"Biz hamımız müasir idarəetmənin incəliklərinə bələd
olan hazırlıqlı kadrlara ehtiyac duyuruq və etiraf etməliyik ki,
yüksək tələblərə uyğun kadr tapmaqda çətinlik
çəkirik".
"Dövlət idarəçiliyindən söhbət açanda, ilk növbədə, dövlətin
bugünkü vəziyyəti, qazandığı uğurlar və qarşısına qoyduğu məqsədlər
ön plana gəlir. Qeyd etmək lazımdır ki, biz postsovet məkanında
keçid dövrünü uğurla başa vuran və dünya iqtisadiyyatına səmərəli
inteqrasiya olunan nadir bir ölkəyik".
AzərTac xəbər verir ki, bunu bu gün Prezident yanında Dövlət
İdarəçilik Akademiyasının (DİA) 15 illik yubileyi münasibətilə
akademiyanın elmi şurasının iclasındakı çıxışında Prezidenti
Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyev
deyib.
Akademik bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin
rəhbərliyi ilə son illər ərzində aparılan islahatlar ölkəmizin
dinamik inkişafını təmin edib: "Prezidentin bu ilin doqquz ayının
yekunlarına həsr olunmuş müşavirədə qeyd etdiyi kimi, respublikada
bu müddət ərzində ümumi daxili məhsul 2,5 faiz, qeyri-neft
sektorunda isə 6 faiz səviyyəsində artıb. Bu gün dünyada mövcud
olan göstəricilərlə müqayisədə bunlar kifayət qədər uğurlu
rəqəmlərdir. İlin əvvəlindən ölkə iqtisadiyyatına 19 milyard dollar
sərmayə qoyulub. Bu müddət ərzində maliyyə resurslarımız 3 milyard
600 milyon dollar artıb. Hazırda bizim 53 milyard dollardan çox
valyuta ehtiyatımız var. Xüsusi qeyd olunmalıdır ki, dünya
miqyasında Azərbaycan adambaşına düşən valyuta ehtiyatına görə ən
yüksək mövqelərdən birini tutur.
Davos Dünya İqtisadi Forumu Azərbaycanı rəqabət
qabiliyyətliliyinə görə 38-ci yerə layiq görüb. Yəni, biz dünyanın
ən rəqabət qabiliyyətli 40 ölkəsi sırasındayıq".
PA rəhbəri deyib ki, 2004-cü ildən bu günə qədər 1 milyon 300 min
yeni iş yeri açılıb: "Bu da imkan verib ki, işsizlik kəskin şəkildə
aşağı düşərək 5 faiz səviyyəsinədək ensin. Ümumi daxili
məhsulumuzda qeyri-neft sektoru artıq 55 faizdən çoxdur, lakin
ixrac potensialımızın böyük əksəriyyəti hələ də neft-qazla
bağlıdır".
R. Mehdiyev deyib ki, son 10 il ərzində 3 minə yaxın məktəb binası
tikilərək istifadəyə verilib: "Axırıncı iki-üç ildə uşaq bağçaları
ilə təminat 17 faizdən 42 faizə yüksəlib. Qeyd olunmalıdır ki,
bütün infrastruktur layihələri, regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramı uğurla icra edilib. Neftdən əldə olunan
gəlirlər şəffaf saxlanmaqla və ölkəmizin inkişafına, o cümlədən
sosial layihələrin icrasına yönəldilməklə dinamik inkişaf təmin
edilir".
PA rəhbəri qeyd edib ki, oktyabrın ilk günlərində Bakıda keçirilən
Beynəlxalq Humanitar Forum bir daha ölkəmizin dünyadakı nüfuzunu və
qazandığı mövqeləri təsdiq edib: "Forumdan sonra bizim hörmətli
akademik, İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov
inkişafımıza dair çap etdirdiyi materiallarda Azərbaycanın düzgün
innovativ inkişaf yolu seçdiyini bir daha əsaslandırdı. Bütün
bunlar onu göstərir ki, biz artıq inkişafımızın yeni mərhələsinə
qədəm qoymaq ərəfəsindəyik. Bu isə dövlət idarəçiliyinin müxtəlif
sahələrində ən yeni metodlara yiyələnmiş yüksək hazırlıqlı
kadrların yetişdirilməsini zəruri edir. Bu baxımdan İdarəçilik
Akademiyasının qarşısında da mühüm vəzifələr dayanır".
