Aprelin 9-da Ermənistanın Parisdəki səfirliyinin önündə
bu ölkə ordusunun Azərbaycan-Ermənistan qoşunlarının təmas xətti
yaxınlığında yerləşən yaşayış məntəqlərindəki mülki əhalini hədəf
alan son hərbi təxribatlarına etiraz aksiyası
keçirilib.
Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) Report-a verilən xəbərə görə, aksiya Paris
Azərbaycan Evinin təşkilatçılığı, TEAS-ın dəstəyi ilə baş
tutub.
Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı zorakılıq
törətməsi ilə qane olmayaraq, 9 aprel tarixində Paris küçələrinə
zorakılıq gətirməkdən çəkinməyib.
Belə ki, 20-dən artıq maskalı ermənilərdən ibarət bir qrup
ekstremist dəmir çubuqlar, şüşə, ammonium (kimyəvi maddə ) və digər
küt alətlərlə silahlanaraq 200-dən artıq azərbaycanlı, Azərbaycanın
dostları və beynəlxalq hüquq tərəfdarlarına qarşı zorakılıq tədbiq
ediblər. Bu insanlar Parisdə Ermənistan səfriliyinin qarşısında
dinc şəkildə etirazlarını bildirmək üçün toplaşıblar. Fransa çevik
polis alayı ermənilərin hücumunu dəf edib və hazırda onları
kimliyini müəyyənləşdirməyə çalışır. Yaralılara yardım etmək üçün
təcili tibbi yardım çağrılıb.
Parisdə Azərbaycan Evi tərəfindən təşkil edilmiş bu tədbir
diaspora və tələbə qrupları ilə yanaşı Avropa Azərbaycan
Cəmiyyətinin (TEAS) Fransa ofisi tərəfindən də dəstək alıb.
Aksiyada Fransadakı türk diasporasının nümayəndələri də iştirak
edib. Etirazçılar "Sarqsyan – müharibə cinayətkarıdır", "Erməni
terrorçuları", "Ermənilər – Qarabağı tərk edin" və "Xocalıya
Ədalət" kimi şüarlar səsləndiriblər. Aksiya zamanı "Qarabağ
şikəstəsi" də səslənib.
TEAS-ın direktoru Lionel Zetter etirazçılar qarşısında çıxış
edərək bunları deyib:
"Biz beynəlxalq hüquqa inanırıq. BMT Təhlükəsizlik Şurasının 4
məlum qətnaməsi, BMT Baş Assambleyasının 1 qətnaməsi və Avropa
Şurasının Parlament Assambleyasının (AŞPA) 1 qətnaməsi vardır.
Bunların hamısı bildirir ki, Dağlıq Qarabağ və yeddi ətrafyanı
rayon Azərbaycana məxsusdur. Elə bu həftə AŞPA-nın prezidenti Pedro
Agramunt deyib ki, Ermənistan silahlı qüvvələrini işğal olunmuş
ərazilərdən dərhal çıxarmalıdır. Əgər Ermənistan silahlı qüvvələri
qeyri-qanuni olaraq Azərbaycanın suveren ərazilərini işğal
etməsəydi, burada münaqişə olmazdı".
Azərbaycan Evinin prezidenti Mirvari Fətəliyeva bildirib ki,
"biz burada erməni qüvvələrinin yeni hərbi təxribatlarına qarşı
etirazımızı bildirmək üçün toplaşmışıq".
"Bu, elan edilməmiş müharibədir. Burada 1988–94-cü illərdə baş
verənlər davam edir. Həmin hərəkətlər Azərbaycan ərazisinin 20
faizinin işğal olunması və bir milyona yaxın qaçqın və məcburi
köçkünlərin yaranması ilə nəticələnib. Müharibə qurbanları heç vaxt
unudulmamalıdır, xüsusilə Xocalı qırğınının 613 qurbanı. Bu günə
qədər heç nə dəyişməyib. Biz ədalətə çağırırıq", - deyə o
bildirib.
Daha sonra Mirvari Fətəliyeva şəhidlərin xatirəsini bir
dəqiqəlik sükutla anmağa çağırıb.
Nant Azərbaycan-Fransa Mədəniyyəti Assosiasiyasının (ASAF)
prezidenti Toğrul Zeynalov da aksiya keçirilən əraziyə Azərbaycan
torpaqlarına qarşı Ermənistanın hərbi təcavüzünə etirazlarını
bildirmək üçün toplaşdıqlarını diqqətə çatdırıb.
"Biz Fransada yaşayırıq və Fransa bizim ikinci vətənimizdir. Biz
istəyirik ki, Fransa təcavüzə qarşı hərəkət etsin. Yaşasın Fransa,
yaşasın Respublika və yaşasın Fransada olan azərbaycanlılar!".
Etirazçılar tələb edib ki, Fransa üzərinə bu münaqişədə
danışıqlar vasitəsi ilə sülhün əldə edilməsi vəzifəsi qoyulan
ATƏT-in Minsk Qrupunun həmsədri – Ermənistan və Azərbaycan arasında
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstək vermək
üçün beynəlxalq ictimaiyyəti motivasiya etməkdə daha fəal
olmalıdır.
Etiraz aksiyasında Fransanın müxtəlif şəhərlərindən -Tur,
Bezanson, Dol, Lion, Miluz, Paris ətrafı şəhərlərindən Azərbaycan
və Türk diaspor təşkilatlarının nümayəndələri iştirak ediblər.
Çıxışlarda son günlər Ermənistan silahlı qüvvələri tərəfindən
atəşkəs rejiminin və beynəlxalq hüquq normalarının kobud şəkildə
pozulmasını, Azərbaycanla təmas xəttində təxribatçı cəhdlərin
törədilməsini pislənib, Ermənistan silahlılarının Azərbaycan
torpaqlarından qeyri-şərtsiz çıxarılması tələb edilib.
Meydana toplaşan yüzlərlə soydaşımız əllərində Azərbaycan və
Fransa bayraqlarını, erməni təcavüzünü pisləyən, Azərbaycan
torpaqlarının Ermənistan tərəfindən qeyri-qanunu zəbtinə dair
beynəlxalq təşkilatları və ATƏT-in Minsk qrupunu bu haqsızlıqlara
biganə olmamağa səsləyən transparantlar tutublar, Qarabağın və zəbt
edilmiş digər rayonların qədim Azərbaycan torpağı olduğunu,
Xocalının dinc sakinlərinə qarşı ermənilərin törətdikləri
vəhşilikləri pisləyən şüarlar səsləndiriblər.
Azərbaycan Evinin prezidenti Mirvari Fətəliyeva Fransa
rəsmlərinə və şəhər ictimaiyyətinə ünvanlanan müraciətin mətnini
oxuyub.
Aksiya iştirakçılarının bəyanatı Ermənistan səfirliyinin poçt
qutusuna atılıb.