim
ki, hiss ediləcək addımlar atılır. Əlbəttə, problemlər də olmamış
deyil. İndi ayrı-ayrı subyektlərə xidmət edən bəzi yeni media
vasitələri kortəbii inkişaf etməkdədir. Bir neçə il bundan əvvəl
haqlı olaraq KİV-lərin ən ciddi qüsuru kimi onların həddən ziyadə
siyasiləşməsində görürdülərsə, bu gün qütbləşmə daha qabarıq özünü
büruzə verir. O zaman həddən ziyadə siyasiləşmə KİV-lərin
informasiya məkanı hüdudlarından çıxaraq siyasətə daxil olmasına
səbəb olurdusa, qütbləşmə isə demokratiyanın deyil, konkret
subyektlərin şəxsi ambisiyalarının girovuna çevrilir. Bu amil də
KİV-lərin azad fəaliyyətinə mane olur. Fərdlərə xidmət indi olduğu
kimi, perspektivdə də çox mənfi tendensiyalarla müşahidə edilə
bilər. Digər tərəfdən, reket jurnalistika forma etibarı ilə
dəyişib. Onlar artıq klassik mediadan internet mediaya transfer
ediblər. Klassik mediada yaratdıqları problemləri indi internet
media vasitəsi ilə təkrarlayırlar. Bu da bütövlükdə həqiqətən də
jurnalistika ilə məşğul olan insanların fəaliyyətində problemlər
yaradır".
"Məni ən çox narahat edən isə…"
Axar.az saytının baş redaktoru Anar Niftəliyev isə bu
qənaətdədir ki, Azərbaycan mediasında hər hansı geriləmə
ümumiyyətlə, müzakirə mövzusu deyil:
"Son bir ildə də - əvvəlki bir neçə ildə olduğu kimi - mediamız,
xüsusilə onlayn media sürətlə inkişaf etdi və doğrusu, bu inkişafı
yalnız 70-ci illərin sonu, 80-ci illərin əvvəllərində Türkiyə
elektron mediasının inkişafı ilə müqayisə etmək olar. Operativlik
baxımından isə artıq nəinki Qafqazda, ümumiyyətlə regional dövlət
statuslu qonşularımızdan da öndəyik. Əlbəttə ki, belə inkişaf və
operativliyin mənfi cəhətləri yox deyil. Məsələn, informasiya
manipulyasiyasını düşmək, operativlik naminə xəbərin gecikməməsinə
çalışmaq və nəticə etibarilə təsdiqlənməmiş xəbəri ictimaiyyətə
təqdim etmək kimi problemlər yaranır. Ancaq hesab edirəm ki, rəsmi
qurumlar bizim çevikliyimizin səbəbinə normal yanaşdıqca və
redaksiyaların maddi texniki bazası genişləndikcə, bunlar arxada
qalacaq. Məni ən çox narahat edən isə: birinci, yeni kadrların
yetişməməsi, ali təhsilli jurnalistlərin dili bilməməsi, öyrənmək
istəməməsi, yetişməməsidir. Bu, çox ciddi problemdir - yeni nəsil
sözün bütün mənalarında yetişmir və yaxud onların arasından çox
nadir hallarda normal, istedadlı gənc çıxır".
A.Niftəliyevin sözlərinə görə, ikinci problem isə redaksiyalar
arasında sağlam rəqabət mühitinin tam formalaşmamasıdır:
"Halbuki çap mediasında biz daha isti, dəyərlərimizə daha
sayğılı rəqabətdə idik. Arzu edirəm ki, növbəti şad günümüzdə bu
problemləri artıq arxada qoyduğumuzla bağlı nikbinliklə danışa
bilək.
"Bunun adı əsl dedi-qodu mətbuatıdır"
SalamNews İnformasiya Agentliyinin baş redaktoru Əsgər İbrahimov
isə hesab edir ki, son bir ildə mətbuatın inkişafında sevindirici
heç nə yoxdur: "Sanki jurnalistika digər peşələrin qalıqlarından
ibarət olub. Azərbaycan dilinin qaydalarına fikir verilmir, küçə
söhbətləri artır, dünya arenasına çıxacaq xəbər yazan yoxdur. Belə
olan halda hansı inkişafdan danışmaq olar? Bunun adı əsl dedi-qodu
mətbuatıdır".
Ə.İbrahimov vurğulayıb ki, bu gün Azərbaycan mətbuatının ciddi
nəzarətə ehtiyacı var: "Təcrübəli insanlar azalır. Gənclər isə
xarici ölkə mətbuatının təsiri altına düşərək xəbərləri Azərbaycan
dilinin qaydalarını gözləmədən istədikləri kimi yazırlar. Onlara
bildirmək lazımdır ki, bura nə Türkiyədir, nə Rusiyadır, nə də
Qərbdir. Bura Azərbaycandır və Azərbaycan dilinin qaydaları xəbərdə
özünü göstərməlidir. Gəlin bircə dəfə də özümüzü -dilimizi
sevək!!!"