Akademik Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının 15 illiyindən söhbət açaraq tarixə nəzər
salıb: "Əslində varislik prinsipinə sadiq qalsaq, etiraf etməliyik
ki, siz 1921-ci ildə Bakıda yaranmış Sovet Partiya Məktəbinin,
1928-ci ildə onun əsasında təsis olunmuş Azərbaycan Mərkəzi Sovet
Partiya Məktəbinin, 1956-cı ildə həmin Məktəbin bazasında
yaradılmış Bakı Ali Partiya Məktəbinin varislərisiniz. Arada
1946-cı və 1953-cü illərdə yenə də ad və struktur dəyişikliklərinə
məruz qalmış qurumların adını çəkməyə ehtiyac yoxdur. Nəhayət,
bizim hamımızın yaxşı yadındadır ki, bu partiya məktəbinin əsasında
1992-ci ildə Bakı Dövlət Sosial İdarəetmə və Politologiya İnstitutu
yarandı. Bu tarixi arayışı gətirməkdə bircə məqsədim var. O da
ondan ibarətdir ki, bütün dövrlərdə sizin Akademiyanız siyasi
quruluşdan və dövlətin onun qarşısında irəli sürdüyü məqsədlərdən
asılı olaraq öz elmi və pedaqoji potensialını dövlət idarəçilik
sisteminin təkmilləşdirilməsinə həsr edib.
İstər-istəməz özümüzə belə bir sual verməliyik: kəskin
dəyişikliklərə məruz qaldığımız bugünkü zamanda, yəni,
qloballaşmanın, informasiya cəmiyyətinin və biliklərə əsaslanan
iqtisadiyyatın bərqərar olduğu bir dövrdə idarəetmədə nə kimi
dəyişikliklər baş verməlidir?
Bu suala verdiyimiz cavabdan çox şey asılıdır. Bu, həm
Azərbaycan, həm də sizin Akademiyanız üçün, əslində, ən taleyüklü
məsələdir. Əgər Akademiyanızın strukturuna nəzər salsaq görərik ki,
sizdə paralel olaraq iki proses gedir. Bir tərəfdən, siz orta
məktəbdən birbaşa buraya gələn gəncləri idarəetmə sistemində
çalışmaq üçün bakalavr və magistr səviyyələrində hazırlayırsınız.
Digər tərəfdən, siz, eyni zamanda, ölkəmizin müxtəlif bölgələrində
artıq idarəetmənin müxtəlif pillələrində təmsil olunan kadrların
hazırlıq səviyyəsini artırırsınız. Məlumdur ki, onlarla iş
formaları müxtəlifdir. Siz onları qısamüddətli təlim-tədris
kurslarına cəlb edirsiniz və yaxud ikinci təhsil sistemi vasitəsilə
onların hazırlıq səviyyəsini artırırsınız".
R. Mehdiyev deyib ki, bütün bunlara baxmayaraq, bu gün həm
Prezident Administrasiyası, həm nazirliklər, həm də yerli
hakimiyyət strukturları bu gün ciddi kadr böhranı problemi ilə
üzləşiblər: "Biz hamımız müasir idarəetmənin incəliklərinə bələd
olan hazırlıqlı kadrlara ehtiyac duyuruq və etiraf etməliyik ki,
yüksək tələblərə uyğun kadr tapmaqda çətinlik çəkirik. Prezident
Administrasiyasının kadr ehtiyatı şəxsən məni Administrasiya
rəhbəri kimi heç cür qane etmir".
R. Mehdiyev bildirib ki, sovet dövründə institut həm də nadir
tədqiqat mərkəzlərindən biri olub: "Burada həm ciddi elmi
araşdırmalar aparılır, həm də Mərkəzi Komitənin sifarişi ilə
vaxtaşırı müvafiq sanballı analitik materiallar hazırlanırdı. Yəni,
siz daim respublika rəhbərliyinə həm elmi cəhətdən, həm də
idarəetməni daha düzgün təşkil etmək üçün kifayət qədər kömək və
yardım göstərməyə qadir idiniz. Təəssüf hissi ilə qeyd etməliyəm
ki, bu gün yuxarıda göstərilən bütün sahələrdə Akademiyanın işi heç
də ürəkaçan deyil. Gənclər arasında Akademiya öz reytinqinə görə ən
populyar ali məktəblərdən biridir. Buraya kifayət qədər yüksək bal
toplayan və hətta Prezident təqaüdünə layiq görülən tələbələr daxil
olurlar. Bu, ilk növbədə onu göstərir ki, burada tədris prosesi
düzgün qurulub və sağlam ab-hava mövcuddur. Bu, sevindirici haldır.
