"Qəzadan əvvəl polis oğlumu döyüb"
Dekabrın 28-də Bakı-Şamaxı yolunda baş verən qəza zamanı 8 nəfər
həlak olumuşdu.
Hadisə zamanı Qızıldaş qəsəbəsinin sakinləri Əfqan Bəndiyev,
Güloğlan Əliyev və Nurlan Qasımov həyatlarını faciəli şəkildə
itirdilər. "VAZ-21 07" markalı avtomobillə toqquşan digər
avtomobildə olan 5 sərnişindən 4-ü dünyasını dəyişib. Bir nəfər
yaralanıb.
Dünən Qızıldaş sakinləri olan mərhumların evində olub ailə
üzvləri ilə söhbət etdik, onlar hadisəni video görüntülərə və
şahidlərə əsasən danışdılar.
Nurlanın anası Səriyyə Orucova deyir ki, qəzada 8 nəfər deyil 7
nəfər həyatını itirib, bir nəfər sağdır: "Polis qəza baş verən
avtomobillərdə hər kəsin öldüyünü deyir, amma bir nəfər sağdır, 7
nəfər həyatla vidalaşıb. Bu 7 nəfərin ölümünə səbəbkar Bakı-Şamaxı
yolunda reydə çıxan Yol Patrul Xidmətinin əməkdaşlarıdır".
"Oğlumun nişanlısı intihar etsə, bunun da səbəbkarı
polisdir"
Bir ildir həyat yoldaşını itirən Səriyə Orucova oğlunun faciəli
ölümündən sonra yaşamağının mənasız olduğunu düşünür. Mərhumun
anası deyir ki, Nurlan məşhur biznesmen Hacı İbrahim Nehrəmlinin
şirkətində çalışırmış. Bu günlərdə özünə toy etmək istəyib:
"Oğlum iki ay idi ki, nişanlanmışdı, yanvarın 10-da toyu
olacaqdı. Oğlumun qəfil ölümü nişanlısını sarsıdıb. Onlar
bir-birini illərdir ki, sevirlər. Nişanlısı üzünü oğlumun üzünə
qoyaraq dedi:
"Nurlan, mən də sənin yanına gələcəm".
Dəfələrlə intihar etmək istəyib. Ailəsinin, qohumlarının
nəzarəti üzərində olduğu üçün hələ ki bu faciə baş verməyib. Təcili
tibbi yardım dəfələrlə çağrılıb, həkimlər onu sakitləşdiriblər. O,
hər zaman həyatla vidalaşa bilər. Buna səbəb də yenə polislər
olacaq. Mən də qisas üçün yaşayıram. Qisasımı alandan sonra
yaşamayacam. Mən bu dövlətin hüquq-mühafizə orqanlarına nifrət
edirəm.
7 nəfərin ölümünə səbəb olan polisləri üzdən tanıyıram, onların
evini tapacam. Mənim ailəmi dağıtdığı üçün onun ailəsini dağıdacam,
övladımı toysuz qoyduğu üçün övladlarını toysuz qoyacam…!"
Ana qəzadan 6 saat sonra xəbər tutub
O, bildirir ki, oğlunun ölümündən 6 saat sonra xəbər tutub:
"Avtoqəza saat 15.00 radələrində olub. Bizə bu barədə saat 21.00
radələrində xəbər veriblər. Müşfiqabad qəsəbəsindəki yol polisi
postunda keçirilən aksiyadan xəbərim olmayıb. Qəsəbə sakinləri
həmrəylik göstərərk polis postunun olduğu yolu bağlayaraq etiraz
aksiyası keçiriblər. Aksiyadan sonradan xəbər tutub mən də
getdim.
Burada Abşeron polisinin rəis müavini Namiq də var idi.
Polislərə spirlti içkinin iyindən yaxın gəlmək olmurdu".
"O qadın sağdır"
Səriyə Orucova deyir ki, qəzadan öncə polislər oğlunu saxlayaraq
döyüblər: "Gözünə vurublar. Oğlum polislərin təzyiqindən qaçıb.
Bunu sübüt edən video görüntülər də var. 3 polis maşını (775, 776,
778 dövlət nömrə nişanlı maşınlar) oğlumun idarə etdiyi avtomobilin
arxasınca qaçıblar.
Qarşıdan yolun kəsildiyini görən oğlum geri qayıdıb. Bu zaman
əks istiqamətdə hərəkət edib. Yenə də polis oğlumdan əl çəkməyib.
Nəticədə qəza baş verib. Qəzada oğlumun idarə etdiyi maşında 3
nəfər olub, o biri maşında isə 5 nəfər olub. Onlardan biri gizir
rütbəli hərbçi olub.
