Nazirlər Kabineti "Bağlaşma əsasında həqiqi hərbi
xidmətə daxilolmanın halları və Qaydası"nı təsdiq
edib.
ANS-in məlumatına görə, baş nazir Artur Rasizadənin imzaladığı
bu Qaydaya əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və
Azərbaycan qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı
birləşmələrə həqiqi hərbi xidmətə bağlaşma əsasında könüllü daxil
olan Azərbaycan vətəndaşlarına, həmçinin əcnəbilər və vətəndaşlığı
olmayan şəxslərə şamil edilir.
Azərbaycan Silahlı Qüvvələrində və ya Azərbaycan
qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı
birləşmələrdə ştat üzrə vəzifələrə uyğun olaraq həqiqi hərbi xidmət
keçmək üçün "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna əsasən
müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan vətəndaşları,
həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bağlaşma
əsasında həqiqi hərbi xidmətə könüllü daxil olurlar. "Hərbi vəzifə
və hərbi xidmət haqqında" qanuna və Nazirlər Kabinetinin qərarı ilə
təsdiq edilmiş "Azərbaycan Respublikası qadın vətəndaşlarının hərbi
uçot ixtisaslarının Siyahısı"na əsasən hərbi uçot ixtisası olan 19
yaşından 40 yaşınadək Azərbaycanın qadın vətəndaşları özlərinin
razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında
Azərbaycan Silahlı Qüvvələrində və ya Azərbaycan qanunvericiliyinə
uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə
qəbul edilirlər. Azərbaycan vətəndaşları, həmçinin əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər bağlaşma əsasında həqiqi hərbi xidmətə
müvafiq dövlət orqanlarının və ya hərbi hissələrin təşkilati-ştat
strukturu üzrə vakant vəzifələr olduğu hallarda qəbul edilirlər.
Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olan şəxslər fiziki
hazırlıqlı, mənəvi-psixoloji cəhətdən sağlam, hərbi xidmət keçəcəyi
ixtisas üzrə bilikli və ən azı ümumi orta təhsilli
olmalıdırlar.Həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunu
bildirmiş şəxslər həqiqi hərbi xidmətə daxil olarkən, "Hərbi-həkim
ekspertizası haqqında Əsasnamə"yə uyğun olaraq tibbi müayinədən
keçir və şəhadətləndirilirlər.
"Hərbi vəzifə və hərbi xidmət haqqında" qanununa uyğun olaraq
bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil
olurlar:
- müddətdən artıq həqiqi hərbi xidmətə – ən azı ümumi orta
təhsili olan, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi
xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi
vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla),
habelə 19 yaşından 40 yaşınadək qadınlar;
- xüsusi təyinatlı ali təhsil müəssisələrinin kursantlarının
həqiqi hərbi xidmətinə – xüsusi təyinatlı ali təhsil müəssisəsinə
qəbul edildiyi ildə 17 yaşı tamam olan və 19 yaşı tamam olmayan
vətəndaşlar, habelə zabit hərbi rütbəsi olmayan, xüsusi təyinatlı
ali təhsil müəssisələrində oxumaq arzusunu bildirən 18 yaşından 23
yaşınadək hərbi qulluqçular;
- gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam
orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar,
çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna
olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar;
- zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son
yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit
hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan
hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və
qadınlar.
Ədliyyə Nazirliyinə, Müdafiə Nazirliyinə, Daxili İşlər
Nazirliyinə, Milli Təhlükəsizlik Nazirliyinə, Fövqəladə Hallar
Nazirliyinə, Dövlət Sərhəd Xidmətinə, Xüsusi Dövlət Mühafizə
Xidmətinə və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinə həqiqi hərbi xidmətə fərdi qaydada könüllü daxil olmaq
istəyən həqiqi hərbi xidmət hərbi qulluqçularının, hərbi
vəzifəlilərin və hərbi qeydiyyatda olmayan qadınların, həmçinin
əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin seçilməsini, sənədlərin
toplanılmasını və şəxsi işlərin tərtib edilməsini həmin dövlət
orqanlarının kadr aparatları həyata keçirirlər. Hərbi qeydiyyatda
olmayan qadınlar özlərinin razılığı ilə Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya
bölməsi tərəfindən hərbi qeydiyyata götürülürlər. Hərbi qeydiyyata
götürülmüş Azərbaycanın qadın vətəndaşlarına, həmçinin xüsusi
təyinatlı ali təhsil müəssisələrinin kursantlarına hərbi bilet
verilir. Zərurət yarandığı halda, müvafiq dövlət orqanlarının və ya
hərbi hissələrin tələbnamələrinə (sifarişlərinə) uyğun olaraq,
bağlaşma əsasında həqiqi hərbi xidmətə qəbul edilməsi üçün seçilmiş
hərbi vəzifəlilərin və hərbi qeydiyyatda olmayan qadınların
sənədləri əsasında onların şəxsi işlərinin tərtib edilməsi və
aidiyyəti üzrə göndərilməsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən
həyata keçirilir. Şəxsi iş tərtib edilməsi üçün şəxsiyyəti təsdiq
edən sənəd, ərizə və ya raport, şəxsən yazılmış tərcümeyi-hal,
xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə, təhsil haqqında
sənədin surəti, doğum haqqında şəhadətnamənin surəti, nikah
haqqında şəhadətnamənin surəti (evli olduqda), uşaqların doğum
haqqında şəhadətnamələrinin surəti (uşaq olduqda), 4 ədəd
(başıaçıq, anfas) 3x4 sm ölçüdə və 2 ədəd 9x12 sm ölçüdə fotoşəkil
(kursantların həqiqi hərbi xidmətinə daxil olanlar üçün 4,5x6 sm
ölçüdə) məhkumluğun olub-olmaması barədə arayış təqdim edilir.