Lakin sonrakı mərhələlərdə məzunların dövlət qulluğuna cəlb
olunması prosesi heç də nəzarət altında deyil. Onlar ya dövlət
qulluğuna qəbul olunmaq üçün komissiyaya müraciət etmirlər, ya da
ki, uğurla imtahan verib dövlət qulluğuna qəbul edilənlər sırasında
geniş təmsil olunmurlar".
PA rəhbəri qeyd edib ki, qloballaşma dövründə milli dövlət anlayışı
özü-özlüyündə ciddi transformasiyalara məruz qalır: "Axı, dövlət
dedikdə biz, ilk növbədə, dövlət təsisatlarını və məmurları nəzərdə
tuturuq. İndiki dövrdə insan kapitalının, mədəni kapitalın və
ümumən insan inkişafına qoyulan sərmayənin əhəmiyyəti kəskin
surətdə artır. Bu, cəmiyyətin bütün üzvlərinə aid olsa da, mən
xüsusi olaraq diqqəti məhz məmur şəxsiyyətinə yönəltmək istərdim.
Məlumdur ki, hər bir məmur müəyyən təhsil alır və bununla yanaşı o,
ömür boyu təhsilini artırmalıdır. Fəaliyyəti üçün zəruri olan
məlumat və bilikləri o, ya müstəqil şəkildə, ya da sizin
Akademiyanın imkanlarından faydalanaraq əldə edə bilir. Yenə
meydana çıxan çoxsaylı sualların mahiyyəti ondan ibarətdir ki,
müasir məmurun məlumatlanması və ixtisaslaşması hansı meyarlar
əsasında müəyyənləşməlidir?
Biz tez-tez sovet dövrümüzü xatırlayırıq. Sözsüz ki, sovet dövründə
bizim kifayət qədər nailiyyətlərimiz və uğurlarımız olub. Dövlətin
totalitar olmasına baxmayaraq, burada ideoloji buxovlarla yanaşı,
insanların sosial müdafiəsi və maarifləndirilməsi, mədəniyyət
proseslərinə cəlb olunması və digər məsələlər özünün kifayət qədər
düzgün həllini tapmışdı. O dövlət artıq tarixə qovuşubdur. Lakin
insanlarla söhbət zamanı görürük ki, onların çoxu hələ də cəmiyyət,
sosial ədalət, iqtisadi problemlər və digər məsələlərlə bağlı
düşünərkən sırf marksist-leninçi nəzəriyyəyə xas platformadan çıxış
edir. Bizim məmurlar da bu baxımdan heç də istisna təşkil
etmirlər".
R. Mehdiyev bildirib ki, qloballaşma ilə bağlı çox vaxt deyirlər
ki, dünyanın müxtəlif guşələri arasında o qədər sıx informasiya
mübadiləsi var ki, elə bil biz hamımız qlobal bir kəndin
sakinləriyik: "Digər tərəfdən, bizim milli dövlətimiz, milli
iqtisadiyyatımız və milli mədəniyyətimiz mövcuddur və qloballaşma
ilə bağlı gedən proseslər bizi narahat etməyə bilməz. Çox yaxşı
yadımdadır ki, vaxtilə Mərkəzi Komitədə təbliğat və təşviqat şöbəsi
respublikada çıxan bütün qəzet və jurnalları oxuyub təhlil edirdi.
Bir anlığa təsəvvür edin ki, kimsə bu gün mövcud informasiya
axınını təhlil etmək istəyir. Yeni texnologiyalar və innovasiyalar
tamamilə yeni bir məkan və ünsiyyət vasitələri yaradıb. Əfsuslar
olsun ki, nə bu şəbəkələrin, nə internetin özünün insan
psixologiyasına və həyatına təsiri araşdırılmır. Bu gün gənclər
həyatlarının, demək olar, çox hissəsini məhz virtual məkanda
keçirirlər. Aydındır ki, kimsə nə bu prosesin qarşısını ala, nə də
ona müdaxilə edə bilir. Amma bu proseslər ən azı təhlil
olunmalıdır.
