Pakistanın milyonlarla
oxucusu olan nüfuzlu "Deyli Tayms" qəzetinin 25.08.2015-ci il
tarixli buraxılışında, qəzetin İslamabad baş ofisinin rəhbəri,
tanınmış jurnalist Dure Nəcəf Zaidinin "Hilal-e-Pakistan ordeninə
layiq görülmüş Mehriban Əliyeva insanlığın xidmətində" adlı
məqaləsi dərc edilib.
Axar.az xəbər verir ki, "11.02.2015-ci il tarixində Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və
İSESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyeva Pakistanın
"Hilal-e-Pakistan" ali ordeni ilə təltif edilmişdir. İlk dəfədir
ki, xarici ölkənin birinci xanımı bu ali ordenə layiq görülmüşdir"
sözləri ilə başlayan məqalədə Mehriban Əliyevanın tanınmış ziyalı
ailəsində böyüdüyü, valideynlərindən insan dəyərlərinə hörmətlə
yanaşmağı, poeziya, mədəniyyət və musiqini sevməyi öyrəndiyi
vurğulanıb.
Məqalədə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan
Fondun rəhbəri kimi xeyriyyəçilik ilə məşğul olduğu, Azərbaycan
mədəniyyətini dünyada təbliğ etdiyi qeyd olunub.
Heydər Əliyev Fondunun prioritet istiqamətlərindən birinin uşaq
problemlərinin həlli olduğunu bildirən D.N. Zaidi Fond tərəfindən
yüksək standartlara cavab verən Respublika Talassemiya Mərkəzinin,
məktəblər və xəstəxanaların inşa olunduğunu, insulin və qanköçürmə
proqramlarının həyata keçirildiyini qeyd edib.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və
dəstəyi ilə bir sıra ölkələrdə uşaqlar və ahıllar evlərinə maddi və
mənəvi yardımlar edilib, əlil uşaqların cəmiyyətə inteqrasiya
olunması üçün proqramlarının həyata keçirildiyi bildirilib.
Məqalədə, həmçinin Mehriban Əliyevanın mədəniyyətin inkişafına
verdiyi töhfələrdən danışılıb, onun dəstəyi ilə inşa edilmiş Muğam
Mərkəzi, konsert zalları, musiqi liseyləri, Niaqarada muğam
günləri, Qəbələ festivalı, Vivaldi və Gerşvinin musiqi
kompozisiyalarının ifaları, Strasburq kafedral kilsəsinin bərpası,
Luvr muzeyində İslam incəsənət mərkəzinin təsis edilməsi və Versal
sarayında təmir-bərpa işlərinin aparılması qeyd edilib.
Yazıda Mehriban xanım Əliyevanın 2004-cü ildə Azərbaycanın
folkloru və musiqi irsinin inkişafında xidmətlərinə görə
UNESCO-nun, 2006-cı ildə isə həyatın müxtəlif sahələrində
genişmiqyaslı fəaliyyətinə görə İSESCO-nun xoşməramlı səfiri
titullarına layiq görüldüyü vurğulanıb.
Pakistanlı jurnalist məqaləsində bütün dinlərin nümayəndələrinin
ölkəmizdə mehriban şəraitdə yaşadığını bildirərək vurğulayıb ki,
Azərbaycanın birinci xanımı dinlərarası dialoq mövzusunda
keçirilmiş bir çox beynəlxalq konfransların təşəbbüskarı və
təşkilatçısıdır. Mehriban Əliyeva "Azərbaycan Tolerantlığın Evidir"
proqramı çərçivəsində Azərbaycanda bir sıra müsəlman, katolik və
ortodoks dini məbədlərin yenidən qurulması və bərpasının
təşəbbüskarı, həmçinin icraçısı olub.
D.N. Zaidi Fondun diqqət mərkəzində olan idman sahəsinə də
xüsusi yer ayırıb. Jurnalist vurğulayıb ki, Azərbaycan Gimnastika
Federasiyasının prezidenti olan xanım Mehriban Əliyevanın nüfuzu
sahəsində 2003, 2004 və 2005-ci illərdə gimnastika üzrə dünya
çempionatları Bakıda keçirilib. Yazıda Mehriban Əliyevanın cari
ilin iyun ayında Azərbaycanda keçirilmiş Birinci Avropa Oyunlarının
Təşkilat Komitəsinə rəhbərlik etdiyi, bu tədbirin Azərbaycanın
birinci xanımının idmanın inkişafına vermiş olduğu töhfələrin
kulminasiyası olduğu qeyd edilib. Azərbaycana təşrif buyurmuş on
minlərlə turist və idmançı bu tədbirin ən yüksək səviyyədə təşkil
olunmasından heyranlıqla danışıblar.
