"Türkiyə ikili oyun oynaya
bilmədiyini göstərdi".
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Ərəstun Oruclu
söyləyib.
O, Türkiyənin Qafqazdakı enerji maraqlarını arxa plana atdığını
bildirib:
"İlk olaraq əldə olunmuş niyyət anlaşmalarına nəzər yetirmək
lazımdır. Rusiya Türkiyə ərazisindən keçməklə Cənubi Avropa
ölkələrinə ildə 62 milyard kub metr qaz satmağı planlaşdırır.
Bununla "Cənub axını" yeni nəfəs alır. Bu baş tutacağı halda
Türkiyə Rusiyanın çox ciddi enerji partnyoruna çevriləcək. Üstəlik,
Ankaranın Moskva tərəfindən bu məqsədlə seçilməsi heç də təsadüfi
deyil. Burada digər məqam isə TAP, TANAP kəmərlərinin Türkiyədən
keçməsidir. Hər iki layihə Rusiya əleyhinə alternativ enerji
mənbələridir. Türkiyə iki oyun oynaya bilmədiyini göstərdi. Faktiki
olaraq niyyət anlaşmasında Türkiyə göstərdi ki, Rusiyanı seçərsə,
Qafqazdakı enerji maraqları arxa plana keçir, Avropanın enerji
diversifikasiyası məsələsinə imza atmır və bu məsələdə israrlı olan
ABŞ-ın maraqlarını, təkliflərini qəbul etmir. Bu dediyim fikri
gücləndirən məqam da Putin və Ərdoğanın keçirdiyi mətbuat
konfransıdır. Balkanlardan, Suriyadan danışıldı, amma Qafqaza
toxunulmadı".
Politoloq Türkiyənin son addımlarıyla Qafqazda Rusiya
dominantlığına etiraz etmədiyini deyib:
"Görünür, Türkiyə də bunu müzakirə etməməyə üstünlük verir.
Bununla da Qafqazda Rusiya dominantlığına etiraz etmədiyinə işarə
edir. Bu, təbii ki, yaxşı hal deyil. Belə olan halda Azərbaycan çox
çətin bir duruma düşür. Azərbaycan indi Türkiyə-Rusiya ittifaqını,
yoxsa Qərbi seçməlidir. İlk baxışdan cavab çox asandır. Əlbəttə,
Azərbaycan Türkiyə-Rusiya ittifaqını seçməlidir. Bunun üçün bütün
əsaslar var. Qardaş Türkiyə anlayışı, Rusiyanın hakimiyyət
daxilindəki, cəmiyyətdəki vurğunları və sairə buna töhfə verə
bilər. Amma məsələ başqa bir şeydədir. Bu halda Azərbaycan öz
qazını necə və hara nəql etməlidir? Bu, Türkiyədənmi keçəcək?
Rusiya bununla razılaşarmı? O zaman Rusiya öz qazını niyə Türkiyə
ərazisində həm depolaşdırmağı, həm də nəql eləməyi planlaşdırır?
Əgər diqqət etdinizsə, kəmərin Qara dənizin dibindən çəkilməsi
planlaşdırılırdı. Sual olunur ki, Azərbaycanın alternativi nə
olacaq? Güman edirəm ki, var. Alternativ Azərbaycan, Türkmənistan
və İran qazının Transxəzər-Azərbaycan-Gürcüstan-Qara dəniz-Ukrayna
vasitəsilə Avropaya nəql edilməsidir. Bu bir az fantastik görünür,
amma Qərb texnologiyaları və şirkətləri üçün bu yetərlidir".
Ə.Oruclu Putinlə Ərdoğanın konfransında Qarabağdan bir kəlmə
belə danışılmamağının xoş hadisə olmadığını vurğulayıb:
"Belə bir hal isə artıq Azərbaycanla Türkiyənin yollarının
ayrılması deməkdir. Qəribə bir mənzərə yaranır. Azərbaycan belə bir
situasiyada çətin duruma düşmüş olur. Neftin ucuzlaşdığı zamanda
Azərbaycan Qərb layihələrini, yoxsa baş tuta bilmə ehtimalı olan
Rusiya-Türkiyə ittifaqını seçməlidir? Məsələ enerji daşıyıcıları
deyil. İş ondadır ki, kim bizə Rusiya-Türkiyə ittifaqına daxil
olduqdan sonra Gömrük İttifaqına girməyi tələb edəcəkləri ilə bağlı
təminat verə bilər? Amma Ankarada bir kəlmə də olsun Qarabağdan,
Azərbaycanın vəziyyətindən danışılmadı. Deməli, Azərbaycan artıq öz
başının çarəsinə baxmalıdır".