Beynəlxalq Humanitar Forumun iştirakçısı olan Nobel mükafatı
laureatlarından biri internetlə bağlı belə bir ciddi narahatlığını
bildirdi. Onun fikrincə, bu gün internetdə mövcud informasiyaların
böyük qismi sadəcə olaraq yanlış məlumatlardır. Araşdırma
bacarığından və sanballı təhsildən uzaq olan bir gənc isə doğru ilə
yanlış informasiyanı, əlbəttə, bir-birindən ayıra bilməyəcək.
İnternet məkanı ilə bağlı kifayət qədər dərin, fəlsəfi, etik və
metodoloji problemlər var. Təəssüf ki, onlar ənənəvi tədqiqatlarla
məşğul olan alimlərimizin diqqətindən kənarda qalıb. Akademiya da
bu problemlərdən kənarda qalıb".
Akadeik deyib ki, bu gün Azərbaycanda əhalinin artımının müşahidə
olunması sevindirici haldır: " Lakin indi orta statistik Azərbaycan
ailəsinin strukturu, onun tələbatı necə ödənilir, iqtisadiyyatda
rolu, ailədə vəzifələrin bölünməsi necə aparılır? Bütün bunlar
barədə bizim çox səthi məlumatımız var. Sosioloji sorğular, demək
olar ki, keçirilmir. Cəmiyyətdə cərəyan edən müxtəlif proseslər
alimlərin diqqətindən yayınır. Halbuki gözəl məlumdur ki, idarəetmə
obyekti barədə kifayət qədər məlumat olmadan idarəetmənin özünün
təşkili çox mürəkkəb məsələyə çevrilir".
PA rəhbəri vurğulayıb ki, XX əsrin ortalarından etibarən
Azərbaycanda savadsızlığın ləğv olunması daim böyük qürur hissi ilə
qeyd olunub: "Həqiqətən, qısa müddət ərzində respublikamızda orta
məktəblər, universitetlər, texnikumlar, texniki-peşə məktəbləri
şəbəkəsi qurulub fəaliyyət göstərirdi. Bu gün bu fəaliyyətin daha
səmərəli təşkil olunmasına həm dövlət, həm də qeyri-hökumət
təşkilatları diqqət yetirir. Hamımıza bu rəqəmlər məlumdur. Heydər
Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb!" layihəsi böyük
uğurla reallaşdırılır. Bütün bunlarla yanaşı, diqqətinizi ona
yönəltmək istərdim ki, biz məktəbin maddi-texniki bazasını nə qədər
yaxşılaşdırsaq da, onun yekun məhsulu savadlı və bacarıqlı
şagirddir. Əvvəlki dövrlərdə təhsil prosesi yalnız ailəni və
məktəbi əhatə edirdi, mənimsənilən biliklərin də həcmi kifayət
qədər məhdud idi. Bu gün isə biz müstəqil şəkildə ömür boyu yeni
biliklər əldə etməyə qadir olan insan və vətəndaş yetişdirməliyik.
Bu, çox mürəkkəb prosesdir. Burada mövcud problemlərə dair bir neçə
konkret rəqəmi gətirmək istərdim. Son illər ərzində Tələbə Qəbulu
üzrə Dövlət Komissiyası tərəfindən orta məktəblərdə keçirilən
buraxılış imtahanları göstərir ki, ölkəmizdə elə gənclər var ki,
imtahan verə bilmir. Yüzlərlə hallarda imtahanın nəticəsinə dair
xüsusi protokol tutulur. Protokolda göstərilir ki, məsələn,
Məmmədov Məmməd "hərfləri və rəqəmləri tanımır". Beləliklə, 70 il
bundan qabaq qalib gəldiyimiz savadsızlıq elə bil təzədən
həyatımıza qayıdır. Mən bunu şərh etmək istəmirəm. Çünki hər
birinizə aydındır ki, bunun arxasında nə dayanır - əlbəttə ki, ilk
növbədə, ailənin, tədrisdə çalışanların və yerli icra
hakimiyyətlərinin biganəliyi".
