Yasamal rayon İcra Hakimiyyəti (RİH) "Sovetski" sakininə
qarşı fırıldağı ört-basdır etməyə çalışır.
İcra hakimiyyəti Tamilla Mirzəyevanın imzası olmadan mülkünün
sökülməsinə görə keçmiş həyat yoldaşına çatacaq kompensasiyanın
yarısını ödəyib. Bu qanunsuzluq faktı təsdiqini tapsa da, nə
problem həllini tapır, nə əmlak sahibinin şikayətinə baxılır.
Axar.az xəbər verir ki, T.Mirzəyevanın çoxsaylı müraciətlərinə
baxmayaraq, Yasamal rəhbərliyi ona qarşı qanun pozuntusunu
araşdırmaqda maraqlı görünmür. İcra başçısının müavini Səməd
İslamov qeybə çəkilərək vətəndaşın məsələsinə laqeyd yanaşır.
Elə bu problemlə bağlı rəsmi rəy almaq üçün dəfələrlə Yasamal
RİH-ə zəng etsək də, S.İslamovun katibəsi başçı müavininin iş
yerində olmadığını qeyd edir. Katibə gah RİH rəsmisinin hansısa
tədbirə getdiyini, gah məzuniyyətdə olduğunu bildirir. Halbuki,
S.İslamov "Sovetski"nin köçürülməsi ilə bağlı icra hakimiyyətində
məsul şəxsdir, icra başçısı İbrahim Mehdiyev ona etimad göstərib.
Köçürmə Komissiyanın sədri olan S.İslamov isə T.Mirzəyevanın
üzləşdiyi özbaşınalıqla bağlı reaksiya vermək istəmir.
T.Mirzəyeva qeyd etmişdi ki, mülk onun adınadır və keçmiş əri
Çingiz Qonaqov da mənzildə qeydiyyatdadır.
"Ötən ilin noyabrında Yasamal rayon İcra Hakimiyyətinin İlham
adlı nümayəndəsi mənə zəng etdi. Bildirdi ki, mənzil üçün veriləcək
kompensasiyanın yarısı hazırda məhkəmə yolu ilə ayrıldığım həyat
yoldaşım Çingizə veriləcək. İlham müəllim dedi ki, gedib lazım olan
sənədləri imzalayaraq öz payımı götürməliyəm. Noyabrın 25-də pulu
götürmək üçün icra hakimiyyətinə getdim. Adımın qarşısının boş
olduğunu gördüm. Məlum oldu ki, keçmiş həyat yoldaşım ona düşən
payı sentyabrın 25-də imzam olmadan götürüb", - deyə şikayətçi
söyləmişdi.
Onun dediyinə görə, Yasamal RİH-nin nümayəndəsinin əli ilə
ödənildiyi iddia edilən məbləği Ç.Qonaqova Maliyyə Nazirliyinin
nümayəndəsi verib.
T.Mirzəyeva Yasamal rayon icra başçısının qəbulunda olub. İcra
başçısı mülk sahibinin imzası olmadan Ç.Qonaqova ödəniş edilməsini
qeyri-mümkün hesab edib. Şikayətçi Baş nazirin müavini Abid
Şərifovun da qəbulunda olub. A.Şərifov da T.Mirzəyeva imzası
olmadan keçmiş həyat yoldaşının pul ala bilməyəcəyini bildirib.
Amma ev sahibinin imzası olmadan pulu keçmiş ərinə verilib,
Yasamal rayon rəsmiləri isə bu məsələnin üzərindən sükutla keçmək
istəyir...