Yuxarı

AB diplomatından eksklüziv: Bakı ilə önəmli razılaşma...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Jankauskasla müsahibəni təqdim edir:

– Avropa Birliyi ilə Azərbaycan arasında imzalanması nəzərdə tutulan tərəfdaşlıq müqaviləsinin 2020-ci ildə reallaşması gözlənilirmi?

– Bəli. Bildiyiniz kimi, danışıqların əsası münasibətlərin məqsədlərindən asılıdır. Azərbaycan əsaslı bir razılığın olmasını arzulayır və Avropa Birliyi Bakının bu mövqeyini alqışlayır.

2017-ci ilin fevralında danışıqlara başladıq və bu, hələ də davam edir. Müqavilə imzalanmasına nail olmaq üçün əvvəlcə bu istiqamətdə hərtərəfli razılığa gəlmək, hər iki tərəfin bütövlükdə bir kompromisə gəlməsi lazımdır. Beləliklə, bu, 2020-ci ildə baş verə bilərmi? Bəli, amma deyərdim ki, çox çalışsaq, işləri bu il də başa çatdıra bilərik. Sentyabr və oktyabr aylarında Bakı və Brüsseldəki danışıq qrupları arasında 5 videokonfrans keçirdik. Əslində, razılığa gəlmişik, son razılaşmanın hər iki tərəf üçün faydalı olması üçün qarşılıqlı öhdəliyimiz var.

– Azərbaycanın Rusiya ilə müsbət münasibətləri, eləcə də AB-nin assosiativ üzvlüyündən imtina etməsi AB-nin Bakı ilə münasibətlərinə hansısa formada təsir göstərirmi? Yəni Brüsselin Bakıdan gözləntiləri nələrdir?

– Azərbaycan Şərq Tərəfdaşlığında Avropa Birliyinin altı və ən mühüm tərəfdaşından biridir. Rusiya Azərbaycanın qonşusudur, məncə, hamımız qonşularımızla yaxşı münasibətimizin olmasını istəyirik. Azərbaycanın assosiativ üzvlükdən imtinasına gəlincə isə Azərbaycan bu üzvlüyə heç vaxt dəvət olunmayıb. Azərbaycanın AB-yə üzv olmaq istəyib-istəməməsi öz seçimidir. Hazırda Azərbaycanı üzvlük deyil, tərəfdaşlıq maraqlandırır. Hər bir suveren dövlət öz xarici siyasətini özü müəyyən edir və biz Bakının bu seçiminə hörmətlə yanaşırıq.

Azərbaycan Şərq Tərəfdaşlığında saziş danışıqlarını davam etdirdiyimiz mühüm müttəfiqimizdir.

Oktyabrın 11-də Şərq Tərəfdaşlığının gələcəyi ilə bağlı müzakirə apardıq.

Çox güman ki, AB-nin son onilliklər ərzində genişlənməsi barədə olan müzakirələrdə belə bir yanlış anlaşılma meydana gəlib ki, AB yalnız qonşuluğundakı ölkələrlə tərəfdaşlıq axtarışındadır, lakin bu, belə deyil.

Bəzi tərəfdaşlar üzv olmaq üçün çalışır, digərləri isə əməkdaşlıq üçün. Azərbaycan məhz bu kateqoriyadadır.

Bəs gözləntilər nələrdir? Məncə, gözləntilər Azərbaycanın enerji sahəsində əməkdaşlığımızı davam etdirməkdə etibarlı, sabit və dünyəvi tərəfdaş olaraq qalması, ən qısa zamanda yeni bir müqavilənin imzalamasıdır. Bu müqavilə qeyri-neft məhsulları ticarəti üçün imkanlar açacaq. Biz tezliklə Aviasiya razılaşmasını imzalamağa hazırlaşırıq. Bu, hər iki tərəf üçün faydalı bir müqavilə olacaq. Biz həmçinin nəqliyyat, logistika mühiti, rəqəmsal əlaqə, səhiyyə, təhsil və digər sahələrdə əməkdaşlığımızı davam etdirəcəyimizə ümid edirik.

Ümid edirik ki, Azərbaycan Avropa Konsulluğu qarşısında insan hüquqları müdafiəsi və qanunun aliliyi ilə bağlı öhdəçiliyini şərəflə yerinə yetirəcək. Biz buna təkcə ümid etmirik, həm də bu istiqamətdə birgə çalışmağa hazırıq.

– Viza rejimi məsələsinə toxunaq. Şengen vizası üçün gərəkli rüsum AB tərəfindən bir neçə il öncə aşağı salındı. Bununla bərabər, tərəflər arasında münasibətlər son illər çox sıxlaşıb. Ümumiyyətlə, tərəflərin indiyə qədər vizasız rejimə keçməsinə maneə yaradan səbəblər nədir? Brüssel bunu istəmir, yoxsa Bakı, ya ayrıca hansısa səbəb var?