Həqiqi hərbi xidmətə könüllü daxil olmaq istəyən şəxslər üçün
tərtib edilmiş şəxsi işlərə müvafiq dövlət orqanları və ya hərbi
hissə tərəfindən əlavə olunan sənədlərə isə sağlamlıq vəziyyətinə
görə hərbi xidmətə yararlı olması barədə müvafiq hərbi-həkim
komissiyasının qərarı, rejim obyektlərində işə buraxılışı
rəsmiləşdirmək üçün sənədlər daxildir.
Müvafiq dövlət orqanları və ya hərbi hissələr tərəfindən
bağlaşmanın imzalanmasından ikilivətəndaşlığıvə yadigər dövlətlər
qarşısında öhdəlikləri olduqda (əcnəbilər və vətəndaşlığı olmayan
şəxslər istisna olmaqla), məhkumluğu ödənilmədikdə və ya üzərindən
götürülmədikdə, həmçinin ağır və ya xüsusilə ağır cinayət
törətdikdə, təqdim edilən sənədlərdə təhrif olunmuş məlumatların
qeyd edilməsi aşkar olunduqda, hərbi-həkim komissiyası tərəfindən
keçirilən tibbi şəhadətləndirmənin nəticəsinə görə həqiqi hərbi
xidmətə yararsız hesab edildikdə, peşə psixoloji seçimdən
keçmədikdə, bilik, bacarıq və fiziki hazırlıq səviyyəsi müəyyən
edilmiş tələblərə cavab vermədikdə, öyrənilmə tədbirləri keçirilən
zaman həqiqi hərbi xidmətə qəbula mane olan digər hallar müəyyən
edildikdə imtina edilir. Bağlaşma əsasında həqiqi hərbi xidmətə
daxil olmaq arzusunu bildirmiş şəxs bağlaşma imzalananadək öz
istəyindən imtina edə bilər. Müvafiq dövlət orqanları nəzərdə
tutulmuş tələblərə cavab verməyən, bağlaşma əsasında həqiqi hərbi
xidmətə daxil olmaq arzusunu bildirmiş Azərbaycan vətəndaşları ilə,
həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlaşmadan
imtina edirlər. Həqiqi hərbi xidmətə könüllü daxil olmuş Azərbaycan
vətəndaşları Azərbaycan Respublikasına və onun xalqına sadiq
olacaqları barədə hərbi and içirlər. Əvvəllər başqa dövlətin
silahlı qüvvələrində xidmət etmiş əcnəbilər və vətəndaşlığı olmayan
şəxslər bağlaşma əsasında Azərbaycan Silahlı Qüvvələrində hərbi
xidmətə daxil olarkən, hərbi andın yerinə Azərbaycan
Konstitusiyasına və qanunlarına əməl edəcəkləri barədə öhdəlik
götürürlər. Bağlaşma hər iki tərəf imzaladıqdan sonra qüvvəyə
minir. Şəxsin həqiqi hərbi xidmətə qəbul edilməsi barədə şəxsi
heyət üzrə əmr verilir. Bağlaşma əsasında hərbi xidmətə könüllü
daxil olanların həqiqi hərbi xidmətinin başlanğıcı bağlaşmanın
imzalandığı gün hesab edilir.
Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə
əlaqədar müvafiq dövlət orqanları və ya hərbi hissənin əmri ilə
şəxsi heyətin siyahısından çıxarıldığı gün bağlaşma əsasında hərbi
xidmətə könüllü daxil olanların həqiqi hərbi xidmətinin sonu hesab
edilir. Bağlaşma əsasında həqiqi hərbi xidmətdə olan əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər törədilmiş cinayətə görə Azərbaycan
hüdudlarından kənara məcburi çıxarma növündə cəzaya məhkum
edildikdə və ya onlarla bağlaşma ləğv olunduqda, həqiqi hərbi
xidmətdən istefaya buraxılırlar. Həqiqi hərbi xidmətə könüllü daxil
olmuş hərbi qulluqçulara, hərbi vəzifəlilərə və qadınlara (xüsusi
təyinatlı təhsil müəssisələrinin kursantları istisna olmaqla),
həmçinin əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə onların qəbul
olunduğu həqiqi hərbi xidmətin növündən asılı olaraq, şəxsiyyəti
təsdiq edən xidməti vəsiqələr verilir. Bağlaşma əsasında həqiqi
hərbi xidmətin müddətləri "Hərbi vəzifə və hərbi xidmət haqqında"
qanuna əsasən aşağıdakı kimi təqvim hesabı ilə
müəyyənləşdirilir:
- müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün:
müddətli həqiqi hərbi xidmətdən daxil olanlar, ehtiyatdan daxil
olanlar və qadınlar – 3 il. Bu müddət bitdikdə, müddətdən artıq
həqiqi hərbi xidmət tərəflərin razılığı ilə həqiqi hərbi xidmətdə
olmağın son yaş həddinə çatanadək hər dəfə 5 ilədək müddətə
uzadılır;
- gizirlər və miçmanlar üçün – 5 il. Bu müddət tərəflərin
razılığı ilə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi çatanadək,
hər dəfə 5 ilədək müddətə uzadılır;
- ehtiyatdan bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü
daxil olan zabitlər üçün – 1 il 6 ay. Bu müddət bitdikdən sonra
tərəflərin razılığı ilə onlar kadr zabit heyətinə keçirilirlər;
- bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan
əcnəbilər və vətəndaşlığı olmayan şəxslər – 3 ilədək. Bu müddət
bitdikdən sonra tərəflərin razılığı ilə yeni bağlaşma
bağlanılır.