Dövlət Miqrasiya Xidməti (DMX) Qusarda maarifləndirmə
tədbiri keçirib və 135-dən çox şəxsə səyyar xidmət
göstərib.
Axar.az DMX-nin mətbuat xidmətinə istinadən xəbər verir ki,
miqrasiya sahəsindəki yeniliklərlə, qanunvericilikdəki
dəyişikliklərlə bağlı təşkil olunmuş maarifləndirmə tədbirində
Xaçmaz regional miqrasiya idarəsinin və Xidmətin aparatının
səlahiyyətli nümayəndələri çıxış ediblər.
Bildirilib ki, Xidmətin fəaliyyətində ictimaiyyətin
maarifləndirilməsinə xüsusi yer ayrılır. Məqsəd istər Azərbaycan
vətəndaşlarının, istərsə də əcnəbilərin və ya vətəndaşlığı olmayan
şəxslərin rahatlığını təmin etmək, onların suallarını birbaşa
yerindəcə cavablandırmaq, mövcud problemləri dərhal həll
etməkdir.
Qeyd olunub ki, Prezident İlham Əliyev tərəfindən digər
sahələrdə olduğu kimi, miqrasiya sahəsində də miqrasiya idarəetmə
mexanizminin təkmilləşdirilməsi, miqrasiya proseslərinin
idarəolunması və tənzimlənməsi məqsədilə həm qanunvericilik, həm də
onun tətbiqi sahəsində bir sıra ciddi addımlar atılır, əsaslı
tədbirlər həyata keçirilir. 2016-cı ilin Azərbaycanda
"Multikultiralizm ili" elan edilməsi dövlətimizin nə qədər
tolerant, dözümlülük prinsipləri əsasında idarə edilməsinin daha
bir nümunəsidir.
Bildirilib ki, miqrant daimi və ya məqsədindən asılı olaraq
müvəqqəti yaşamaq üçün ölkə daxilində və ya bir ölkədən digər
ölkəyə miqrasiya edən şəxsdir. Miqrantlar iki kateqoriyaya ayrılır.
Miqrasiya etdiyi təyinat ölkəsinin qanunvericiliyinə uyğun olaraq,
həmin ölkəyə gəlmə və ölkədən getmə, orda olma, yaşama və bundan
irəli gələn digər qaydalara əməl edən əcnəbi və vətəndaşlığı
olmayan şəxslər qanuni miqrantlardır. Eyni zamanda, həmin
tələblərdən ən azı birinə əməl etməyənlər isə qanunsuz miqrantlar
sayılır.
Tənzimlənməyən miqrasiya proseslərinin mənfi təsirinin
qarşısının alınması çox ciddi məsələdir. Çünki miqrasiya siyasəti
ölkənin təhlükəsizliyinə birbaşa təsir edən amillərdəndir. Bu
istiqamətdə də Dövlət Miqrasiya Xidməti tərəfindən insan və
vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq və humanizm
prinsipləri əsas götürülməklə lazımi tədbirlər müvəffəqiyyətlə
həyata keçirilir. Azərbaycanda miqrasiya proseslərinin yüksək
səviyyədə idarə olunması, miqrantların hüquqlarının müdafiəsi
beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.
Qloballaşan dünyada bəzi dövlətlər intellektual və əmək
potensialından istifadə edilməsi üçün əsasən ixtisaslı
mütəxəssislərin ölkələrinə cəlb olunmasında, miqrasiyasında çox
maraqlıdır. Amma bu gün məcburi miqranta – qaçqın və köçkünə
çevrilənlər daha çoxdur.
Qeyd olunub ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində
ölkəmiz hələ müstəqilliyinin ilk illərindən böyük miqrasiya
problemi ilə üzləşib. 9,7 milyona yaxın əhalisi olan Azərbaycan
adambaşına düşən məcburi köçkün sayına görə dünyada ən böyük
didərgin yükünə sahib ölkələrdən biridir. Azərbaycan hökuməti doğma
yerlərini tərk etməyə məcbur olmuş insanların problemlərini əsasən
öz üzərinə götürüb. İyirmi ildən çox müddətdə 250 min qaçqın və
məcburi köçkün müvəqqəti yaşayış üçün yeni salınmış 94 müasir
qəsəbəyə köçürülüb. Doğrudur, Azərbaycan Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə
torpaqlarımızın işğaldan azad ediləcəyi gün o qədər də uzaqda
deyil. Düşmənə endirilən sonuncu zərbə də Azərbaycan əsgərinin nəyə
qadir olduğunu göstərib.
Təəssüf hissi ilə diqqətə çatdırılıb ki, hazırda Avropa xarici
müdaxilə nəticəsində Yaxın Şərqdə baş verən münaqişələrə görə pənah
aparan 600-700 min qaçqının əlində aciz qalıb, hansı qərarı qəbul
etmək barədə çətinlik çəkir. Həmin qaçqınlar o ölkələrdə çox ciddi
problemlərlə üzləşir, bütün hüquqları tamam pozulur.