PA rəhbərid eyib ki, Azərbaycanda həmişə qadınların çox yüksək
mövqe tutması, siyasi, iqtisadi və sosial həyatımızın bütün
sahələrində layiqincə təmsil olunmaları ilə fəxr edilib: "Lakin
cəmi iki rəqəmi səsləndirmək istərdim. Bu il ali məktəblərə qəbul
imtahanları zamanı Yardımlı və Lerik rayonlarından sənəd verənlər
arasında qızlar müvafiq olaraq 16 və 21 faiz təşkil edib. Bir sıra
rayonlarda, misal üçün, Masallı, Cəlilabad, Qobustan, Ağsu və
Sabirabadda sənəd verən qızların sayı 40 faizdən azdır. Bununla
yanaşı, məsələn, Zaqatala rayonunda oğlanların sayı 40 faizdən
azdır. Bu, onu göstərir ki, adı çəkilən bölgələrdə kifayət qədər
mürəkkəb, gizli və latent proseslər gedir. Mən bilərəkdən məsələni
belə kəskin qoyuram ki, qadınları və ümumən cəmiyyətimizi təzədən
cəhalətə, mövhumata, aqressiv dindarlığa sürükləmə proseslərinin nə
dərəcədə təhlükəli olduğuna diqqətinizi cəlb edim. 1990-cı illərdə
Azərbaycana gələn xarici turistlər təəccüblə qeyd edirdilər ki,
bura müsəlman ölkəsidir, lakin biz, demək olar, bir nəfər də
hicablı qadına rast gəlmədik. Bu gün onlar da, siz də, elə mən də
görürük ki, belə xanımların sayı kəskin surətdə artmaqdadır.
Hicabla təhsil müəssisələrinə, o cümlədən ali məktəblərə getmək
istəyənlərin sayı da gündən-günə artır. Mən əmin deyiləm ki, bu,
gənc xanımların özlərinin daxili mənəvi tələbatıdır. Təhlil
göstərir ki, bu, əksərən ailədaxili mühitin tələbidir və gənc
qızlar da buna tabe olurlar".
R. Mehdiyev deyib ki, bir çox regionlarda, xüsusilə də cənub
bölgəsində azyaşlı qızların təhsildən yayınaraq qeyri-rəsmi ailə
qurması artıq adi hala çevrilir: " Onlar nə fiziki, nə də mənəvi
cəhətdən hazır olmadıqları halda erkən yaşda ana olurlar. Bu məsələ
həm səhiyyə, həm təhsil, həm də hüquq mühafizə orqanlarının
diqqətindən necə yayınır? Bəzən böyük ağrı və mənəvi iztirabla
özüm-özümə sual verirəm: yəni, bu xalqın Sabiri, Mirzə Cəlili,
Cəfər Cabbarlısı olmayıb? Yəni, "Molla Nəsrəddin" jurnalı bu
məmləkətdə çap olunmayıb? Doğrudanmı Üzeyir bəyin vaxtilə gülüş
hədəfinə çevirdiyi hallar cəmiyyətimizə yenidən qayıdır? Heç bir
sosioloji sorğu aparmadan qətiyyətlə demək olar ki, orta statistik
Azərbaycan gənci bu gün arzusundadır ki, onun gözəl evi, bərbəzəkli
maşını və kifayət qədər pulu olsun. O, həyatın mənasını ancaq
əylənməkdə görür. Bütün bunlara nail olmaq üçün o, min bir vasitəyə
əl atmağa, o cümlədən qanunu və əxlaq normalarını da aşmağa
hazırdır. Zəhmət çəkməyi, çalışmağı, əziyyətə qatlaşmağı o,
ümumiyyətlə, istəmir.
Mənəvi dəyərlərimizin məruz qaldığı belə bir aşınmanın qarşısını
biz nə ilə ala bilərik? Kimsə deyə bilər ki, postmodern dövründə,
ümumən, əməyə, əməksevərliyə münasibət dəyişir. Biliklərə əsaslanan
iqtisadiyyatda kreativlik əməksevərliyi əvəz edir. Lakin kreativ
insan olmaq üçün, ilk növbədə, yüksək təhsil səviyyəsinə malik
olmaq lazımdır. Əgər tədris müəssisələrində təhsil mühiti get-gedə
belə sürətlə zəifləyirsə, biz buna necə nail olacağıq?
