"Bir neçə gün öncə Azərbaycan Mətbuat Şurasının reket
jurnalistikaya qarşı mübarizə komissiyasının növbəti iclasında
"Yüksələn Azərbaycan", "Azərbaycan naminə", "Haqqın sədası press"
qəzetləri, "Jam.az" və "İskra.az" saytları daxil olmaqla ümumilikdə
beş kütləvi informasiya vasitəsinin adının peşə davranışı
qaydalarını mütəmadi pozaraq insanların şərəf və ləyaqətini
aşağılayan, işgüzar nüfuzunu ləkələyən media orqanlarının yer
aldığı "qara siyahı"ya salınması üçün Şuranın İdarə Heyətinə
müvafiq təqdimatın verilməsi barədə rəyə gəlinmişdi. Bu rəy tam
obyektiv xarakter daşıyır, konkret şikayətlərdəki narazılıq
motivlərinə, şikayətlərin say çoxluğuna, dəfələrlə təkrarlanmasına
əsaslanır, bəzilərinə edilən xəbərdarlıqların nəticəsiz qalmasından
irəli gəlir. Şura ehtiyac yarandığı təqdirdə bu qəbildən olan
məsələlərin detallarını cəmiyyətə açıqlayacaq. Qurum mövcud
istiqamətdəki bütün suallara, müzakirələrə tam
açıqdır".
Axar.az xəbər verir ki, bu barədə Mətbuat Şurasının yayımladığı
məlumatda bildirilib.
Şuradan verilən məlumata qeyd edilir: "Hər bir KİV istənilən
şəxsi, o cümlədən dövlət məmurunu ən sərt şəkildə tənqid etmək,
onunla əlaqədar faktları cəmiyyətə açıqlamaq hüququna malikdir. Bu
azadlıq heç bir media orqanının əlindən alına bilməz. Ancaq
sözügedən KİV-lərin mövcud sərbəstlik mühitindən bəhrələnmələri
media azadlığı prinsiplərindən deyil, həmin prinsipləri açıq
şəkildə təhdid edən hərəkətlərdən, sivil jurnalistikaya yad
davranışlardan, medianı daimi təzyiq vasitəsi olaraq görmək
mahiyyətindən qaynaqlanıb.
Mediadan sui-istifadə meyllərinə qarşı fəaliyyət şərti olaraq
"reket jurnalistika"ya qarşı mübarizə adlandırılır. Bu ifadə
Mətbuat Şurası yaranmazdan öncə də var idi. Sadəcə Şuranın
formalaşması ilə məsələ ictimai motiv qazandı.
Azərbaycan Mətbuat Şurasının ölkə jurnalistlərinin 2006-cı il 23
dekabr tarixində keçirilmiş IV qurultayının qətnaməsinin tələbinə
müvafiq şəkildə hazırlanmış, MŞ İdarə Heyətinin 2007-ci 30 yanvar
tarixli iclasında təsdiq edilmiş "reket nəşr"lərin
müəyyənləşdirilməsinə dair təlimatda işlədilən və kütləvi
informasiya vasitələrində yayılan "reket jurnalistika", "reket
nəşrlər" və "reket qəzetlər" sözü özündə hüquqi məna ehtiva
etmir.
Mətbuat Şurası quruma daxil olmuş şikayətlərə səbəb olan KİV
materiallarında "reket" sözünün hüquqi məna daşıdığı hərəkət və ya
hərəkətsizliyin nəticəsi olaraq törədilən cinayət əməlinin
mövcudluğundan şübhələnərsə, daxil olmuş şikayət aidiyyatı
orqanlara göndərilir.
Mətbuat Şurasının İdarə Heyəti qurumun nizamnamə tələblərini
rəhbər tutaraq mətbuatda hədə-qorxu və şantajla müşayiət edilən,
davamlı şəkildə eyni bir şəxs barədə qeyri-dəqiq məlumatların
qabardılmasına söykənən yazıları qarşı tərəfə - hüquqi, yaxud
fiziki şəxsə təsir vasitəsi kimi qəbul etdiyindən mübarizəsini belə
hərəkətlərə yol verən media quruluşlarını "qara siyahı"ya salmaqla
aparır. Bu zaman peşə fəaliyyəti şikayət və ya şikayətlərə səbəb
KİV-lərin müvafiq yazılarında tənqid obyektinə çevrilən hüquqi və
fiziki şəxsə münasibətdə seçilmiş ifadələrdəki forma və metodlar
əsas götürülür.