– 2014-cü ildə Avropa Birliyi və Azərbaycan arasında viza sadələşdirilməsi sazişi və Readmissiya Sazişi imzalandı. İcazə verin, əvvəlcə viza asanlaşdırılması sazişi barədə danışım. Bu razılaşma nəticəsində Şengen vizalarının qiymətləri aşağı düşdü. Vizaları daha asan alan insanların bütün kateqoriyalarının siyahısı müəyyənləşdi. Buraya jurnalistlər, idmançılar, tələbələr, vətəndaş cəmiyyətləri, beynəlxalq sürücülər, tibbi müalicəyə gedənlər və s. daxildir. Faktiki olaraq, son iki ildə AB bu kateqoriyalar üçün iyirmi beş min viza verib. Vizaların verilmə müddəti qısaldı. Biz çoxlu multipl vizalar təsis edirik.

Bu iki sazişin icrası üçün bir qədər vaxt lazım idi və biz yalnız onları tamamladıqdan sonra növbəti addım kimi vizasız müqavilə haqda danışa bilərik. Bu mərhələyə gələnə qədər görüləsi işlər çoxdur. Və bu mərhələyə çatmaq üçün qərarı AB-yə üzv 28 dövlətin konsensus yolu ilə qəbul etməsi lazımdır. Bu, əsasən siyasi qərardır. Buna nə kömək edər? AB vətəndaşlarının Azərbaycana gəlməsi üçün viza tələblərinin birtərəfli olaraq ləğv edilməsinə dair siyasi qərar. Faktiki olaraq AB-yə, Şengenə qədər vizasız rejimi olan hər bir ölkə ilkin mərhələ olaraq Avropaya birtərəfli şəkildə vizaları ləğv edib. Avropalı turistlərin Azərbaycanda hər hansı bir təhlükə yaradacağını düşünmürəm. Əksinə, gözəl ölkənizi, qonaqpərvər Azərbaycan xalqını, təbiətini, yeməklərini kəşf edəcəklərini düşünürəm. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixçəni sizin dilinizdən eşidərdilər, turizmə, bölgələrə, kiçik ailə bizneslərinə dəstək olardılar. Bu ideyanın üzərində işləməkdə böyük potensial görürəm.

– Avropa Parlamenti indiyə qədər Qarabağ məsələsində işğalçını konkret olaraq göstərməyib. Halbuki bu barədə BMT-nin 4 qətnaməsi var. Eyni zamanda Avropa Parlamentində müəyyən sənədlər qəbul edilib. Kataloniya insidentindən sonra Avropa Parlamentinin Qarabağ münaqişəsində daha konkret mövqe tutmamasının səbəbi nədir?

– Bu sual Avropa Parlamentinə ünvanlanmalıdır. Parlamentin üzvləri demokratik şəkildə Avropa Parlamentini təmsil etmək üçün seçiliblər və öz seçiciləri önündə cavabdehdirlər.

Son iki hadisəni xatırlayaq. Bu ilin mart ayında və ötən ilin dekabr ayında Avropa Birliyi açıq şəkildə Şərq Tərəfdaşlığına daxil olan ölkələrin ərazi bütövlüyünün vacibliyini vurğuladı. Düşünürəm ki, ərazi bütövlüyünün dəstəklənməsində AB-nin mövqeyi aydındır.

Parlament haqqında söz düşmüşkən, bildiyiniz kimi, may ayında AP-yə yeni üzvlər seçildi. Mənə maraqlıdır, onların neçəsi Azərbaycanda olub?

Bəlkə də onları Azərbaycana dəvət etmək, ölkəni kəşf etmələrinə yardımçı olmaq, konflikti sizin dilinizdən eşitmələrinə nail olmaq lazımdır? Viza prosesini və səyahət şərtlərini asanlaşdıraraq onların daha böyük qisminin Azərbaycana gəlməsinə nail olmaq olar. Bu hər iki tərəfin xeyrinə olar.

– Avropa Parlamentinin Qarabağ münaqişəsindəki qeyri-müəyyənlik nümayiş etdirməsi Bakı-Brüssel münasibətlərinə təsir edirmi?

– Düşünürəm ki, AB və onun qurumları Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünü dəstəklədiklərini birmənalı və aydın şəkildə dilə gətiriblər. 2017-ci ildə Şərq Tərəfdaşlığı Sammitinin son bəyannaməsinə, keçən il imzalanan AB-Azərbaycan tərəfdaşlıq sənədinə nəzər salsanız, ərazi bütövlüyünün birmənalı şəkildə dəstəkləndiyinin şahidi olacaqsınız. Bu barədə ümumi düşüncəmizi inkişaf etdirməyin növbəti imkanı, danışıqlar çərçivəsində yeni tərəfdaşlıq sazişinin imzalanmasıdır. Avropa Birliyində biz ATƏT-in Minsk Qrupunun və həmsədrlərinin səylərini dəstəkləyirik. Bu, münaqişənin həlli üçün Azərbaycan tərəfinin seçdiyi formatdır. Bununla yanaşı, bölgəyə tez-tez səfər edən və AB qurumlarına, o cümlədən, üzv ölkələrə məlumat verən Xüsusi Nümayəndəmiz var. Beləliklə, AB tərəfindən heç bir qeyri-müəyyənlik mövcud deyil. Düşünürəm ki, biz hər zaman öz mövqeyimizi kifayət qədər aydın ifadə etmişik.