Aydındır ki, bu məsələlər təkcə məni yox, bütün Azərbaycan
ziyalılarını narahat edir. Bu narahatlıqdan qurtarmaq üçün lazımi
fəaliyyət proqramı işlənib hazırlanmalı və həyata
keçirilməlidir.
XX əsrdə Azərbaycan əhalisinin əsas hissəsi kənd yerlərində və
ya xırda şəhərlərdə yaşayırdı. İndi bizdə şəhər əhalisi kəskin
şəkildə artmaqdadır. Xüsusilə də Bakı şəhəri sürətlə inkişaf edir.
Burada cərəyan edən iqtisadi və sosial proseslər gec ya tez təhsil,
səhiyyə və mədəni sahələrdə problemlərə çevriləcək. Bunlara hazır
olmaq üçün ciddi araşdırmalar aparılmalıdır. Əgər biliklərə
əsaslanan iqtisadiyyatın bərqərar olmasının zəruriliyini dərk
ediriksə, biz ümumən ölkədə insan potensialının strukturunu kifayət
qədər dərindən təhlil etməliyik".
R. Mehdiyev bildirib ki, Azərbaycan cəmiyyətində dinlə bağlı
kifayət qədər mürəkkəb proseslər gedir: " Bir tərəfdən, bu
proseslər dünyada cərəyan edən iki tendensiyanı özündə cəmləşdirir.
Məlumdur ki, müasir dövrdə biz fundamentalizm fenomeni ilə
rastlaşırıq. Bu tendensiyanın tərəfdarları müsəlman, xristian və ya
başqa bir dinin təmsilçiləri olmasından asılı olmayaraq iddia
edirlər ki, öz dinlərinin ilkin, yəni, fundamental anlayışına
qayıtmaq lazımdır. Digər tərəfdən, dünyada bu gün özlərini bu və ya
digər dinin tərəfdarı elan edən insanlar Allaha inanır, lakin
məbədlərə, məscidlərə, dini qurumlara müntəzəm şəkildə getməkdən
imtina edirlər. Digər tərəfdən, dinin cəmiyyətdə rolu ilə bağlı
vaxtilə Marks, Dürkheym, Veber və digər alimlər tərəfindən
yaradılmış nəzəriyyələr bugünkü dünyada cərəyan edən prosesləri
kifayət qədər dürüst izah edə bilmir.
Bir misal gətirmək istəyirəm. Azərbaycandan bəzi cavanların
"islam dövləti" uğrunda mübarizəyə cəlb edilməsi və Suriyaya
getməsi bizi çox narahat edir. Aydındır ki, külli miqdarda verilən
məvaciblə kimisə şirnikləndirib vətənindən, ailəsindən ayıraraq
uzaq Suriyaya göndərmək mümkündür. Lakin bu prosesi təkcə iqtisadi
amil ilə əlaqələndirmək də ən azı sadəlövhlük olardı. "Nə baş
verir" sualına isə biz, ilk növbədə, ona görə cavab tapa bilmirik
ki, cəmiyyətdə cərəyan edən proseslər haqqında əlimizdə dolğun elmi
məlumat yoxdur.
Belə misalların və sualların sayını istənilən qədər artırmaq
olar".
R. Mehdiyev deyib ki, mədəniyyətlərin və sivilizasiyaların
qovuşuğunda yerləşən ölkəmizdə həm ənənəvi cəmiyyətə xas olan
elementlər, həm modern, həm də postmodern dövrünün əlamətlərini
tapmaq mümkündür: "Cəmiyyəti, ictimai həyatı tədqiq etmək üçün,
sözsüz ki, bugünkü cəmiyyətimizdə sosioloji sorğular aparılmalıdır.
Lakin bunlar hansı metodika və metodologiya əsasında həyata
keçirilməlidir? Burada etik, demoqrafik və digər meyarlar nə
dərəcədə nəzərə alınmalıdır? Mən istərdim ki, bütün bu suallara biz
sizinlə birlikdə cavab axtarıb tapaq. İlk növbədə ona görə ki, bu
cavablar Azərbaycanın sabahkı inkişafını şərtləndirən və müəyyən
edən taleyüklü məsələlərlə bağlıdır".