Milli Məclisin deputatı Elman Nəsirovun Axar.az-a müsahibəsi:
- Elman müəllim, bu gün 20 Yanvar faciəsinin 31-ci ildönümüdür. O günü necə xatırlayırsınız?
- Həmin gecə Azərbaycan xalqına qarşı misli görünməmiş bir cinayət baş verdi. Əliyalın insanlara qarşı Sovet ordusu qətliam həyata keçirdi. 20 Yanvar tariximizə Ümumxalq Hüzn Günü kimi daxil oldu. Bu həm də xalqımızın müstəqillik uğrunda qəhrəmanlıq tarixi idi.
O vaxt Bakı Dövlət Universitetinin 1-ci kurs tələbəsi idim. Sırf təsadüf nəticəsində sağ qaldım. Faciənin ayrı-ayrı detallarını gözümlə görmüşəm. Xatırlamaq belə üzücü və dəhşətli gəlir. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
- 20 Yanvar faciəsini şərtləndirən amillər hansılardır və onun qarşısını almaq mümkün idi?
- Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və SSRİ rəhbərliyinin ermənipərəst siyasəti nəticəsində 1988-ci ilin fevralından başlayaraq, 250 mindən artıq soydaşımız Ermənistandan zor və işgəncə altında qovulmuş, təkcə 1989-cu ilin avqust-dekabr aylarında Ermənistan tərəfindən Azərbaycan sərhədlərinin 91 dəfə pozulması və atəşə tutulması nəticəsində 32 nəfər azərbaycanlı öldürülmüş, 166 nəfər yaralanmışdı.
Kreml bu vəziyyətdən nəticə çıxarıb, Ermənistanın qeyri-qanuni və antibəşəri hərəkətlərinə hüquqi qiymət verib, günahkarları cəzalandırmaq əvəzinə, cinayətkarın şirnikləndirilməsi siyasətinə üstünlük verdi. Azərbaycan rəhbərliyi və müxalifəti həmin tarixi şəraitdə ümummilli maraqları şəxsi maraqların fövqünə qoymaq bacarığı nümayiş etdirə bilsəydi, antimilli və təxribatçı addımlar atmasaydı, rəsmi Moskvanın Azərbaycan xalqına qarşı qanlı ssenariləri həyata keçirmək imkanı mimimuma enə bilərdi. Zənnimcə, məhz Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 15 yanvar 1990-cı il tarixli qərarında “Müdafiə Nazirliyi, hüquq-mühafizə və SSRİ-nin digər icra orqanlarından xahiş edirik ki, ölkə konstitusiyasının 81-ci maddəsinə uyğun olaraq Azərbaycan SSR-ə müvafiq zəruri yardımı həyata keçirsin” şəklində ifadə olunmuş mövqe Mixail Qorbaçov başda olmaqla, SSRİ rəhbərliyini həm arxayınlaşdırmış, həm də Azərbaycan əleyhinə addımlarının radikallıq səviyyəsini daha da gücləndirmişdi. Xatırladaq ki, 1977-ci il 7 oktyabr tarixində qəbul edilmiş SSRİ Konstitusiyasının 81-ci maddəsinə görə, müttəfiq respublikaların suveren hüquqları SSRİ tərəfindən qorunmalı idi.
Bundan savayı, 1989-cu ilin sonlarında ölkəmizin bəzi rayonlarında Xalq Cəbhəsinin hakimiyyəti zorla ələ keçirməsi, Naxçıvanın İranla sərhədindəki tikanlı məftillərin sökülüb atılması, Xalq Hərəkatının radikal qanadının Milli Müdafiə Şurası təşkil edərək nəzarəti öz əlinə alması, 1990-cı il уаnvarın 13-15-də Dövlət Təhlükəsizliyi Komitəsinin Sumqayıt ssenarisi əsasında “erməni talanları” törətməsi Moskvanın əlinə Azərbaycan xalqını cəzalandırmaq fürsəti vermişdi.
- Qeyd etdiniz ki, SSRİ rəhbərliyi Azərbaycana qarşı qərəzli, məsuliyyətsiz və cinayətkar siyasət aparıb...
- 1988-ci ilin martında SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsi və SSRİ Nazirlər Sovetinin “Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi haqqında” qəbul etdiyi qərar əslində Dağlıq Qarabağın Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilməsi üçün münbit şəraiti təmin etməyə hesablanmış addım idi. Bu qərara əsasən, ilk növbədə Dağlıq Qarabağa müstəsna hüquq və səlahiyyətlər verilir, böyük maliyyə vəsaitləri ayrılır, vilayətlə bağlı mühüm məsələlərin həlli ittifaq nazirlikləri və strukturlarının səlahiyyətinə aid edilirdi.
1989-cu il yanvarın 12-də SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarına əsasən, Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində xüsusi idarəetmə forması - Xüsusi İdarə Komitəsi yaradıldı. Sədri ermənipərəst məmur Arkadi Volski təyin edildi. Bu addım faktiki olaraq Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılmasını təmin etmiş oldu.
Rəsmi Moskvanın yuxarıda qeyd olunan addımlarından ruhlanan və şirniklənən Ermənistan SSR-in Ali Soveti 1989-ci il dekabrın 1-də Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi haqda qərar qəbul etdi. Bu siyasət və onun nəticələri Azərbaycanda ermənipərəst SSRİ rəhbərliyi əleyhinə etimadsızlıq mühiti və ümumxalq etirazı dalğasının formalaşmasını təmin etdi.