Yuxarı

120 ölkə içindən niyə Azərbaycan sədr seçildi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az politoloq İlqar Vəlizadənin Qoşulmama Hərəkatının (QH) dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII sammiti barədə müsahibəsini təqdim edir:

- Qoşulmama Hərəkatı 1961-ci ildə yaranıb. Sədrlik 120 üzv ölkə arasından cəmi 8 ildir üzv olan Azərbaycana keçdi. Bu qədər ölkə arasında sədrliyin Azərbaycana keçməsinin əsas səbəbləri nələrdir?

- Bu, Azərbaycanın xarici siyasi meydanda təşəbbüskarlığından irəli gəlir. Təbii ki, Azərbaycan dünya siyasi arenasında mövqeyini ortaya qoyur, eyni zamanda, QH-nin digər üzvlərinin fikirlərini, arzu və istəklərini dilə gətirir. Hərəkatın üzvü olan bir çox ölkə Azərbaycanın da üzləşdiyi separatçılıq, terrorçuluq, ikili standartlarla rastlaşır. Azərbaycan kimi digər ölkələr də bu problemləri beynəlxalq səviyyədə dilə gətirməyə, dünya ictimaiyyətinin diqqətini bu məsələyə cəlb etməyə və birgə mübarizəyə çalışır. Azərbaycan bu sahədə kifayət qədər fəal bir ölkədir. Bir neçə il bundan əvvəl Azərbaycan BMT-nin qeyri-daimi üzvü vəzifəsinə seçilib. Bu mötəbər qurumda da həmin mövqedən çıxış edib. Yəqin ki, üzv ölkələr tərəfindən bu fəallıq götür-qoy edilib və beləliklə, Azərbaycana etimad göstərilib. Düzdür, biz məsələyə Dağlıq Qarabağ prizmasından yanaşırıq. Amma bu, ümumi yanaşmadır və Azərbaycanın mövqeyi dünyada qəbul olunmuş, o cümlədən QH-nin norma və prinsiplərinə söykənir. Ona görə də yəqin ki, bu təşəbbüskarlıq diqqətdən kənarda qalmayıb və son nəticə etibarilə Azərbaycan 3 illiyinə bu hərəkata sədr seçilib.

- Bu təşkilata üzvlük iqtisadi münasibətləri necə inkişaf etdirəcək?

- QH-nin həm siyasi, həm də iqtisadi məqsədləri var. Bu hərəkat çərçivəsində müxtəlif, o cümlədən iqtisadi əməkdaşlıqla bağlı qurumlar da fəaliyyət göstərir. Buna görə də iqtisadi əməkdaşlığın qurulması çərçivəsində bir çox təkliflər irəli sürmək olar. Belə ki, QH-nin üzvlərinin böyük bir hissəsi inkişaf etməkdə olan ölkələrdir. Bu ölkələrin bəziləri son illər ərzində kifayət qədər uğura imza atıb. Həmin ölkələrə Səudiyyə Ərəbistanı, Sinqapur, Malayziya, inkişaf etməkdə olan Afrika, eləcə də Latın Amerika ölkələrini misal çəkmək olar. Bu ölkələrin hər biri, xüsusilə də Afrika ölkələri digər iri oyunçuların diqqət mərkəzində olur, Rusiya, Çin, ABŞ və s. sözügedən ölkələrin resursları üzərində müəyyən rəqabət aparır. Eyni zamanda, ərazi baxımından daha kiçik və əhalisi az olan bəzi ölkələr də bu yarışa qoşulublar. Əlbəttə ki, Azərbaycan da bu siyasətə qoşula bilər. Azərbaycan bu rəqabətin saf meyarlar üzərində qurulmasını, həmin üzv ölkələrin də maraqlarına cavab verən rəqabət aparılmasını istəyir. Cibuti Prezidenti də ölkə başçısı İlham Əliyevlə söhbətində xarici investorların cəlb edilməsindən danışdı. Yəni bu ölkələrin istəyi ondan ibarətdir ki, iri ölkələrin asılılığından xilas olsunlar və digər ölkələrlə bərbərhüquqlu münasibətlər qursunlar. Bu baxımdan Azərbaycan ən perspektivli partnyordur. Çünki Azərbaycan son illər kifayət qədər inkişaf edib, maliyyə resursları var. Azərbaycan həmin ölkələrə investisiya qoya və mənfəət götürə, eyni zamanda, həmin ölkələrin inkişafına töhfə verə bilər. Buna görə də Azərbaycana maraq artır və bundan istifadə etmək lazımdır.

