"Bir neçə Azərbaycan firması
da Səddama göndərilən yardım işinə cəlb olunmuşdu və bu məqsədlə
həyata keçirilən biznes əməliyyatlarına Rusiya hərbi kəşfiyyatı
(QRU) nəzarət edirdi".
Axar.az xəbər verir ki, bu açıqlama ilə politoloq Ərəstun Oruclu
öz Feysbuk səhifəsində çıxış edib.
O, Qarabağ savaşı zamanı Moskvanın Bakını özündən xəbərsiz
tranzit kimi istifadə etdiyini deyib:
"1992-ci ilin yayı idi. Azərbaycanda hakimiyyət yenicə
dəyişmişdi və Qarabağda qızğın döyüşlər gedirdi. Azərbaycan Ordusu
sürətlə irəliləyirdi. Yüzlərlə insan könüllü olaraq döyüşlərə
qatılırdı, yavaş-yavaş ordu quruculuğu başlayırdı. Son yarım ilin
məğlubiyyətlərini aradan qaldırmaq istiqamətində qətiyyətli
addımlar atılırdı. Dünya da qarışmışdı. Fars körfəzində və Küveytdə
NATO-nun on minlərlə əsgərdən, onlarla hərbi gəmidən, yüzlərlə
təyyarə və tankdan ibarət silahlı qüvvələri toplaşmışdı. Səddam
Hüseynin Küveyti işqalından sonra "Səhrada tufan" əməliyyatı
keçirilmişdi və İraq qoşunları Küveytdən qovulduqdan sonra Səddam
rejiminə əlavə sanksiyalar tətbiq edilmişdi. Səddamın müttəfiqi
olan Rusiya isə ən müxtəlif vasitələrlə bu embarqonu pozmağa
çalışır və həmin məqsədlə bir sıra hallarda yeni müstəqil
dövlətlərin ərazisindən istifadə edirdi. O cümlədən, başı Qarabağ
savaşına qarışmış Azərbaycanın. İraqa göstərilən dəstəyin
formalarından biri isə yeni müstəqil dövlətlərdə yaradılmış
firmalar vasitəsilə satışına beynəlxalq qadağa tətbiq edilmiş
malların Səddam rejiminə çatdırılmasından ibarət idi. Bir neçə
Azərbaycan firması da bu işlərə cəlb olunmuşdu və bu məqsədlə
həyata keçirilən biznes əməliyyatlarına Rusiya hərbi kəşfiyyatı
(QRU) nəzarət edirdi".
Politoloq Azərbaycanın iki firmasının rəhbərinin sonralar Rusiya
kəşfiyyatının yardımı ilə böyük vəzifələrə gətirildiyini
bildirib:
"Beləliklə, Azərbaycanın 2 firması keçmiş Sovet Ordusunun
Bakıdakı ehtiyatlarından hərbi təyinatlı metalı qaçaqmalçılıq yolu
ilə Ukraynaya ötürür, sonra da mal Krımdakı limanlardan gəmilərlə
alıcıya çatdırılırdı. 3-cü firma isə eyni əməliyyatı Xəzər
dənizinin limanları vasitəsilə həyata keçirirdi. Rəsmi olaraq isə
bu firmalardan biri xalça, digəri dəri geyimi alverilə məşğul
olurdu, üçüncüsü isə yeni yaranmış banklardan birinin sifarişçi
şirkəti kimi fəaliyyət göstərirdi. Cəmi bir ildən sonra iyun qiyamı
nəticəsində Azərbaycanda siyasi hakimiyyət yenidən dəyişəcəkdi və
bu 3 biznesmendən biri icra başçısı, digəri - komitə sədri
olacaqdı. 3-cü isə bank biznesində xeyli irəli gedəcəkdi, amma
sonra maliyyə fırıldaqlarına görə həbs ediləcəkdi. Bir qədər daha
sonra o, zaminə götürülərək azad ediləcək və xaricə qaçacaqdı.
Əlbəttə ki, Rusiyaya".