Rüstəm İbrahimbəyov: "Bu şayiələri kimin yaydığını
bilirəm"
"Yayılan yalan informasiya barədə məlumatım var. Bu şayiədir,
kimsə bu yalan məlumatları qəsdən dövriyyəyə buraxır. Mənim yeni
təşkilat yaratmaq fikrim yoxdur. Milli Şura və Ziyalılar
Forumundakı fəaliyyətim mənə kifayətdir".
"Axar.az"ın məlumatına görə, bu sözləri APA-nın Moskva muxbirinə
verdiyi müsahibəsində Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov
deyib. O bildirib ki, ayrıca təşkilat qurmaq fikri yoxdur:
"Ümidvaram ki, Ziyalılar Forumunun da fəaliyyəti davam edəcək.
Fəaliyyətimi bundan sonra da bu təşkilatlarda davam edəcəyəm. Mənə
çox qəribə gəldi bu şayiələrin yayılması. Yazıblar ki, Rüstəm
İbrahimbəyovun tərəfdarları... Bilirsiniz, mənim tərəfdarlarım
əsasən Cəmil Həsənli, Eldəniz Quliyev, Eldar Namazovdur. Eldar
Namazov açıq-aydın deyib ki, "El" Hərəkatı ilə çalışmaq istəyir.
Ona görə də Milli Şuradakı vəzifəsində çalışmaq imkanlarının
olmadığını açıqlayıb. Milli Şuraya sədr seçiləndən sonra orda İcra
Aparatının mənası da itir. Təzə aparat yaradılmalıdır".
İbrahimbəyov, Arif Hacılının müsahibə zamanı onun haqqında
dediklərinə də münasibət bildirib:
"Bu, Arif Hacılının öz fikirdir, mövqeyidir. Hər bir insanın öz
mövqeyi var. Onun dediklərinin hamısı mənə gülməli gəlir. Amma belə
şeylərə nə etiraz edə bilərəm, nə də təsdiq".
Milli Şura haqqında danışan İbrahimbəyov El hərəkatının və Eldar
Namazovun da bundan sonra Şurada qalacağını deyib:
"Mən Bakıda olmadığım üçün o vaxt İcra Aparatı yaradıldı ki,
gündəlik məsələləri həll etsin. Fikrimcə, hazırda Milli Şurada belə
bir orqanın olması vacib deyil. Ona görə də Eldar Namazov istefa
verib. Mənə elə gəlir ki, Eldar Namazov Milli Şurada qalacaq, "El"
Hərəkatı da Milli Şuranın üzvü kimi qalacaq. Bu şayiələri kimin
yaydığını və hansı məqsədlə yaydığını mən bilirəm. Milli Şura
demokratik bir təşkilatdır. Hər bir təşkilatın üzvlərinin öz
fikirləri ola bilər. Bizim təşkilatın da üzvlərinin öz fikirləri
var. Amma mən səslənən bəzi fikirlərə ciddi yanaşmıram".