Yazıda Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil
etdiyi, həmçinin mədəniyyət, təhsil və səhiyyənin inkişafı
istiqamətində fəaliyyətinə görə Azərbaycan Prezidenti İlham
Əliyevin Sərəncamı ilə Mehriban Əliyevanın Heydər Əliyev ali ordeni
ilə təltif olunduğu bildirilib.
Pakistanlı jurnalist Azərbaycanın birinci xanımının Avropanın ən
mötəbər mahnı müsabiqəsi olan "Avroviziya-2012"nin Bakıda
keçirilməsinə rəhbərlik etdiyini də yada salıb. Ölkəmizə gəlmiş on
minlərlə xarici qonaq Azərbaycan xalqının qonaqpərvərliyi ilə
yanaşı, yüksək səviyyədə təşkil olunmuş müsabiqədən çox razı
qalıblar.
D.N. Zaidi Heydər Əliyev Fondunun Pakistandakı fəaliyyətinin
2005-ci ildə baş vermiş zəlzələdən sonrakı dövrə təsadüf etdiyini
qeyd edib. Bildirib ki, 2007-ci ildə zəlzələdən zərər çəkmiş
Müzəffərabad şəhərində Heydər Əliyev Fondu tərəfindən qızlar
məktəbi inşa edilib və 2012-ci ildə orada əsaslı yenidənqurma və
təmir işləri aparıldıqdan sonra Pakistan dövlət rəsmilərinin
təşəbbüsü və qərarı ilə məktəbə Mehriban Əliyevanın adı
verilib.
Jurnalist 2012-2015-ci illərdə də Azərbaycanın birinci xanımının
təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün bölgələrində səhiyyə,
təhsil və humanitar sahələrdə bir sıra layihələrin icra edildiyini
vurğulayıb. Edhi Home kimsəsizlər evlərində, Peşavər Akbar Care
serebral iflic institutunda, Lakki Marvat uşaq və qadın
hospitalında hepatit B virusuna qarşı peyvəndləmə, müayinələr və
açıq ürək əməliyyatları aparılıb, Saif Fonduna maddi yardımlar
olunub. Eyni zamanda, Həmzə xeyriyyə fonduna xüsusi qanköçürmə
laboratoriyası ilə təchiz olunmuş təcili tibbi yardım avtomobili və
minlərlə qanköçürmə paketi hədiyyə edilib, Xayber Paxtunkva Göz
klinikasının yeni blokunun və gözləmə otaqlarının, həmçinin
İslamabad Talasemiya Mərkəzinin tikintisinə maliyyə və texniki
yardımlar göstərilib.
Məqalədə Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə
2012-2015-ci illərdə Ramazan ayında Pakistanın bütün əyalətlərində
kimsəsiz uşaqlar və ahıllar üçün iftar süfrələrinin təşkil
edildiyi, həmçinin Lakki Marvat bölgəsində və zəlzələdən zərər
çəkmiş Bəlucistanda, Lahor, İslamabad, Ravalpindi və Fayzalabad
şəhərlərində Qurban bayramı münasibətilə yüzlərlə iribuynuzlu
qurbanlıqlar kəsilərək əhalinin kasıb təbəqələrinə paylanıldığı
bildirilib.
2014-cü ildə Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Dera
İsmail Xan bölgəsində "Heydər Əliyev Su Təhcizatı", 2015-ci ildə
isə Qucarxanda "20 Yanvar Şəhidlər su təhcizatı" layihələri həyata
keçirilib ki, bunun nəticəsində ərazidə yaşayan on minlərlə insan
içməli su ilə təmin olunub.
Jurnalist Mehriban Əliyevanın Pakistandakı fəaliyyətinin iki
qardaş ölkə arasında münasibətlərin daha da güclənməsinə xidmət
etdiyini, Pakistan xalqı və dövlətinin bunu yüksək
qiymətləndirdiyini yazıb. Pakistan Prezidenti Məmnun Hüseynin
Sərəncamı ilə Mehriban Əliyeva "Hilal-e-Pakistan" ordeni ilə təltif
olunub. Bundan əlavə Azərbaycanın birinci xanımı 2012-ci ildə
"2012-ci ilin qadını - Humanizm Simvolu", 2013-cü ildə isə "Şəhid
Benazir Bhutto Qadın Mükəmməlliyi" mükafatları ilə təltif
edilib.
Məqalənin sonunda qeyd olunub ki, eyni zamanda, Azərbaycanın
birinci xanımı Mehriban Əliyeva dünya mədəni irsinin qorunub
saxlanılması istiqamətində gördüyü işlərə görə Fransa, Serbiya,
Rusiya, Kanada, Polşa, Küveyt, Dünya Səhiyyə Təşkilatının orden və
medalları ilə təltif olunub.