- 58 il müddətində QH-yə müxtəlif ölkələr sədrlik edib. Sonuncu sədr ölkə isə Venesuela idi. Ümumiyyətlə, ölkələr, eləcə də Venesuela bu sədrlikdən həm siyasi, həm də iqtisadi baxımdan nə qazanıb?

- Bu quruma müxtəlif dövrlərdə sədrlik etmiş ölkələrin rəhbərlərinə baxın: Cəvahirləl Nehru, İosif Broz Tito, Fidel Kastro, Camal Əbdül Nasir… Onlar dünya siyasətində iz qoyan siyasətçilərdir və bu hərəkatın nüfuzuna böyük töhfələr veriblər. Əlbəttə, son dövrlərdə bu təşkilat müəyyən problemlər yaşayıb və Venesuelanın sədrliyi də asan keçməyib. Son illər ərzində Venesuelaya ABŞ, Avropa, Latın Amerikası tərəfindən kifayət qədər ciddi təzyiqlər olub. Amma Nikolas Maduro bu təşkilatın resurslarından istifadə edərək, təzyiqlərə tab gətirə bilib və hazırda faktiki olaraq Venesuela prezidentidir. QH-ya üzv ölkələrin bir çoxu Maduroya dəstək olaraq siyasi səhnədə onun dayaqlarını möhkəmlədə biliblər. Digər tərəfdən Venesuela iqtisadi baxımdan müəyyən dərəcədə blokada şəraitində olsa da, digər dövlətlərdən, ələxsus da Qoşulmama Hərəkatına üzv ölkələrlə münasibətləri quraraq, blokadanı bu və ya digər şəkildə yara bilib. Bu da QH-nın mənfəətlərindəndir. Ona görə də düşünürəm ki, biz ardıcıl siyasət yerinə yetirsək və hədəfləri düzgün qursaq, bu sədrlikdən mənfəət qazana bilər.

- Qoşulmama Hərəkatının Bakıda keçirilən sammitində müxtəlif dövlət başçıları Qarabağla bağlı çıxışlar etdilər. 120 ölkə Ermənistanı işğalçı dövlət kimi tanıdı. Bu hərəkat Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana necə fayda verəcək?

- Ermənistan növbəti dəfə dünya siyasətində təkləndi. Belə ki, 120 ölkə, yəni BMT-nin 60 faizdən çox üzvü Azərbaycana dəstək oldu. Bu o deməkdir ki, Ermənistanın siyasəti geniş coğrafiyada qəbul olunmur. Digər tərəfdən Ermənistan həmin bu təşkilatın müşahidəçi qismində iştirak edir. Bu da ona işarədir ki, Ermənistan gələcəkdə də bu təşkilatda müəyyən rol oynamaq, hansısa formada fəallıq göstərmək istəyirsə, bu mövqeyi nəzərə almalıdır. Əgər nəzərə almasa, biz hətta təşkilat qarşısında tələb irəli sürə bilərik ki, Ermənistan ümumiyyətlə, bu hərəkatdan uzaqlaşdırılsın. Hər halda qəsbkar, QH-nın əsas norma və prinsiplərini pozan ölkə hərəkatda heç müşahidəçi qismində də qala bilməz. Belə halda Ermənistan daha da təklənəcək və dünya siyasətində manevr imkanları azalacaq. Nəzərə almaq lazımdır ki, müharibə ancaq səngərlərdə getmir, həm də diplomatik savaş gedir və diplomatik savaşda əldə olunan hər bir uğura sevinməliyik. Bu son tədbirdə qəbul olunmuş qətnamələr və qərarlar onu göstərir ki, Azərbaycan diplomtik savaşda üstünlüyü əldə saxlayır və bu bizə imkan verir ki, ermənilərə və Ermənistana təzyiqlərimizi diplomatik vasitələrlə artıra bilək.

Tarix
2019.10.29 / 09:00
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla