Diplomat insan hüquqlarının müdafiəsi üzrə bütün
beynəlxalq təşkilatları bu məsələyə müdaxilə etməyə, bu şəxslər
sağkən onların həbsdən azad olunmasına kömək etməyə
çağırıb.
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev qurumun
Təhlükəsizlik Şurasının silahlı münaqişələrdə dinc vətəndaşların
müdafiəsi məsələsinin müzakirəsinə həsr edilmiş iclasında çıxış
edib.
APA-nın xəbərinə görə, Y.Əliyev qeyd edib ki, Azərbaycan silahlı
münaqişə qurbanları ilə bağlı vəziyyətin yaxşılaşdırılması üçün
beynəlxalq humanitar hüquqa uyğunluğun təmin edilməsi mövqeyini
dəstəkləyir.
Diplomat beynəlxalq hüquq normalarını və münaqişə aparan tərəflərin
öhdəliklərinə toxunaraq bildirib ki, əsas problem təkcə öhdəliklərə
tez-tez riayət edilməməsi deyil, cəzasızlıq şəraitinin
olmasıdır.
Y. Əliyev münaqişələr nəticəsində öz doğma yurdundan qovulmuş mülki
əhalinin müdafiəsinə xüsusi diqqət yetirilməsinin zəruriliyini
vurğulayıb: "Azərbaycan məcburi köçkünlərin problemləri və onların
öz evlərinə qayıtmaq hüquqları barədə məlumatın artırılmasına
yönəlmiş səyləri dəstəkləyir".
O qeyd edib ki, dinc vətəndaşların hərbi qulluqçu kateqoriyasına
aid olmadıqlarını göstərən kifayət qədər fakt olmasına baxmayaraq,
onların statusunun şübhə altına alınması faktı da mülki əhalinin
hüquqlarının pozulmasında təşviş doğuran məqamdır.
Y.Əliyev vurğulayıb ki, insanların girov götürülməsi, qanunsuz
tutulub saxlanması və təqib edilməsi beynəlxalq humanitar hüququn
ciddi pozuntularıdır.
Diplomat ermənilərin girov götürdükləri Azərbaycan vətəndaşları
Həsən Həsənov, Şahbaz Quliyev və Dilqəm Əsgərovla bu hüququn
normalarına uyğun olmayan rəftar etdiklərini, bunun ermənilərin
beynəlxalq humanitar hüququ pozmalarına aid ən son nümunə olduğunu
deyib.
Y. Əliyev daha sonra iclas iştirakçılarına azərbaycanlı girovların
işi və onların hüquqlarının erməni işğalçı qüvvələri tərəfindən
pozulması ilə bağlı faktları təqdim edib. Diplomat Həsən Həsənovun
erməni hərbi qulluqçuları tərəfindən 2014-cü il iyulun 11-də
öldürüldüyünü, onun cəsədinin isə Azərbaycan tərəfinə yalnız
2014-cü il oktyabrın 2-də Beynəlxalq Qırmızı Xalq Komitəsinin
köməyi ilə təhvil verildiyini qeyd edib: "Digər iki girov – Şahbaz
Quliyev və Dilqəm Əsgərov uydurma təxribatlarda ittiham edilərək,
Azərbaycanın işğal olunmuş ərazilərindəki həbsxanaya salınıb".
Y.Əliyev bu mülki şəxslərin Azərbaycan Respublikasının beynəlxalq
səviyyədə tanınmış sərhədləri daxilində girov götürüldüyünü də
xatırladıb: "Azərbaycan Respublikasının qanunlarından başqa heç kəs
və heç nə Azərbaycan vətəndaşlarının öz ərazisində sərbəst
yerdəyişməsini məhdudlaşdıra və ya qadağan edə bilməz".
O vurğulayıb ki, Ş.Quliyev və D.Əsgərovun üzərində qondarma məhkəmə
prosesi və çıxarılan hökm qanunsuzdur.
Diplomat insan hüquqlarının müdafiəsi üzrə bütün beynəlxalq
təşkilatları bu məsələyə müdaxilə etməyə, bu şəxslər sağkən onların
həbsdən azad olunmasına kömək etməyə çağırıb.