Heydər Əliyevin Moskvadan Dövlət Təhlükəsizlik
Komitəsini (DTK – KQB) necə aldadaraq Azərbaycana gəlməsi hələ də
müəmma kimi qalıb. Sovet İKP MK-nın Baş katibi Mixail Qorbaçov
1987-ci ildə onu işdən uzaqlaşdıraraq Moskvadan çıxmasına imkan
vermirdi.
Bu həmin vaxt idi ki, artıq ermənilərin Azərbaycana qarşı ərazi
iddiaları gündəmə gəlmişdi və ardınca Qarabağ müharibəsi
başlayacaqdı. Heydər Əliyevin Azərbaycana gəlişi Moskvanın
planlarını poza bilərdi, böyük ehtimalla onun nəzarətə götürülməsi
də bununla bağlı idi. Qorbaçov KQB-yə Heydər Əliyevi izləmək, onun
Moskva sərhədlərindən çıxmaq cəhdlərinin qarşısını almaq tapşırığı
vermişdi. Rusiyanın "Tam məxfi" verilişi də bir müddət öncə bu
hadisələrlə bağlı maraqlı məqamları ortaya çıxardıb.
Heydər Əliyevin Siyasi Bürodan və baş nazirin birinci müavini
postundan məhz Qorbaçova rəqib olduğu üçün uzaqlaşdırılmasından
başlayaraq, əhəmiyyətli bir dövrü əhatələyən sənədli filmdə
deyilir: "1980-ci illərdə belə bir fikir var idi ki, Andropov
öldükdən sonra Heydər Əliyev Sov.İKP MK-nın baş katibi ola
bilər".
Heydər Əliyevin xatirələrində bu fakt belə qeyd edilir: "Xarici
və yerli mətbuatda çoxlu şayiələr və proqnoz xarakterli versiyalar
var idi ki, mən SSRİ-nin Baş katibi ola bilərəm. Səhv etmirəmsə,
"Tayms" qəzeti məni hətta SSRİ-nin "parlayan ulduzu" adlandırmışdı.
Təbii ki, bu fikri artıq özümə yaxın buraxmağa başlamışdım".
Bu cür şayiələr Qorbaçovun xoşuna gəlmirdi. Nəhayət, 1987-ci il
oktyabrın 19-da Qorbaçov Heydər Əliyevi otağına dəvət edir və bu
sözləri deyir: "Sən getməlisən".
Daha sonra Əliyev "səhhətində olan problemə görə" vəzifəsindən
istefa verir. Beynəlxalq Münasibətlərin İnstitutunun məzunu və
müəllimi İlham Əliyev də işdən azad edilir və xaricə çıxışı
yasaqlanır.
Azərbaycanda vəziyyətin çox ağır olduğu, iqtisadiyyatın tənəzzül
etdiyi dövrdə Qorbaçov Heydər Əliyevə Moskvadan çıxmağa imkan
vermir, KQB onun hər addımını izləyir. Ancaq Heydər Əliyev Moskvanı
tərk edir və Azərbaycana qayıdır. Və bu vaxta qədər onun KQB-nin
gözündən necə yayındığını bilən yoxdur.
Təbii ki, uzun illər KQB-də çalışmış, böyük kəşfiyyat
təcrübəsinə malik olan bir insan üçün hansısa variant tapmaq çətin
olmazdı. Amma hansı variant? Təsəvvür edin ki, bütün səlahiyyətləri
əlindən alınmış, işdən çıxarılmış, hər addımına nəzarət olunan,
qura biləcəyi bütün təmaslar qapadılan bir şəxs vəziyyətdən çıxmaq
üçün hansı addımları ata bilərdi.
Adının açıqlanmasını istəməyən MTN-nin keçmiş yüksək vəzifəli
şəxsi bu barədə Publika.az-a bildirib ki, Heydər Əliyevin həmin
vaxt KQB-nin nəzarətindən yayınaraq Moskvanı tərk etməsinin bir
neçə yolu ola bilərdi. Onun sözlərinə görə, ilkin versiya KQB
daxilində kimlərinsə ona yardım etməsidir: "İkinci versiya KQB-də
çalışmış, amma ehtiyatda olanların dəstək verməsidir. Heydər
Əliyevin özü uzun müddət KQB-də çalışmışdı və əməliyyat işini
praktiki cəhətdən çox yaxşı bilirdi. Amma istənilən halda Moskvanın
nəzarətində olan keçmiş Büro üzvünün hansısa yeri tərk etməsi iki
variantda mümkündür. Ən böyük ehtimal daxildən dəstək, ikinci
variant isə ən yaxşı hazırlanmış əməliyyatdır".
Keçmiş MTN-çi Heydər Əliyevin bu iki variantdan istifadə edə
biləcəyini düşünür: "Amma onun Moskvadan çıxmağına özünün təşkil
etdiyi xüsusi əməliyyat da səbəb ola bilərdi. Çünki həmin vaxt
vəziyyət elə idi ki, sabiqlərdən kiminsə ona kömək etməsi
inandırıcı görünmür. Güman ki, müəyyən dəstək olub, lakin bu
dəstəyin miqyası onun KQB-ni azdırmağına yetərli olduğunu demək
çətindir. Adətən, peşəkar kəşfiyyatçılar daha az ehtimal edilən
versiyadan istifadəyə üstünlük verirlər".
Sabiq çekistin fikrincə, Heydər Əliyevin zahiri görünüşünü
dəyişdirərək Moskvanı tərk etməsi daha inandırıcıdır.
"Xüsusi əməliyyat dediyim də budur. Güman ki, o, zahiri görünüşü
dəyişərək, bu addımı atıb. Bu, Moskvanın ağılına gəlməzdi. Çünki
Heydər Əliyevin həmin vaxt artıq xeyli yaşı var idi və kifayət
qədər yüksək vəzifələrdə işləmiş nüfuzlu şəxs kimi tanınırdı.
Moskva inanmazdı ki, bu yaşda olan şəxs belə bir addımı ata bilər.
Amma bütün versiyaları analiz etdikdə daha çox bunu üzərində
dayanmaq mümkündür", - deyə o bildirib.
Digər maraqlı məqam Moskvadan Azərbaycana qədər olan uzun
məsafənin necə qət edilməsidir. Sabiq MTN işçisinin fikrincə,
kəşfiyyatçının belə məqamlarda təyyarədən istifadə etməsi az
inandırıcıdır. Onun sözlərinə görə, Heydər Əliyev bunu etməzdi:
"Maşınla başqa yerə gedib, ordan qatar, yaxud digər nəqliyyat
vasitəsilə Azərbaycana gələ bilərdi. Yəni məsələnin tam tərsi - ən
çox gözlənilən yox, ən az ehtimal olunan nəqliyyatdan istifadə
etməsi ehtimalı var".
Hər-halda Heydər Əliyev onun bütün addımlarını izləyən və bunun
üçün bütün imkanlara malik olan KQB-ni azdıraraq Bakıya qayıtdı və
Azərbaycanın gələcəyində müstəsna rol oynadı.