Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi
məsələlər üzrə köməkçisi Əli Həsənov martın 7-dən 11-dək Yaponiyada
səfərdə olub.
Azərtac xəbər
verir ki, Yaponiya tərəfinin dəvəti ilə həyata keçirilən səfərin
məqsədi iki ölkə arasında qarşılıqlı əlaqələrin, dostluq və
əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf
perspektivləri, bu əlaqələrin daha da intensivləşməsi istiqamətində
ətraflı fikir mübadiləsi aparmaq idi.
Azərbaycan Prezidentinin köməkçisinin Yaponiya Nazirlər Kabineti
baş katibinin müavini, parlamentin üzvü Hiroşiqe Seko ilə görüşündə
ölkəmizin malik olduğu karbohidrogen ehtiyatlarının hasilatından
bacarıqla istifadə edərək son illər mühüm uğurlara imza atdığı
xüsusi qeyd edilib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin
təmin olunmasında mühüm rol oynadığını vurğulayan H.Seko ölkəmizin
bu sahədə nail olduğu ciddi irəliləyişin Yaponiyada maraqla
qarşılandığını deyib. Eyni zamanda, Azərbaycanın regionda və
dünyada sülhün və təhlükəsizliyin təmin olunmasında rolunun
əhəmiyyətli dərəcədə artdığını bildirib. Azərbaycan Prezidentinin
köməkçisinin Yaponiyaya səfərinin əhəmiyyətini xüsusi qeyd edən
H.Seko iki ölkə arasında münasibətlərin mütəmadi inkişafının
məmnunluq doğurduğunu və Yaponiya tərəfinin iqtisadi əməkdaşlığı
genişləndirməkdə daha maraqlı olduğunu vurğulayıb.
Yaponiyaya səfərə dəvətə görə təşəkkür edən Əli Həsənov
Azərbaycan ilə bu gündoğar ölkənin ikitərəfli və beynəlxalq
müstəvidə əməkdaşlığının vacibliyini vurğulayıb. Yaponiyanın Sakit
okean, Azərbaycanın isə Xəzər hövzəsi və Cənubi Qafqazda
əhəmiyyətli rol oynadığını, yapon şirkətlərinin ölkəmizin
iqtisadiyyatına investisiya qoyuluşunu davam etdirməsinin
zəruriliyini qeyd edib.
Azərbaycanın dinamik inkişafı və Prezident İlham Əliyevin
yürütdüyü yeni islahat kursu haqda məlumat verən Prezidentin
köməkçisi ölkəmizin həssas regionda yerləşməsinə baxmayaraq,
müstəqil, fəal və sabitləşdirici xarici siyasət yürütdüyünü,
dünyada nüfuzunun ilbəil artdığını diqqətə çatdırıb. Yüksək
səviyyəli qarşılıqlı səfərlərin iki ölkə arasında münasibətlərin
inkişafına güclü təkan verdiyini vurğulayan Əli Həsənov Prezident
İlham Əliyevin Yaponiyanın Baş naziri Şinzo Abeni Azərbaycana rəsmi
səfərə dəvət məktubunu H.Sekoya təqdim edib. Yaponiya Baş nazirinin
tezliklə ölkəmizə səfərinin həyata keçiriləcəyinə ümid etdiyini və
bu səfərin ikitərəfli münasibətlərin inkişafına yeni impuls
verəcəyinə əminliyini bildirib.
Görüşdə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi
istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycan Prezidenti köməkçisinin Baş nazirin səhiyyə və idman
məsələləri üzrə xüsusi müşaviri, Yaponiya Nazirlər Kabineti
nəzdində Olimpiya Agentliyinin rəhbəri Takeo Hirata, xarici işlər
üzrə dövlət naziri, xarici işlər nazirinin müavini Miki Yamada və
Yaponiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə
görüşlərində əsasən iki ölkə arasında iqtisadi, mədəni, sosial və
idman sahələrində əlaqələrin inkişafı barədə fikir mübadiləsi
aparılıb. Görüşlərdə son illər Azərbaycan ilə Yaponiya arasında
rəsmi səfərlərin intensivləşdiyi xüsusi vurğulanıb. Belə səfərlərin
iki dost dövlət arasında əlaqələrin inkişafına müsbət təsir etməklə
yanaşı, həm də xalqlarımızın bir-birinə yaxınlaşmasında mühüm rol
oynadığı qeyd olunub.
Əli Həsənovun keçirdiyi görüşlərdə Azərbaycanın Yaponiyadakı
səfiri Gürsel İsmayılzadə də iştirak edib.
Səfər çərçivəsində Prezidentin ictimai-siyasi məsələlər üzrə
köməkçisi Əli Həsənov Yaponiyanın Kyodo News və JIJI PRESS kimi
nüfuzlu agentliklərinə müsahibə verib. Müxbirlərin suallarını
cavablandıran Prezidentin köməkçisi ölkəmizin Avropanın enerji
təhlükəsizliyində rolu, TAP və TANAP layihələri, "Şahdəniz"
yatağının ikinci fazası, Şərq-Qərb və Şimal-Cənub
nəqliyyat-kommunikasiya dəhlizlərinin perspektivləri, müasir
dünyada baş verən qlobal hadisələr fonunda Azərbaycanın geosiyası
mövqeyi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
mahiyyəti və digər məsələlərlə bağlı sualları ətraflı
cavablandırıb.
Səfərin sonunda Hiroşima və Kioto şəhərlərini ziyarət edən
Prezidentin köməkçisi tarixi keçmişə malik bu yaşayış
məntəqələrinin görməli yerləri ilə tanış olub. Hiroşima şəhərindəki
Sülh Memorial Muzeyində və Sülh parkında olan Əli Həsənov II Dünya
müharibəsi qurbanlarının xatirəsinə ehtiramını bildirib.
Bununla da Azərbaycan Prezidentinin köməkçisinin Yaponiyaya
səfəri başa çatıb.