Rusiya təyyarəsinin vurulmasından sonra pisləşən
Ankara-Moskva münasibətləri fonunda region ölkələri də çətin
situasiyaya düşüb. Misal üçün, Azərbaycan. Bakı Rusiyanın strateji
tərəfdaşı və qonşusudur. Həmçinin, Türkiyə ilə qardaş ölkə və hərbi
müttəfiqdir. Bu baxımdan, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın
fevralın 18-də Azərbaycana səfəri əvvəlkilərdən xeyli
fərqlənir.
Publika.az xəbər
verir ki, bu barədə Rusiyanın "Nezavisimaya qazeta" nəşri
yazır.
"Bakı Türkiyə və Rusiya arasında konstruktiv şərtlərin
yaradılmasını istəyir"
Nəşr qeyd edir ki, belə çətin situasiyada Bakının Ankara və
Moskva arasında vasitəçi olması haqda fikirləri təkcə analitiklər
deyil, rəsmi şəxslər də dilə gətirir: "Misal üçün, Azərbaycan
Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov bir
müddət əvvəl sosial şəbəkələrdə "Türkiyə bizim yaxın
müttəfiqimizdir. Rusiya da həmçinin bizim üçün yaxın və dost
ölkədir. Azərbaycanı hər iki ölkə ilə tarixi əlaqələr birləşdirir.
Hər iki dövlətlə əlaqələr ən yüksək səviyyədədir", - bildirdi. Hər
iki ölkə ilə Azərbaycanı həm iqtisadi, həm də siyasi bağlar
birləşdirir. Azərbaycanın regional və beynəlxalq səviyyədəki nüfuzu
əhəmiyyətli dərəcədə möhkəmlənib və o, regional sabitliyin ciddi
amili olaraq qalmaqda davam edir. Bakı regionun bütün oyunçuları
ilə fəal şəkildə əməkdaşlıq edir. Bu baxımdan balansın istənilən
dəyişikliyi bu sabitliyə ciddi zərər verə bilər. Bunu dərk edən
rəsmi Bakı Türkiyə və Rusiya arasında konstruktiv şərtlərin
yaradılmasında iştirak etmək istəyir".
"Yaxın dövrdə Qarabağda yeni müharibə başlaya
bilər"
Nəşr əlavə edir ki, Bakının sülh çağırışlarını Moskva
eşitmədi.
"Çünki Rusiyanın incikliyi çoxdur və bunun unudulması üçün
müəyyən vaxt lazımdır. Belə bir situasiya Azərbaycan üçün mənfidir.
Çünki Ermənistan-Azərbaycan münaqişəsində Rusiya əsas moderator
kimi çıxış edir. Türkiyə isə Azərbaycanın işğal edilmiş
torpaqlarının azad olunması üçün hərbi əməliyyatların əsas
zaminidir. Cəbhə xəttindəki gərginlik güman etməyə əsas verir ki,
yaxın dövrdə Qarabağda yeni müharibə başlaya bilər. Hərçənd,
Türkiyə və Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində ortaq
yanaşmalara malikdir, xüsusilə, status-kvonun yolverilməzliyi
məsələsində. Münaqişənin uzun müddət dondurulmuş vəziyyətdə
saxlanılması nə Rusiyanın, nə də Türkiyənin maraqlarına uyğun
deyil. Əgər əvvəllər Bakıda Ankara və Moskva arasında
iqtisadi-siyasi yaxınlaşmanın Qarabağdakı mövcud status-kvonun
dəyişdirilməsinə şərait yaradacağına dair ümidlər var idisə, indiki
halda buna ümid etmək hədərdir", - məqalədə bildirilir.
"Azərbaycan üçün Moskva və Ankara arasında birmənalı
seçim etmək çətindir"
"Nezavisimaya qazeta" yazır ki, hadisələrin əsas səhnəsi
Suriyadır: "Bakıda Suriya münaqişəsinin inkişafı diqqətlə
izlənilir. Lakin artan təhlükələrə baxmayaraq, Azərbaycan
terrorçuluğa qarşı Qərb, Rusiya və Səudiyyə Ərəbistanının
rəhbərliyi ilə yaradılan ayrı-ayrı koalisiyaların heç birinə
qoşulmaq arzusunu ifadə etmir. Burada aydın səbəblər var.
Birincisi, Azərbaycanın Yaxın Şərq münaqişəsinə qoşulması həm ölkə
iqtisadiyyatına, həm sosial mühitə, həm də Dağlıq Qarabağa mənfi
təsir edə bilər. Xüsusilə, Qarabağda müharibə təhlükəsinin yaxın
olduğu bir vaxtda bu siyasi gediş Bakıya sərf etmir. İkincisi,
Azərbaycan üçün Moskva və Ankara arasında birmənalı seçim etmək
çətindir. Misal üçün, Bakının Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi
koalisiyaya yaxınlaşması onun şimal qonşusu ilə münasibətlərinə
mənfi təsir edə bilər. Həmçinin, bunun əksini etmək də eyni
nəticələrə gətirib çıxara bilər".
Ərdoğan özü ilə nə gətirir?
Nəşr Ərdoğanın Azərbaycan səfərini iki kontekstdə
qiymətləndirir.
"Ya Türkiyə lideri azərbaycanlı həmkarından onun Rusiya ilə
danışıqlarını təşkil etməyi xahiş edəcək, ya da Bakıdan Dağlıq
Qarabağda müharibəni aktivləşdirməsini istəyəcək. Çünki belə bir
aktivlik Rusiyanın diqqətini Yaxın Şərqdən yayındıra bilər. Birinci
variantda İlham Əliyev bütün səylərini işə salacaq. Lakin ikinci
variant haqda bunu demək çətindir. Çünki bu həm də Putinlə müharibə
aparmaqdır", - nəşr vurğulayır.