Reket jurnalistikaya qarşı mübarizə komissiyasının haqqında söz
açılan iclası barədə yayılan məlumata maraq kifayət qədər böyük
oldu. Bu marağı təbii qarşılayırıq. İlk növbədə ona görə ki,
Azərbaycan mediası öz nüfuzuna ləkə gətirən təmayüllərin sıradan
çıxarılması müstəvisində baş verənlərə həssas yanaşır. İclasdan
sonra müəyyən şəxslərin MŞ-ni təftiş etməyə maraq göstərmələri isə
qətiyyən anlaşılmır. Şuranın fəaliyyət məramı hər kəsə, o cümlədən
onlara yaxşı bəllidir.
MŞ-nin struktur kimi təkmilləşməsinə, mütəhərrikləşməsinə
ehtiyac var. Bu mənada qurum tənqidi fikirlərə açıqdır və həmişə
dözümlü olub. Ancaq Şuranı jurnalist adına ləkə gətirən, "qara
siyahı"ya düşmək təhlükəsindən qeyzlənərək qələmi nifrət alətinə
çevirən hansısa şəxslərin cızma-qarasından ictimai müzakirə
düzəldəcək qədər təftiş cəhdləri yolverilməzdir.
Mətbuat Şurasına daxil olan şikayətlərin əksər hissəsində ifadə
olunan narazılığın kökündə ayrı-ayrı şəxslərin media adından
sui-istifadə məqsədi dayanır. Şura bu kimi məsələlərin heç də
hamısını iclaslarda müzakirəyə çıxarmır. Bizim üçün maraqlı olan
cəhət şikayətçinin haqlı iradının cavabdeh KİV tərəfindən dərkidir.
Mövcud istiqamətdə ilkin tədbir kimi barəsində şikayət olunan media
qurumu ilə prosedur qaydalara uyğun söhbətlər aparılır və onun
rəhbərliyinin nəzərinə şikayətçinin yazı ilə bağlı düzəliş, təkzib
və ya üzrxahlıq istəyi çatdırılır. Eyni zamanda, məsələlərin
dəqiqləşdirilməsi yolu ilə imkan yaradılır ki, cavabdeh yol verdiyi
nöqsanı ilkin mərhələdəcə aradan qaldırsın. Məsələ həllini tapdıqda
şikayətin növbəti müzakirə instansiyasına çıxarılmasına ehtiyac
qalmır.
Xüsusi vurğulayaq ki, Şuranın Katibliyi tərəfindən cavabdeh
KİV-lərin təmsilçiləri ilə söhbətlərin aparılması, tərəflərə mümkün
barış variantlarının təklif edilməsi nizamnamə tələblərinə tam
uyğundur. Əgər hansısa KİV tövsiyədən nəticə çıxarmaq istəmirsə,
şikayətin komissiyalarda araşdırılması da prosedur iş prinsipləri
çərçivəsindədir.
Sonda reket jurnalistikaya qarşı mübarizə komissiyasının
axırıncı iclasından sonra Mətbuat Şurası haqqında cəmiyyəti yanlış
məlumatlandırmağa hesablanmış fikirlərə cavab olaraq bildiririk ki,
Şura media məkanımızdakı xoşagəlməz hallarla mübarizədə prinsipial
dəst-xəttinə sadiq qalacaq. Çünki bu dəst-xətt Azərbaycanın həqiqi
jurnalistlərinin inam və etimadına söykənir. Hansı imitasiyalara
yol vermələrindən, özlərini hansı obrazda təqdim etmələrindən,
kimlərin himayəsinə sığınaraq ruhlanmalarından asılı olmayaraq,
jurnalist adını ləkələyənlərlə mübarizə daha barışmaz xarakter
alacaq. Bu mübarizə təkcə peşə dəyərlərinə riayət edilməsinin
vacibliyini rəhbər tutmur, habelə Azərbaycanda qərarlaşmış ictimai
mühitə, dinc birgəyaşam qaydalarına, cəmiyyətin axarına qarşı
medianın gücündən yararlanaraq həyata keçirilən təhdid cəhdlərinin
qarşısının alınmasını hədəf seçir.
Azərbaycan mediasının özünütənzimləmə qurumu olan Mətbuat Şurası
heç bir güzəştə getməyəcək. Əsl qələm sahiblərinin dəstəyinə
güvənərək prinsiplərinə sadiq qalacaq".