Onun işini hərbi polis araşdırır. Maşında olan bir qadın sağdır.
O yalnız qolundan zərbə alıb. Gedib onunla danışacam. Ağsu
sakinləridirlər, mərhumlar da orada yaşayıblar. Yas mərasimində
iştirak etmişik".
Səriyə Orucovanın sözlərinə görə, oğlu Nurlan "VAZ 21 07"
markalı avtomobili təzə alıb: "Oktyabr ayında aldı. Bu onun
yeddinci maşınıdır. Avtoş maşınına oxşayırdı. Amma oğlum avtoş
deyildi. Nurlan yol-hərəkət qaydasını pozmuşdusa, polisin onu
döyməyə, qovmağa ixtiyarı yoxdur. Maşının nömrəsini götürməli idi,
cəzası var idisə, onu bildirişlə göndərməli olduğu halda oğlumu
öldürüblər. Mənim tələbim budur ki, qəzaya səbəb olan polislər
cinayət məsuliyyətinə cəlb olunsunlar.
"Çörək pulu qazanmaq üçün getmişdilər"
Səriyə Orucova deyir ki, maşında olanlar oğlunun dostları
olublar: "Hər üçü 1990-ci il təvəllüdlüdür. Dost idilər. Onlar
Şamaxıya gedib "KamAZ" markalı yük maşınına baxmaq istəyiblər. Pul
toplayıb bu maşını alaraq, onunla çörək pulu qazanmaq istəyiblər.
Amma polis...
Hadisə Bakı-Şamaxı yolunun 59-cu kilometirliyində baş verib.
Oğlumun döyülməsini və qəzanı göstərən video görüntülər youtube-dən
silinsə də, bizdə var. Görüntülərdən məlum olur ki, oğlum qəza
zamanı sağ olub. Yaşayırmış. Onu "Semaşka" xəstəxanasına gətimər
əvəzinə qəsəbə xəstəxanasına aparıblar.
Ancaq sağ qalan qızı "Semaşka"ya aparıblar. Hesab edirəm ki,
oğlumu polis öldürüb, iynə vurub öldürüblər. Ağır xəsarəti olmayıb.
Video görüntüdən bu açıq-aşkar görünür".
Oğlumun cibində 1000 manat pul var idi. Polis o pulu mənimsəyib,
qəzada həlak olanların hamısının telefonunu polis format edib
valideynlərinə verdi.
Telefondan hər şey silinib. Hadisə obyektiv araşdırılsa, məlum
olacaq ki, oğlum qəzadan 10 dəqiqə öncə dostuna zəng edib "polis
bizi qovur" deyib. "Azercell"ə sorğu verib bunun təsdiqini ala
bilərlər.
"Cinayət işi araşdırılmır, deyirlər hamısı
ölüb…"
Söhbət etdiyimiz mərhum Güloğlan Əliyevin anası Esmira Əliyeva,
Əfqan Bəndiyevin qardaşı Rəhman Bəndiyev və Nurlan Qasımovun anası
Səriyə Orocova müstəntiqdən narazıdırlar: "Müstəntiq Vüsal cinayət
işini araşdırmır. Deyir ki, qəzada olanların hamısı ölüb, ona görə
də cinayət işi araşdırılmır. Bu müstəntiqin danışıq qaydası yoxdur,
oğlunu itərən ana ilə gülə-gülə danışırdı. Mən Müşviqabadda
yerləşən polis postunda olanda məlum oldu ki, polislərin hamısı
spirtli içki qəbul edir.
Onlarla danışmaq belə mümkünsüzdür. Vətəndaşla danışıq və
müraciət qaydasını bilmirlər. Baş Dövlət Yol Polisi İdarəsinin
İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Ağayev isə deyir ki,
guya oğlumun səhhətində problem olub. Hansı problem olub? Heç bir
tibbi analiz, müayinə olmadan polis nə ixtiyarla belə qərar verir?!
Ar olsun! 7 nəfərin ölümünə səbəb olan cinayət işi araşdırılmır,
heç bir hərkət aparılmır.
Dediklərinə görə, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz
Zeynalov məni qəbul edəcək. Qəbul üçün zəng gözləyirəm. Zərərçəkmiş
olaraq hüquqlarımın müdafiəsi üçün vəkillə müqavilə bağalaycam.
Oğlumun qanını yerdə qoymayacam!" .
Mərhumların ailələri ağır cinayət işinin hüquqi həlli üçün
birlikdə mübarizə aparacaqlarını bildirdilər ("Bizimyol.info").