Görüşdə 2009-cu il iyulun 1-dən miqrasiya proseslərinin idarə
olunmasında "bir pəncərə" prinsipi üzrə vahid dövlət orqanının
səlahiyyətlərini həyata keçirən DMX-nin fəaliyyət istiqamətləri
haqqında da məlumat verilib. Qeyd olunub ki, bu gün Azərbaycana
təşrif buyuran əcnəbilərin ilk müraciət etdiyi qurumlardan biri
Dövlət Miqrasiya Xidmətidir. Ölkədə əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı ilə bağlı müraciət
qaydaları, xarici vətəndaşın qeydiyyata düşdüyü ünvanda
yaşamadığına görə yaranan inzibati məsuliyyət bir daha izah
olunub.
Həmçinin vətəndaşsızlıq hallarının aradan qaldırılması
istiqamətində görülən işlərdən, regionlarda keçirilmiş çoxsaylı
tədbirlərin konkret nəticələrindən danışılıb. Ümumiyyətlə, belə
hallarla üzləşən şəxslərin mütləq Dövlət Miqrasiya Xidmətinə və ya
regional miqrasiya idarələrinə müraciət etmələrinin vacibliyi
əsaslandırılıb.
Təhsil ocaqları və yerli icra strukturları rəhbərlərinin
nəzərlərinə çatdırılıb ki, ölkədə müvəqqəti və ya daimi yaşamaq
üçün əsas verən sənədləri olmayan əcnəbi şagirdlərin müvafiq
sənədləşmə işləri ilə bağlı Dövlət Miqrasiya Xidmətinə
müraciətlərinin tezləşdirilməsi üçün köməklik göstərsinlər. Dərs
ilinin bitməsinə az vaxt qalır və həmin şagirdlər müvafiq dövlət
qurumları tərəfindən imtahanlara buraxılması üçün Dövlət Miqrasiya
Xidmətindən respublikada müvəqqəti və ya daimi yaşamaq üçün əsas
verən vəsiqə almalıdırlar. Doğrudur, belə şəxslərin vaxtında
sənədləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata
keçirilib. Amma bu məsələyə laqeyd yanaşan, övladının
sənədləşdirilməsi üçün müraciət etməyənlər də olur.
Tədbirdə ölkədə miqrasiya sahəsində həyata keçirilən proseslərdə
ictimaiyyətin fəallığının artırılması, bu sahədə qeyri-hökumət
təşkilatları ilə qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi məqsədilə
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın, sahibkarlıq
fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə
baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsini,
bu baxımdan şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının
müdafiəsi məqsədilə "Azərbaycan Respublikasının mərkəzi və yerli
icra hakimiyyəti orqanlarında Apelyasiya Şuralarının yaradılması
haqqında" Azərbaycan Prezidentinin 2016-cı il 3 fevral tarixli
Fərmanının icrasını təmin etmək məqsədilə yaradılan Dövlət
Miqrasiya Xidmətinin Apelyasiya Şurasının fəaliyyəti barədə də
məlumat verilib.
Həmçinin bu il martın 1-dən qüvvəyə minmiş yeni İnzibati Xətalar
Məcəlləsindəki yeniliklər haqqında da izahedici söhbət aparılıb,
suallar cavablandırılıb.
Sonra səyyar xidmət göstərilib. Səyyar xidmətin imkanlarından
müraciət edən 135-dən çox şəxs istifadə edib. Onlardan 26-dan
vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması, əcnəbi və ya
vətəndaşlığı olmayan 4 nəfərdən müvəqqəti yaşama icazələrinin
verilməsi ilə bağlı sənədlər qəbul olunub. 21 şəxsə Azərbaycan
Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqələri,
54 nəfərə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı
arayışlar verilib. Otuzdan çox şəxsə isə DMX-nin funksiyalarına aid
olan xidmətlərlə bağlı müraciət etmək üçün qanunvericiliyə uyğun
sənədlərin siyahısı təqdim olunub.
Müraciət edənlər görüşə və səyyar xidmətin təşkilinə görə
minnətdarlıqlarını ifadə ediblər.
Mariya Maspaxova bildirib: "Rusiyadan gəlmişəm. Qusar şəhərində
yaşayıram. Oğlum məktəblidir. Onun üçün vəsiqə almalıyıq. Dövlət
Miqrasiya Xidmətinə təşəkkürümüzü bildirirəm ki, şəhərimizə gəlib
bizə yerindəcə xidmət göstərir".
Niftəli Fərzəliyev də minnətdarlığını bildirərək deyib: "Qusar
sərhəd rayonudur. Rayonda yaşayan, qonaq gələn əcnəbilərə xidmət
göstərilməsi üçün Dövlət Miqrasiya Xidmətinin Qusar şəhərində
təşkil etdiyi həm maarifləndirmə tədbirinə, həm də səyyar xidmətə
görə minnətdarlığımızı bildiririk. Çünki işimizi xeyli
asanlaşdırdılar".