"Məhz bundan sonra hansısa qüvvələr NATO yox, ABŞ-ın
hərbi bazası statusunda – həm də məhdud sayda - Azərbaycanda
yerləşdirilə bilər".
Bu sözləri Axar.az-a politoloq Ərəstun Oruclu Qərblə Bakının
hərbi müttəfiq olması ilə bağlı məsələni şərh edərkən deyib.
O, ABŞ-la Azərbaycan arasında onsuz da münasibətlərin yerində
olduğunu söyləyib:
"Konqresdə qəbul olunmuş yeni qanunla bağlı ABŞ prezidentinə
tövsiyə olunur ki, Azərbaycan və bir sıra digər ölkələrlə hərbi
əməkdaşlığın genişləndirilməsi istiqamətində səylər gücləndirilsin.
Bu, daha çox tövsiyə xarakteri daşıyır. Həm də bu, Azərbaycanın
ABŞ-ın hərbi müttəfiqi olması demək deyil. Müttəfiqlər yalnız Şərq
Tərəfdaşlığı müqaviləsini imzalayan Gürcüstan, Moldova və
Ukraynadır. Azərbaycanla ABŞ arasında onsuz da müəyyən əməkdaşlıq
var və bunun səviyyəsi heç də aşağı deyil. Azərbaycanla ABŞ
arasında hərbi məsləhətləşmələr proqramı var. Burada müəyyən işlər
görülür. Bunların nədən ibarət olduğunu söyləmək bir qədər
çətindir. Belə şeylər daha çox gizli saxlanılır".
Politoloq Rusiya təhlükəsindən qorunmasından ötrü ABŞ
bazalarının Azərbaycanda yerləşdirilməsinin gerçək olmadığını
bildirib:
"Azərbaycan və ya Cənubi Qafqazda ABŞ bazalarının
yerləşdirilməsi hələ asan məsələ deyil. Ona görə asan deyil ki,
bunun hüquqi bazası olmalıdır. NATO və ABŞ hərbi bazalarının
ümumiyyətlə Azərbaycanda yerləşdirilməsi yaxın zamanlarda planda
olmayan, düşünülməsi planlaşdırılmayan bir məsələdir. Qeyd elədiyim
qanun Azərbaycana da şamil olunmalıdır ki, Bakı ABŞ-ın hərbi
müttəfiqi olsun. Məhz bundan sonra hansısa qüvvələr NATO yox,
ABŞ-ın hərbi bazası statusunda - həm də məhdud sayda - Azərbaycanda
yerləşdirilə bilər. Bunun üçün isə Azərbaycan öz xarici siyasət və
təhlükəsizlik prioritetlərini müəyyən etməlidir. Rəsmi olaraq
Gürcüstan, Ukrayna və Moldova bunu elədi. Bakı isə hələlik belə bir
addımı atmaqda həvəsli görünmür. Nə qədər ki, Azərbaycan tərəfi
belə bir addım atmayıb, bunun reallaşması uzun illərin problemi
olacaq. Yaxın zamanlarda ABŞ hərbi bazalarının Azərbaycanda
reallaşması qeyri-realdır".