Nizami rayonu Şirin Mirzəyev küçəsi 72-ci binanın
sakinlərinin problemi qısa müddətdə həll olunacaq.
Bu barədə Axar.az-a Azərsu ASC-nin mətbuat katibi Anar
Cəbrayıllı deyib. Qurum rəsmisi söyləyib ki, Azərsu ASC əməkdaşları
qeyd olunan ünvandadırlar:
"Qısa müddətdə problem aradan qaldırılacaq".
Qeyd edək ki, Şirin Mirzəyev-72 saylı binanın sakinləri "Azərsu"
ilə bağlı müxtəlif KİV-lərə şikayət xarakterli məktub
ünvanlayıblar. Şəhər sakinləri bildiriblər ki, Azərsu ASC-nin
işçiləri həyətə aid hissədə binanın bloklarına smart-kart sisteminə
keçidi təmin etmək məqsədilə yeni xətlər çəkmək üçün qazıntı işləri
aparıblar. Lakin aparılan qazıntı işləri sistemli şəkildə həyata
keçirilmədən iş dayandırılıb və yekunlaşdırılmayıb. Nəticədə
təhlükəli vəziyyət yaranıb. Həyətdə oynayan körpə uşaqların hər an
qazılan sahəyə düşüb zədə alma ehtimalı artıb.