Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Mübariz
Qurbanlının Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsinin sədri
təyin edilməsindən sonra Milli Məclisdə boş qalan deputat
yerlərinin sayı faktki olaraq 4-ə çatıb.
Mübariz Qurbanlıdan əvvəl Baş nazirin müavini təyin edilən Əli
Əhmədov, mandatdan imtina etmiş Gülər Əhmədova və avtomabil qəzası
nəticəsində dünyasını dəyişmiş Hikmət Atayevin də parlamentdəki
kürsüləri boş qalıb.
Seçki Məcəlləsinin 176-cı maddəsinə görə, deputat mandatının boş
qalmasından sonra bir ay müddətində müvafiq birmandatlı seçki
dairəsi üzrə əlavə seçkilər təyin edilməlidir. Konstitusiyanın
87-ci maddəsində isə qeyd olunur ki, parlamentin səlahiyyət
müddətinin bitməsinə 120 gündən az müddət qalarsa, hər hansı
səbəbdən deputatsız qalan dairələrdə seçkilər keçirilmir.
Bəs 2010-cu il noyabrın 7-də Milli Məclisinin IV çağırış
deputatı seçildikdən sonra fəaliyyət müddətinin sonuna qədər
parlamentdə təmsil oluna bilməyən eks-deputatların boş qalan
yerlərinə növbəti seçkilər keçiriləcəkmi?
Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədov
Aktual.az-a açıqlamasında
Milli Məclisin kollegial orqan olduğunu bildirib. O qeyd edib ki,
boşalan yerlər kvoruma xələl gətirmirsə, prinsipcə, orqanın
fəaliyyəti mümkündürsə və davam edirsə, bu, narahatlıq
doğurmamlıdır:
"Boşalan yerlər yetərsaya xələl gətirmirsə, prinsipcə, orqanın
fəaliyyəti mümkündürsə və davam edirsə, bu, narahatlıq
doğurmamalıdır. Boşalan yerlərə seçki keçirilməyin zəruriliyi bir
çox şərtlərə və səlahiyyətlərə bağlıdır. Onu da qeyd edim ki, MSK
seçkilərin həyata keçirilməsi təşkilatçılığını öz üzərinə götürür,
amma seçkilərin təyini MSK-ya aid deyildir".