"AAAF Park" yaşayış
kompleksində Vergilər Nazirliyi və Baş Prokuror Yanında
Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən
aparılan yoxlamalardan sonra saxlanıldığı bildirilən "AAAF İnşaat"
MMC-nin rəhbəri Tofiq Heydərovla bağlı Axar.az-a daxil olan
məlumatlar təsdiqlənməkdədir.
"Aznews.az" özəl mənbəyə istinadla şirkət tərəfindən direktorun
həbs xəbərinin təkzib olunmasına baxmayaraq, həbsin real olduğunu
bildirib.
Xatırladaq ki, Heydərovun əslində radikal dini cərəyanlara,
xüsusən vəhhabilərə yaşıl işıq yandırdığına görə DİN Banditizmə və
Terrorizmə qarşı Mübarizə Baş İdarəsində saxlanıldığı qeyd olunur.
Onun uzun müddətdir Abşeronda və Xırdalanda vəhhabi məzhəbindən
olan şəxslərə maliyyə yardımları göstərməklə yanaşı, bu dini
cərəyanların nümayəndələrinin işlə, yaşayış yeriylə təmin
olunmasında, eləcə, onların təhlükəsizliyinin təmin edilməsində
ağsaqqallıq missiyasını yerinə yetirməsi hüquq-mühafizə
orqanlarının diqqətini çəkib.
Hətta iddia olunur ki, qatı dindar olan Heydərovun rəhbəri olduğu
obyektlərin əksər işçiləri də məhz vəhhabi məzhəbinin nümayəndələri
olublar.
Maraqlıdır ki, bu fakt hələ bu ilin fevralında Abşeron Rayon
İcra Hakimiyyətini başçısı Zakir Fərəcovun rayon ərazisində
fəaliyyət göstərən radikal dini qruplaşmalarla bağlı keçirdiyi
xüsusi toplantıda səsləndirlən fikirlərlə üst-üstə düşür, hətta
eynilik təşkil edir.
Belə ki, icra başçısı həmin zaman – vəhhabi probleminin gündəmə
gəldiyi bir vaxtda rayonda fəaliyyət göstərən idarə və
müəssisələrin rəhbərləri, hüquq-mühafizə orqanlarının əməkdaşları,
hətta tikinti şirkətlərinin təmsilçilərinin iştirakıyla çağırılan
iclasda çox ciddi mesajlar vermişdi. Bildirilirdi ki, iclasdan
əvvəl icra başçısı Zakir Fərəcov Polis İdarəsindən və Milli
Təhlükəsizlik Nazirliyinin Abşeron rayon şöbəsindən rayondakı
radikal dini qruplaşmalarla bağlı ilginc məlumatlar almış, həmçinin
radikal dini qruplaşma üzvlərinə kömək göstərən şəxslərlə bağlı
ciddi ölçü götürüləcəyi barədə xəbərdarlıq etmişdi. Hələ o vaxt
xəbərdarlıq edilənlər arasında "AAAF İNŞAAT MMC"nin təsisçisi Tofiq
Heydərov da olmuşdu. Rayon rəhbəri ona işçilərinə nəzarət etməyi
tapşıraraq, dini qruplaşmaların işinə yardımçı olmağın böyük risk
olduğunu söyləmişdi. Qeyd olunmuşdu ki, radikal dini qruplaşma
üzvləri ilə hər hansı formada əməkdaşlıq və ya onlara yardımla
bağlı xəbərlər təsdiqlənəcəyi təqdirdə heç kəsə güzəşt
edilməyəcək.
İndi vəziyyət həddindən artıq qəlizdir - təkcə Heydərov, onun
ətrafı, himayə etdiyi şəxslər deyil, həm də "AAAF Park"da mənzil və
ya obyekt alan şəxslər üçün də.
Qeyd edək ki, "AAAF Park" yaşayış kompleksində ailə sağlamlıq
mərkəzi, uşaq bağçası, hotel, restoranlar, müxtəlif təyinatlı
mağazalar, hər biri 6 sot ərazidə inşa edilmiş 2 mərtəbəli çoxsaylı
villalar, 4 mərtəbəli yaşayış evləri, uşaqlar üçün əyləncə parkı
var. Burada məktəblə yanaşı, ağır atletika ilə məşğul olan "Zirvə"
idman klubunun üçmərtəbəli böyük binası da inşa edilib. "Zirvə"nin
AZAL prezidenti Cahangir Əsgərovun prezidenti olduğu federasiya ilə
əlaqələri də mövcuddur.