Üçüncü tərəf məsələsi artıq çoxdan gündəmdədir. Hətta ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfəri zamanı təmas xəttində müşahidəçilərin sayını artırması və digər texnikanın buraya gətirilməsi üçüncü tərəfə hazırlıq prosesi idi. Lakin bu baş tutmadı.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev Qarabağın üçüncü tərəf kimi danışıqlara qoşulmalı olduğu ilə bağlı erməni müxalifətinin lideri Nikol Paşinyanın açıqlamalarına münasibət bildirərkən deyib. O bildirib ki, bu, həm də ATƏT-in Minsk Qrupunun prinsipial olmayan mövqeyindən, deklorativ bəyənatlarından irəli gəlir:
“Çünki ATƏT-in Minsk Qrupunun həmsədrləri dəfələrlə regiona səfər zamanı üçüncü tərəf məsələsi ilə bağlı Ermənistanın prezidenti, baş naziri, müdafiə naziri ilə görüşlər keçiriblər. Bu, müəyyən ssenari üzrədir və bunu artıq Paşinyanın vasitəsi ilə leqallaşdırmağa çalışırlar”.
Politoloq vurğulayıb ki, əgər Paşinyan baş nazir seçilsə belə Dağlıq Qarabağ problemi istiqamətində hər hansı bir yenilik gözlənilməyəcək:
“Əvvəlcədən də məlumdur ki, bütün proseslər idarə olunandır. Eyni zamanda, burada Dağlıq Qarabağ münaqişəsi onlar üçün prioritet istiqamətdir. Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət addım ancaq ona görə atıla bilər ki, Ermənistan hazırda bütün iqtisadi layihələrdən kənardadır. İqtisadi layihələrdə iştirak etmənin isə tək yolu Dağlıq Qarabağ münaqişəsinin həlli və regionda təhlükəsizliyinin qarşısını almaq üçün təhdidlərin aradan qaldırılmasıdır. Paşinyanın Qarabağ məsələsindəki mövqeyi Sərkisyanın mövqeyindən fərqlənmir. Çünki bu məsələdə Paşinyanın öz planı yoxdur. Dağlıq Qarabağ məsələsində heç bir güzəştə getməmək bunların öz köhnə prinsipidir. Çünki bu oyun Qarabağ kartı üzərində qurulub. Dağlıq Qarabağ kartı həmişə oynanılan kartdır. Bütün proseslər də bu istiqamətdə gedir”.
Qeyd edək ki, N.Paşinyan ötən gün baş nazir seçkisi ilə bağlı parlamentdə çıxışında Qarabağətrafı 7 rayonu qaytarılmayacağını, Dağlıq Qarabağın danışıqlar prosesində 3-cü tərəf kimi iştirakına çalışacağını bəyan etmişdi.
N.Paşinyan ilk cəhddə baş nazir seçilə bilmədi.