"2014-ü saytlar ili elan edilməlidir"
"Qafqazinfo" xəbər portalının baş redaktoru Elbrus Ərud maraqlı
təkliflə çıxış edib. O bildirib ki, ölkədə Elektron Kütləvi
İnformasiya vasitələrinin inkişafını və oxucu kütləsini nəzərə
alaraq, Azərbaycanda saytlar ili elan etmək lazımdır: "Fikrimcə,
son bir ildə yeniliklər odur ki, saytların yaranması sahəsində bum
yaranıb. Son bir ildə mətbuat daha sərt yazmağa başlayıb. Yazılan
xəbərlərə reaksiyaların verilməsi, aydınlığın gətirilməsi yaxşı
haldır".
Baş redaktor problemlərdən danışarkən qeyd edib ki, internet
media haqqında qanunverucilik bazası yaradılmalıdır və bu
gecikir.
"Neqativlər daha çoxdur"
"Mediaforum" saytının baş redaktoru Azər Qaraçənli isə hesab
edir ki, son illər Azərbaycanda media sahəsində əsas tendensiya
geriləmədir: Söz, ifadə azadlığının boğulması prosesi davam edir və
son ildə də son illərdəki tendensiya yalnız artmağa doğru gedib.
Ona görə geridə qalan bir ili də mediamız üçün pis illərdən biri
sayıram. Jurnalistikada peşəkarlığın zəiflədilməsi söz və ifadə
azadlığının boğulması prosesi davam elədi".
Baş redaktor hesab edir ki, Azərbaycan jurnalistikasının ən
böyük problemi Elmar Hüseynovun və Rafiq Tağının öldürülməsi və bu
cinayətlərin üstünün hələ də açılmamasıdır:
"Cinayətlərin üstü açılsaydı da bu problem kimi qalardı.
Açılamamağı bunu bir qədər də dərinləşdirir. Jurnalistika sahəsində
yaxşı işlər də var. Amma neqativlərin fonunda bunlar o qədər də
ciddi görünmür".
"Jurnalistləri sosial vəziyyəti yaxşılaşıb, amma peşəkarlar bu
sahədən uzaqlaşıb"
Jurnalist Ekspert Mərkəzinin sədri. "Ədalət" qəzetinin redaktoru
Ceyhun Musaoğlu isə deyib ki, Azərbaycan mətbuatında ən qabarıq
görünən inkişaf jurnalistlərin sosial problemlərinin xeyli dərəcədə
aradan qalxmasıdı. Onun fikrincə, Prezidentin jurnalistlərə
mənzillər hədiyyə etməsi və növbəti binanın tikintisinə
başlanılması, maaşalarda artımların olması açıq şəkildə söyləyə
biləcəyimiz faktlardı: "Bu gün jurnalistlər əvvəlki dövrlərlə
müqayisədə, yaxşı məvacib, qonorar alırlar. Saytların yaranması və
rəqabət səviyyəsində fəaliyyət göstərməsi yazarların, o cümlədən
peşəkar jurnalistlərin qonorarlarının artmasına səbəb oldu. Bütün
bunlar alqışlanasıdı. Ancaq təəssüfedici məqamlar da var. Jurnalist
peşəkarlığı geriyə hərəkət etməyə başlayıb. Bir vaxtlar cümlələri
ilə yaxşı mənada seçilən jurnalistlərin bəlkə də əksəriyyəti artıq
bu peşədən kənarlaşıblar. Onların arasında ölkəni tərk edənlər də
var. Çox ciddi boşluq yaranıb. Yeni nəsil isə jurnalistikaya
gəlməyə qorxur. Təsəvvür edin, universitetlərin jurnalistika
fakültələrinə ixtisas imtahanları salınıb. TQDK bəyan etdi ki,
fakültə üçün ayrılan kvota dolmadı. Görürsüz, məzunlarımız inşa
yazacaq səviyyədə belə deyillər. Keçmişi möhtəşəm olan
jurnalistikanın gələcəyi qaranlıqdı".
Mərkəz rəhbəri hesab edir ki, əvvəlki dövrlərə nisbətdə
jurnalistikamız KİV haqqında" Qanunun tələblərini kütləvi şəkildə
pozur: "Buyurun, pul var, yaşayış səviyyəsi yüksəkdi, amma
peşəkarlıq axsayır. Hər halda biz jurnalist təşkilatları çalışırıq
ki, bu sahənin gələcəyindəki işıqları yandıramqda yeni nəslə
yardımçı olaq. Jurnalistikası qaranlığa düşən cəmiyyət ən yaxşı
halda azıb ortada qalar".
"Mətbuat itirə-itirə gedir"
"Moderator" saytını redaktoru Zülfüqar Hüseynzadə də hesab edir
ki, ötən ili uğurlu il adlandırmaq olmaz: "Mətbuat itirə-itirə
gedir. Görün nə aləmdirsə, nəinki məmurlar, hətta şou-biznes
gözəlçələri də üstümüzə ayaq açıb, bizi həbs etdirmək eşqinə
düşüblər".