"2015-2016-cı illərdə ölkə dəmir yolunda çox böyük
islahatlar getməlidir".
Bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin iqtisadi
siyasət Komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov Cavid
Qurbanovun Azərbaycan Dəmir Yolları QSC-nin sədri təyin olunmasına
münasibət bildirərkən dedi.
Deputatın sözlərinə görə, təyinatın bir neçə mühüm səbəbi
var:
"Son zamanlar cənab prezident müəyyən islahatlar aparır.
Bunlardan biri də kadr islahatlarıdır. C.Qurbanov uzun müddət
"Azəryolservis"də çalışıb. Bu sahə hər şeydən öncə strateji
əhəmiyyətli bir sahədir. C.Qurbanov həmin vəzifədə çox yaxşı
işlədi. Bütün yolların, körpülərin, keçidlərin tikintisində onun
böyük əməyi var. İndi də məsləhət görülüb ki, C.Qurbanov Azərbaycan
Dəmir Yolları QSC-nin rəhbəri təyin olunsun. Bu qurum da strateji
əhəmiyyətli bir sahədir və C.Qurbanovun bu sahədə də kifayət qədər
təcrübəsi var.
Bundan başqa, 2015-2016-cı illərdə ölkə dəmir yolunda çox böyük
islahatlar getməlidir. Buna görə də C.Qurbanov kifayət qədər
bacarıqlı bir kadr olduğu üçün bu vəzifəyə təyin olundu. Bu
təyinatı çox yüksək qiymətləndirirəm".
Bildirək ki, C.Qurbanov 1985-ci ildə Azərbaycan İnşaat
Mühəndisləri İnstitutunu bitirib. 1987-1992-ci illədə
"Elektromexanizasiya" Trestinin 4 saylı Avtonəqliyyat Kontorunda
direktor, 1992-1993-cü illərdə "Avtonəqliyyat" Birliyində baş
direktor, 1993-1994-cü illərdə isə "Azəravtoyol" Dövlət Şirkətində
prezident vəzifəsində işləyib.
Daha sonra C.Qurbanov 1995-ci ildə "Azərərzaqnəqliyyat"
Birliyində direktor, 1996-1997-ci illərdə Azərbaycan Dövlət
Dəmiryolu İdarəsinin Təchizat şöbəsində rəis, 1997-2001-ci illərdə
"Azərdəmiryolservis" İstehsalat Birliyində rəis vəzifələrini icra
edib.
2003-cü ildən "Yolnəqliyyatservis" Departamentinin, 2004-cü
ildən isə Nəqliyyat Nazirliyi "Yolnəqliyyatservis" Məhdud
Məsuliyyətli Cəmiyyətinin rəisi vəzifələrində çalışıb.
C.Qurbanov fəaliyyətinin 7 ilini məhz dəmir yolları sahəsində
keçirib, texniki elmlər namizədidir.