ABŞ və Qərbin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi
bu ölkədə əsl fəlakət yarada bilər.
Axar.az xəbər verir ki, Rusiyadakı azərbaycanlılar artıq bu
ölkədə yaşamağın faydasız olduğundan və pul qazanmağın
çətinləşdiyindən ciddi şəkildə şikayətçidirlər.
Həştərxan şəhərində yaşayan Nüsrət Süleymanovun əməkdaşımıza
verdiyi məlumata görə, sanksiyalar ölkə vətəndaşlarının gündəlik
həyatına böyük zəbə vurub:
"Qiymətlər hər gün qalxmaqdadır. Əksər azərbaycanlılar burada
ticarətlə məşğul olur. Sanksiyalar alıcılıq səviyyəsinin aşağı
düşməsinə səbəb olub. Daha burada yaşamağın bir faydası yoxdur.
Azərbaycanda az maaşla işləmək buradan daha sərfəlidir".
Paytaxt Moskva və ətraf rayonlarda daha sıx şəkildə məskunlaşan
soydaşlarımızın getdikcə daha ağır şərtlərlə yaşadığını deyən Həbib
Abdullayev adlı soydaşımız vətəndaşlıq şərtlərinin
asanlaşdırılmasının təsirsiz olacağını düşünür:
"Bir neçə ay öncə Rusiya hökuməti bu ölkənin vətəndaşlığını
almaq üçün şərtləri sadələşdirdi. Bu həmin dövrlərdə yaxşı idi.
Amma indi azərbaycanlılar Rusiya vətəndaşlığını almaqdan imtina
edir. Çünki vəziyyət getdikcə daha da pisləşir. Yanacağın
qiymətinin və kommunal xərclərin qalxması burada yaşamağı
əlverişsiz edir. Bir müddətdən sonra Rusiyada azərbaycanlı
qalmayacaq".
Xatırladaq ki, Rusiyanın bu ilin martında Krımı özünə
birləşdirməsi və Ukraynanın şərqində separatçılara yardım etməsi
ABŞ və Avropa ölkələrinin bu ölkəyə sanksiyalar tətbiq etməsi ilə
nəticələnib. Sanksiyaların bu vaxta kimi Rusiyaya 200 milyard
dollardan çox ziyan vurduğu təxmin edilir.