– Bir müddətdir Azərbaycandasınız. Bu zaman ərzində Azərbaycanla bağlı ən yaddaqalan xatirəniz nə olub?

– Yalnız birini seçmək çətindir. Deyərdim ki, Bakıda yaşadığımız, işlədiyimiz hər yerdə, eyni zamanda müxtəlif bölgələrə çoxsaylı səfərlərdə rastlaşdığımız Azərbaycan xalqının qonaqpərvərliyi unudulmazdır.

Azərbaycan gəncləri parlaq, təşəbbüskar, ölkənin gələcəyi üçün işləməyə hazır, yeni ideyalarla zəngindir və Azərbaycanla Avropa Birliyi arasında əlaqələrin, əməkdaşlığın möhkəmləndirilməsi üçün çalışmağa hazırdırlar. Azərbaycanda 100 gənc Avropa Birliyi səfirimiz var. Bu, Şərq Tərəfdaşlığı ölkələri arasındakı ən yüksək rəqəmdir. Onlarla tez-tez görüşürəm, birlikdə layihələr üzərində çalışırıq. Ümid edirəm ki, Azərbaycanla bağlı ən dəyərli xatirəm arzuladığım kimi tərəfdaşlıq və aviasiya sazişinin imzalanması olacaq.

– Bizdə olan məlumata görə, daha əvvəl Litvanın ABŞ səfirliyində çalışmısınız. ABŞ-la Azərbaycanı bu məsələdə necə müqayisə edərdiniz?

– Əslində, mən Avropadakı Litva institutları üçün hökumətdən “borc götürülmüş” litvalı diplomatam. 1991-ci ildə Litva Xarici İşlər Nazirliyinin yenidən qurulub öz diplomatik məramlarına yenidən qulluq etməyə başlamasından bəri orada işləyirəm. Və bir litvalı diplomat kimi müxtəlif yerlərdə fəaliyyət göstərmişəm. İlk öncə Stokholmda, daha sonra isə Vaşinqtonda, Brüsseldə, NATO-da Avropa Birliyini təmsil etmişəm. Məncə, icra etdiyim hər bir vəzifəmin özünəməxsusluğu olub və mən onlardan hansısa birinin sıxıcı olduğunu düşünmürəm.

İndi Azərbaycanla müqayisə etdikdə deyə bilərəm ki, mən hazırda təkcə doğma Litvanı yox, həm də bütün Avropa Birliyini təmsil edirəm. Və bu artıq həyəcan və məsuliyyətin tamamilə yeni bir mərhələsidir. Azərbaycan regionda strateji əhəmiyyətli bir ölkə olmaqla yanaşı həm də, uzun bir müddətdir ki, Avropa Birliyinin müttəfiqi olub. Biz hal-hazırda münasibətlərin və əlaqələrin sürətlə inkişaf etdiyi bir dövrdəyik. Daha səylə, daha dərindən məşğul olduqda daha çox imkanların olduğunu başa düşürsən. Mən sadəcə əmin olmaq istəyirəm ki, sərf etdiyim vaxt və enerjim, burada olan komandamızın bütün mümkün qədər çox səylə işləyib münasibətlərimizin qurulması üçün maksimum çox imkanlara nail olsunlar.

– Azərbaycanın yaxın bir neçə ildə regiondakı rolunu necə görürsünüz?

– Azərbaycan çox mürəkkəb bir bölgədə olduqca yaxşı idarə olunur və bunun belə davam edəcəyinə ümid edirik. Neft və qaz sektorları yaxşı inkişaf edib. Növbəti böyük layihə, qeyri-neft sektorunda istehsalın şaxələndirilməsi ilə birləşdirilmiş nəqliyyat mərkəzinin inkişafıdır. Beləliklə, indi qarşımızdakı əsas məqsəd səmərəli tranzit, axıcı və maneəsiz prosedurlar, cəlbedici faiz dərəcələri, ən yaxşı bazar şəraiti, xarici logistika və biznes əməliyyatlarının təmin edilməsi üçün ən effektiv şərtlərini təmin etməkdir.

Düşünürəm ki, Azərbaycanın buna nail olmaq üçün yaxşı potensialı var. Ancaq hamısı gələcəkdə hansı iqtisadi qərarların qəbul ediləcəyindən və nə qədər tez qəbul edilməsindən asılı olacaq.

Tarix
2019.10.25 / 09:07
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Türk dünyasının ortaq xəritəsi yaradılır - Foto

Mehriban Əliyeva Prezidenti bu sözlərlə təbrik etdi

ABŞ səfirliyinin bu bəyanatı... - İcma

XİN-dən ABŞ səfirliyinə cavab

Liderlər İlham Əliyevi təbrik edir

Türkiyə ordusu bu ölkədə əməliyyata başlayacaq

Azərbaycan bizim üçün böyük əhəmiyyət daşıyır - Orban

Bayramov Serbiya parlamentinin sədri ilə görüşdü

Tiflisdəki aksiyaları bu fond təşkil edir - Tsilosani

Nazarbayev İlham Əliyevə məktub göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla