Sülh prosesində geriyə dönüş; Putinin müşaviri yaxın
həftələrdə yeni prosesin başlayacağının anonsunu verdi; Sergey
Markov: "Müvəqqəti anlaşma çox yaxındadır"; Dağlıq Qarabağın
statusu uzaq tarixə saxlanılır?..
Qarabağ münaqişəsi zonasında 4 günlük müharibədən sonra sülh
danışıqlarının hansı məcrada inkişaf edəcəyi indi ən çox müzakirə
mövzusudur. Əsas sual da budur ki, Güney Qafqazın üzücü
konfliktinin həllində, nəhayət, çoxdan gözlənilən sıçrayış
olacaqmı?
Hələlik görünən budur ki, aprelin 5-dən etibarən yaranan yeni
situasiyada ən çox Rusiya fəaldır. Bu fəallıqla bağlı da
ziddiyyətli yanaşmalar mövcuddur. Bəzi təhlilçilərə görə, rəsmi
Moskva Azərbaycan və Ermənistana nəzarəti itirməmək şərtilə
həqiqətən nəsə eləmək istəyir. Başqa qisim analitiklər isə hesab
edir ki, Kremlin, sadəcə, vaxt udmaq niyyəti güdür və danışıqlar
prosesində ciddiyə heç nə dəyişməyəcək.
Rusiyalı tanınmış politoloq, Prezident Vladimir Putinin etibarlı
şəxslərindən (danışmanlarından) sayılan Sergey Markov birinci qisim
analitiklərdəndir. Onun sözlərinə görə, son hərbi eskalasiyanın
ardınca, yaxın həftələrdə Qarabağa dair real danışıqlar başlayacaq.
Bu barədə o, "Report" agentliyinə müsahibəsində deyib.
"ATƏT-in Minsk Qrupu Dmitri Medvedyevin prezidentliyi dövründə
əldə olunmuş "Kazan formulu" üzrə müvəqqəti tarixi kompromisə
çıxmaq üçün Ermənistana və yaxud Azərbaycana, daha çox isə
Ermənistana təzyiq edəcək. O zaman Bakı və İrəvandan bu varianta
yekun razılıq almaq mümkün olmamışdı", - ekspert bildirib.
Dağlıq Qarabağın statusunun necə olacağına gəlincə, politoloq
deyib: "Bu məsələ kifayət qədər uzaq tarixə saxlanacaq. Bundan
əlavə, sənədlərdə bu və ya başqa şəkildə vurğulanır ki, Dağlıq
Qarabağ beynəlxalq birlik tərəfindən Azərbaycan ərazisi kimi
tanınır. Kazan formulu sözün həqiqi mınasında Minsk Qrupu
tərəfindən zorla irəli aparılacaq. Özü də təzyiqlərin böyük hissəsi
Ermənistan rəhbərliyinə olacaq. Ona görə də həm Ermənistan
rəhbərliyi, həm də Azərbaycan rəhbərliyi vətənpərvər ritorika ilə
ruhlanmış vətəndaşlarına sübut eləməli olacaqlar ki, hər iki
tərəfdən güzəşt olan bu kompromis, hər halda, onun ölkəsinə
sərfəlidir. Daha çox da bunu Ermənistan rəhbərliyi öz
vətəndaşlarına sübut eləməlidir".
Rusiya prezidentinin sözçüsü situasiyanın müvəqqəti anlaşmanın
əldə olunmasına çox yaxın olduğunu söyləyib: "Bu - bir yandan yüz
minlərlə azərbaycanlının öz doğma yurduna qayıtmasına, digər
yandan, Ermənistan iqtisadiyyatının sərbəst inkişafına imkan
yaradardı".
Politoloqa görə, Rusiya konfliktdə ən ölçülü-biçili mövqe tutan
yeganə ölkədir: "Yadda saxlamaq lazımdır ki, hər üç həmsədr
dövlətdə - Rusiya, ABŞ və Fransada erməni lobbisi böyük nüfuza
malikdir. Ancaq Rusiya tək ölkədir ki, burada həm güclü erməni, həm
də güclü Azərbaycan diasporu var. O üzdən də Rusiya məsələdə ABŞ və
Fransadan daha çox balanslı mövqe tutur".
Ekspert İrəvanın Moskvaya Azərbaycana silah satmamaqla bağlı
çağırışlarını əhəmiyyətsiz sayıb. Onun qənaətincə, əgər Rusiya
Azərbaycana silah satmasa, Bakı, sadəcə, onu başqa tədarükçülərdən
alacaq. "Ötən iki ildə Kreml Ermənistana 200 milyon dollar
dəyərində silah bağışlayıb, Azərbaycana isə 4 milyard dollarlıq
silah satıb. Bu, regionda hərbi qruplaşmanı gücləndirir və
müharibəni mümkün edir, amma başqa yandan, hər iki tərəfə silah
verilməsi Moskvanın Bakı və İrəvanla strateji tərəfdaşlıq
əlaqələrini möhkəmlədir", - əlavə edib politoloq.
***
Yada salaq ki, 2011-ci il iyunun 24-də ovaxtkı prezident Dmitri
Medvedyevin təşəbbüsü ilə Kazanda Rusiya, Azərbaycan və Ermənistan
liderləri arasında növbəti üçtərəfli təmas olmuşdu. 3 saat çəkən
danışıqlar əsas prinsiplərlə bağlı anlaşmanın əldə olunmaması ilə
yekunlaşa da, tərəflər bu hədəfə doğru yolda tərəqqi olduğunu
söyləmişdilər. Yayılan birgə bəyanatda deyilirdi ki, əsas
prinsiplərin qəbulu üçün şərait yaradan bir sıra önəmli məsələlərdə
qarşılıqlı anlaşma əldə edilib.
Kazan formulunun mahiyyətində faktiki, Madrid prinsipləri
dayanır, Dağlıq Qarabağın statusunun qeyri-müəyyən vaxta
saxlanması, bölgəyə (təmas xətti boyu) sülhməramlıların
yerləşdirilməsini nəzərdə tutulur. Bu da Azərbaycan üçün əslində
Qarabağın yekun taleyi ilə bağlı narahatlıq yaradır. Xüsusın də
sülhməramlı qüvvələrdən sonra Bakı bölgəni həmişəlik itirə
bilər.
***
"İndiki situasiyada Qarabağda sülhməramlı qüvvələr yerləşdirilə
bilməz. Ona görə ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək
üçün mübarizə aparır və buna çox yaxındır". Bunu politoloq Qabil
Hüseynli deyib (Axar.az). Sabiq dövlət müşaviri əmindir ki, Rusiya
sülhməramlılar adı altında Dağlıq Qarabağda öz hərbi bazasını
yaratmaq istəyir.
"Dağlıq Qarabağ Azərbaycanın ərazisidir və bölgənin böyük
hissəsinə silahlı yolla nəzarət etmək imkanına malikik. Əsas proses
hazırda erməni qoşunlarının ərazilərimizdən çıxarılmasıdır. Bu
olmadan və ərazi bütövlüyümüz təmin edilmədən ermənilərin bölgəyə
sülhməramlılar gətirməsi və bu qüvvələrin də ruslardan ibarət
olması haqqında irəli sürülən ideyalar hazırda təxribatın ən yüksək
formasıdır. Sülhməramlıların bölgəyə yerləşdirilməsi əvvəllər böyük
sülh sazişi bağlandıqdan sonra nəzərdə tutulurdu. İndi Azərbaycan,
ümumiyyətlə, bunun əleyhinədir. Rusiya rəsmiləri əvvəlcə gündəmdə 7
rayonun, sonra isə 5 rayonun olduğunu açıqladılar. Azərbaycan
prezidenti ortaya çox qəti mövqe qoyub və bu dəqiqə Qarabağ bir
nömrəli məsələdir: Azərbaycanın ərazi bütövlüyü təmin ediləcək və
bunun daxilində də Dağlıq Qarabağın statusu müəyyən ediləcək. Ölkə
rəhbəri çox maraqlı bir nüansa da diqqət çəkdi. O bildirdi ki, hər
hansı dövlətin danışıqlar-sülhyaratma prosesini inhisar altına
alması qeyri-mümkündür. Bu, açıq bir mesaj idi".
***
Bu, həm də ona işarədir ki, Bakı status məsələsini uzaq tarixə
saxlamağı nəzərdə tutan "Kazan formulu"nu da artıq məqbul saymır.
Çünki münaqişə ətrafında situasiya indi başqa, 2011-ci ildən xeyli
fərqlidir.
Musavat.com