Mayın 19-da Binəqədi rayonunda yanan binada anası və
körpəsi ilə birlikdə qalan həmkarımız Sevinc Fədai hazrıda ev
şəraitində müalicə olunur.
Teleqraf.com-un əməkdaşı çətinliklə də olsa, bu gün gənc anadan
müsahibə alıb. Sevinc xanım yaşadığı dəhşətli anları saytımıza
danışdı.
– Sevinc xanım, bir daha "keçmiş olsun" deyirik. Dünənki
dəhşətli yanğınla bağlı təəssüratlarınızı bizimlə bölüşməyinizi
xahiş edirik. Yanğından nə vaxt xəbər tutdunuz, ilk reaksiyanız
necə oldu?
- Blokdan səs eşitdim, qapını açdım. Yuxarı mərtəbədən qonşu
qışqırırdı ki, yanğınsöndürən çağırın. 102-yə zəng vurmaq üçün
içəri keçdim. Gördüm alov mətbəxi bürüyüb. Tez Mövluda zəng vurdum
ki, binamız yanır.
- Yanğının bu qədər güclənəcəyini
gözləyirdiniz?
- Açığı, yanğının belə dəhşətli hal alacağını bilməzdim. Amma
bircə dəqiqənin içində blokun tüstüləndiyini və mətbəxin yandığını
görəndə məni dəhşətli qorxu bürüdü. Evdən çıxmaq imkanı yox idi.
Şükür ki, özümü itirmədim. Tez işıqları söndürdüm. Bütün evi tüstü
basmışdı. Anamla birgə yataq otağının qapısını örtüb orda gözlədik.
Sağ olsunlar, dostlar zəng vurur, ürək-dirək verirdilər,
xilasediciləri bizim yanımıza göndərdiklərini deyirdilər. Yaş
dəsmalı ağzımıza tutub özümüzü boğulmaqdan qorumasaydıq, bəlkə də,
o evdən sağ çıxmazdıq. Fikirləşirəm ki, göydə Allah, yerdə də
anamla mənim özümüzü soyuqqanlı aparmağımız xilas elədi bizi.
- Yanğın yuxarı mərtəbələrdə daha güclü idi. Yaşadığınız
14-cü mərtəbədə sağ qalmağınız möcüzə oldu. Demək olar ki, ən gec
siz çıxarıldınız. Binada qaldığınız müddətdə hansı hisləri
keçirirdiz, nə düşünürdüz?
- Qorxu, dəhşət... Evin hər iki tərəfi yanırdı. Amma ən çox
ümid, xilas olacağımıza inam hiss edirdim. Ağlımda bircə şey var
idi, Mövlud üçün sağ qalmalıyam. Həyəcanla dua edirdik, su içirdik,
Ucalı qoruyurduq ki, tüstünü udmasın. Nə bilim... Anam məni və
Ucalı yaşatmağa çalışırdı, mən onları. Bir tərəfdən də bayırda səni
gözləyən sevdiklərin üçün sağ qalmaq üçün mübarizə aparmaq...
Dəhşət idi.
– Sizə ən çox kimlər zəng edirdi?
– Bütün dostlar. Mən sözgəlişi dostlar demirəm. Hamısı
doğmalarımızdır. Onlar o dəhşətli yanğını görüb, bəlkə də, bizdən
çox qorxublar. Bilirdim ki, bayırda bizim üçün ürəkdən dua edən
dostlar var. Allahın bizə də, onlara da yazığı gəldi.
– Bəlkə də, Mövlud
sizdən daha çox stress keçiriridi. Bəs sizin Mövludla bağlı
narahatlığınız var idimi?
– Əlbəttə. Yanğın təzə
başlayan vaxt bir neçə dəfə Mövludla danışdım, ağlayırdı,
bağırırdı. Çarəsiz idi. Anam da, mən də o bir neçə saat ərzində
ağlamamışdıq. Amma Mövludun adını ağzımıza alanda bizi ağlamaq
tuturdu. Sonra bizimlə danışmırdı deyə elə bilirdik ki, ona nəsə
olub artıq. Mövlud deyir ki, elə bilirdim, siz orda yanırsız, sənin
o vəziyyətdə səsini eşitməyə dözməzdim, ona görə danışmırdım. Biz
də yanğının ortasında özümüzlə bərabər, Mövlud üçün də dua edirdik.
Çox narahat idim ona görə.
- Sizi kim xilas
elədi?
- Fövqəladə Hallar
Nazirliyinin əməkdaşları. Onlar gələndən sonra da bir qədər evdə
gözləməli olduq. Blok tüstü olduğu üçün çıxmaq mümkün deyildi. Elə
sonra da qaça-qaça birtəhər düşürtdülər bizi.
- Həmkərlarınız
sizinlə bağlı ayrıca xəbərlər verirdilər. Hətta buna görə qınağa
tuş gəldilər ki, ayrı-seçkilik edirlər. Həmkarlarınızın
fəaliyyətindən razı qaldınızmı?
- Bu, ayrı-seçkilik deyildi,
təbii ki. İstər-istəməz insan tanıdığı, bildiyi adam üçün daha çox
narahat olur. Biz özümüz belə xilasedicilər gələndə ilk
soruşduğumuz ölənin olub-olmamağı idi. O ki qaldı kənardakılar...
Hamı narahat idi, həm bizdən ötrü, həm də bütün sakinlər üçün.
Bütün həmkarlarımıza, dostlarımıza təşəkkür edirəm, var olsunlar.
Yaxınlarını itirənlərə Allah səbr versin və bir daha belə bir faciə
yaşatmasın millətimizə, doğmalarımıza...